ANA SƏHİFƏ / YAZARLAR

MÜHACİRLƏR - Mehman CAVADOĞLU yazır

11418    |   2019-05-23 17:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Həyat çox yeknəsək idi... Şəhərciyin əhalisi kişilər və qadınlardan başqa bir də nazirlərdən və generallardan ibarət idi... İctimai hadisələr onları o qədər də maraqlandırmırdı... Daha çox rus borşu şüarı altında, özü də kiçik qruplarla toplaşırdılar, çünki hamı bir-birinə o qədər nifrət edirdi ki, on nəfəri digər on nəfərlə düşmən olmayan iyirmi adamı bir yerə yığmaq mümkün deyildi... Onu (şəhərciyi – M.C.) nə boş düzəngah, nə meşələr, nə də vadilər əhatə eləyirdi, onu möcüzəli muzeyləri, rəsm qalereyaları, teatrlarıyla dünyanın ən gözəl paytaxtının küçələri dövrələmişdi... Ancaq şəhərciyin sakinləri paytaxt əhalisiylə qaynayıb-qarışmırdılar, yad mədəniyyətin bəhrəsindən faydalanmırdılar... Paytaxt sakinləri nə vaxtsa mədəni dünya asteklərlə maraqlandığı kimi əvvəl-əvvəl onlara maraqla tamaşa edir, davranışlarını, vərdişlərini, məişətini öyrənirdilər... Sonra bu maraq söndü... Öz tayfalarından kimsə oğru, dələduz və ya satqın çıxanda şəhərciyin adamları sevinrdilər... Onlar heç vaxt gülmürdülər, daim acıqlı və hirsliydilər”.

Bu cümlələr Oktyabr inqilabından sonra Avropaya mühacirət eləmiş məşhur rus yazıçısı Teffinin həcmcə yuxarıdakı iqtibaslardan vur-tut üç dəfə böyük, mahiyyətcə isə bir romanın yükünü daşıyan "Şəhərcik” adlı hekayəsindən götürülüb. Haqqında söhbət gedən həmin şəhərcik Parisdə yerləşirdi.

***

1921-ci ildə Praqada rus mühacirlərinin "Dönüş nöqtəsinin dəyişməsi” adlı publisistik məqalələr toplusu nəşr olunur. Kitabın adı məşhur rus filosof, sosioloq, hüquqşünüs və teoloqlarının "Dönüş nöqtəsi” adlı başqa bir məqalələr toplusuna allyuziya idi. 1909-cu ildə Moskvada nəşr olunmuş birinci topluda 1905-07-ci illər inqilabından sonra yaranmış situasiyanın təhlili, ölkənin gələcək taleyi və inkişaf perspektivləri barədə mülahizələr öz əksini tapmışdı. Fərqli dünyagörüşlərə malik müəlliflərin qələmindən çıxan həmin yazıları birləşdirən bir ortaq cəhət var idi: siyasi radikalizmdən imtina eləmək, inqilab və kataklizmlərdən qaçmaq, zorakılıqlarla, sarsıntılarla müşayiət olunmayan yolla getmək! Az müddət ərzində ağlasığmaz populyarlıq qazanmış və ard-arda bir neçə dəfə yüksək tirajla çap olunmuş bu məzmunlu bir kitab təbii ki, cəmiyyətin radikal kəsimi tərəfindən qəbul edilə bilməzdi. Elə də oldu. Toplu Lenin başda olmaqla bolşeviklər tərəfindən süngüylə qarşılandı.

İkinci kitabın müəlliflərisə Oktyabr inqilabından sonra vətəndən didərgin düşmüş mühacirlər idilər. Bu kitabdakı məqalələrdə millətin birliyi və dövlətin qüdrəti naminə vəziyyətlə barışmaq, inqilabın nəticələrini qəbul eləmək təbliğ edilir, vətənə dönüb yeni rejimlə əməkdaşlıq etmək təklif olunurdu. Birinci toplu kimi bu da bir-birinə tam əks reaksiyalar doğurdu. Bəziləri burdakı tezislərlə razılaşsa da radikal ovqatlı mühacirət bunu satqınlıq və xəyanət adlandırdı. Bu dəfə artıq bolşeviklər yumşaq mövqe sərgilədilər və radikallıqdan imtinanı çox düzgün addım kimi qiymətləndirdilər. Üstəlik, Praqa toplusu bir neçə dəfə SSRİ-də də nəşr olundu.

Həmin vaxt Avropa rus mühacirləriylə dolub-daşırdı. Onlar əsasən dörd sosial zümrənin təmsilçiləriydilər. Çar ordusunun yüksək çinli hərbçiləri və məmurları, zadəganlar və mülkədarlar, din xadimləri və nəhayət, ziyalılar. Birincilər bolşeviklərin qan, ikincilər sinfi düşmənləri olduqları üçün onların geri dönüşü mümkün deyildi. Ziyalılar mühacirətinə isə elə hökumət özü şərait yaratmışdı, çünki proletar hökumətinin əl-ayağına dolaşırdılar. Üstəlik, həmin hökumətin başçısının, yəni "ziyalılar xalqın beyni deyil, poxdurlar” kəlamının müəllifi Leninin onlara patoloji nifrəti var idi.

Bir də kazaklar var idi. Kazakın sosial zümrəsi olmur, o harda olmasına baxmayaraq elə kazak və sovetlərin düşməniydi. Özü də elə qatı düşməniydi ki, hətta sovet hökumətinin onları bir sosial-mədəni icma kimi (oxu: cismən) məhv eləmək üşün "raskazaçivanie” adlı bir planı da var idi. Hətta zaman-zaman xeyli mundar mətnlərin altından həvəslə imza atmış M. Şoloxov belə dünya ədəbiyyatının şedevrlərindən biri olan öz məşhur epopeyasında Qriqori Melixovu bolşeviklərin sırasına gətirib çıxarmağa cəsarət eləmədi. Halbuki dövrün bütün ədəbi tənqidi gözünü bərəldib bunu gözləyirdi, nəinki gözləyirdi onu buna təhrik edir, hər yeni cild çıxdıqca daha amansız tənqid atəşinə tuturdu. Əsər sona çatdı, amma Şoloxov bunu etmədi, edə də bilməzdi. Çünki əks təqdirdə bu bir kazak epopeyası olmayacaqdı.

"Dönüş nöqtəsinin dəyişməsi” toplusunun müəllifləri və kitabdakı məqalələrin təsiri altına düşərək geri qayıdan ziyalıların hamısı sonralar bircə-bircə tutulub güllələndilər. Bəzi versiyalara görə elə kitabın yazılmasını və nəşrini də ziyalıları aldadıb Rusiyya qaytarmaq, onların antisovet fəaliyyətlərinə son qoymaq və ən başlıcası, onlardan qisas almaq üçün dolayısıyla Sovet hökumətinin özü təşkil eləmişdi.

***

XX əsrin əvvəllərindən bəri Avropa dörd dəfə kütləvi mühacir axınıyla üzləşib. İlk belə axın dörd imperiyanın süqutu ilə nəticələnən (düzdür, sonra onlardan biri başqa ad altında öz ömrünü daha 70 il uzada bildi) Birinci Dünya Müharibəsindən sonra başladı. Həmin vaxt problem təkcə qaçqınların çoxluğunda yox, həm də hüququ kimliklərinin qeyri-müəyyənliyində idi. Çünki təbəəsi və ya vətəndaşı olduqları dövlət artıq mövcud deyildi, həmin dövlətin yerində qurulansa özünü onun varisi saymırdı.

O vaxt Millətlər Liqasının qaçqınlar üzrə komissarı olmuş norveçli Fritfor Nansenin vətəndaşlığı olmayan qaçqınlar üçün yaratdığı ( buna görə ona Nobel sülh mükafatı verilmişdi) və sonralar adı tarixə Nansen pasportu kimi düşən kimlik sənədiylə hüquqi kazus cözüldü və vətənsiz qaçqınların statusu bəlli oldu. Düzdür, bu kimlik Rusiya imperiyasından olan qaçqınlar üçün düşünülsə də sonradan Osmanlı hüdudlarından qaçan ermənilər ondan daha çox yarıdılar. Görünür, əsas xislətlərindən biri fürsətçilik olan ermənilərin Avropaya axınının da kökündə təqib faktorundan daha çox məhz həmin sənədin verdiyi imtiyazlardan yararlanmaq olub. Yararlandılar və bugünkü güclü diasporlarının əsasını qoydular.

Birinci cahan savaşının ən böyük özəlliyi məğlub imperiyaların dünya xəritəsindən silinməsində deyildi, həmin savaşdan qalib çıxmış imperiyaların özlərinin demontajının başlanmasındaydı. İkinci Dünya Müharibəsindən sonra daha da intensivləşən bu demontaj prosesinin nəticəsi olaraq onların Şərqdəki müstəmləkələri ard-arda əllərindən çıxmağa başladı. Yeni tarixi reallıq başqa biçimli mühacir ordusunu – qastarbayterləri yaratdı. Əvvəlki mühacirlər qorxu, siyasi represiyalar xofu ucbatından didərgin düşmüşdülərsə, indikiləri çöllərə salan aclıq və səfalət idi.

Qastarbayterlər adətən, öz keçmiş metropoliyalarına doğru üz tuturlar. Bu, uzun illər ərzində formalaşmış birgəyaşayış, bir-birlərinə az-çox bələdçilik, dil baxımından nisbətən asan ünsiyyət qurmaq imkaları kimi bir çox səbəblərlə bağlıdırsa, ən başlıca səbəb həmin metropoliyalarda çörək tapmaq imkanının daha çox olmasıdır. Təkcə Osmanlı imperatorluğunn sakinləriylə bağlı tam fərqli vəziyyət hökm sürürdü. Burda indinin özünə kimi tamam əks proses baş verir, burda qastarbayter marşrutları metropoliyadan kaloniyalara doğru uzanır. Nonsesdir. Həm də "metropoliyalar öz müstəmləkələrini illər boyu sümürüb deyə varlanıb” tezisinin inkarıdır. İqtisadi inkişafın mənbəyi xammal deyil, ağıl və həmin ağılın hesabına düzgün sosial-iqtisadi münasibətlər sistemini qurmaq bacarığı və istəyidir.

Sovet hökumətinin dağılması nəticəsində dünyanın postsovet və postkommunist inkişaf mərhələsinə qədəm qoyması Avropanı daha bir qaçqın dalğasıyla üz-üzə qoydu. Düzdür, SSRİ-nin xarabalıqları üzərində qurulmuş yeni rus dövləti özünü sələfinin hüquqi varisi elan etdiyi üçün daha bir Nansen pasportu icad eləməyə ehtiyac qalmadı.

Bu köçü əvvəlkilərdən fərqləndirən əsas cəhət siyasi təqiblər deyildi, bu köç daha çox qəfəsdən qurtulan quşun göyün ənginliklərinə baş vurma təşnəsinə bənzəyrdi. Əlbəttə, siyasi təqib amili də var idi, amma insafən, bu amil Rusiyanın özündən daha çox ondan qopan bəzi müstəqil dövlətlərin vətəndaşlarıyla bağlıydı.

Yeni yüzilliyin əvvəllərindən, konkret desək, tarixə ərəb baharı kimi düşən siyasi proseslərdən sonra başlayan və bu günə kimi davam eləyən növbəti köç dalğası isə öz miqyasına görə özündən əvvəlki bütün mühacirət axınlarını kölgədə qoydu. Bu orta əsrlər sayağı, az qala xalqların qədimdəki böyük köçünə bənzəyən bir hadisə, üstəlik, əsl humanitar fəlakət idi. Bu köç təkcə Avropanın etnik, mədəni və sosial görkəmini gözlə görünən səviyyədə dəyişmədi, həm də onun oniilər boyu oturuşmuş siyasi paradiqmalarına ciddi korrektələr etdi, guya çoxdan tarixin arxivinə qovuşmuş millətçiliyin və onun faşizm adlı ən qəddar qolunun dirçəlməsinə rəvac verdi. İfrat sağçı siyasi partiyalar yağışdan sonrakı göbələklər kimi çoxaldı, populyarlaşdı və siyasi səhnədə həlledici söz sahibinə çevrildi. Avropa sanki öz yaratdıqlarının, haqlı olaraq öyündükləri dəyərlərinin, ədalətə söykənən hüquq sisteminin bataqlıqlarında boğulmağa başladı.

Mühacirət son yüz ildir ki, Azərbaycan xalqının da alın yazısına çvrilib, onun taleyində mühüm rol oynayıb və oynamaqda davam edir. Bəs, bir əsrlik mühacirlik dövrü tariximizdə nəylə yadda qalıb, taleyimizdə hansı rol oynayıb, ona necə təsir göstərib?

(Ardı var)



İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK