adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Aprel 2019 10:42
82443
MÜSAHİBƏ
A- A+

Anar: “Mənim heykəlimi qoysalar, 50 adam gələcək ki, onun niyə, bizim heykəlimizi qoyun”

Maraqlı təsadüf oldu. Yazıçılar Birliyinin girişində yenə də Xalq yazıçısı Çingiz Abdullayevlə rastlaşdım. Keçən dəfə də birliyin sədri, Xalq yazıçısı Anarla müsahibəyə getdiyim zaman elə eyni məkanda onun katibi ilə qarşılaşmış, hətta müsahibə üçün razılığını da almışdım. Bu günlərdə 60 yaşını tamamlayan Çingiz müəllimlə müsahibənin 70 yaşınadək uzanmayacağı ümidi ilə ondan ayrılıb sədrin otağına qalxdım...

Anar müəllim bu dəfə olduqca yorğun adam təsiri bağışladı. Mənə elə gəldi ki, bu yorğunluq onun ənənəvi olaraq gecə yarısınadək işləməsindən çox, ünvanına deyilən haqlı-haqsız tənqidlərə görədir. Elə söhbətin girişində özü də buna işarə verdi, "eyni adamlara nə qədər eyni cavablar vermək olar” deyərək. Hər halda, ömrünün 82-ci baharını yaşayan yazıçının bütün bu tənqidlərə sinə gərməsi asan məsələ deyil...

Beləcə, söhbətə başladıq. Əvvəlcə son günlərin ən çox müzakirə olunan məktəbli qızın intihar hadisəsindən danışdıq. Təəssüfləndiyini bildirdi:

- Nə demək olar? Çox heyf. Çox təəssüflənirəm. Çox pis faktdır. Allah rəhmət eləsin! Səbəbləri nədir, bilmirəm. Amma intihar həmişə olub. Bütün dünyada, həmçinin bizdə daim olub. Bəlkə də indi daha kütləvi xarakter alıb. Son statistikanı bilmirəm. Amma bir vaxt oxumuşdum ki, ən çox intihar olan ölkə İsveçdir. Halbuki rifahı ən yüksək olan ölkələrdəndir. Məsələn, o vaxt vəziyyəti çox ağır olan Hindistanda intihar çox az idi, nəinki İsveçdə. Deməli, bu, sosial məsələlərlə bağlı deyil, nədirsə, başqa şeydir.

- Deyəsən, heç yaradıcılığınızda intihar mövzusuna müraciət etməmisiniz...

- Yox, müraciət etməmişəm.

- Anar müəllim, Milli Məclisin iclasında deputat Fazil Mustafa prezidentlə görüşən yaradıcı insanları təbrik etmişdi. Demişdi ki, dövlət başçısı ilə görüşdə biri heykəl məsələsini, digərləri başqa məsələləri qaldırdı, amma çap məhsullarına, kitaba tətbiq olunan ƏDV-dən kimsə danışmadı...

- Mən öz yazımda yazmışdım. Sizə bunu deyə bilərəm ki, mən Fazil Mustafaya hörmət edirəm. Amma deyir ki, orada oğullar atalarının heykəli məsələsini qaldırdılar. O görüşdə iki adamın heykəli məsələsi qaldırıldı: Hacı Zeynalabdin Tağıyev və Mirzə Cəlil Məmmədquluzadənin. Heç birinin də oğlanları orada iştirak etmirdi.

- Mirzə Cəlillə bağlı təşəbbüs sizdən gəldi...

- Bəli. Mən demişdim, Tağıyevi də Bəhram demişdi. Nə mən Mirzə Cəlilin oğluyam, nə də Bəhram Tağıyevin oğludur. Bir də bu Mirzə Cəlildən nə istəyirlər? Yaxşı, bu, yanıb, canını qoyub millətin yolunda. Biri başlayır ki, Mirzə Cəlil milləti təhqir edib, o birisi deyir... Allah eləyəydi ki, onu tənqid edənlər Mirzə Cəlilin yüzdə biri qədər bu milləti sevəydilər. Milləti sevmək millətin sağlığına bəlağətli tost demək, xal qazanmaq üçün populist çıxış etmək deyil. Milləti Sabir, Mirzə Cəlil, Zərdabi, Mirzə Fətəli kimi sevmək lazımdır ki, nöqsanlarını, qüsurlarını da görəsən və çalışasan ki, onları aradan qaldırasan. İndi elə bil dərviş məstəli şahlar, molla ibrahimxəlillər, şeyx nəsrullahlar... Mirzə Fətəlidən, Mirzə Cəlildən qisas alırlar. Elə bil təzədən xurafat, cəhalət dövrünə qayıdırıq və cəhalət nöqteyi-nəzərindən ən işıqlı adamlarımıza hücum edirik. Elə bil qaranlıq işıqdan qisas alır. Yadımdadır, sovet vaxtı ermənilər Moskvaya donos yazırdılar ki, Mirzə Cəlil millətçidir, hətta faşistdir. Ona görə ki, "Usta Zeynal” hekayəsində belə bir cümlə var... Özü də avam bir adam olan Usta Zeynal deyir "erməni qorxaq bir millətdir, padşahı-zadı da yoxdur”. Mirzə Cəlil bunu ironiya ilə yazıb. Amma ermənilər bu cümləyə görə onu millətçi, faşist adlandırırdılar. İndi bizimkilər başlayıblar ki, Mirzə Cəlil millətçi deyil. Millətçi deyil, milləti sevən adamdır. Millətçi o adamdır ki, bu milləti sevsin, onun yolunda canını fəda eləsin, bütün ömrünü bu işə həsr eləsin, necə ki, Cəlil Məmmədquluzadə, Sabir həsr edib.

- Yeri gəlmişkən, Fazil Mustafa bu günlərdə sizin cavab yazınıza reaksiya verdi. Deputatın reaksiyasını necə qarşıladınız?

- Müsbət qarşıladım.

"Paxıllıqdan qovrulan ucuz şöhrət hərisinin ləçər söyüşlərinə cavab verməyi ləyaqətimə sığışdırmıram”

- Maraqlıdır, bəs Əkrəm Əylislinin sizə ünvanlanmış sərt fikirlərinə münasibətiniz necə oldu?

- Paxıllıqdan qovrulan ucuz şöhrət hərisinin ləçər söyüşlərinə cavab verməyi ləyaqətimə sığışdırmıram...

- Elə isə qayıdaq heykəl mövzusuna. Anar müəllim, məgər Mirzə Cəlili sevmək ona heykəl qoyulması ilə ölçülür? Bəlkə onu dərindən oxumaq, öyrənmək, dərk eləmək daha faydalı olardı?

- Şübhəsiz. Amma bunun birini niyə o birinə qarşı qoyuruq ki? Onda gərək başlayaq ki, Nizamini, yaxud Füzulini oxumaq daha yaxşıdır, ona görə heykəllərini sökək. Hərəsinin öz yeri var. Füzulini də, Nizamini də, Mirzə Cəlili, Sabiri, Mirzə Fətəlini də oxuyaq. Amma onların hamısının Bakıda heykəlləri var, Mirzə Cəlilinsə yoxdur.

- Şirməmməd Hüseynov bir müddət əvvəl demişdi ki, heykəllər məsələsi ilə qurtarmaq lazımdır. Əks təqdirdə, gərək Bakı heykəllər şəhərinə çevrilsin. Onun fikrincə, heykəl qoymaqdansa, Rəsulzadə ideyalarını yaymaq, əxz eləmək lazımdır...

- Bunlar bir-birinə zidd olan məsələ deyil ki. Qəribə şeydir. Mən bu məntiqi başa düşmürəm. Kim deyir ki, oxuma? Oxu da, təbliğ də elə, müzakirə də elə. Amma heykəlin nə maneçiliyi var? Bəlkə də gəlib heykəlin qarşısında duran adam Mirzə Cəlili tanıyar, düşünər onun haqqında, gedər əsərini də oxuyar. Mən düşünürəm ki, Bakıda Məhəmməd Əminin də heykəli olmalıdır, Əlimərdan bəyin də, Tağıyevin də - sağ olsun, Bəhram Bağırzadə dedi - Mirzə Cəlilin də... Moskvada kimlərin heykəlləri yoxdur? Lap təzə ölənlərin belə. Plesetskayanın, Vısotskinin, Akucavanın var. Onda gərək deyək ki, onlara niyə heykəl qoyursunuz. Biz hələ bizə yaxın olanları demirik, Mirzə Cəlili, Tağıyevi deyirik ki, onların ölümündən az qala 100 il keçib.

- Siz Rəsul Rzanı da demirsiniz...

- Yox. Rəsul Rzanı başqaları desin də. Mənim deməyim lazım deyil. Başqaları lazım bilər, deyər. Onu dərk edənlər varsa, nə vaxtsa bu məsələni qaldıracaqlar.

- Nə zamansa Bakıda, elə Yazıçılar Birliyinin binası önündə Anara heykəl qoyulmasını istərdiniz?

- Yox, mən heç vaxt elə fikirlərə düşmürəm. Nə özüm heykəl istəyirəm, nə də ki... Cavan yazıçılar üç dənə şeir yazandan sonra özlərinə heykəl qoyulmasını istəyirlər. Mən ona görə yazmışdım ki, çox tez heykəlləşməyin!

- Hər halda, 32-ci ildir Yazıçılar Birliyinin sədri olan şəxsdən, qurumun ən uzunömürlü sədrindən söhbət gedir. Birliyin qarşısında nə zamansa heykəlinizin qoyulması ruhunuzu şad edərdi...

- Yox, o qədər müştəri olar ki... Mənim heykəlimi qoysalar, 50 adam gələcək ki, onun niyə, bizim heykəlimizi qoyun! Mən heykəl-filan istəmirəm. (Gülür)

- Anar müəllim, bu yaxınlarda Musa Yaqubla bağlı geniş müzakirələr oldu. Xüsusilə də sizin "Musa Yaqub nə istəyir, yubileyini də keçirmişik” deməyiniz birmənalı qarşılanmadı. Bu, doğru idimi?

- Dediyim kimi, mən gecələr işləyirəm. Gecə saat 3-dək işlədim, gec yatdım. Səhər 9-da telefon zəng çaldı, götürdüm. "Musa Yaqubun vəziyyəti ilə bağlı nə fikirdəsiniz?” Dedim, Musa Yaquba nə olub ki? Yubileyini keçirdik, indi istəyi nədir? Xoş niyyətlə zəng etmiş olsaydılar, belə başa düşmək olardı ki, yubileyini keçirmişik, indi bəlkə başqa bir arzusu var. Nədir arzusu? Bilim və çalışım, yerinə yetirim. Qəsdən zəng etmişdilər. Dediklərimi də qəsdən elə yozdular ki, Anar dedi yubileyini keçirmişik, daha nə istəyir? Mən belə kobud cavab vermək istəməmişəm. Sözün intonasiyasını dəyişib mətbuata çıxaranda başqa cür məna verir. Musa Yaqub mənim yaxın dostum olmasa da, hörmət bəslədiyim insandır, illərlə xoş, çox mehriban münasibətlərimiz var, bir nəslə mənsubuq. Özü yox, başqa birisi də zəng edib mənə desəydi ki, onun ehtiyacı var, əlbəttə, çalışardım ki, kömək edim. Amma bunu etməkdənsə... Bunların dərdi Musa Yaqub deyil, bunların dərdi odur ki, ara qarışdırsınlar, mənə qarşı kampaniya başlatsınlar. Yaxşı ki, Musa da bildirdi ki, onun adından yazıblar. Yazmışdılar ki, guya Musa deyib Anar qorxur. Mən Buynuz meşələrindəki ayılardan başqa heç nədən qorxmuram, nədən qorxacağam? Mən Musanı ən yüksək ada təqdim eləmişəm, qorxsaydım, təqdim edərdim, yaxud yubileyində iştirak edərdim?

- Rəşad Məcidin bir açıqlamasını oxudum ki, Musa Yaquba xalq şairi adının verilməsi üçün illər öncə təqdimat vermisiniz...

- O vaxt da vermişdim, bir ay bundan qabaq da təzələmişəm, göndərmişəm. Ramiz Rövşəni də eləcə. Ramiz Rövşənin xalq yazıçısı adına təqdimatını mən 2006-cı ildə vermişəm. Mənim 2010-cu ildə çıxan "Əsrin əsiri” kitabımda da o müraciəti vermişəm. Oxuyub görsünlər ki, o vaxt təqdim etmişəm. Bunlar indi ayılıblar. Axı heç olmasa bilin, mətləbdən agah olun, ondan sonra məni günahlandırın!

- Bəs sizin təqdimatınızın qarşısını kəsən kimdir?

- Mən bilmirəm. Nə bilim?

- Hər halda, prezidentlə görüşdə məsələni yada sala bilərdiniz...

- Prezidentlə görüşdə də qaldırmışam. Şəxsi görüşdə. Ramiz Rövşənin məsələsini iki görüşdə qaldırmışam. Reaksiyası da, məncə, müsbət olub. Olacaq da. Qaçhaqaç deyil ki. Yəqin ki, olacaq. Mən güman edirəm ki, lap yaxın zamanlarda olacaq.

- Anar müəllim, səmimi danışırıq. Musa Yaqub o halındadır. Xəstə insana da baş çəkərlər, ondan giley etməzlər, elə deyilmi?

- Bəyəm mən kimdənsə giley edirəm? İndi imkan olar, gedərəm. Mən özüm də xəstəyəm, mənə də baş çəkin deyirəm?

- Amma sizi elə bu günlərdə Çingiz Abdullayevin kitabının təqdimatında gördük...

- O, Bakıdaydı. Amma rayona getmək üçün hər zaman imkan olmur. İmkan düşən kimi Musanın yanına məmnuniyyətlə gedərəm, Musaya münasibətim çox yaxşıdır. Amma məni məcbur eləməsinlər. "Hə, sən getmədin, deməli, çox pis adamsan”. Belə deyiləndə əksinə, höcətə düşürəm, deyirəm mən sizin sözünüzlə oturub durmuram. İcazə versinlər, mən öz ağlımla hərəkət edim.

- Bildiyimizə görə, Musa müəllim aylardır Bakıdadır...

- Bakıdadırsa, imkan edən kimi gedib baş çəkəcəm. Amma bizim aramızı da vurmasınlar. Ramiz də, Musa da, mən də eyni amala xidmət edirik, eyni ədəbiyyatın adamlarıyıq, eyni dilin daşıyıcılarıyıq. Niyə bizi bir-birimizə qarşı qoyurlar? Niyə birini qaldırmaq üçün o birini mütləq vurmaq lazımdır? Birinin heyranısansa, niyə o birinə qənim kəsilirsən axı?

- Sizin haqqınızda gənc yazarlar daha çox sərt tənqidi fikirlər yazırlar. Bu günlərdə Şəhriyar del Gerani yazmışdı ki, "Anar şeiri bilmir, şairi də tanımır”...

- Mən də cavab yazdım ki, düz deyirsən, çünki 2 cildlik "1500 ilin oğuz şeiri”ni tərtib etmişəm. "Min ilin yüz şairi” adlı antologiya tərtib etmişəm, Türkiyədə çıxıb. Təxminən 30 Azərbaycan şairi haqqında ayrıca məqalələrim çıxıb. Nazim Hikmət haqqında ayrıca kitabım çıxıb və 100-ə qədər şeir tərcümə etmişəm. Ona görə də mən şeiri bilmirəm, düz deyir, mən razıyam.

- Anar müəllim, səmimi deyin, bu "etiraf” yorğunluqdan irəli gəlmir ki?

(davamı olacaq)
Elşad PAŞASOY