adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 10:22
69
İQTİSADİYYAT
A- A+

“Yeni iqtisadi və siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana hər səfəri coğrafi baxımdan Mərkəzi Asiya ölkəsi olmayan Azərbaycanın regionda iqtisadi və siyasi çəkisini artırır, əməkdaşlığını genişləndirir və ölkəmizi Mərkəzi Asiyada gedən proseslərin əsas iştirakçılarından birinə çevirir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

İqtisadçı bildirib ki, bir milyard dollara yaxınlaşan ticarət dövriyyəsi, 500 milyon dollarlıq birgə İnvestisiya Şirkəti, 1,4 milyon tona çatan tranzit daşımaları və bu ilin ilk yarısında daha 12,2 faiz artım, Azərbaycanda 130-dan çox Özbəkistan investisiyalı, Özbəkistanda isə 280 Azərbaycan kapitallı müəssisənin fəaliyyəti hələ işin hamısı deyil:

“Özbəkistan əməkdaşlıq üçün yüksək perspektivə malik gələcəyin ölkələrindən biri olacaq. Bu, artıq hiss olunur. Odur ki, burada əsas müsbət məqam təkcə rəqəmlər deyil, sürətlə artan dinamikadır. Orta Dəhliz və perspektivdə Zəngəzur dəhlizi, Xəzər üzərindən formalaşan yaşıl enerji xətti, qarşılıqlı investisiyalar və sənaye kooperasiyası Mərkəzi Asiyanın Azərbaycan üzərindən Qərbə iqtisadi bağlantılarını gücləndirir. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması isə bu prosesin artıq iqtisadi çərçivədən çıxaraq siyasi müstəviyə də keçdiyini göstərir. Əlqərəz, coğrafiya Azərbaycanı Mərkəzi Asiyadan ayırsa da, formalaşan yeni iqtisadi və siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”.

Vasif ƏLİHÜSEYN