viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ermənisiz-zadsız tərk olunan kəndimiz - Eminquey yazır Adalet.az | Ermənisiz-zadsız tərk olunan kəndimiz - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ermənisiz-zadsız tərk olunan kəndimiz - Eminquey yazır

16745    |   2019-01-07 18:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şamaxını keçəndən sonra aşırımlardan görünən dağlar, kəndlər mənə kadrlardan gördüyüm Qarabağı xatırladır. Hər dəfə gözlərimin önünə müharibə gəlir. Elə bilirəm ki, bu dəqiqə atışma başlayacaq.

İsmayıllı yazısını gördünsə, çox az keçməmiş yolun sağında Azərbaycan bayrağı ilə rənglənmiş lövhədə Basqal yazısı ilə rastlaşacaqsan. Sonrası sağı-solu ağaclarla örtülmüş, bəzi yerləri Gün görməyən olduğu üçün qarı, buzu bərk-bərk tutub saxlamış, yol qırağı gözəl villalardan ibarət, cəmi-cümü dörd kilometrlik yoldur. 



Yolun sonunda dağlarla əhatələnmiş kəndlə sizi ayıran bir körpü, körpünün altından axan Girdman çayının qolu, "O tay” deyilən ərazi, o ərazidə kəndin əsas mağazası, taksi sürücüləri, çayxanalar, boş-bekar kənd cavanları...
Göründülər.

Adı Sərraf olan sürücü maşın sürməyin sərrafı idi. Elə rahat gəldik ki.

Fit dağı, Niyal dağı görünür.



İldən-ilə kəndin hər yerindən görünən o Fit dağı qıraqdan sinəsinə dəvə şəkli döyülmüş yekəpər bir adamı xatırladır. İldən-ilə o dəvə böyüyür. Meşələr ya vəlvələdən, ya da zəlzələdən qırılıb gedir. Fit dağına baxanda ərəblərlə vuruşan Cavanşir, İsmayıllıda yatan Cavanşir qalası yadıma düşür. Bəlkə Fit dağının sinəsindəki ərəbi ölmüş dəvədir?! Bəlkə Cavanşirdən sonra Fit dağı bizə demək istəyir ki, dəvəyə bax, tarixini, keçmişini xatırla?! Bilmirəm.

Vertolyotu vurdular. Yana-yana Fit dağının arxasında itdi. Dağın arxasından tüstü havaya qalxdı. İçində 91-də Azərbaycanın Dövlət Katibi Tofiq İsmayılov da var idi. Qarakənddə ermənilərin vurduğu vertolyotu deyirəm. Qorxudan dik atıldım.

Bu kənd mənim uşaqlığımın teldən maşını, ucu haçalı taxta atı, səhərlər nənəmin mənə yedirtdiyi doşablı, ballı yağ çörəyi, bayramlarda qohum-əqrəbaya gedib bayramlaşmağım, əlimə, cibimə basılan pulları anamın o dəqiqə götürüb "pulu yığıb sənə paltar alacam” deməyidir. Mən bu kənddən axırıncı dəfə çıxanda uşaqları tapança-tapança oynayan, üstündən beton yol keçən su arxına partladan atıb qurbağaları girinc edən, böyürtkənləri butulkaya yığıb, üstünə şəkər tökəndən sonra zoğal çubuğuyla əzib şirəsini çıxardan yerdə qoyub getmişdim.

Ondan sonrakı bütün gəlməklərim heç də xoş olmayıb. Ən ağırı atamla keçirtidiyimiz o sonuncü gün, onu torpağa tapşırıb Bakıya qayıtmağımız olmuşdu. Sonra nənəmi torpağa tapşırdıq. Sonra qıçı sınmış babamı öz ev-eşiyindən ayırıb şəhərə gətirdik. Təndirin damına çıxıb tut yediyimiz, anamın çıxıb şüşəbəndinin şüşələrini siləndə atamın ondan möhkəm-möhkəm tutub yapışdığı, hər bayram yığışdığımız, həyətinin hər tinində məşəllər sancılmış, çırt-pırtlı tonqal yanan o ikimərətəbəli evdən də ayağımız üzüldü. Nənəmin yoxluğu, babamın bu vəziyyətilə uşaq vaxtı damdabacalarından, çəyirtkələrindən, vız-vız dediyimiz o qəribə həşəratlarından qorxduğumuz o ev boş qaldı. Qapısı qıfıllandı. Babam hər gün o evin həsrətini çəkir. Sərbəst gəzə bilmədiyi üçün onu öz evinə apara bilmirlər. Axırıncı dəfə kişini bir aylıq da olsa da, evinin qoxusunu almaq üçün, şüşəbəndin yanında oturduğu çiynindən pencək asılmış o stulda oturub evinin ləzzətini çıxarmaq üçün kəndə gətiriblər. Dayımgil deyir ki, babam evin önünə çatan kimi qapının qıfılından, həyətin divarlarından öpüb, ağlayıb. Tez-tez nənəmin ziyarətinə gedən babam o öləndən sonra iki il televizor işlətmədi evdə. Necə sevibsə...

Artıq kəndə gələn kimi anamın əmisigilə düşürük. Burda soyuğumuzu alırıq. Bu dəfə də elə oldu. Anamın əmisi, yəni babamın qardaşı Sərdar əmi. Amma elə doğmadırlar ki, bu mərtəbəli qohumluq gözə görünmür. Anamın əmisi oğlunu öz əmim oğlu kimi görürəm. Biz axırıncı dəfə bu həyətdən çıxanda iki balaca it var idi. Dedilər ki, birini kəndin iri itləri boğub öldürüblər. Sərdar əmi itlərini də, mal-qarasını da çox sevir.

- Getdim, gördüm iti necə boğublarda gözləri bərəlib sallanmışdı.

İtin ölümü də insanların ölümü kimi kədərlidir.

Hə, biz Almarə xalanın ölüm xəbərini eşidib gəlmişdik. Ki, evləri təmizləyən vaxt paralic vurub. Rayon xəstəxanasına çatdırıblar, orada ikinci dəfə paralic aman verməyib. Almarə xala canını tapşırıb.

- Hərə bir bəhanəylə gedir də.

Yas yerində onun qohumlarından biri belə dedi. Doğrudan da heç bir ölüm bir-birini təkrarlamır. Biz bir Günəşin, bir də ölümün gözünə baxa bilmirik. Məncə ölümdən sonra bizi Günəş gözləyir. Ola bilməz ki, biz Günəşə nə vaxtsa rahatca baxa bilməyək.

Dayımı, anamı, xalamı yas yerində qoyub kəndə çıxdım. Bir vaxtlar İsmayıllının mərkəzi şəhəri olan bu kəndin "Bazar meydanı” deyilən yeri var. Babamgilin evindən biraz yuxarıdadır. İri çay daşları ilə döşənmiş bu yol çay kimi axıb-axıb o meydana çıxır. O meydan ki, vaxtilə iynə atsan yerə düşməzdi. Hamı bazarlığa, dərmana, kitab oxumağa, hamama axışardı. İndi nə o bazar qalıb, nə o əczaçı, nə o kitabxana, nə də hamam

Qısaca "Bazar” deyilən bu yerdə yaşı əsrlərə dayanan qoca çinar ağacı var. Gövdəsi o qədər iridir ki, onun içindəki boşluqda bir vaxtlar çayxana açıblarmış. İndi bu iri gövdənin içi də tənhadır. "Bazar”da ancaq maşınlar durur. Bir də bu kəndin daima coşub-daşan bulaqları. Qoşa bulaq, Haccəbi, Dambılı, Müjgon... Biz o bulaqlardan vedrə-vedrə su daşımışıq babamgilə.

Bir dəfə bulaq başında qəfil yağış tutdu bizi. Dayım qızları, xalaoğlu, bir də mən. Belə çaxnaşmalarda adamın qəhrəmanlıq hissi içindən baş qaldırır. Xalamoğlu dedi ki, ildırım çaxır, leysandan bu yolu əli-ayağı yalın getmək olmaz. Biz gedərik, amma qızlar yox. Gedim, çətir, bir də uzunboğaz ayaqqabı gətirim. Damın altında durun, yağış tutmasın sizi, məni gözləyin. Xalaoğlunu xeyli gözləsək də gəlmədi. Səbrim tükəndi. Qəhrəmanlıq sırası məndə idi. Qızlara dedim ki, burada gözləyin, gedim görüm xalaoğlu niyə gəlmədi. Haccəbi küçəsini sel yuyub aparırdı. Yol üzü yuxarı, sel də üstümə gəlir. Diki çıxan kimi ayağımdakı ayaqqabının bir mənasının olmadığını görüb ayağımdan çıxartdım. Su dolmuş, ağırlaşmış və qaçmağıma mane olurdu. Sel-su içində evə gəlib çıxdım. Darvazadan içəri girəndə gördüm ki, bu deey, xalaoğlu maykasını dəyişir, saçını qurulayır. Yadından çıxmışıq. Sən demə evdəkilər buraxmayıb geri qayıtmağa. Məni də buraxmadılar. Həmin gün kəndin tarixində ən güclü yağış yağan gün idi. Yağış kəsəndən sonra dayıqızları qayıtdılar. Bizi görən kimi gülüşdülər. Pərt olmuşduq. Qəhrəmanlıq cəhdimiz yağışa, selə düşmüşdü.

Sən demə qonşulardan biri qapını açıb küçəyə baxanda qızları görüb, həyətə salıb ki, yağış kəssin, sonra gedərlər. Hə, bizim kəndin adamları belədirlər. Amma indi bu məhəllədə o qonşunun evinin də qapısı qıfıllıdır. Müharibəsiz-zadsız adamlar kəndi tərk ediblər.

İllərdir bu "Bazar meydanı”nı bərpa etmirlər. Hamı basa-basa alış-verişə, dərmana, xəstəxanaya rayon mərkəzinə gedir. O kitabxananın, əczaçının, dükanların yerləşdiyi tikili uçub-tökülüb, quruca divarları qalıb. İndi o tikilinin içi zibillə doludur. Mallar özlərini o tikilinin altında rahatlayırlar. İki məsciddən birini qoruya bilib camaat.

Günorta saat ikidir.

Kişilərin qəbirüstü ziyarəti başlayır.

Elə bil Basqalı bu qəbiristandakı ölülər qoruyur.

Bu qəbiristanlığa "Düzənlik” deyirlər, qəbiristanlığa baxan babamgilin məhəlləsi isə "Dərəməhəllə” adlanır. İndi bu ölülərin içində mənim atam da sakit-sakit əbədi yuxuya gedib. Və o burada yatmağa başlayandan sonra qəbiristanlıqdan qorxmuram. Necə ki, atamın hənirtisini evdə eşidib qorxmazdım, indi də elə bilirəm, atamın hənirtisi bu qəbiristanlıqdan gəlir. Və o məni xortdanlardan, qorxulu varlıqlardan qoruyacaq. Arada uşaq ağlım gəlib-gedir də. Nə xortdan, nə qorxulu varlıq?!

Atamla, anamla gəzidiyimiz, biri o birinə "mən səndən tez ölsəm...” deyə zarafatlaşdıqları, qəbirləri göstərəndə mənə "əlinlə göstərmə, barmağını dişlə, ayağının altına qoy” dedikləri o vaxtları xatırladım. Ətrafdan təcrid olmuşdum. Bir də gördüm ki, Gün gözümü deşir, qarlar əriyir, kəndin mollası artıq camaata salavat çevirtdirir. Sonda da hamıya təşəkkür edir ki, bu qışın oğlan çağında sağ olun əziyyət çəkib gəldiyinizə görə.

Birdən məni qəfil müharibə havası tutur. Ermənilər məzar daşlarının arxasından çıxıb hamını gülləbaran edirlər. Canımızı qurtarıb kəndə doğru qaçırıq. Gəlib babamgilin qapısına çatırıq. Qapısındakı qıfılı görüb Sərdar əmigilə tərəf gedirik. Sərdar əmigilin evi yanır. Yerdə qan izləri var. Tez aşağı düşüb tövləyə giririk. Uşaq vaxtı tapança-tapança oynayanda da tez o tövləyə girib saman tayasının altında gizlənərdim. Məni ən axırda tapıb öldürərdilər.

Qapısı, küçəsi qaynayan Basqalın camaatı indi ancaq yasdan-yasa, toydan-toya bir yerə yığılır. Hərə öz işində ikən birdən hamı ayılır ki, illərlə qapısına gəlib-getidiyi adam dünyasını dəyişib. Kaş mənim gözümə gələn müharibə onların da gözləri önündə canlanaydı. İndi tək-tük adamlar bir vaxtlar Basqalı məşhur edən kəlağayı sexini işlətməklə nə sexi, nə də Basqal kəlağayısını ölməyə qoymurlar. Soruşmuşam, deyiblər ki, onlardan sonra çətin, kimsə bu işlə məşğul ola. Hə, deməli, bu adamlar kəlağayı sexinə süni nəfəs verirlər. Az qalıb...



Nədənsə "O tay”ın çayxanası da bomboş idi. Sərdar əmidən soruşanda, dedi, daha camaatda pul qalmayıb ki, çayxanada çart-çurt eləsin. Çoxusu da "Rusyət”ə işləməyə gedib. Qalanlar da həmişəki kimi biri Basqal halvası bişirib satır, biri balaca dükan açıb başını girələyir, biri taksi sürür. Əşşi, illərdir bu kənddə vəziyyət belədir. Amma...

... bu kəndin insanları yenə də əvvəlki kimi insanpərvərdirlər. Kənd hələ də özünü itirməyib, adət-ənənəsini unutmayıb. Düzdür, mən buraların adət-ənənəsini bir o qədər də qəbul etmirəm, amma yenə də mənə doğmadır, əzizdir. Görəndə ki, əvvəllər çayxanada domino sıxan adam bugün mənə qəzetdə oxuduğu yazılardan danışır, qışın bu soyuğunda ürəyim çiçək açdı, elə bil bu dəqiqə içimdəki ağac bəhrə verəcək. Xəzər tv də gəlib "şok” başlığı altında xəbər hazırlayacaq ki, qışın oğlan çağı ağac meyvə verib. 

Atamı ziyarətə gedirik.

Elə darıxmışdım ki.

Amma nədənsə heç vaxt onu məzarının başında duranda hiss edə bilmədim. Mənimçün Bakıdakı evimiz atamı daha çox hiss etdirir, nəinki bu lal məzar. Atamla bağlı xəyallarım evimizdə diridir, bu məzarda isə ölü. Bəlkə də hər dəfə ziyarətinə gələndə anamla qaçaraq tez-tələsik üstünü təmizləməyimiz, bəlkə də atamla təkbətək qalmamağımdandır, bilmirəm. Sonra nənəmi ziyarət elədik. Anam, xalam, dayım bayaq danışdığım babamgilin qapısı qıfıllı o evini deyib, deyib ağladılar. Mənimsə gözümdən bir damcı da yaş düşmədi. O vaxt o qədər ağlamışam ki, ondan sonra çox çətin ağlaya bilirəm.

Sabah da belə Gün çıxsa, burda qar-zad qalmayacaq. Lırtlaşmış qarı basa-basa çıxdıq məzarlıqdan. Mən yenə də atamla baş-başa qala bilmədim.

Kəndə qaz çəkiləndən onun özünəməxsus ocaq iyi də yoxa çıxıb. Əvvəllər kəndə girəndə ocaq iyinə qarışmış qəribə bir havanı çəkirdik ciyərimizə. Üst-başımıza hopan his iyini kənddə hiss etməzdik. Bakıya qayıdanda da üst-başımızdan gələn his iyini duyanda bilirdik ki, hə, artıq Bakıya çatmışıq.

Tələm-tələsik ziyarət başa çatırdı. Sərraf əminin maşını Sərdar əmigilin qapısında dayanıb bizi gözləyirdi. Kənddən doymamışıq, hamının gözündə babamgilin o qıfıllı evinin həsrəti var.

Döşəməli yollarla "Bazar”a, məscidin yanından üzü aşağı kəndi küçə-küçə arxada qoyunca  götürüb Kəlbəcəri, Laçını tərk edən adamları xatırladım. Elə bil biz də bu kəndi qoyub gedirdik. Qarabağ haqqında film çəkiləndə yada düşən bu kənd, bu dağ-kəsək körpüyə çatanda daha vahiməli olur. Bu dəqiqə körpünü partladacaq döyüşçülərimiz. Emənilər bu tərəfə keçməsin deyə. Atışma başlayır! Və bir adam da yoxdur ki, maşınımızı saxlaya və batıq səsiylə bağıra-bağıra deyə:

- Hara qaçırsız? Hamınız qorxaqsız!

Döşəməli yolları kəndə, kəndi o dəvəyə, dəvəni Fit dağına tapşırıb kəndi gözdən itirdik. Basqal  ermənisiz-zadsız tərk olunur. 




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK