Adalet.az | PREZİDENT ELƏ SÖZ DEMƏYİB Adalet.az | PREZİDENT ELƏ SÖZ DEMƏYİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

PREZİDENT ELƏ SÖZ DEMƏYİB

16581    |   2009-04-14 00:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Türk qardaşlarımıza bir mesaj)
   
   
   
   Türkiyə və Azərbaycan mətbuatında qarşılıqlı ittihamlar böyüyür. Azərbaycan mətbuatında əsəb bir az çox olsa da heç vaxt nə yanlış fakta söykənib nəsə yazılıb, nə də Türkiyə dövlətini və Türkiyə türklərini aşağılayan bir söz yazılıb, heç vaxt da yazıla bilməz. Sadəcə olaraq, Ermənistana qucaq açan siyasətçilərlə bağlı və Ermənistanın qabağından qaçan hazırki iqtidarla bağlı yazılar yazılır. Bəlkə bəzən əndazədən çıxmaq olur, bunu da anlamaq üçün özünü həmin yazını yazan şəxsin və onun millətinin yerində hiss eləmək lazımdı.
   
   Türkiyə televiziyaları (o televiziyalar ki, onların nə türk dövlətinə, nə də türk millətinə dəxli var), eləcə də bəzi siyasətçiləri və yazarları bizi niyə ittiham edirlər, heç cürə qana bilmirəm.
   
   Bəlkə Azərbaycan sözdə "erməni soyqırımı"nı Türkiyənin yenidən NATO-ya alınması üçün dəstəklədiyi Fransa kimi qəbul edib ?!
   
   Bəlkə Azərbaycan "ROŞ" TV-ni yayımlayan və Məhəmməd peyğəmbərin karikaturalarını dünyaya yayan Danimarkanın baş naziri Rasmusseni NATO-nun baş katibi seçib?!
   
   Bəlkə Azərbaycanın xarici işlər naziri İsveçrənin mamaçalığı ilə PKK-nın liderləri ilə Sürixdə gizli və açıq görüşlər keçirir?!
   
   Bəlkə Azərbaycan Yunan Kipri ilə, Bərzani ilə diplomatik münasibətlər qurur, çarter reysləri təşkil edir, Azərbaycanın ağır yük maşınları Şimali İraqa və Yunan Kiprinə ərzaq malları daşıyır?!
   
   Bəlkə Azərbaycan prezidenti İlham Əliyev Şimali İraqa gedib Bərzani ilə birlikdə futbol matçını seyr edib?
   
   Telekanalların birində, təəssüf ki, adını unutduğum bir iqtidar siyasətçisi həddini aşaraq Azərbaycan haqqında elə həqarətli sözlər dedi ki, bu sözlərə görə onu məhkəməyə çəkib ağzını cırmaq olar. Mən də bir az əsəbi yazılar yazıram və Türkiyə iqtidarı orda bir həqarətli söz tapıb məni məhkəməyə versə gedib Ankarada məhkəmə qarşısında durmağa da hazıram. Azərbaycan mətbuatında, yenə deyirəm, heç vaxt Türkiyə dövlətini və Türkiyə türklərini aşağılayan bir söz yazılmayıb. Yazılamaz da! Çünki Türkiyə dövləti millətindən və dövlətindən ayrı düşmüş iqtidardakıların dövləti deyil, həm də mənim, mənim balamın, mənim qardaşımın, mənim atamın, anamın, bir sözlə, bizim dövlətimizdir.
   
   İki gün öncə Şırnakda iki əsgər şəhid oldu. Bu yaşımda televizorun qarşısında uşaq kimi hönkürüb ağlayırdım. Özü də birinin evə dönməsinə iki gün qalıbmış. Türkiyədə bir əsgərin barmağı qanayanda və ya ümumiyyətlə, bir türkün barmağı qanayanda bizim burda ürəyimiz qanayır.
   
   Məsələ nədi? Son günlər türklərin olmayan Türkiyə kanallarında və mediasında Azərbaycan prezidenti İlham Əliyevə şər atırlar. Guya Azərbaycan prezidenti deyib ki, Türkiyənin qazını kəsəcəyik, Bakı-Ceyhanın ixracını azaldacağıq, Bakı-Qars dəmir yolunu yarımçıq qoyacağıq və sair və ilaxır.
   
   Belə yalan və iftiralarla türklərin Azərbaycana və onun prezidentinə olan sevgisinə zərbə vurmağa çalışırlar. Yəni demək istəyirlər ki, görürsünüz Azərbaycan heç də sizin sevginizə layiq deyil və sair və ilaxır.
   
   Bilirəm ki, mənim qəzetimi Türkiyədə oxuyurlar. Son günlər bunu elektron poçtuma gələn məktublar daha çox biruzə verir. Hətta mənim bəzi yazılarımı Türkiyədəki bir çox qəzet çap edir və ya mənim fikrimə söykənirlər. Türkiyə türklərinə bunu çatdırmaq istəyirəm.
   
   Azərbaycan prezidentinin bütün çıxışları və müsahibələri Azərbaycan Televiziyasında canlı yayımlanır və bundan başqa nöqtə-vergülünə toxunmadan dövlət və hökumət qəzetlərində dərc olunur. Bircə Təhlükəsizlik Şurasının iclası qapalı keçirilir, bu belə də olmalıdır, amma ona da gələcəm.
   
   Buyurun, girin həmin qəzetlərin saytlarına, Azərbaycan prezidentinin dilindən Türkiyənin əleyhinə bir söz tapın və ya yuxarıda dedikləri şər-böhtanla bağlı bir fikir tapın. Tapa bilməzsiniz. Çünki deməyib. Və deməz də. Çünki Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı bu millətin ürəyinə bir ayə kimi həkk olunub: "Bir millət, iki dövlətik".
   
   Hətta son Təhlükəsizlik Şurasının iclasını da prezident açıq keçirdi, həm mətbuatda getdi, həm də televiziyada yayımlandı. Mənim qənaətimə görə, prezident qəsdən bu iclası açıq keçitdi ki, kimlərsə həmin iclasda deyilməyən sözləri şər-şəbədə kimi söyləməsin. Kimlərsə özlərindən söz çıxarmasınlar. Və hətta həmin iclasda prezident bildirdi ki, biz Türkiyənin daxili işlərinə qarışa bilmərik, sərhəd məsələləri onların öz daxili işləridir. Və bir də onu dedi ki, görünür, biz də xarici siyasətimizi yenidən gözdən keçirməliyik.
   
   Bundan başqa, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də rəsmi açıqlama verdi ki, enerji məsələsi ilə bağlı deyilənlərin hamısı boş sözlərdi.
   
   Qardaşlarım, siz bilirsinizmi ki, Azərbaycan Türkiyəyə qazı dünya qiymətlərindən 3 dəfə ucuz satır. Hətta özümüzdə qaz çatışmayanda da biz Rusiyadan baha qiymətə aldığımız qazı yenə qardaşlarımıza ən aşağı qiymətə satmışıq. Bunu minnət qoymaq üçün demirəm, bu bizə ayıb olar. Bunu bizim prezidentimizə şər, böhtan atan siyasətçilərə cavab verməniz üçün söylədim.
   
   Əslində isə...
   
   ... Azərbaycan türklərinin qəribə bir xasiyyəti var, hətta qardaşı ona pislik eləsə də o yenə qardaşını sevər, qardaşının yolunda ölümə gedər. Onda ki, biz qardaşlarımız Türkiyə türklərindən bu günəcən heç vaxt pislik görməmişik, həp iyilik görmüşük. Və inanıram ki, gün gələcək Azərbaycan Türkiyəyə nefti də, qazı da, elektrik enerjisini də qardaş payı kimi pulsuz verəcək. İndi təzə dövlətik, hələ oturuşmamışıq, hələ Türkiyənin düşmənləri olan, dünyada Türkiyəyə ən böyük zərbə vuran ermənilərlə və Ermənistanla müharibə şəraitində yaşayırıq. Belə demək mümkünsə, hələ əlimiz bir az aşağıdı.
   
   Və sonda. Bir faktı yenə təkrarlayıram. Görün insan nə qədər axmaq, düşük, mənasız olsun ki, çıxıb televiziyalarda desin ki, azərbaycanlılar "Eurovision"da Hadisəyə xal verməyəcək.
   
   Qardaşlar, sizi 7 ildi aldadan, sizi krizə soxan, banklara milyonlarla borclu edən siyasətçilərinizə siz hələ də inanırmısınız?!
   
   Dərdə bax, millətə bax, zillətə bax... Bizim bəzi müxalif siyasətçilərimiz də belə bir anda dövlətimizin yanında olmadıqlarını nümayiş etdirərək olmayan nüfuzlarına bir zərbə də vurdular.
   
   


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO