Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ Adalet.az | Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

“İstər iqtidar ol, istər müxalifət, iş gör, ölkəmizə xidmət et, mən bunun tərəfdarıyam”

4950    |   2019-09-27 09:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Gənclər və idman komitələrinin üzvü Adil Əliyevin 50 yaşı tamam oldu. A.Əliyev 1969-cu ilin 25 sentyabrında Şərur rayonunun Maxta kəndində anadan olub. Üçüncü çağırışdır ki, Milli Məclisin deputatıdır. Deputatlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Kikboksinq Federasiyasının da prezidenti olaraq fəaliyyət göstərir. Yubiley yaşı "Yeni Müsavat”a müsahibəsi almağımız üçün bir az da bəhanə oldu.

- Adil bəy, 50 illik yubileyinizi təbrik edirik! Adətən belə soruşurlar, bu yaşda özünüzü necə hiss edirsiniz? Sizin cavabınız maraqlıdır...

- Çox təşəkkür edirəm. Amma düzü, hələ ki çaşıb qalmışam. Bu 50 yaş nə idi, başımıza gəldi... (Gülür)

- Yarım əsri başa vurdunuz, "Məşədi İbad” yaşı da deyirlər. Üzeyir bəyin məşhur fikirlərini xatırladınız yəqin...

- Hə, Məşədi İbad obrazına qarşı haqsızlıq elədiyini yazıb.

- Deməli, siz də 50 yaşın tamamında çaşıb qaldığınızı etiraf edirsiniz...

- Bəli, etiraf edirəm. Ağlıma gəlməzdi. Vaxtilə düşünürdüm ki, 50 yaş böyük yaşdır. İndi baxıram ki, özüm də 50 yaşa çatmışam. Allaha çox şükürlər olsun ki, bu yaşa qədər bizi yaşatdı, alnımız açıq, əlimiz təmiz, vicdanımız təmiz.

- Yubiley yaşınızı yəqin ki, təmtəraqlı qeyd edəcəksiniz, eləmi?

- Yox, təmtəraqlı qeyd etməyəcəyəm. Məhərrəmliyə düşdüyü üçün çox təmtəraqlı qeyd etməyəcəyik. Elə ailə üzvləri, yaxınlar, bir-iki dost-tanışın iştirakı ilə. Geniş qeyd etmək fikrim yoxdur.

- Yəqin ki, ilk təbriki ailə üzvlərinizdən aldınız...

- Təbii ki. Evdə olduğum üçün təbriki də evdən aldım.

- Tanınmış şəxslərdən kim təbrik etdi?

- Arayanlar elə hamısı tanınmış insanlardır. Elə bu gün (dünən-E.P.) cənab sədrimiz (spiker Oqtay Əsədov-E.P.) təbrik etdi, Milli Məclisin "Fəxri medalı”nı təqdim elədi, Allah köməkləri olsun!

- Sizi idmançılar arasında tez-tez görürük, sosial şəbəkədəki statuslarınız da çox zaman idmançılara həsr olunur. Yəqin ki, hədəfləriniz var.

- Hədəflərim böyükdür. Böyük, güclü Azərbaycan, dövlət, gələcək kimi fikirlər beynimizdə bizə rahatlıq vermir. Bizim məqsədimiz ölkəmizdə güclü, sağlam nəslin yetişməsidir. Ancaq hər kəs bunun üçün çalışmalıdır. Hər kəs öz övladından, yaxınlarından, idarəsindən başlasa, gözəl nəticə əldə edə bilərik. Güclü nəsil yetişdirmək bizim xilasımızdır. Ancaq bu istiqamətdə böyük işlər görmək arzusundayıq.

- Gələn il növbəti parlament seçkiləri keçiriləcək. Adətən deyirlər ki, seçkiyə hazırlıqlar bir il öncədən başlanır. Sizin seçkilərlə bağlı planlarınızı bilmək olarmı?

- Seçkiyə bir il öncədən hazırlıq görmək ağılsızlıqdır. Çünki seçkiyə gərək elə seçki bitən gündən start verəsən. Seçki bir günün işi deyil. Seçici gərək öz vəkilini tanısın. Əgər seçicilərim yenə də etimad göstərəcəksə, başqa məsələ. Yox, əgər etimad göstərməyəcəksə, daha güclə seçilmək olmaz ki. Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq.

- Qarşıdakı seçkilərdə parlamentin tərkibinin ciddi şəkildə dəyişəcəyi barədə fikirlər var. Siz nə gözləyirsiniz? Həmkarlarınızın fəaliyyətindən razısınızmı?

- Həmkarlaımızın görünən və ya görünməyən fəaliyyəti var. Heç kəsin işinə kölgə salmaq olmaz. İnsanlarımız maraqlanmadan, görmədən, bilmədən fəaliyyətə qiymət verirlər, ancaq bu da düzgün deyil. Deputat o qədər çox işlər görür ki, bir də ayılır, artıq 5 il keçib. Səfərlər, seçicilər, beynəlxalq təşkilatlar, dostluq qrupları, ictimai fəaliyyət... Millət vəkilinin o qədər genişmiqyaslı fəaliyyəti var ki, zaman çatmır. Bu mənada deputatı işləməməkdə suçlamaq düzgün olmazdı.

- Bu qiymətləndirmə hamıya aiddir?

- Ola bilsin ki, bir nəfərdən narazıyam. Ancaq qalanlarından razıyam.

- O bir nəfər kimdir, Rəfael Cəbrayılov?

- Yox, yox, o deyil. Bu, bir zarafatdır, mən həmkarlarımdan razıyam.

- Yeri gəlmişkən, həmkarınızın öz mandatını girov qoyması kifayət qədər qınandı, müzakirələr kəsilmir. Siz necə yanaşırsınız onun addımına?

- Mən bu yazılara, dedi-qodulara inanmıram. Rəfael Cəbrayılov normal insandır, ağıllı siyasətçidir, hüquqşünasdır. İnsandır, həyatda hər şey ola bilər, ancaq bu səviyyədə yazıb-pozmağın da yeri yoxdur. O, millət vəkilidir, neçənci dəfədir seçilib. Əgər o, deyilən kimi bir insan idisə, onda nəyə görə seçicilər səs verib yenidən seçiblər? Bu mənada mən boş şayiələrə, söhbətlərə fikir vermirəm.

- Nə vaxtsa olubmu ki, siz deputat mandatınızı girov qoymaq istəmisiniz, yaxud belə bir təklif almısınız?

- Vallah mən belə şey eləməmişəm, heç ağlıma da gəlməyib. Onun da belə etdiyinə inanmıram. Vəsiqə itə bilər, yaxud haradasa unudula bilər. Bəlkə unudub haradasa, kimsə götürüb, istifadə edib. Mən bu məsələyə qiymət vermək istəmirəm. Ad günümdə durub camaatı müzakirə etməyim yaxşı hal deyil.

"Mənim İsa Qəmbərlə münasibətim heç vaxt olmayıb”

- Növbəti parlament seçkilərində gənclərə üstünlük verilə bilərmi?

- Niyə də yox? Olmalıdır. Gənclərə daha çox yer verilməlidir. Gənclər bu gün daha aktivdir, daha fəaldır. Ancaq pis vərdişlərdən, içkidən... Biz bir müsəlman ölkəsinin vətəndaşı kimi, gərək gənclərin sağlam həyat yaşaması üçün şərait yaradaq. Sağlam həyat yaşayan insanlara daha çox üstünlük verilməlidir.

- Özünüz enerji içkiləri içirsinizmi?

- Qabaqlar içirdim, dadına baxırdım. Ancaq son zamanlar içmirəm. Əvvəl elə bilirdim ki, normal içkilərdir. Lakin sonralar gördüm ki, orqanizm üçün nə qədər fəsadlar yaradır. Məncə, müəyyən zərərli vərdişlərlə bağlı qadağalar qoyulmalıdır. Gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq enerji, müqavimət, vicdan tələb edir. Mən bu istiqamətdə ciddi işlərin aparılmasının tərəfdarıyam. Pis vərdişlərin qarşısını ancaq ciddi tədbirlərlə almaq mümkündür, yoxsa mümkün olmayacaq.

- Adil bəy, siz idmançısınız, mükafatlarınız var. Ailə başçısı olaraq nə zamansa övladınıza, həyat yoldaşınıza xəsarət yetirmisinizmi, fiziki güc tətbiq etmisinizmi?

- Vallah, münasibətlər o həddə çatmayıb. Allaha çox şükürlər olsun ki, ailədə gücümüzdən istifadə etməmişik. Gücdən istifadə üçün o qədər yerlər var ki. Ailə üzvü nə dərəcədə günah etməlidir ki, güc tətbiq edəsən. Bizim həyatımızda belə şey olmayıb.

- Son vaxtlar AXCP funksioneri ilə ailə üzvləri arasında uzun illərdən bəri yaşanan gərginlik ictimai müzakirəyə çıxarılıb, qarşılıqlı ittihamlar səslənir. Bu məsələyə münasibətiniz necədir?

- Bu məsələyə münasibətim pisdir. Həmçinin məsələnin işıqlandırılmasına da münasibətim mənfidir. Yəni insandır, ailədir, ailədaxili söz-söhbət olar. Ancaq gözümüzlə görmədiyimiz məsələlərlə bağlı münasibət bildirməyin tərəfdarı deyiləm. Mənim də barəmdə o qədər yanlış fikirlər söyləyiblər, yazıblar ki. Ona görə də mən bu barədə fikir bildirməyi özümə rəva bilmirəm.

- Son vaxtlar iqtidar-müxalifət dialoqu yenidən populyar mövzuya çevrilib, bəzi addımlar atılıb, təşəbbüslər göstərilib. Siz bu proses haqqında nə deyə bilərsiniz?

- Təbii ki, ölkəmizin sağlam iqtidara və sağlam müxalifətə ehtiyacı var. Sağlam müxalifət olsun, gəlsin özünün yaxşı təklifləri ilə, fikirləri ilə. Yoxsa sən eyni şeyi deyəcəksənsə, nə mənası? Sənin dediklərini mən edirəm də, sənin məndən nəyin artıq olacaq? Sən elə fərqli söz de ki, camaat sənə inansın, etibar eləsin. Yoxsa "çevir tatı, vur tatı”. İş görmək lazımdır, qardaş! Kim özündən desə, ondan soruş ki, sonuncu dəfə hərbi hissədə, şəhid ailəsinin, Milli Qəhrəman ailəsinin yanında nə vaxt olmusan? Axırıncı dəfə hansı idmançını yarışa yola salmısan, Şəhidlər Xiyabanına, uşaq evlərinə, qocalar evinə nə vaxt getmisən? Sən bu sualları ver, gör nə cavab eşidirsən. Bizim ən güclü şairlərimizdən biri mənim bu suallarımı eşidir, baxır üzümə, deyir mən bunları niyə etməliyəm? Soruşuram ki, niyə etməməlisən?! Sən bir güclü vətəndaşsansa, bunları etməlisən! Əks təqdirdə, sən güclü vətəndaş deyilsən, dediklərin heç çürük qoza dəyməz. Bu işləri görmək istəyən adam heç hakimiyyətə gəlməmiş, müxalifətdə də edər. Şərt deyil ki, hamının imkanı olsun. İmkan önəmli deyil. Baş çəkmək, yanında olmaq, münasibət bildirmək özü böyük məsələdir. Bir yerə toplaşmaqla bağlı çağırış edirsən, 5 nəfər yığılmır, sən hansı birlikdən danışırsan?! 5 nəfəri yığıb klubların yarışına apara bilmirsən, arenalarımız bom-boşdur, sən hansı vətənpərvərlikdən danışırsan, qardaş! Bunlar boş söhbətdir. İstər iqtidar ol, istər müxalifət, iş gör, ölkəmizə xidmət et, mən bunun tərəfdarıyam! Yoxsa boş-boş danışanlara mən heç önəm vermirəm. Mənasız söhbətlər mənim marağımda deyil.

- Vaxtilə parlament seçkilərində İsa Qəmbərlə rəqib olmusunuz. Hazırda münasibətlər necədir? Heç nə vaxtsa görüşmüsünüzmü?

- Vallah, mən onu çoxdandır görmürəm. Təbii ki, mənim onunla (İsa Qəmbərlə-E.P.) münasibətim heç vaxt olmayıb. Rəqib olub, rəqib kimi də yanaşmışam. Mən heç vaxt o təbəqədə olan insanlarla oturub-durmamışam. Mənim bir ay belə boş zamanım olmayıb ki, siyasətlə məşğul olum, siyasətçilərin yanında olum. Mən siyasətçi, partiya üzvü deyiləm, partiya üzvü də olmamışam. Mən hərbçi, polis olmuşam, hüquq-mühafizə orqanlarında çalışmışam. Ona görə də mənim onlarla görüşüm olmayıb. Tanıdığım adamlar var, onların yanına gedirəm, görüşürəm. Ümumiyyətlə, mən tanımadığım vəzifəlinin, siyasətçinin yasına gedim, mən belə məsələlərdən uzağam. O qədər tanıdığımız kasıblar var ki... Adam var, bir kasıbın yasına getmir, amma elə yerə gedir ki, kimlərsə çəkəcək, yayacaq. O məsələlər mənlik deyil.

- Siz söhbətin əvvəlində gənclərimizə önəm verilməsi zərurətindən danışdınız, özünüz də gənclərlə işləyirsiniz. Gənclərimizin həyatında tarixi rol oynamış Vurğun Əyyub vəfat etdi...

- Allah rəhmət eləsin! Dəyərli insan, gözəl vətəndaş, gözütox, dünya malının, dünya sərvətinin yolundan azdırmayan bir insan idi. Məkanı cənnət olsun! Yaxından tanışlığım yox idi, bir-iki dəfə salamməleykimiz olmuşdu. Ziyalı insan idi. Ölüm haqdır, bir gün hər kəsi haqlayacaq, hamı onun "dad”ını hiss edəcək. Tanıdığımız insandırsa, seçildiyin ərazi çərçivəsində yaşayan biridirsə, onun məclisində iştirak edirik. Amma görsənmək xətrinə görsənmirik. Görsənməyə o qədər başqa yerlər var ki. Get, ölkənin maraqlarına xidmət edən hadisələr harada varsa, orada görsən! Yoxsa tanımadığı bir məmurun qohumunun qohumu dünyasını dəyişib, yasa gedir. Bu, nə biabırçılıqdır, bu, nədir, get, otur vəzifənin başında! Sənin o yasda nə işin var, qardaş! Sən get, vətəndaşın problemləri ilə məşğul ol!

- Vurğun Əyyubun yas məclisinə gedəcəksinizmi?

- Niyə getmirəm? Tanıdığım insan idi. Ara vuran, münaqişə yaradan, kiminsə barəsində yanlış fikir söyləyən insan deyildi. Vəzifə önəmli deyil. İnsanlığa doğru getmək lazımdır, vəzifəyə yox. Çünki nəticədə Allah sənə insan olaraq qiymət verəcək, axirətdə insan kimi sorğu-sual olunacaqsan. Ona görə də o, (Vurğun Əyyub-E.P.) insan kimi insan idi. Azərbaycanda dövlətinə, millətinə xidmət edən insanlar var ki, bu gün müxalifətdədir. Ancaq şər-böhtanla, xəta ilə, "burada mənəm, Bağdadda kor xəlifə” deyənlər də var. Bu gün xidmət etmək lazımdır, boş-boş danışmaq yox. Bax, bu gün sən məni çox danışdırdın, çünki mən danışmağı sevmirəm, işlə məşğulam. Hər gün çalışıram ki, gic-gic tədbirlərdənsə, real vətəndaşın yanında olub, onlara kömək etmək daha savab olar, nəinki boş-boş işlərlə məşğul olmaq.

Elşad PAŞASOY,
"Yeni Müsavat”




İmza:

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

Amerika güllərini görmək arzusu gözləmədiyi anda çin olan şairin son müsahibəsi

Elman Rəfiyev: "O aktyora normal baxmıram" - MÜSAHİBƏ

Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir

SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK