hacklink Adalet.az | BİZANS DÖVRÜNÜN YADİGARI - MÖHTƏŞƏM AYASOFYA Adalet.az | BİZANS DÖVRÜNÜN YADİGARI - MÖHTƏŞƏM AYASOFYA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

BİZANS DÖVRÜNÜN YADİGARI - MÖHTƏŞƏM AYASOFYA

Ağamahmud Səmədov, Geoloq

7569    |   2019-07-11 11:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(SƏFƏR QEYDLƏRİ)


Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsində təhsil alarkən o zaman əksər gənclərin həvəslə oxuduğu "Ulduz” jurnalında tanınmış yazıçılarımızdan birininTürkiyə səfəri ilə bağlı qeydlərini oxumuş və əməlli-başlı duyğulanmışdım. Yazıdakı Bizans dövrünün çox dəyərli abidələrindən sayılan möhtəşəm Ayasofya məbədi barədə qeydlər məni daha çox təsirləndirmişdi.Yazıçının gözəl təsvirini oxuyanda məndə əsrarəngiz təbiətli Türkiyədə olmaq və gözəl Ayasofyanı görməyə elə həvəs yarandı ki...Bir müddətdən sonra özümə gələrək kədərlə düşündüm ki, bu reallıqdan çox-çox uzaq olan arzudur. Həm də o zaman ucsuz-bucaqsız ölkəmiz olan SSRİ ilə qalan aləm arasında "dəmir pərdə” var idi və bu pərdə 1968-ci ildə"xilaskar Sovet qoşunları” Çexoslavakiyaya girib qırğın törədəndən sonra biraz da bərkidilmişdi. Özlüyümdə qərara gəldim ki, mümkün olmayan şey barədə bir daha düşünməyim...Lakin, sonralar heç birimizin ağlına belə gəlməyən hadisələr baş verdi...Hay-küylə qurulmuş Sovet İttifaqı eləcə də dağıldı. Bir zamanlar "əbədi qardaşlar” adlandırılan keçmiş Sovet respublikalarının hər biri müstəqil dövlət elan olundu...

1997-ci ildə Türkiyə Energetika və Təbii Qaynaqlar Nazirliyinin Mədən Tədqiq və Arama Gənəl Müdirliyi və Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyinin təşkilatçılığı ilə Türkiyədə "türk dilli ölkələrin yeraltı sərvətlətinin axtarışı və dəyərləndirilməsi” adlı 1 aylıq seminara bizim ölkədən də içərisində bu sətirlərin müəllifi də olmaqla 4 geoloqdəvət olunmuşdu. 8 ölkənin təmsilçiləri olan biz geoloqlar əsasən Ankara şəhərində təcrübə mübadiləsi keçirdik. Amma arada Türkiyənin iri faydalı qazıntı yataqlarına və mədənlərinə aparılır, nadir geoloji təbiət abidələrinə baş çəkir, maraqlı geoloji kəsilişləri və qədim vulkanları seyr edir, həm də Anadolunun qədim mədəniyyət abidələri ilə tanış olurduq. Nəhayət elə bir gün gəldi ki, bizi avtobusla 2 günlüyə şəhərlər şəhəri İstanbula aparmalı oldular. Bu mənim böyük sevincimə səbəb oldu...Bir neçə səbəbi var idi bu sevinmənin. Əvvəla, ona görə ki, İstanbul uzun illər boyu əzəmətli Osmanlı dövlətinin paytaxtı olmuş və dünyanın qədim sivilizasiya mərkəzlərindən biri idi. Burada qədim Roma və Şərq mədəniyyətlərisintez olunurdu.

...Bir haşiyə də çıxım ki, 1918-ci ildə bolşeviklərin himayəsindən yararlanan erməni quldur birləşmələri-daşnaqların Azərbaycanda yaşayan müsəlmanlara qarşı törətdikləri soyqırımı zamanı on minlərlə dinc əhali xüsusi qəddarlıqla öldürülmüş və görünməmiş işgəncələrə məruz qoyulmuşdu. O dövrki hadisələrin şahidi olan insanların xatirələri və arxiv sənədləri əsasında artıq tam dəqiqliklə bilirik ki, əgər o zaman Osmanlı türklərinin qardaşlıq yardımı olmasaydı Azərbaycanda yaşayan insanların gələcək taleyi böyük sual altında olardı. Şamaxı qəzasının, o cümlədən şəhər sakinlərinin o zaman erməni vəhşilikləri ilə daha çox üzləşdiyi də bəllidir. Bu səbəbdən biz şamaxılılarda, eləcə də bütün Şirvan əhlində türk əsgərinə, Türkiyəyə, İstanbula hər zaman böyük sevgi və hörmət olub və olacaq.

...İndi isə uşaqlıqdan həzin bir duyğu ilə sevdiyim bir şəhəri – İstanbulu görəcəyəm...İstanbulu, mənə sevdirən insanlardan biri də universitet tələbəliyi zamanından yaxın dostluq etdiyim indi tanınmış şair, uşaq yazıçısı və publisist, beynəlxalq Andersen Şərəf Diplomuna layiq görülmüş Qəşəm İsabəyli olmuşdu. Qəşəm Türkiyə ədəbiyyatının, xüsusən Nazim Hikmətin, Orxan Kamalın, Tofiq Fikrətin, Əziz Nesinin böyük vurğunu idi. Stolunun üstündən türk yazarlarının kitabları əksik olmazdı. Nazim Hikmətin şeirlərini gözəl səslə dilləndirərdi...Yol boyu fikirləşirəm. Birdən yadıma Nazim Hikmət düşür:

"Başım köpük köpük bulut, içim dışım deniz,
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda,
Budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.”

Budur, İstanbulun içərilərinə doğru irəliləyirik;seminarın təşkilat rəhbərindən soruşuram:

- Tüncay bəy, lütfən deyə bilərsinizmi Gülhanə parkı hansı tərəfdədir?

-Lap yaxında. İndilərdə biz onun yanından keçəcəyik-deyir və az sonra parkı mənə göstərir. Həsrətlə parkı kənardan seyr edir, diqqətlə baxıram ki, bəlkə Nazim Hikmətin məşhur "ceviz ağacı”nı da gördüm. Ani olaraq çoxdankı arzum - Ayasofyanı görmək gəlir xəyalıma ...heç olmasa uzaqdan...

Məşhur Topqapı Muzeyini və bir neçə maraqlı yerləri heyranlıqla seyr etdik. Axşam bizi körfəzlərə apardılar. Ertəsi gün səhər yeməyindən sonra qrafikə əsasən biz İstanbulu gəzib, muzeylərdə olduq. Günorta biz İstanbuldan çıxan zaman birdən sürücülər avtobusu saxlayaraq bildirdilər ki, "Otobüs bozuldu” (avtobus xarab oldu). 1 saata qayıdıb sizi buradan götürəcəyik”.Möcüzəyə bax,illər boyu görmək həsrətində olduğum Ayasofya Muzeyinin lap yaxınlığında – 100-120m-də yerə enmişdik.Vaxt itirmədən Ulu Yaradanın verdiyi imkandan yararlanmaqqərarı verdim və qrup yoldaşlarıma da Ayasofyaya baxmağı təklif etdim. Fəqət gedən tapılmadı. Üçüç, beşbeş, hərə bir tərəfə dağılışdı. Tələsik bilet alaraq Ayasofyaya yollandım. Və bu ziyarət ömrüm boyu unutmayacağım parlaq bir xatirəyə çevrildi.

Maraqlıdır, görəsən insanlarda Ayasofyaya maraq nədən yaranıb? 1935-ci ildə Mustafa Kamal Atatürkün əmri ilə yaradılmış indiyə qədərmuzeykimi fəaliyyət göstərənAyasofyaBizans dövrünün şahididir.Osmanlıdövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan bu nəhəng ölçülü binanın tikintisinə 532-ci ildə başlanılmışdır. Onun tikintisi üçünEfesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib istifadə olunmuş, dünyanın məşhurmərmərmədənlərindən də bura materiallar daşınmışdır. Xüsusən dəƏyriboğaz adasındanaçıq yaşıl,Əlcəzairdən sarı rəngli,cənub-qərbiAnadoludanağ, qırmızı mərmərlər gətirilərək tikintidə istifadə edilmişdir. Gündə min usta və on min işçinin çalşması ilə inşaat 5 il 11 ay 10 günə başa çatmışdır. Ayasofya müxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşmış, hündürlüyü 55,60 metr, eni 31,36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi diametri 1,1 metr olan 40 dirəyə söykənmişdir. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır, açılan 40 pəncərə onun bol işıq almasına şərait yaradır.

Ayasofya haqqında tarixi həqiqət

Türkiyəli tarixçi Dursun Gürlek, Ayasofyanın işğal altında olduğu illərdə belə İslami dəyərlərini mühafizə etdiyini, minarələrində azan oxunduğunu, lakin daha sonra yerli idarəçilər tərəfindən məscid olmaqdan çıxarılaraq Bizans kilsəsi edildiyini söyləyib. Gürlek, "əvvəlcə azanlar susduruldu, sonra gözəl minarələri dağıtmaq üçün təşəbbüsə keçdilər”, – deyə qeyd edib.

Ayasofya, İstanbulun işğal olunduğu o illərdə, o qara günlərdə belə islami dəyərlərini qorudu. Hərçənd, o zamanlar bu İslam məbədini məscid olmaqdan çıxarıb Bizans kilsəsi etmək istəyənlər də var idi. Bunlar türk və İslamın düşməni olan bir qrup xarici yazarlar idi. Məsələn, məşhur şərqşünas G.Sehlumberger rusların İstanbula gəlməsini, Ayasofyanın minarələrinin dağıdılmasını, qübbəsinə xaç yerləşdirilməsini çox arzu edirdi. Ayasofyanın minarələri yerli bizanspərəstlər kimi, qərəzli şərq alimlərini də çox narahat edirdi. Allaha şükürlər olsun ki, bu riyakar planların heç biri gerçəkləşmədi. Və hərəsi ayrı bir Osmalı padşahının əsəri olan bu zərif minarələr dağıdılmaqdan qurtuldu.

Yuxarıda qeyd edildiyi kimi, İstanbul işğal altında idi. İzmirin yunanlar tərəfindən işğal edilməsi də Osmanlının paytaxtı olan bu tarixi şəhərdə yaşayan bir qrup qeyri-müsəlmanları da yaman dəyişdirmişdi. Müsəlmanların əhvalı son dərəcə qaralmış, başları önə əyilmişdi. Azlıqlar getdikcə azğınlaşırdı. Hərbi hissələr də işğal edildiyi üçün əsgərlər havada qalmışdı. Bu zaman İstanbul II Keşikçilər alayından bir batalyonun Ayasofya məscidinə yerləşdirilməsi zərurət olaraq meydana çıxdı. Mayor Tevfik Bəyin komandanlığı ilə bir tabor beləcə Ayasofyaya yerləşmiş oldu.

İşğalçı qüvvələrin gəldiyi qərara görə, Mayor Tevfik Bəy və taboru dərhal bu tarixi məbəddən çıxarılmalı və məscidə fransız birliyi yerləşdirilməliydi. İstanbulun yağışlı günlərindən biri idi. Hər tərəfdə darıxdırıcı bir hava hakim idi. Belə bir vaxtda Fransız taboru Ayasofyanın qapısında dayandı. Ancaq, mehmehçiklər fransız əsgərlərini içəri girməyə qoymadı. Süngülərlə taborun qarşısını kəsdi. Məscidin böyük və geniş qapısına iki ağır zirehli maşın çarpaz şəkildə yerləşdirilmişdi.

Tevfik Bey, son dərəcə ciddi hərəkət edərək və duyduğu böyük həyəcanı gizlədərək hərəkətə keçdi. Çox sərt şəkildə, fransız komandirindən nə etmək istədiyini soruşdu. Onların məscidə girib burada yerləşmək istədiklərini öyrənincə, "Bura mənim məbədimdir, əsla içəri girə bilməyəcəksiniz!” cavabını verdi. Fransız komandir yenidən soruşdu: "Siz əsgər deyilmisiniz? Təxliyyə əmri almadınızmı?” Tevfik Bəy, cəsarəti ilə belə cavab verdi: Bəli, mən bir əsgərəm. Dolayısıyla, sağ olduğum müddət ərzində sizin bu qapıdan içəri keçmənizə izin verməyəcəyəm! Mən bir Müsəlman Türkəm. Bura mənim məbədimdir. Əsil rəhbərim olan vicdanımdan aldığım əmirlə sizi bura buraxmayacam. Əgər zorla girməyə cəhd etsəniz, ilk cavabı verəcək ağır zirehli silahlar sizi burada gözləyir. Bunlar da sizin üçün kafi olmasa, məscidin dörd tərəfinə kifayət qədər məhvedici qurğular yerləşdirmişəm. İçəri girmək üçün israr etsəniz, bilmiş olun ki, bu məbəd başınıza çökəcəkdir. Və siz bu məbədə əsla girə bilməyəcəksiniz. İstəyirsiniz sınayın!

Mayor Tevfik Bəy bu sərt danışığından sonra heç gözləmədən və fransız əsgərlərinin qarşısından keçərək məscidə girdi. Fasiləsiz yağan yağışın altında əhvalları çox pis pozulan fransız əsgərləri beləcə pərt edilmiş oldular. O zamanlar Ayasofyanın yanında yerləşən və sonradan yanan Ədliyyə binasına özlərini güclə yerləşdirdilər. Günlərlə orada qaldılar. Sonda Tevfik Bəyin qərarlı olduğuna, israr edildiyi halda Ayasofyanı yerlə bir edəcəyini bildirdikdə Milli Təhlükəsizlik Nazirliyi "Biz lazımi əmri verdik, lakin tabor komandiri tabe olmadı. İsrar edildiyi təqdirdə məscidi havaya uçuracağını, bunun üçün lazım olan bütün tədbirləri gördüyünü söylədi. Böyük bir faciə ilə nəticələnəcək belə bir əmrin qarşısında görüləcək başqa bir şey yoxdur!” deyərək fransız nümayəndələrinə vəziyyəti bildirdi. Bundan sonra fransız taboru geriyə çəkilib getdi.

Beləliklə, bir daha bildiririk ki, Ayasofya işğal altında olduğu illərdə belə İslami dəyərlərini qoruduğunu, minarələrindən azan oxunduğu halda daha sonrakı illərdə yerli idarəçilər tərəfindən məscid olmaqdan çıxarılıb Bizans kilsəsi halına gətirilməsi istənildi. Əvvəlcə azanlar susduruldu, sonra gözəl minarələrin dağıdılması üçün təşəbbüsə keçildi. Ancaq onların bu çirkin planları gerçəkləşmədi.

Bu gün Ayasofyada namaz qılınmasa da, minarələr bu tarixi məbədin məscid olduğunu aydın şəkildə göstərir.






İmza:
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK