ANA SƏHİFƏ / YAZARLAR

DÜNYANIN ƏN GÖZƏL ÖLÜSÜ

(Mübariz İbrahimovun ruhuna)

24379    |   2010-08-06 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim bir "Dolu" romanım var. Bütün canımı, qanımı, ruhumu qoymuşam bu əsərə. Amma istədiklərimin 10 faizini yazmağa qüdrətim çatıb. Bunun həm obyektiv, həm də subyektiv səbəbi var. Ömür imkan versə, yəqin ki qalan 90 faizini də olmasa, 50 faizini qələmə ala biləcəm. Azərbaycanın görkəmli alimi, professor Tofiq Hacıyev bu romanı oxuyandan sonra qəzetlərdə çıxış eləmişdi və bu romanı Azərbaycanın "Hərb və sülh"ü adlandırmışdı. Bu çox böyük və qeyri-adi qiymət idi və Tofiq müəllimə söz verirəm ki, onun bu qiymətini növbəti əsərlərimdə doğruldacağam.
   
   Niyə özümlə başladım yazını? Çünki mən bu əsəri tamamlayandan sonra təbii ki, ilk senzorum və oxucum xanımım oxudu. Mən əsərin adını "Dünyanın ən gözəl ölüsü" qoymuşdum. Və xanımım etiraz elədi, dedi ad oğurluqdu, bəli-bəli, beləcə dedi ad oğurluqdu, çünki Markesin bu adda əsəri var. Mən də Markesin həmin adda əsərini oxumuşdum, amma bu əsərə bundan gözəl ad tapa bilməmişdim. Yəni adın oğurluğu ola bilməz. Yəni Azərbaycanda neçə min Aqil var. Nə mənim atam məndən əvvəlki "Aqil"lərin adını oğurlayıb, nə də məndən sonra doğulanların ataları mənim adımı oğurlayıb. Amma xanımımla razılaşmaq məcburiyyətində qaldım və əsərin adını da xanımım qoydu: "Dolu". Və əsər elə bu adla da böyük uğur qazandı.
   
   Niyə mən əsərin adını "Dünyanın ən gözəl ölüsü" qoymuşdum? Çünki mənim üçün əsərimin qəhrəmanlarından biri Pələngin ölümündən gözəl ölüm ola bilməzdi. Pələng bu dünyanın ən gözəl ölüsü idi.
   
   
   
   Qız görməmiş,
   
   Sinəsindən yaralanıb
   
   Səngərlərdə qalanların xətrinə
   
   Çiçəkləri ayaq altda atmayın.
   
   
   
   Haçansa belə bir şeir yazmışdım. Və o vaxt ağlıma gəlməzdi ki, Azərbaycanda bir savaş olacaq və minlərlə "qız görməmiş" oğlanlar sinəsindən yaralanıb səngərlərdə qalacaq.
   
   Pələng də sinəsindən yaralanıb səngərlərdə qalan həmin o minlərlə qız görməmiş şəhidlərimizdən biri idi. Elə ona görə də mən onu dünyanın ən gözəl ölüsü adlandırmışdım.
   
   Mən bu yazını yazmaq istərkən senzorum və ilk oxucum onu da dedi ki, "Dünyanın ən gözəl ölüsü içimizdə ölən arzularımızdı". Buna da qayıdarıq.
   
   Bu gün mənim üçün dünyanın ən gözəl ölüsü Mübariz İbrahimovdu.
   
   Mübariz İbrahimov "Dolu" romanındakı həm Komandirdi, həm Drakondu, həm Pələngdi, həm Qeyrət Dağarcığıdı, həm də adlarını yazmadığım və adlarını əzbər bilmədiyimiz Qarabağ savaşında şəhid olmuş dünyanın ən gözəl ölülərindən biridi.
   
   Bəzən bir insanın ölümü bir ölkəni, bir milləti silkələyə bilir. Və təbii ki, həmin insan dünyanın ən gözəl ölüsüdürsə. Və Mübariz İbrahimovun qəhrəmancasına ölümü bu milləti silkələdi. Sanki hər kəsin yaxasından yapışıb silkələdi. Millətin şoulardan toz basmış ruhunun üstündəki tozu təmizlədi. Necə ki, Ramiz Rövşən yazır ki, mən sözün tozunu sildim, Mübariz də millətin ruhunun tozunu sildi.
   
   Və gördük ki, millət hər an öz torpağını düşmən işğalından azad eləməyə hazırdır. Və gördük ki, millət bu istəklə, bu arzuyla yanır, qovrulur. Və gördük ki, millət Mübariz kimi "Dünyanın ən gözəl ölüsü" olmağa hazırdı.
   
   Bu Mübarizin ikinci böyük qəhrəmanlığıdı. Milləti silkələmək, milləti döyüş ruhunda kökləmək...
   
   
   
   Şair Nüsrət Kəsəmənli yazır:
   
   "Heyratı" tökülür yəhərə burda...
   
   
   
   Və Mübariz milləti "Segah"dan qoparıb "Heyratı"ya qaldırdı. Mübarizin tökülən o qanı qan deyildi, "Heyratı"ydı.
   
   Ermənilər internetdə "Dünyanın ən gözəl ölüsü"nün şəkillərini yayımlayıb. İndi deyirlər odur, o deyil, bizimkilər buna etiraz ediblər ki, niyə yayımlayıblar, bu vəhşilikdi. Ən qəribəsi budur ki, 20 mindən artıq oğlanı şəhid eləyən, yüz minlərlə insanın evini-eşiyini yandıran ermənilərdən mədəniyyət gözləyirmişlər. O vəhşiliklərin yanında bu nə vəhşilikdir ki?
   
   Və ən böyük problem də Mübarizin nəşinin qaytarılmasıdı.
   
   Bacımın əri Qarabağda şəhid olmuşdu. Ermənilər nəşini vermirdilər. Və bizimkilər bunu ən böyük faciə kimi qəbul edirdilər. Amma bu mənim üçün faciə deyildi. Amma qohum-əqrəbanın tənəsi... nə isə... Min bir müsibətlə, nələrin hesabına və təbii ki, döyuşçü dostlarımın, Drakonların hesabına cəbhə xəttini keçdik, əsgərlərimiz bir erməni zabitini diri götürdü, üç əsgəri də öldürüb meyidi gətirdilər bu üzə. Ermənilər dedilər ki, zabiti verin (mənim bacımın əri də zabit idi, polis kapitanı) sizin adamınızın nəşini verək. Mən qətiyyətlə etiraz elədim . Dedim dünya dağılsa da mümkün deyil. O zaman Ağdamda komandan olan Adik Mehdiyevə dedim ki, qardaş, kimlə istəsən dəyişə bilərsən. Və qohum-əqrəbaya da dedim ki, bizim şəhidimizi nə Los-Ancelesə aparıblar, nə də İrəvana. Qarabağda, hardasa basdırıblar. Vətən torpağında yatır, nə fərqi var ki, o torpaq ya işğal altındadı, ya yox.
   
   Nazim Hikmət yazır:
   
   
   
   Ölülərimizi
   
   bərəkət toxumu tək
   
   basdırırıq torpağa,
   
   gah Praqada,
   
   gah Varnada,
   
   gah İstanbulda...
   
   
   
   Biz də dünyanın 20 mindən çox ən gözəl ölüsünü bərəkət toxumu tək basdırmışıq torpaqlara. Gah Ağdamda, gah Şuşada, gah Laçında...
   
   Və Mübariz İbrahimov həmin bərəkət toxumlarından biridir. Bir gün göyərəcək, gül açıb çiçəkləyəcək, çinar olub boy atacaq və biz azad olmuş torpaqlarımızda onu ziyarət edəcəyik.
   
   Mübariz İbrahimovun atasına bircə toxtaqlıq verə bilərəm. Ey "Dünyanın ən gözəl ölüsü"nün atası! Sənin oğlun bu dəqiqə İmam Hüseynlə, Həzrəti Abbasla Zəm-zəm bulağının qaynadığı yerdə bir ağacın altında oturub dərdləşirlər. Dünyada bundan da böyük xoşbəxtlik ola bilərmi?
   
   Sən dünyanın ən xoşbəxt övladlarından birinin atasısan.
   
   Və sənin oğluna möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adını verib. Bu hər ataya nəsib olan bir şey deyil.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-17
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK