hacklink Adalet.az | Novxanı çimərliyində itirdiyim Dəniz... - Eminquey yazır Adalet.az | Novxanı çimərliyində itirdiyim Dəniz... - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Novxanı çimərliyində itirdiyim Dəniz... - Eminquey yazır

3888    |   2019-06-24 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Günəş batmaq ərəfəsindədir. Amma Günəşin önünü kəsən dördmərtəbəli istirahət mərkəzi mənə bu gözəlliyi müşahidə etməyə aman vermir. Mən olduğum yer də bir başqa otelin ikinci mərtəbəsidir. Sevincək düşürəm aşağı, qumu ayaqlarımla yoğura-yoğura sahilə tərəf qaçıram.

axşamüstü Günəş ölür,

üfüq olur qanqren!

dəniz ləpələrini çiləyir sahilin üzünə,

silir yaddaşından ayaq izlərini,

ürəkləri,

adları...

sahillər şizofren olur, şizofren,

oyanan kimi bağrına basıb ləpələri öpərlər...

burda ki adam yox idi,

burda ki Nuh yox idi,

o şirin balaların tikdiyi qalaları

niyə dağıtdı ləpələr?

axşam üstü Günəş öldü, mən ki sağam, əzizim,

axşamüstü dəniz yatdı, mən oyağam, əzizim.

bir də elə bu sahildə

qəfil qarşıma çıxan köhnə sevgilim,

sarısaçlı Dənizim...

səni eyvandan izləyirəm xımır-xımır,

yaddaşım mənimlə oynamır,

sən köçürdün evindən,

mən daşıyırdım əşyalarını,

sən çantana yığırdın darağını, ətirini, dırnaq boyalarını...

sən oradaca köçmüşdün mənim ömrümdən,

sən buradaca keçmişdin mənim könlümdən,

səni küləkmi gətirdi?

səni dənizmi gətirdi?

indi bu sahildə ölən əsl Günəş mənəm,

indi bu sahil kimi şizofren olmaq istəyirəm...

Məni bu ani şeir keçidinə salan ab-havadan qurtuluram. Təxminən bildiniz nələr baş verib. Bütün bu sentimentallıqdan məni ayıran aşağıda çətirlərin altındakı masalar oldu. O masaların altı adamla doludur. Bax, düz eyvandan aşağı baxan kimi ən soldakı çətirin altında üç kişi və üç qız əyləşib. Süfrədə ürəyin istəyən hər şey var. Bu cavan qızlar bu yekə kişilərdə nə tapıb görəsən? İndi onların dediyi sağlıqları eştimək istəyərdim. Amma müğənni mahnı oxuyur. Bax, düz eyvandan aşağı baxan kimi ən ortada oturan üç-dörd gənc oğlan. Ayağa qalxdılar, oynamağa başladılar. Yanımda duran xalaoğlu mənə dedi:

- Şair, bu oğlan var ha, pəh-pəhlə oynayan, indi belə oynamağına baxma, olan-qalan pulunu bu gün burdakı qızlara xoş görünməkçün xərcləyəcək. Səhərsə dostundan borca pul istəyəcək.

Gülüşürük...

Bax, düz eyvandan aşağı baxan kimi ən sağda oturan beş-altı kişi. Nəyi var içiblər. Müğənniyə əl eləyib yanlarına çağırırlar. Gəlir, oturur. O, yanğıyla oxuduqca 20 manat, 10 manat, 50 manatlıqlar çıxır ciblərdən.

Bizsə ikinci mərtəbədə uzun bir masa arxasında əyləşmişik. Xalamın doğum gününü qeyd edirik. Bir gülsatan qız yaxınlaşır masamıza. Qarabuğdayı, nərmənazik, dodağıyla qucağındakı güllər həmrəng olan qız. O boyda adamın içindən mənə gülümsəyir. Sonra baxışlarımla ona deyirəm ki, burda sevgili cütlüklər yoxdur. Özünü boşuna yorma.

Boşqablara dəyən çəngəllərin cingiltisini, gülüşlərin səsini bir kloun kəsir. Aramızda dörd-beş uşaq da var. Xalamın nəvələri... Kloun nazik səsiylə işinə başlayır. Uşaqlara şar üfürür, it, gül, at formasına salıb uşaqlara verir. Sonra bir-bir hamıya yaxınlaşıb zarafatlaşır. Şirinlik almaq üçün dəridən-qabıqdan çıxır. Bu xırda manatlıq yarışını xalaoğlu 10 manatla susdurur. Klounun gözündə eynək də var idi. Bilmirəm, bəlkə də tələbədir, qalan vaxtını beləcə pul qazanır. Bilmirəm, bəlkə də elə mənim çoxdankı dostumdur. Bilmirəm. Bircə bunu dəqiq bilirəm ki, klounlar məzəli görünmək üçün üzlərini rəngləmirlər. Onlar sadəcə tanınmaq istəmirlər.

Mənsə bu qələbəlikdə dəqiqəbaşı eyvanın tininə yaxınlaşıram. Bir neçə il qabaq sevgili olduğum o qız Dənizə baxıram. Yanındakı oğlanla necə də mehribandı. Olub bitmiş bir sevgi olsa da, insan köhnə xatirələri ilə qəfil rastlaşanda, görəndə ki, indi onun əlini başqası tutur, indi onun üzünə başqası gülüş gətirir, adam qəribə olur. Vurnuxuram. İstəyirəm ki, aşağı düşüb onlara yaxınlaşam, deyəm ki, xoşbəxt olun! Ya da yox, elə oğlana deyəm ki, bu qız mənim sevgilim olub. Ya da nə bilim, bəlkə Dənizi guya dostuymuş kimi salamlayım. Amma yox, Dəniz mənimlə çox pis dalaşmışdı sonuncu dəfə. İnanmıram ki, indi məni görüb xoş qarşılaya.

Dayımla üçüncü sağlığa rumka qaldıranda anam masanın başından mənə gözünü ağardır. Yəni bəsdir, daha içmə. Abrın-həyan olsun. Əzbər oxuyuram baxışlarından. Həm anama vəziyyəti başa salmaq üçün, həm də özümü toxtatmaq üçün zarafatlaşıram:

- Eh... Bir neçə il qabaq sevgili olduğum qız aşağıda başqasıyla oturub. Mən necə içməyim axı?!

Anam:

- Hansı qızdır?

Mən ayağa qalxıb qızı göstərmək istəyəndə qohumlar eyvanın tininə yığılırlar.

- Odey, ağ köynəkli qız var ha, yanında da bənövşçəyi köynəkli oğlan oturub.

Bir-iki cəhddən sonra bilirlər kimi göstərdiyimi.

Anam deyir:

- A bala, o qız sənə layiq deyil. Kefini niyə pozursan? Sənə qızmı qəhətdi?

Mənsə əminəm ki, anam o qızı yanında başqası olmadan görsəydi belə deməyəcəkdi. Ya da bəlkə mənim kefimi açmaq üçün belə deyirdi.

Qəfil mövzunu dəyişirəm.

- Deyirəm, hamı səs-küy salıb deyir ki, xalq acından ölür. Bəs xalq acından ölürsə, beş-altı saatdı burdayıq, bu boş dolu masalarda yeyib-içənlər kimlərdi? Bizim xalq yeyib-içməyə pul tapır e. Nə acından ölmək.

Hamı gülüşür. Amma ofisiantların baxışlarını görüb mövzunu çox da uzatmıram.

Xalaoğlula maşından nəsə götürməyə düşdük. Qayıdanbaş Dənizlı rastlaşdım. Yanındakı oğlanla qolboyun tərk edirdilər çimərliyi. Mənsə onunla göz-gözə gəlməkçün gözlərimi ona zillədim. Düşdü gözlərimin tələsinə. Amma məhəl qoymadı.

- Şükür, yaxşı ki bayaq fikrimdən daşındım, yaxınlaşmadım.

Beləcə bu gecə, bu Novxanı çimərliyi mənimçün mahiyyətini itirdi. Bura mənimçün daha çimərlik yox, Dənizlə ikinci görüş yerimizdir. Və çətin ki bir də bura gələm...



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK