hacklink Adalet.az | Ayder yaylasının laylası - Eminquey yazır Adalet.az | Ayder yaylasının laylası - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ayder yaylasının laylası - Eminquey yazır

15618    |   2019-09-12 14:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yollar bizi Ayder yaylasına aparır. Trabzonun Rize ilçəsi sayılır bura. Addımbaşı kiçik şəlalər, körpülər bizi darıxmağa qoymur. Adətən, yollar adamın gözünü yorur, amma Ayderə gedən yollara elə hey baxmaq istəyirsən. Batumidəki otel narazılığımızdan sonra bələdçilər bizə elə bir şad xəbər veriblər ki, Ayderə çatmağı səbrsizliklə gözləyirik.

- Batumidəki oteli unudun. Rəhbərliyin sizə hədiyyəsi var.

Hamının üzündə maraq toxumları cürərir.

- Trabzonda iki gün qalacaqdıq, amma rəhbərlik qərar verdi ki, bu iki gündən birini Ayder yaylasında lüks otellərin birində gecələyəsiniz.

Avtobusda sevinc çığırtıları yerini alqışa verir.


Ayder yaylasına çatanda göyün üzü tutqun olsa da, hava meyxoş idi. Lüks otel sürprizini yeməkdəki ət kimi axıra saxlamaq qərarına gəldik. Əvvəlcə buraları yaxşıca gəzmək lazımdır. Ayderin girişindən sonra yol ancaq üzü yuxarıdır. Təpələrə söykənmiş taxta evlər, yaşılın hər tonunu özündə birləşdirən meşələr adamın göz yorğunluğunu çıxarır. Ayaq saxlayırıq. Sağ yol dərəyə və dağa açılır. Elə bu səkinin böyründəcə ölüb qalasan. Kanatla adamlara o yana gedir, bu yana gedir. Uzaqdan görünən mənzərə isə möhtəşəmdir. İki dağın arasından üzü aşağı su tökülür, qurtaracağında isə şəlalə yaranır. Şəlalənin adı "Gelin tülü”dür. Şəkil çəkdirəndən sonra yola davam edirik.


O qədər doğmalıq var ki burada. Ayder yaylası deyil e, Ayder laylasıdır. Özü də Trabzon havası üstündə. Dilini bilirik, adətlərini bilirik, gürcülər kimi soyuqluqları ilə adamı özlərindən uzaqlaşdırmırlar. Öz evimizdəki kimi rahatca gəzirik. Düzdür, azmaq qeyri-mümkündür, amma lap azsan belə türklərin içindəyik. Nədən qorxacağıq ki?! Almağa nəsə tapacağımız ümidilə addımbaşı dükanlarda dayanırıq. Mənsə, türk qazosunun marağındayam. Qarşıma çıxan ilk dükandaca bir şüşə qazos alıram. Satıcı qız soruşur:

- Açiyimmi?

- Bi zahmet!

Deyərdim ki, qazosa "semiçka” qədər alüdə olmaq olar. Ki, türklərin ən sevimli içkisidir qazos. Hündür bir yamac var. İnsanlar teatra baxarmış kimi üzü yuxarı qrup-qrup əyləşiblər otların üstündə. Türklər demiş, kalabalıkdır, amma səs-küy o qədər də çox deyil. Yəni baş ağrıtmır. Düz yamacın dibində balaca bir minibüs dayanıb. Damında da xeyli velosiped. Yalçın doktora, Rəhim dayıya, Həsənə də gəzə-gəzə demişdim ki, velosiped görsəniz, dayanaq. Bu dik yolları, ümumiyyətlə buranı ayaqla gəzmək bizi xeyli yoracaq. Elə velosipedləri görən də özüm oldum. Dostlar bir işarəmə dayandılar. Türkcə yaxşı bildiyim üçün məni qabağa verdilər.

- Selam, kardeşim.

- Selam.

- Bisikletleri kaç liraya kiralaya biliriz? Bize dört bisiklet lazım.

- Efendim, biz tek-tek bisiklet veremeyiz size.

- Niçin?

- Çünki biz bisiklet turu yapıyoruz. Üç çeşit turumuz var. Birincisi 5 kilometrelik turdur. Fiyatı 50 lirədir. 1 buçuk saate kadar çeker.

Oğlan böyük turları məsləhət görmür. Çünki havanı və günün qısalığını nəzərə almaq lazımdı. Çatdıra bilmərik.

- Bu minibüsle olduğumuz 1200 metrelik hündürlükdən 2400 metreye kadar çıkacağız. Oradan bisikletlerle aşağı doğru bisikletlerle ineceyiz.

- Yollar çokmu dik?

- Hayır, efendim. Çok yok, ama bir az. Korkmayın, arkadaşımız sizinle olucak. Bense sizi minibüsle arkadan kollayacağum.

- Kamera falan varmı?

- Adeta kamerayla kayda alıyoruz turu, ama şimdi yanımızda yok. Onun için "İphone”la kayda alırız ve size yollarız. İstediyiniz yerde dura bilir, fotoğraf çektire bilirsiniz.

- Yollar nasıl? Asfaltmıdır, toprakmıdır?

- Betondur, efendim. Hiç korkmayın.


Oğlanın ləhcəsi bir o qədər də Trabzonlu ləhcəsinə oxşamırdı. Amma arada hiss olunurdu. Rəhim dayıdan, doktordan, Həsəndən "nə deyirsiz, gedək?” deyə soruşdum. Bir az qərarsız idilər. Açığı oğlanın telefonda bizə göstərdiyi yolları görüb mən də bir az qorxmuşdum, ürək eləmirdim. Nəhayət ki, cəsarət tapdıq özümüzdə. Oğlana yaxınlaşıb razı olduğumuzu dedik. Minibüsə minib yola düzəldik.

- Kardeşim, ismin ne?

- Emre.

Turun rəhbərinin adı Emre imiş. Kiprikləri qəhvəyi, saçı sarı-qəhvəyi qarışığı, arıq, üzündən pozitivliklə yanaşı bir az da çoxbilmişlik yağan Emre bizi 2400 metr hündürlüyə aparır.

Arabir Emreyle dialoqa giririk. O soruşur:

- Azerbaycandanmı geldiniz?

Məmnuniyyətlə "evet” deyirik.

Emre "Amma şu arkadaş hiç belli etmiyor” deyib məni işarə edir. Doktorsa elə öz ləhcəsində "o türkcax bilir da, ona görə” deyib gülür.

Doktor Yalçın Həsənə həm yolu, həm də bizi çəkməyi tapşırır. Arada Həsənin telefonuna baxıb gah gülümsəyir, gah barmağımızla "əla” işarəsi göstəririk. Yolları qalxdıqca ürəyim titrəməyə başlayır. Bu hündürlükdən kim düşəcək aşağı? – deyə doktora deyirəm. Özü də dəqiqəbaşı. O da mənə "qorxma, hammız bir yerdə olacux da” deyib təsəlli verir. Axırda bezib çox danışmaqla bağlı bir lətifə də danışır.

Bir şəkilidən oğlu soruşur:

-Ata, dilimizə nəykün ana dili deyirlər?

-A bala, görmürsən evdə ən kox danışan kimdi?


Çatdıq...

Hava çiskinli və dumanlıdır. Emre deyir:

- Kendinize kask, eldiven seçin ve giyin.

Avtobusdan düşəndə artıq Emregil velosipedləri hazır vəziyyətə gətirmişdi.

- Hadi, siz Yusufla gidin. O sizle olucak.

Dostlardan doktor, Rəhim dayı, Həsən rahatca yolu düşməyə başlasalar da, mənim dayandığımı görüb onlar da dayandılar. Yolun üzü aşağılığı, sağ tərəfin açıq olması və dərələr məni qorxutdu. Rəhim dayı nə olduğunu soruşanda qorxduğumu dedim.

- Rəngin də ağarıp, ay Emin. Niyə qorxursan? Guya biz sürə bilirik ki?

- Nə bilim. Qorxuram. Siz düşün yavaş-yavaş. Mən yolu rahat bilən kimi sizə qoşulacam.

Beləcə 5 kilometrlik yolun 1 kilometrini velosiped məni yox, mən velosipedi daşıdım. Arabir arxamca mənə ayaq uyduran minibüsü sürən Emreden "özür dilerim, umarım bir problem yok” deyə soruşuram, o da "yok, o ne söz” deyə gülümsəyir.

Ayağımın kökü ağrıyır velosiperdi daşımaqdan, amma bu qədər pul vermişəm, bacaracam. Heç velosiped sürməsəm belə buranın mənzərəsi o qədər gözəldir, havası o qədər təmizdir ki, heç ruhum da inciməz.

Nəhayət ki, Emrenin de, elə dostların da dəstəyindən sonra özümdə güc tapdım. Emre mənə təklif etdi ki, mənə bir az da balaca velosiped versin. Bu lap mənim ürəyimdən oldu. Balaca velosipedi götürən kimi qoşuldum dostlara. Yol betondur, hava çiskinli. İstər-istəməz əyləci sıxan kimi sürüşürsən. Ona görə də maksimum dərəcədə ehtiyatlı olmalı, velosipedlə qız kimi davranmalısan. Döngələr çox sərtdir, döngələrə çatanda hamı sürəti azaldır, hətta o qədər sərtdir ki, bəzən dayanırıq da.

İnsanlar əllərindəki fürsətdən necə gözəl istifadə ediblər. Hamı çörək qazanır buradan. 1944-cü ildə Milli park adı alan Ayder yaylası, 1987-ci ildə artıq turizm bölgəsi olaraq tanınmağa başlayıb.

Çiskinli yağış kaskımın üstündən damcı-damcı burnumun üstünə düşür. Rəhim dayının dediyinə görə burnum bir az qızarıb da. Yolun solu ilə maşınlar gələn kimi hamımız sağa çəkilirik, sonra yenə yola səpələnirik. Bir də gördüm ki, məndən bir xeyli qabaqda əllərini velosipeddən çəkib sürətlə aşağı düşən Yusuf şappıltı ilə yerə dəydi. Biz ona çatanda artıq ayağa qalxmışdı. Elə bil ki belə bir şey olmayıb.

Bu da son! Bizdən başqa heç kimin gəlmədiyi, görmədiyi yerləri görüb hamının olduğu yerə çatdıq. Hava yumşaldı, yağış kəsdi. Emre Həsənə çəkdikləri videoları, şəkilləri göndərəndən sonra kasklarımızı, əlcəklərimizi çıxarıb Emreyle sağollaşırıq.

İçimizdə məmnunluq və bir az da hamıdan üstünlük hissi var. Çünki biz heç kimin çıxmadığı, getmədiyi yerləri görüb qayıtmışıq. Onlarsa elə buralarda o dükan sənin, bu dükan mənim deyib gəzişirlər. Qərara gəldik ki, artıq otelimizi görək. Bilək ki, bu sürpriz nə olan şeydi. Üzdən görmüşdük, çox gözəl bir yerdə yerləşirdi. Otelə çatdıq. Resepşna yaxınlaşıb otaqlarımızın açarları alırıq, nömrələrini öyrənirik. Liftin olduğunu görüb sevinirik. Qalxırıq üçüncü mərtəbəyə. Həsənlə otağa çatırıq, qapını açıb otağı görən kimi şoka düşürük. Həsən gözlərini bərəldib mənə çevrilir:

- Bura nədi belə? Biz hara düşmüşük?

Mənsə gülümsünürəm.

- Hə, bu lap ağ oldu. Tura verdiyimiz pula görə bu lap çox oldu.

Hamam-tualetin qapısını, şkafları, daxılları açıb baxırıq. Hər şey əladır. Mini barı görüb tez qapısını açırıq. Soyuq içkilər, bir-iki keks... Tez qazosları aşırdırıq. Həsənlə bir-birimizə qımışıb özümüzü atırıq çarpayıya. İlahi, elə bil buludların üstündəyik. Evdəki dəmir-dümür çarpayım yadıma düşən kimi başımı silkələyib fikrimdən uzaqlaşdırıram.

- Həsən, başımızın üstündə gur işıq var, gərək haqçuna danışasan, dedikləri qədər varmış.

- Hə, düz deyirsən, Emin.

- Adə, indi necə eləyək? Çöldəki gözəlliyi görməyə çıxaq, yoxsa bu rahat çarpayıda uzanıb qalaq? Nə burdan doyulmaz, nə də ordan.

- Yox e, onsuz da gecəni doyunca yatacıq. Çıxaq, şəkililəri tapaq. Onsuz da bələdçilər biz sərbəst buraxıblar.

- Onda sən gözlə, mən şəkililərin otağına baş vurum.

Şəkililərin otağı bizimkindən də böyükdür. Üç nəfərlikdir. Rəhim dayıyla Yalçın doktor məni Şəki halvası və bamiyəylə çaya qonaq edirlər. Həsənə "aşağı düş” deyə yazıram. Biz aşağı düşəndə tur yoldaşlarımızın çoxusu orada idi. Hamının da üzündə sevinc, məmnunluq. Bir-birimizə oteli tərifləyirik. Söhbət mini bardan düşəndə qazosları aşırtdığımı deyirik. Doktor deyir:

- Xəbərouz var?

- Nədən?

- Mini bardakı içkilərin pulunu 3 qatına alacaqlar sizdən...

Vəssalam da. Gəldik zurnanın züüüy dediyi yerə.

Sən demə, qaldığımız otelin bir gecəlik qiyməti 600 manatdan başlayırmış.



Ardı gələn sayımızda...




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK