hacklink Adalet.az | Qəşəm İsabəyli: Bu günə yaraşmayan şeirlərim Adalet.az | Qəşəm İsabəyli: Bu günə yaraşmayan şeirlərim Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Bu günə yaraşmayan şeirlərim

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

20630    |   2019-09-06 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günə yaraşmayan şeirlərim

Qəzetdə çıxan kimi şeirlərim,
Gözümdən düşür.
Götürüb redaktora zəng eləyib,
Razılıq da bildirmirəm.
Yüz dəfə üzr istəyirəm ürəyimdə,
Min dəfə dil-ağız eləyirəm.–
Bu günə yaraşmayan şeirlərimi
Çap etdiyinə görə.
Hələ də sovet şeirləri yazır
Şairlərimiz.
Hələ də pəhə-pəhlə
Yer verir onlara ölkə mətbuatı,
Deyirlər, yaxşı da görünür səhifədə, ,
Lap bəzəkli gəlin kimi –
Bircə başının duvağı çatmır.
Niyə də olmasın?!
Ağzında dişləməyə dişi yox,
Qaş altında görməyə gözü yox,
Kəlləsində söz deməyə sözü yox,
Laldı, kardı, kordu, mırığdı!
Bizə belə şeirlər lazımdı.
Ən azından üzü danlanmayacaq
Şöbə redaktorunun.
Zibillənir, cəhənnəmə zibillənsin
Azərbaycan türkcəsi!
"Yatmışları razı deyiləm, kimsə oyatsın!”


Yola çıxanda

Yola çıxanda
Ev adamlarıyla görüşüb çıxın evdən,
Hətta arvadınızla sözə gəlsəniz belə,
Bir bəhanə ilə çevrilib üzünə baxın,
Yola çıxırsınız axı!
Yol düşmən cəbhəsi kimi bir şeydi,
Səhər gedirsən,
Bilmirsən başına nə gələcək axşam.
Yolun maşını var,
Maşının sürücüsü var,
Sürücünün dəlisi var, gici var...
Hər halda yola çıxanda
Ev adamlarıyla görüşüb çıxın evdən!
O qədər gedib qayıtmayanlar olur.

Kişilik

Yadına gəlirmi heç ilk kişilik əlaməti –
Səsinin kallaşdığı gün?
Boğazında cır armud qalmış,
Sonra da su içib, ötürüb,
Danışmağa başladığın səs?
Gördüklərim aldatmırsa məni,
Oğlanları kişiləşən az görürəm indi.
Hətta incəlik notu da düşüb səslərinə,
Hərəkətləri də incələşib hətta.
Əl verib görüşəndə,
İki barmağının ucunu qoyurlar
Adamın ovcuna!


Ərəblər

Şəhəri başına götürüb ərəblər,
Qız-qadınları elə bürünüb-bükülüb...
İlahi, nə fəlsəfəsi varmış, görəsən
Qaranlıqdan baxmağın həyata?!
Kişilərini demə,
Kişiləri səllimi – hamısı da tumançaq.
Rəhmətlik Quba nənəm görsəydi,
Müsəlman olduğuna utana bilərdi ancaq!
Özüm də heyrətə gəlirəm hərdən, –
İslamı bu ərəblərin cahil babalarımı
Gətirib torpağımıza?!
Sonra da fikir götürür məni –
Babəkin qılıncı bir az da kəsərli olsaydı,
Yəqin xristian olub qalacaqdıq indi,
Yəqin müti də olmayacaqdıq belə,
Yəqin avropalaşmışdıq da artıq!


Ad günü

Uşaqlıqda ad günü keçirtməzdilər bizə,
Üç deyildik, beş deyildik, altı-yeddi də deyildik,
Bir damın altında bir sürü...
İndiyə baxma, indi təbərrik doğulur uşaqlar,
Molla Cümə demişkən – ya bir olur, ya iki.
Odur ki, hər il bu sevincin başına yığışırıq,
Gah alqış eləyirik – xoşbəxt olasan!
Gah qarğış – 100 yaşa!
Adama deyərlər, niyə 100?!
Niyə ömrə hədd qoyursunuz?!
İndiki kimi yadımdadı,
Anam mənə dua eləyəndə,
Deməzdi, 100 yaşa, 150 yaşa!
–Ağ tüklər bitsin sinəndə, ay bala!–
Deyərdi.


"Pulla görüşürəm”

Hər fəndə əl atır xanımlar,
İndi də daraşıblar Feysbuka.
O günü bir elan görmüşəm –
"Pulla görüşürəm”.
Görəsən, siğə haqqı kimin boynunadı?!
Elə-belə soruşdum,
Ağlınıza başqa şey gəlməsin!
Bilənlər bilir,
Özgə ayaqqabısını geyə bilmirəm,
Dar olsun, gen olsun – ayağımı vurur!

Qadın şairələr

Bir foto çıxır qarşıma Feysbukda,
Baxıram – qadın şairələrdi.
Hamısı da ilham pərisinin
Qanadı üstdə...
Hərəsi bir təşəxxüsdə,
Hərəsi bir` bir pozada.
Sanki uzaq qalaktikadan
Fəlsəfi baxışlarıyla
Baxırlar həyata.
O an dibi yanmış qazanın
Kəsif iyi acışdırır gözümü,
İki-üç dəfə duzu atılmış xörəyin
Acı təmi göynədir boğazımı.
Soyuyub həlimə dönmüş
Çay bulandırır ürəyimi.
Bu yandan da ərin başına yağan
Qınağa tuş gəlirəm:
–Qoymazsan şeirimi yazam?!

Biz kişiləri
Yaman günə qoymuşdu yazmaq,
Bunları bizdən də betər günə qoyub!

Dəli yığıncağı

Dəli yığıncağıdı Bakı,
Kimi görürsən,
Görürsən öz-özünə danışır.
Hamının da dilinin əzbəri
Eyni sözdü:
–Çörək yoxdu... – deyirlər.
–Uşaqlarım acdı... – deyirlər.
–Bu dərd məni öldürəcək... – deyirlər.
Hələ özünü asan da olur.

Məhəbbət

Bizim bildiyimiz deyilmiş, demə,
Qız-qadınların zövqü,
Allah sirriymiş!
Şəhərə ki, çıxmağını görürsən,
Görürsən – az qala dünya gözəli
Meymunun biriylə qol-qola verib,
Sarmaşa-sarmaşa gedir.
Köpəyoğlu məhəbbətin
Öz qanunları varmış,
Heç bilməzdim!


Yazıq anam

Tələbəydim, –
"Semaşko”da əməliyyat olunmuşdum.
İndiki "Musa Nağıyev” xəstəxanasında.
Yekəpər palata yoldaşım vardı,
Dəmir lomla vurub başını yarmışdılar, –
Ölməmişdi.
Əslində bu yara öldürməliydi onu,
Anormallıq varmış canında, görünür,
Görünür, əsəb telləriylə
Həmahəng deyilmiş bədəni.
Yaş fərqimizə baxmayaraq,
Girəvə düşən kimi
Əclaf işlərindən danışardı mənə.–
Qız-qadınları yoldan çıxartmaq fəndlərini
Qoyardı ovcuma.
Nə sənətin sahibi olduğuyla da
Maraqlı olmamışdım,
Hiss eləyirdim ki, yanıqlı yeridi tələbəlik.
Ağzının acısını məndən çıxardı tez-tez,
Tez-tez məni çağıranda,adımın əvəzinə:
–Student! – Bağırardı.
Kefimə dəysə də, fikir verməzdim.
Bir dəfə də gördüm üzümə hırıldayır...
–Nə olub? – Dedim.
–Anan yol keçirdi, gördüm
Gözünü zilləyib sol ovcuna,
Sağ əlinin çeçələ barmağıyla
Nəyisə sağa-sola çəkirdi– iştahla.
Baxdım ki, dəmir pullardı,
Belə günə qalmısınız?!
Bərk utanmışdım onda,
Kasıb olmasaq da, utanmışdım
Anamın müvəqqəti kasıblığından!
İndi ildə, yarımildə bir
Yüzlüklərim, əlliliklərim,
Onluqlarım belə qurtarır,
Düşürəm müvəqqəti kasıblığa.
Qalıram manatın ümidinə.
Hətta xırda pulların da hesabını tuturam.
Anamın ehtiyacları gəlib durur
Gözümün qabağında.
Başıma od ələyir çəkdiyi sıxıntılar!

Amerika

Biz Amerika deyəndə,
Birləşmiş Ştatları deyirik.
O qədər yuxarıdan aşağı baxmayın bizə,–
Bizim də Amerikaya bənzər
Həyat tərzimiz də var,
Hər göstəricidə uca deyillər bizdən.
Elə götürək tıxacı...
Oğuz yəhudilərindən Şirin İlya,
Hansı ki, "Şirin dayı” deyirəm ona,
Köçüb Amerikada yaşayır
(Ölübsə Allah rəhmət eləsin,
Qalıbsa, canı sağ olsun!),
Mənə zəng eləyərdi Amerikadan:
–Ay Qəşəm, burda elə tıxaclar olur,
Elə tıxaclar olur,
Mənə andın yoxdu, Allah haqqı,
İki saat, iki saat yarım yolda qalırsan!
Əlimi əlimə vurub, gülərdim:
–Şirin dayı, bu da sənin tərifli Amerikan!
Bizə şükr!
–Niyə?!
–Az qala Bakıdan götürmüşük tıxacı!
Bu dəfə də başlayıb Şirin dayı gülməyə,
Elə gülərdi, elə gülərdi, qaqqıltısı
Telefonun membranından çıxıb evi basardı.
–Ay vətənsevər şair, ətimi tökmə, sən Allah!
O qədər tıxaclarınız var, birini desəm, qan düşər!
Sonra da şaqqıldayıb, qaqqıldayardı Şirin dayı!
(Ölübsə Allah rəhmət eləsin,
Qalırsa, canı sağ olsun!).



İmza:
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK