hacklink Adalet.az | Anar: “7 ildir mənim filmlərim çəkilmir, ssenarilərim qəbul olunmur” Adalet.az | Anar: “7 ildir mənim filmlərim çəkilmir, ssenarilərim qəbul olunmur” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Anar: “7 ildir mənim filmlərim çəkilmir, ssenarilərim qəbul olunmur”

"Nə Sudan prezidentiyəm, nə də onun etdiyi cinayətləri etmişəm”

31602    |   2019-04-20 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar "Yeni Müsavat”a geniş və olduqca maraqlı müsahibə verib. Onunla söhbətimizin ikinci hissəsini təqdim edirik:

 (Əvvəlli ötən sayımızda)

- Anar müəllim, səmimi deyin, bu, "etiraf” yorğunluqdan irəli gəlmir ki?

- Daha ayrı nə deyəsən? Deyəsən ki, yox, düz demirsən, mənim şeirdən başım çıxır? Kor-kor, gör-gör də. Hər şey deyə bilərlər. Amma bir az obyektiv baxa bilən deyər ki, heç olmasa iki şairin övladıyam. (Gülür).

Birincisi, "şeir bilmir, şair bilmir” Azərbaycan dilində nə deməkdir? İkincisi, mənə cavab yazıb, mən də ona cavab yazmışam. Mən daha etik normalar çərçivəsində yazmışam, onun cavanlığını nəzərə alaraq. Onu təhqir etmədən, ədəb-ərkan çərçivəsində, faktlarla yazmışam. O, mənim haqqımda necə yazıb, özü bilər.

- Yəqin siz özünüz də şeir yazırsınız...

- Hərdən yazıram. Özümü şair hesab etmirəm, amma yazdığım şeirləri Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən bəyənibsə, mənə ayrı qiymət lazım deyil.

- Anar müəllim, bəlkə sizi tənqid edən gənclərlə...

- (Sualı yarımçıq kəsir) Gənc deyəndə ki, 3-4 adamdır. Onlarla gəncin mənə münasibəti yaxşıdır, haqqımda yazı da yazıblar, mən onlara kömək də edirəm. Yazıçılar Birliyində heç vaxt gənclərə bu qədər qayğı göstərilməyib. "Ulduz” jurnalının redaktoru yaşlı adamlar olub, biz o jurnalı tamamilə cavanların ixtiyarına vermişik. "Ədəbiyyat qəzeti”nin redaktoru cavan adamdır. Cavan katiblərimiz var. Bir neçə il qabaq Çingiz Abdullayev katib gələndə cavan idi, rəhmətlik Arif Əmrahoğlu, yaxud Rəşad Məcid katib seçiləndə çox cavan oğlanlar idi. Vaxt keçdikcə, təbii ki, yaşlanıblar, daha gənc İlqar Fəhmi katib seçilib. Bu, həyatın dialektikası, dinamikasıdır. Cavan yaşında gəlir, yaşlaşır, sonra daha cavanı gəlir. Cavanların kitablarını çıxarırıq, onlara mükafatlar veririk, cavanları xaricə, səfərlərə göndəririk. Hər il 20 gənc yazıçı Prezident təqaüdü alır. Başqa neyləməliyik? 2-3 nəfər əleyhimədirsə, mütləq onları tapırlar, məhz onlardan söz alırlar, sonra da yazırlar ki, "gənclər Anarın əleyhinədir”. Sən get, Anarın əleyhinə olmayan gənclərdən də bir şey soruş, ondan sonra əleyhimə olanları təbliğ et. Bu, nə aqressiyadır? Mən qəzetlərin bağlanmasının tərəfdarı deyiləm, amma istəyirəm ki, qəzetlərdə bir az insaf olsun. Mənim də əlimdə mətbuat orqanları var, birinə demişəmmi ki, siz onların əleyhinə yazılar yazın? Cavab lazım olanda yenə də özüm cavab verirəm. Mənim özümdən başqa müdafiəçim yoxdur. Daha doğrusu, heç kəsə demirəm ki, məni müdafiə et. Hər kəs öz vicdanına görə hərəkət edir.

- Ola bilsin bəzi gənc yazarlar sizinlə mübarizə aparmaqla həm də təbliğ olunmaq istəyirlər...

- Əcaib təbliğ olunmaq yolu tapıblar. Hər şeyə cavabdeh mənəm?

- Hər halda, Yazıçılar Birliyinin sədri sizsiniz. Sizin əvəzinizdə başqası da olsa, bəlkə hədəfdə o adam olardı.

- Azərbaycanda Yazıçılar Birliyindən başqa birliklər yoxdur? Nə bəstəkar, nə rəssam, nə teatr, nə kino... Ancaq hamının gözü Yazıçılar Birliyini görür. Mən 32 ildir buradayam. Birinci ili çıxmaq şərtilə, 31 ildir eşidirəm ki, deyilər Yazıçılar Birliyində dəyişiklik olmalıdır, Yazıçılar İttifaqının filan nöqsanları var. Nədir bu nöqsanlar? İndiyə qədər bir adam bunu deməyib. Hansı dəyişiklik istəyirlər, bir adam təklif verməyib. Mən fikirləşirəm ki, əgər bir dəyişiklik istəyirlərsə, işdən narazıdırlarsa, amma bilmirlərsə nədən narazıdırlar, belə nəticə çıxarıram ki, bu, ancaq sədrin yerini tutmaq təşəbbüsüdür, ayrı bir şey deyil. Gəlsinlər, tutsunlar, amma bunu bir nəfər istəmir axı, 10 nəfər istəyir. 10 nəfər bir kürsüdə necə otura bilər?

"Özümdən başqa müdafiəçim yoxdur”

- Amma hər halda, dəyişiklik istəyini cəmiyyətin, fərdin təbii haqqı saymaq lazımdır. Sudan prezidenti 30 ildən sonra getdi...

- (Gülür) Mən nə Sudan prezidentiyəm, nə də Sudan prezidentinin etdiyi cinayətləri eləmişəm. Bu 32 ildə Yazıçılar Birliyində ancaq xeyirxah işlər görülüb. "30 il” adında yazım var, onu oxusunlar, görsünlər mənim dövrümdə nələr olub, nələr eləmişik, xüsusilə də, cavanlarla bağlı, ümumiyyətlə, Yazıçılar Birliyinin nüfuzu üçün. Bilənlər bilir, bilməyənlər heç bilməsin...

- Anar müəllim, söhbətlərimizin birində demişdiniz ki, mənim əleyhimə üç sandıq yazı var, onları yığıb kitab halında çap etdirəcəyəm.

- Bəli, mütləq.

- Hələ yazıları yığırsınız?

- Hamısını yığmışam. Vaxt tapıb gərək hazırlayam. Vaxt yoxdur. Həm də öz vaxtıma heyfim gəlir ki, bu vaxt ərzində mən daha bir əsər yaza bilərdim. Ancaq bunu da eləməyə məcburam. Qoy gələcək nəsillər görsünlər ki, barəmdə kimlər nələr yazıb.


- Onda gərək prezident də, baş nazir də, spiker də, digər səlahiyyətlilər də əleyhinə yazılanları sandıqlara toplayıb nəşr etdirsin. Sizcə, bu, normaldırmı?

- Onların əvəzinə cavab verə bilmərəm, amma heç biri haqqında mənim barəmdə yazıldığı qədər tənqid yazılmayıb. Heç biri haqqında... Mən siyasətçiləri demirəm, o siyasi mübarizədir, özləri bilər. Yazıçılar içində, Nizami Gəncəvidən Nizami Cəfərova qədər mənim qədər tənqid, irad və yalan, böhtan hədəfi olan ikinci bir adam yoxdur. Varsa, deyin. Burada məndən başqa da sədrlər, rəhbərlər olub. Onlar barədə ancaq təriflər yazıblar. Çünki o vaxt vəziyyət başqa idi. Mən tərif istəmirəm... Tənqid olsun, amma ədalətsizlik və ədəbsizlik olmasın.

- Siz özünüzün qiymətli vaxtınızı "Diriliş Ərtoğrul” kimi bir film ssenarisi yazmağa həsr etsəniz, Azərbaycana daha böyük fayda verərdiniz, həm də əleyhdarlarınızı neytrallaşdırardınız. Razılaşırsınız?

- İndi ki, söhbət açıldı, deyim. Mənim sonuncu filmim "Sübhün səfiri”dir, 2012-ci ildə çəkilib, 7 il bundan əvvəl.

- Mirzə Fətəli haqqında...

- Bəli. 7 ildir mənim filmlərim çəkilmir, ssenarilərim qəbul olunmur. Bayramda da, qeyri-bayramda da televiziyalar ya "Evləri köndələn yarı” göstərir, ya da "Ötən ilin son gecəsi”ni. Bir dəfə bir televiziya kanalından mənə müraciət olunmayıb ki, bəlkə təzə bir şey yazasan. Cəfər Cabbarlı haqqında ssenari yazmaq istəyirəm, təklif eləmişəm, cavabı "0". ”Parisdə höcət" adlı ssenari yazmışam, çap eləmişəm, istəyirəm çəkilsin, hələ ki heç bir reaksiya yoxdur. Sən də deyirsən ki, yeni film ssenarisi yazardız. Yazım, onu da qoyum sandığa? Deyir içim özümü yandırır, çölüm özgəni. Mənim demək olar ki, bütün əsərlərim çətinliklə qəbul olunub.

- Sizə mane olan kimdir?

- Sovet vaxtında senzura, doqmatik redaktorlar. İndi isə... Nə bilim, hər halda, dediklərim danılmaz faktlardır.

- Prezidentlə görüşdə bütün bunları niyə demədiniz?


- Prezidentlə görüşdə Yazıçılar Birliyinin məsələlərini qaldırmışam, heç bir şəxsi məsələni qaldırmamışam. Əgər qaldırsaydım, deyərdilər ki, hə, gedib özü üçün çalışır. Prezidentlə birinci şəxsi görüşümüz dekabr ayında olmuşdu. Çox sağ olsun, yenə də təkrar təşəkkür edirəm ki, yazıçılara ev tikilməsi məsələsini də həll etdi, Şüvəlandakı Yaradıcılıq Evinin boşaldılmasını da və Şabranda Yaradıcılıq Evinin tikilməsini də. Üçünün də həllinə göstəriş verdi.

- Amma eyni zamanda mükəmməl və milli baxımdan çox faydalı bir film ssenarisi barədə də məsələ qaldırmaq olardı və əminəm ki, dövlət başçısı çox müsbət yanaşardı.

- İndi Mədəniyyət Nazirliyinə yazmışam ki, Cəfər Cabbarlının yubiley ilində onun haqqında ssenari yazmaq istəyirəm. Mənim bu səpkidə dörd filmim var: Mirzə Fətəli, Cavid, Mirzə Cəlil və Üzeyir bəy haqqında. Beşinci, bəlkə də mənim həyatımda sonuncu belə ssenarini də Cəfər Cabbarlı haqqında yazmaq istəyirəm. Təklifimi nazirə yazmışam, görək nə cavab verir.

- Yeri gəlmişkən, AzTV-nin yeni sədri televiziya tamaşaları ilə bağlı yeni proses başladıb, bu sahəyə peşəkar bir insan rəhbər təyin olunub. Sizin qələminizdən çıxan teletamaşalar da çox uğurlu olub, adlarını çəkdiyiniz tamaşalar buna sübutdur. Çox istərdik ki, yeni tamaşanızın sifarişini alasınız...

- Mən də bunu istərdim.

- Gözəl ideyalarınız var, zaman da quş təki uçur. Ancaq siz zamanınızı sandıqdakı tənqidi yazılara xərcləmək istəyirsiniz. Heyif deyilmi?

- Bu sualı mənə yox, mənim yaradıcılıq niyyətlərimi illərlə sandıqda saxlayanlara versəniz daha dəqiq cavab alarsız.

- Gözəl bir ssenari yazmaqdansa...


- Gözəl bir ssenari yazacağam, əlli yerdən qəmiş qoyacaqlar. O qəmişləri də gərək toplayam, onları da çap eləyəm. (Gülürük)

Davam edir:

- Gülürsən. Mənim yaşıma gələrsən, onda başa düşərsən... Uzun yaşayasan ki, görəsən bu yaşda belə cahil hücumlara dözmək nə deməkdir. Adı da yadımda deyil, biri yazmışdı ki, mən bilirəm, Anara böhtan atıram, bilirəm ki, yalan danışıram, amma qəsdən belə yazıram ki, şəkəri artsın, qan təzyiqi yüksəlsin, mən də bir az sakit olum. Adamın sakitliyi bundan ibarətdir. Allah xeyir versin.

- Bəlkə nə zamansa sizin də özünüzdən böyüklərlə bağlı bu sayaq davranışlarınız, yazılarınız olub və qarşınıza çıxır. Olubmu?

- Heç bir vaxt mənim belə davranışım olmayıb, ola da bilməzdi. Tərbiyəm buna imkan verməzdi. Həmişə yaşlılara hörmətlə yanaşmışam, hamısı haqqında yazılarım da var. İstəyirsinizsə, sadalayım. Səməd Vurğun, Süleyman Rüstəm, Müşfiq, Mirzə İbrahimov, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İmran Qasımov, İsa Hüseynov haqqında və s. Hələ həmyaş müasirlərimi demirəm. Yusif haqqında da, Əkrəm haqqında, Fikrət, Elçin, Maqsud, Rüstəm haqqında da müsbət yazılarım var. Özü də mən heç kəsə birinci hücum etməmişəm. Kimsə mənim haqqımda yalan, böhtan, iftira yazanda məcbur olmuşam yazam ki, elə deyil, belədir.

- Bəlkə həmin 3-4 nəfər əleyhdarlarınızla görüş keçirib onları dinləyəsiniz.

- Qapım həmişə açıqdır. Mən bu barədə yazımda da yazmışdım. Belə bir söz var ki, kim 20 yaşında qiyamçı deyil, onun qəlbi yoxdur. Kim 40 yaşında qiyamçıdır, onun ağlı yoxdur. İndi mən şadam ki, 20 yaşında qiyamçı olan, Yazıçılar Birliyini dağıdacağıq, partladacağıq, bayrağımızı sancacağıq deyənlərin bir çoxu ayılıb, ağılları gəlib başına. Başa düşüblər ki, Yazıçılar Birliyi ilə düşmənçilik etmək lazım deyil. Əksinə, bu qurumun işində iştirak etmək lazımdır.

- Yazıçı Əyyub Qiyas bu günlərdə sizə və Əkrəm Əylisliyə xitabən belə yazıb: "Əziz, Əkrəm Əylisli, əziz Anar! Sizə and verirəm sevdiklərinizə, inandıqlarınıza, xahiş edirəm, unudun bu umu-küsünü, gəlin Sumqayıt bulvarında pürrəngi çay içək, ədəbiyyatdan danışaq, xatirələrinizi eşidək və Sumqayıtdan dost kimi qayıdın geri”. Barışmaq istərdinizmi Əkrəm Əylisli ilə? Bu çağırışa münasibətiniz necədir?


- Əyyub Qiyasın çağırışının səmimiyyətinə inanıram və xoş niyyətini dəyərləndirirəm. Amma elə ən son günlərdə hər ikimizin yazdıqlarımızla tanışdırsa, aydın görər ki, mənim mətnim danılmaz faktlar əsasında ədəb çərçivəsindədirsə, əleyhimə yazılanlar ancaq ədalətsizlik örnəyi, təhqir və söyüşdür. Özündən bu qədər müştəbeh, bu dərəcədə özündən razı, hər naqis hərəkətinə haqq qazandırmağı cəhd edən, yalan danışmağı öz həyat tərzinə çevirən, bütün yazıçılara nifrət, hiddət və kin püskürən adamla necə bir yerdə çay içə bilərəm. Özü ucuz şöhrət düşkünü ola-ola əlli ildir "Beş mərtəbəli ev” romanımın populyarlığını ürəyinə dərd eləyib. Son 30 ildə mənim onunla heç bir işim olmayıb və yoxdur, ancaq onun hikkəli hücumlarına və böhtanlarına cavab vermişəm. Dəxli oldu-olmadı yenə mənim ünvanıma idbar atmacalar atsa, daha sərt reaksiya verməli olacam.

Sonda Anar müəllim özünün zəruri qeydini edir:

- Bir P.S də məndən gəlsin. Yazmışdım ki, bir "anarşünas” nədən yazır yazsın, mütləq mənim barəmdə səfeh bir söz deməlidir. Sağ olsun ki, mənim bu fikrimi hər gün yenidən təsdiq edir...

Elşad PAŞASOY,




İmza:musavat.com

Xalq yazıçısı Anar: "Türkiyə türkcəsinin ünsiyyət dili kimi qəbul olunması..."

Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov

Əli Hüseynli: - "Hüquqşünasların parlamentdə təmsil olunması zərurətdir" - MÜSAHİBƏ

Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı

Aydın Bağırovun ingilis jurnalistə dediyi sözlər

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Aqil ABBAS: "Mən bu Komitənin işi ilə maraqlanmamışam"

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

Qarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”

“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır

Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK