hacklink Adalet.az | Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ Adalet.az | Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

12117    |   2019-09-23 15:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son zamanlar Azərbaycanın ədəbi tənqindindəki  durğunluq, gənc yazarların fəaliyyəti və uşaq ədəbiyyatının durumu ilə bağlı şair-publisist Qəşəm Nəcəfzadə ilə söhbət edik.

 Adalet.az-a həmin müsahibəni təqdim edir. 

- Son illərdə çoxlu sayda kitablar dərc olunur, yeni müəlliflər ortaya çıxır, yeni-yeni əsərlər yazılır, amma ədəbi durğunluq davam etməkdədir. Bunun səbəbi nədir sizcə?

- Kitaba maraq azalıb. Ən yaxşı əsərlər belə oxunmur. Oxunsa da, rezonans doğurmur. Heç kim oxuduğu əsər haqqında danışmaq, yazmaq istəmir.

- Ədəbi tənqid də, tənqidçilər də susur…

- Hə, ədəbi tənqid də susur. Tənqidçilər mətnə görə yox, müəlliflərə görə yazırlar. Yazanda da "görüm-baxım” məsələsi, ya da hər hansı başqa maraqlarına görə tanınmış imzalara üz tuturlar. Tək tənqidçilər yox, sadə oxucular da fikir bildirmirlər. Görünür, insanların digər qayğıları onları ədəbiyyatdan uzaqlaşdırıb.

- Bəs insanlarda kitaba marağı yenidən necə oyatmaq olar?

- Kitabı kasıblardan çox varlılar, adi insanlardan çox məşhurlar təbliğ etsələr, bəlkə də maraq yaranar. Camaat hansısa vəzifəli, məşhur birinin əlində gənc yazarımızın kitabını görsə, daha çox maraq edər. Bu məslədə TV-lər də önəmli rol oynamalıdırlar. Gərək yazıçı, şair efirə çıxa, cəmiyyət onu tanıya ki, yazdıqlarına da maraq yarana.

- ARB kanalında "Xalqın şairi” müsabiqəsi keçirilir. Bu verilişi belə addımlardan saymaq olar?

- Əslində, o verilişi ironiya ilə, ədəbiyyatı lağa qoymaq üçün yaratdıqlarını düşünürəm. Mübariz Əsgərov "Qulp”dan sonra ədəbiyyat verilişini aparanda adama gülməli gəlir. Hərənin öz sahəsi olar da. Amaliya Pənahovanın ədəbiyyatdan nə başı çıxır?! Nizaməddin Şəmsizadə qərəzli fikirlər bildirir. Münsiflər oxunulan şeirlər haqqında dayaz fikirlər bildirirlər. Şeirə ancaq "hə”, "yox” demək olmaz.

- Bəs "Azərbaycan” jurnalı bu sahədə nə addımlar atır? Nəsə bir yenilik var?

- Bizim jurnalın öz ənənələri var. Biz bu ənənələrə sadiq qalmalıyıq və qalırıq. Düzdür, bizi çox tənqid edirlər ki, dəyişiklik, yenilik etmək lazımdır, amma tənqid edənlər belə yenə də "Azərbaycan” jurnalını oxuyurlar. Hər il Nizami adına Ədəbiyyat İnstitunda "İlin ədəbi yekunu” adlı müşavirə keçirilir. Orada "Azərbaycan” jurnalını tənqid edənlər məruzələri zamanı cürbəcür misallar gətirirlər. İnandırım sizi ki, misal gətirdikləri əsərlərin 90 faizindən çoxu bizim jurnaldandır. Ayrı vaxt deyirlər ki, jurnalda heç nə yoxdur. Əslində, axtarsan hər şey var. Tutaq ki, bu jurnalda ancaq ən yaxşı şeirləri, mətnləri versək, gərək jurnal ildə 2 dəfə çap oluna, amma biz hər ay çap olunmalıyıq. Orta səviyyəli şeirlər də çap edirik ki, oxucu yaxşı şeirlərin qədrini bilsin.

- Siz bir redaktor kimi öz şeirlərinizi necə qiymətləndirirsiniz?

- Bilirsən, mənim şairliyimə ziyan gətirən əsas şey şeir haqqında çox danışmağımdır, müəllimliyimdir. Bəlkə də qalstukumdur. İstəyirlər ki, dəlisov olum, çılğınlıq edim, amma anlamırlar ki, mən 30 il müəllim işləmişəm. Mənim yanımda gənclər özlərini yaxşı hiss edirlər. Məsələn, Ramiz Rövşənin yanında gənc şair böyüyə bilməz, uzağı Ramizin zəif təkrarı ola bilər. Ramizin eqo imperiyası ağırdır. Ramiz Rövşən gəncləri əzir, udur! Və həmin gəncin əlindəki qələm qırılır, ya da düşür yerə, mənsə həmin qələmi yerdən götürüb verirəm həmin gəncə. Yadımdadır, Şərif Ağayar "Yeni Azərbaycan” qəzetində işləyəndə Ramiz Rövşəndən müsahibə almağa getmişdi, qayıdanda dedi ki, Ramiz Rövşəni görəndən sonra şeir yazmaq istəmir.


- Yəni, səmimiyyətiniz sizə mane olur?

- Bəli, səmimiyyətim şairliyimə mane olur. Əlbəttə, dayaz oxucuların yanında belədir. Təssüflər olsun ki, bu cür oxucular da çoxluq təşkil edir.

- Gənclərdən söz düşmüşkən, bəziləri səs-küy gətirən, qalmaqal yaradan şeylər yazırlar. Necə qarşılayırsınız?

- Elə biri Kəramət. Ona görə məni qınayırlar, deyirlər ki, yaxşı tərbiyə verə bilməmişəm. Kaş hamı övladına mənim Kəramətə verdiyim kimi tərbiyə verəydi. Tərbiyə maddi bir şey deyil ki, onu verdiyindən əmin olasan. İndiki gənclər tərbiyəni daha çox filmlərdən, kitablardan alırlar. Ona tərbiyəni Anarın, Kamal Abdulllanın, Viktor Hüqonun, Zəlimxan Yaqubun, Sabir Əhmədovun, Çingiz Aytmatovun əsərləri verir. Kəramət kimi tərbiyəli, əxlaqlı, orijinal yazıçılar çox azdı. Gərək Kəramətə deyəydim ki, yaltaq ol?! Öz övladları yaltaq olanlar mənə deyir ki, Kəramətə tərbiyə ver. Amma onu da deyim ki, Kəramətin səhv etdiyini demişəm, üzr də istəmişəm, özü də istəyib. Çünki Xəlil Rza bizim şəhid şairimizdir. Danlayıram, amma hamı yenə də Kəraməti mənə tapşırır. Sabir Rüstəmxanlı zəng edir, deyir, ona dəymə, mənə gəncliyimi xatırladır. Mir Şahin Ağayev zəng edir, eyni sözləri deyir. Sağ olsunlar. Onlar bilirlər ki, Kəramət nə qədər azad, nə qədər orjinal bir qələm sahibidir.

- Bəs sizcə, klassiklərimiz, dünyasını dəyişmiş yazıçılarımız doğrudanmı toxunulmazdılar?

- Mən belə düşünmürəm, amma onlara aid fikrini deyəndə gərək söyməyəsən, əsaslı şəkildə tənqid edəsən. Məsələn, Səməd Vurğuna çox daş atırlar, amma o daşlar sahibinə qayıdacaq. Nemət Pənahlı dünən türmədən çıxıb, bu gün deyir ki, Səməd Vurğun şair deyil. Adama deyərlər, öz sahəndə oynaya bilmirsən, başqasının sahəsinə niyə keçirsən? Get siyasətinlə məşğul ol, ədəbiyyat sənlik deyil.

- Hazırda gənclər arasında bir qrup var ki, onlar daha geniş oxucu kütləsi olan dillərdə yazmağa üstünlük verirlər. Bu yolla dünya ədəbiyyatına çıxmaq üçün yol açmağa çalışırlar. Bu təşəbbüsü necə qiymətləndirirsiniz? Ümumiyyətlə, ingilisdilli ədəbiyyatımızın olmaması həqiqətənmi dünyanın qapılarını üzümüzə bağlayıb?

- Dünyaya çıxmaq tək dillə bağlı deyil, təfəkkür və mətn məsələsidir. Ustalıq, dünyagörüş, peşəkarlıq məsələsidir. Bunları bacarmayanlar günahı dildə görürlər.

- Uşaq ədəbiyyatı ilə bağlı zaman-zaman sizin və bir çox yazarların təşəbbüsləri olub. Layihələr gerçəkləşdirmək, dərgilər buraxmaq istəmisiniz. Bəzən bu istiqamətdə 1-2 addım da atılıb. Ancaq yenə də yarımçıq qalıb. Bizdə bu önəmli sahə niyə bu qədər zəif inkişaf edir?

- Deyirlər, yeni uşaq ədəbiyyatı yaranmır. Uşaq ədəbiyyatı yaradanlarımız nə ilə məşğuldurlar? Niyə 20-ci əsrin əvvəllərində olduğu kimi, dərin məzmunlu uşaq əsərləri yazmırlar? Demək olar ki, bunlar hər gün mənə verilən suallardır. Ona görə ki, mən bir neçə uşaq şeiri kitabının müəllifiyəm, həm də Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyatı şöbəsinin rəhbəriyəm. Bu barədə mən son iki qurultayda məruzə eləmişəm, fikirlərimi də konkret misallarla göstərmişəm. Bir maraqlı məqamı bölüşmək istəyirəm: Bir dəfə məşhur qəzetlərdən birinin baş redaktoru mənə dedi ki, biz niyə uşaq ədəbiyyatı oxumalıyıq, ondansa gedib Fizulunu oxuyarıq. İki gün sonra həmin qəzetin əməkdaşı mənə zəng edib müsahibə almaq istədiyini dedi. İlk sualı belə oldu ki, Azərbaycanda müasir dövrdə uşaq ədəbiyyatının vəziyyəti necədir?

Yəni, dediyim odur ki, bir çoxları uşaq ədəbiyyatından danışmağı uşaq söhbəti kimi başa düşür. Ona görə də bizdə uzun zaman uşaq ədəbiyyatını uşaq yerinə qoyublar. Uşaq ədəbiyyatının yaranması, inkişafı, təbliği üçün əvvəlcə münbit şərait olmalıdır. Əsər və oxucu olmalıdır. Şeir oxucu ilə reaksiyaya girməlidir.


- Uşaq ədəbiyyatı demişkən, orta məktəb dərsliklərində və əlavə oxu materiallarındakı mətnlərə baxmısınızmı? Zaman-zaman ordakı hekayələr və şeirlərlə bağlı sosial şəbəkələrdə etiraz, irad dolu statuslara rast gəlirik. Bu barədə nələr düşünürsünüz?

- İbtidai sinif dərsliklərinin bəziləri zamanın tələbləri ilə ayaqlaşmır. Dərsliklərə elə müəlliflərin əsərləri salınıb ki, o müəlliflərin adını mən birinci dəfə eşidirəm. Hazırda istifadə olunan 1-ci sinif "Ana dili" dərsliyində bəzi mətnlərə nəzər salaq. Uşaqlar hərfləri öyrəndikdən sonra birdən-birə bu şeirlə tanış olurlar:

"Məna çiçəklərin baxışımla dərərəm". (səh.84. "Əlifbam" şeri)

Məna çiçəkləri nə deməkdir? Baxışla o çiçəkləri necə dərmək olar? Hərfləri yeni öyrənən uşaq bu şeri anlaya bilərmi?

"Atam evə gələndə, elə bil ki, nur saçır". (səh. 105)

Nur saçmaq ən çox anaya aiddir.

Yaradan qəlbimizə

İlahi nur ələsin.

Verdiyimiz qurbanı

Allah qəbul eləsin.

(səh.129. "Qurban bayramı" şeri)

Şerin bədiiliyi o yana dursun, verdiyimiz qurban olmaz, kəsdiyimiz qurban olar. Qurban vermək insana aiddir, kəsilmək qoyuna.

Misallar çoxdur. Ona görə də dərsliklərimiz Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin və savadlı pedaqoqlarımızın birgə əməyinin məhsulu olmalıdır.

- Qəşəm müəllim, sonda bir şey də soruşmasam, olmaz: Bəzi yaradıcı şəxslər şanslı olurlar sanki. Bəzliləri də ömrü boyu çalışırlar, bir xeyri yoxdu. Özünüzü hansı qrupa aid edirsiniz?

- Bir onu bilirəm ki, hər sahədə çox ağrılıyam. İşlərim çətin alınır. Hər yerindən duran mən dərs keçir. Qayıdıb cavab verəndə də qaçıb gizlənir. Gərək bir az qapalı olam, hirsli, qaş-qabaqlı görünəm. Bu da mümkün deyil.

Ulucay Akif



İmza:

“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!”

Xalq yazıçısı Anar: "Türkiyə türkcəsinin ünsiyyət dili kimi qəbul olunması..."

Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov

Əli Hüseynli: - "Hüquqşünasların parlamentdə təmsil olunması zərurətdir" - MÜSAHİBƏ

Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı

Aydın Bağırovun ingilis jurnalistə dediyi sözlər

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Aqil ABBAS: "Mən bu Komitənin işi ilə maraqlanmamışam"

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

Qarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”

“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır

SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK