adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Aprel 2019 09:33
7694
GÜNDƏM
A- A+

"Ömür bir nağıldır" romanının janr xüsusiyyətləri

Salidə Şərifova
filologiya elmləri doktoru


(əvvəli ötən sayımızda)

Biz müəllifin dedikləri ilə 2010-cu ildə "Qızıl dağ" nəşriyyatında çap edilmiş bu kitabın məhz ulu öndər Heydər Əliyevə həsr edildiyinin şahidi oluruq: "o, bütünlüklə ulu öndərimizə həsr edilib. Kitabda 15 şeir və ayrı-ayrı mətbu orqanlarında çap olunan publisist məqalələrim yer alıb". Bu kitabdan başqa müəllifin ulu öndər Heydər Əliyevə "Müstəqillik yollarında" adlı poema həsr etməsi, "və rəngli fotolarla müşayiət olunan eyni adlı kiçik həcmli kitab çap" etdirməsini də məhz "Ömür bir nağıldır" xatirə-romanında oxuyuruq. Daha sonra Fərəc Fərəcov bu kitaba deputat həmkarı Asim Yadigarın ön söz yazması və kitabın dörd hissədən ibarət olması haqqında məlumat verir.
Fərəc Fərəcovun məhz özünün müəllifi olduğu şeirlərindən parçaların verilməsi də əsərdə geniş yer almışdır. Məsələn, əsərin proloq əvəzində dörd misralıq şeirinin xatırlanaraq verilməsi:

"Həyat mənasızdır" deyən kəslərə,
Deyim, eşitsinlər bunu bir kərə.
Mənanı özümüz yaratmalıyıq,
Həyata şirinlik biz qatmalıyıq.

Daha sonra Fərəc Fərəcovun əsərin I hissəsində də özünün qələmə almış olduğu "Sənə möhtacam" şeirindən parçanın verilməsi də diqqəti cəlb edir:

Sığalların elə hopmuş qəlbimə,
Sandım dünya mənə yanan dünyadı.
Gözəl anam, şirin anam, sən demə,
Sənə görə məni anan dünyadı.
Müəllifi olduğu bu şeir parçasında F. Fərəcovun anasına olan məhəbbəti həyəcanla təlqin etməyə qadir ola bilmişdir.
Müəllif özünün qələmə aldığı şeirlərdən əsərdə parçalar verməklə əsərində təlqin etdiyi fikirləri dolğunlaşdırmaqla yanaşı, olaylara nəzmlə qiymət verməyi bacarmışdır:
Daim boşalacaq, dolacaq dünya,
İnsanın nəyi var alacaq dünya.
Alim fikrə dalıb arayacaqdır,
Yenə sirr olaraq qalacaq dünya.

Romanda Fərəc Fərəcovun öz bədii əsərlərinin digər yazıcı, ədəbiyyatşünas və publisistlər tərəfindən qiymətləndirilməsi barədə oxucuya geniş məlumat verir. Yazıçı Güllü Məmmədovanın müəllifin "Yayçı soyqırımı" əsəri haqqında fikirlərinin əsərdə əks etdirilməsi təqdirəlayiqdir. Bu bir daha təsdiq edir ki, əsər ictimaiyyət tərəfindən yüksək dəyərləndirilmişdir: "Kamil qələm sahibinin ən böyük uğuru "Yayçı soyqırımı" publisist kitabıdır. Bu kitab tariximizin qanlı səhifələrinə həsr olunub. 1918-ci ildə Ermənilər Culfa rayonunun yayçı kəndində dəhşətli soyqırım törətdilər. Müəllif soyqırımın şahidi olmuş adamların söhbətlərini qələmə almış, erməni faşizmini ifşa edən gözəl publisistik əsər yaratmışdır. "Yayçı soyqırımı" böyük zəhmətin bəhrəsi kimi çox dəyərlidir." Romanında müəllif həmçinin "Aydın sabahlar" romanının Güllü Məmmədova tərəfindən yüksək dəyərləndirilməsi və xanım yazarın "Həyatın bədii aynası" kimi ön söz yazması, həmçinin tənqidçi Vaqif Yusiflinin də, müəllifin dostu Tofiq Cəlilovun da əsəri yüksək dəyərləndirmələri, Həsənqulu Həsənovun isə müəllifə məktub göndərməsi kimi faktlara da yer ayrılmışdır. Biz "Ömür bir nağıldır" xatirə-romanında şair Balayar Sadiqin "Ulduz" jurnalında ədibin kitabları barəsində müsbət fikirlərin əksini tapması müəllif tərəfindən qürurla qələmə alınır.
"Ömür bir nağıldır" əsərinin problematikası müəllifin şəxsi həyatı ətrafında formalaşmasına baxmayaraq, əsərdə tarixi hadisələrin, müasir siyasi olayların, görkəmli tarixi şəxslərin obrazlarının verilməsinə xüsusi diqqət yetirilmişdir.
Bir tərəfdən, müəllif öz həyatına dair vacib faktları qələmə alır. Məsələn, Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə qəbul edilməsi. Belə ki, müəllif bu hadisəni işıqlandırarkən, artıq oxucuya bəlli edir ki, o hansı tarixdə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmişdir: "...sənədlərimi toplayıb təqdim etdim. Çox gözləmədim. 2001-ci ilin yanvarında sevimli yazarımız Anarın imzaladığı vəsiqə mənə çatdırıldı." Fərəc Fərəcovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilməsi əsərdə geniş əksini tapmışdır. Məhz oxucu müəllifin bu məqamla bağlı xatirələri ilə tanış olduqda ilk dəfə deputat seçilməsinin şahidinə çevrilir: "2002-ci ilin 09 iyul günü. Məhz həmin tarixdə 38 saylı Yayçı seçki dairəsində Ali Məclisə əlavə seçkilər keçirilirdi. Deputatlığa namizəd kimi mən də seçkilərə qatıldım. Səsvermənin yekunları qələbəmlə nəticələndi. Deputat oldum." Oxucu xatirə-romanda həmçinin müəllifin Naxçıvan Mətbuat Şurasının sədri seçilməsi tarixi ilə də tanış ola bilir. Bu müəllifin qeyd etdiyi kimi 29 oktyabr 2005-ci ilə təsadüf etmişdir. Göründüyü kimi zamanın dəqiqliklə göstərilməsi heç də onun bədiiliyinə xələl gətirmir, onu xronologiyaya çevirmir. Əksinə, həmin tarixlərin dəqiqliklə göstərilməsi əsərin daha oxunaqlı olmasına səbəb olur.
Digər tərəfdən vacib tarixi faktlar əks etdirilir və ictimai-siyasi elitasına daxil şəxsiyyətlər barədə məlumat verilir. Xatirə-romanda tarixi faktların tədqiq edilməsi məqsədi güdülmür, müəllif öz yaddaşına əsaslanaraq əsər yaradır. Lakin F. Fərəcovun qələmə aldığı "Ömür bir nağıldır" xatirə-romanında baş vermiş hadisələrin təqdimi zamanı tarixi faktların verilməsi ilə yanaşı, həyata və zamana müəllif münasibətləri ilə bərabər bəzi hadisələrin konkret tarixi, yəni onların baş vermiş olduğu konkret zaman da açıqlanır: "Qəzanın tarixi dəqiq yadımdadır: 25 sentyabr 2005-ci il. Dəhşətli bir gün!" Müəllif müdaxiləsinin nəticəsində sənədlilik, yəni fakt bədiilik şəklində oxucuya təqdim edilir. Diqqəti cəlb edən məqam isə, əsərdə hadisələrin cərəyan etdiyi, yəni müəllifin keçdiyi və yaşadığı zamanla bərabər müəllifin əsəri qələmə aldığı zamanın xüsusiyyətlərinin sintez şəkildə təqdim edilməsidir. Əsərdə tarixi, real fakt kimi Sovetlərin süqutu da əksini tapmışdır: "1991-ci ilin 31 dekabr günü 70 yaşlı sovet dövlətinin süqut tarixinə çevrildi. Üstünə qara haşiyə çəkildi." Müəllif tərəfindən təqdim edilən, özündə zaman, həyat həqiqətini ehtiva etmiş fakt, sənədlik artıq müəllifin səyi nəticəsində bədiiləşir. Gündəlik hadisələri özündə təzahür etdirən "Ömür bir nağıldır" xatirə-romanında tarixin silinməz qanlı səhifələrinə çevrilmiş soydaşlarımıza qarşı genosid aktlarının törədilməsi, daha doğrusu 1918-ci ildə törədilmiş qırğının xatırlanması məqamı da əsərin maraqlı məqamlarından biridir. Müəllif soydaşlarımıza qarşı genosid aktlarının törədilməsi tarixin silinməz qanlı səhifələri haqqında nənə-babalardan eşitdiyinə, Sovet hakimiyyəti dövründə qadağalara baxmayaraq, yaddaşlarda yaşanıb gələcək nəsillərə ötürülməsi faktı təhlil obyektinə çevrilərək açıqlanır: "Vəhşi Andronikin kəndə basqını bizim evdə də tez-tez danışılan mövzuya çevrilərdi." Müəllifin bu fikirləri ilə müasirlərini XX əsrin əvvəlləri və ortalarında Azərbaycan torpaqlarının zəbt edilməsi məqsədi ilə törədilən cinayətkar əməlləri, qanlı tarixi hadisələri unutmamağa çağırır.
Əsərdə dahi şəxsiyyətlərin fikirlərinə əsaslanmaq, sitatların verilməsi maraq kəsb edir. Ulu öndər Heydər Əliyevdən verilmiş hikmətamiz fikirlər diqqəti cəlb edir: "Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışmağıma, Azərbaycan kimi vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü həmişə xoşbəxt saymışam." Əsərin III hissəsində Ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi kimi tarixi faktının təqdimi məhz xatirə-romanda əksini tapmışdır ki, bu da xatirə-romanda real tarixin yaddaşlara həkk olunmasının göstəricisidir. Müəllif bu tarixi yaddaşı oxuculara böyük sevgi və fəxarət hissilə belə çatdırır: "22 iyul 1990-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvana qədəm qoyması şəhər və kəndlərimizə toy-büsat ab-havası bəxş etdi. Bu tarixi gəlişin sevincini biz hamımız ürəkdolusu yaşadıq. Çox çəkmədi o dahi şəxsiyyət Naxçıvanımızın hər bir guşəsinə öz ayaq izini saldı, insanlarla əl tutub görüşdü. Onlara ürək-dirək verdi, yol göstərdi."
Ailə salnaməsini xatırladan "Ömür bir nağıldır" əsərində yalnız müəllifin şəxsi həyatı deyil, həmçinin ictimai-siyasi proseslər, tarixi hadisələr, gerçəkliklər, reallığa istinadlar dəqiqliyi, reallığın, həqiqətliyin gözlənilməsi müəllifin öz bədii obrazı vasitəsilə canlandırılaraq əksini tapmışdır. Tanınmış şəxslər haqqında xatirələrə də əsərdə yer verilməsi diqqətdən yayınmır. Belə ki, müəllif anasının dili ilə onların evində Üzeyir Hacıbəylinin qonaq qalması amilinə də toxunmuşdur: "Radiodan dahi Üzeyir Hacıbəylinin adını tez-tez eşitməyə başladım. Adı çəkildikcə anamın fəxrlə "bizə gəlib", "bizdə qonaqlanıb" kimi sözlərini yadıma salırdım. Qeyri-ixtiyari mən də qürurlanırdım. Qəlbim dağa dönürdü." Amma təəssüf ki, müəllif bu görüş barəsində (anasının xatirələrinə belə əsaslanılsaydı da) başqa məlumat vermir.
Xatirə-romanda AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli haqqında xatirəsində biz artıq İ. Həbibbəylinin tələbəlik illərində qrup nümayəndəsi, həmçinin müəllifin kurs yoldaşı olmasının şahidi oluruq: "Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, istedadı qədər də çalışqanlığı ilə seçilən və yaxşı dost olmağı bacaran akademik İsa Həbibbəyli İnstitut illərində qrupumuzun sinif nümayəndəsi olmuşdur."
Fərəc Fərəcovun "Ömür bir nağıldır" əsəri müəllifinin tərcümeyi-halının öyrənilməsində mühüm mənbə kimi təqdirəlayiqdir. Müəllif öz tərcümeyi halını bədii biçimdə ifadə edərək, söz sənətinə köçürə bilmişdir. Yazarın yaddaş amilinin mühüm rol oynadığı və xatirə-roman adlandırdığı "Ömür bir nağıldır" kitabı özünün publisistik üslubu ilə diqqəti cəlb edir. Bu xüsusiyyət də müəllifin uzun illərdə çalışdığı, şəxsi həyatının qayəsinə çevrilmiş jurnalistika sahəsindəki peşəkar fəaliyyəti ilə bağlıdır. Belə ki, şair-publisist Fərəc Fərəcovun yaradıcılığına xas olan, şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar ilə fərqlənən "Vətən qürurumdur mənim", "Yaxşılar bəxş edir həyata zinət", "Elə bağlıyam" adlı şeirlər kitabları, "Hekayələr" başlığı altında toplanmış nəsr əsərləri, "Aydın sabahlar" romanı, "Ömür bir nağıldır", "Culfa şəhidləri", "Yayçı", "Yaycı soyqırımı", "Muxtar Respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist", "Sənət məbədinin sənətçiləri", "Sən olmasaydın" publisistik kitabları onun professionallığına dəlalət edir.