ANA SƏHİFƏ / YAZARLAR

BİZ SƏNDƏN ÖTRÜ ÖLÜRÜK, AMMA ÇƏRLƏTMƏ DƏ...

(NAZİM SABİROÜLUNA BİR NEÇƏ KƏLMƏ)

13937    |   2008-09-09 21:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əzizim Nazim, dünən "Yeni Müsavat"da sənin "Zəhərə dönmüş zəfər" adlı yazını oxudum. Və bildim ki, bu günlərdə əzizimiz, canımız-qara ciyərimiz Gülün İrəvana səfəri ilə bağlı "Ayravani-ayravani, çandrika" adlı bir köşə yazmışmışsan. Çox təəssüf ki, həmin yazını oxumamışam, tapıb oxuyaram. Çünki mən də bu günlərdə elə eyni sərlövhə ilə həmin səfərə həsr olunmuş bir yazı yazmışdım. Sən əvvəl yazmısan, mən əvvəl, bilmirəm, fərq etməz. İkimiz də eyni torpaqdan olduğumuzdan, ikimiz də eyni dərdi çəkdiyimizdən, ikimizin də evi-eşiyi yandığından, əzizləri qırıldığından, torpaqları yağmalandığından görünür müəyyən məsələlərdə eyni cür düşünürük, bu da təbiidir.
   
    Yazırsan ki, sən Ermənistan-Türkiyə oyununu məlum səbəblərdən izləməmisən. Mənim üçün futbolun nə olduğunu sən yaxşı bilirsən. Hamı bilsin, futbol mənim həyatımdı. Futbolu gənclikdə sevdiyim qızdan da çox sevirəm.
   
    Biz Universitetdə oxuyanda (niyə Universiteti böyük yazdım, çünki bizim oxuduğumuz Universitet Azərbaycan Dövlət Universiteti idi - indiki BDU, yəni o biri universitetlərdən deyildi) Şükür adlı bir güləş müəllimimiz vardı. Lay divar oğlanıydı, dəfələrlə Azərbaycan və SSRİ çempionu olmuşdu. Bir yerdə stadionda "Neftçi" ilə "Ararat"ın oyununa tamaşa edirdik. "Neftçi" zəif oynayırdı, qəflətən ermənilər bir qol vurdu. Şükür müəllim qalxdı ayağa, çığıra-çığıra dedi ki: "Ə, bunlar neyləyir, ə! Ə, bu namərdlər gör kimə uduzur ey?! Ə, ə...". Və əlini ürəyinin üstünə qoyub oturdu. Oturan kimi də nəfəsi tutuldu, nə illah elədik özünə gətirə bilmədik. Təcili yardım çatanda artıq gec idi. Şükür müəllimin ürəyi partlamışdı. Allah rəhmət eləsin! Bunu həmin illərdə Universitetdə oxuyanların hamısı bilir, müəllimlərin də xatirindədi. Bunu niyə yazdım? Mən də futbola baxanda, təbii ki, "Qarabağ"ın, "Neftçi"nin, bir də Türkiyənin oyunlarını nəzərdə tuturam, elə həyəcanlanıram və həmişə qorxuram ki, Şükür müəllimin başına gələn mənim də başıma gələr.
   
    Bunu qoyub o birisinə keçirəm. Ən zəhləm gedən şey futbol vaxtı evə qonaq gəlməsidi. Rəhmətliyin uşağı, futbol vaxtı qonaq gedərlər? Bir dəfə "Fənərbağça" İngiltərədə "Mançester Yunayted"lə oynayır. Həmin oyuna qədər də 40 iliydi "Mançester" Avropa çempionatlarında öz meydançasında uduzmurdu. Oyunun başlamağına yaxın qohum-əqrəba qonaq gəldi, elə də çox ərkim çatanlar deyildi, yoxsa elə oturub futbola baxardım. Nə isə... Süfrə açıldı, oturmuşuq süfrə arxasında, gözüm qalıb televizorda. Yerimdə oynayıram, qonaqlar da təəccüblə mənə baxır, yediyim-içdiyim də zəhərə dönüb. Və birdən... Və birdən "Fənər" bir top vurdu... Sıçradım çıxdım stolun üstünə və "qol" bağıra-bağıra başladım oynamağa. Oğlanlarım da qoşuldu mənə (düzdü, onlar stolun üstünə çıxmadılar, onlar bir az məndən mədənidi). Qonaqlar da altdan-yuxarı təəccüblə mənə baxırlar. Mən də:
   
    - Ayə, ora baxın ey, qol! Qol ey, qol!
   
    Birini də deyim. Türkiyə dünya çempionatında 3-cü yeri tutanda Türkiyə səfirliyinin qənşərində bu yaşımda Türkiyənin bayrağını yelləyirdim. Onda da Türkiyənin bizdəki səfiri Güllə İrəvana gedib Sərkisyanla öpüşən Çeviköz idi. Yadına düşürmü, on minlərlə adam səfirliyin qarşısına yığışıb saatlarla "Türkiyə, Türkiyə" deyə hayqıranda eyvana çıxıb heç əlini də yelləmədi.
   
    Bunları niyə yazdım? Mənim Türkiyəyə və Türkiyə futboluna sevgimi bildirmək istədim. Və bu sevgi Türkiyəyə və Türk futboluna həmişə olacaq. Güllər-müllər bu sevgini öldürə bilməz. Tanrı bizə şah damarımızdakı qandan yaxın olduğu kimi, əstəğfürullah, Türkiyə də bizə şah damarımızdakı qandan yaxındı.
   
    Amma mən də həmin günü həmin oyuna baxmadım. Baxa bilmədim, adam ölmüş əzizinin meyidinə baxa bilmədiyi kimi. Ermənilərin qapısına top vuran Tuncayın adaşı olan oğlum zəng elədi ki, ata, bizimkilər uddular. Mən də dedim ki, oğlum, bizimkilər uduzdular. O da məni anladı və dedi ki, ata, özü də böyük hesabla.
   
    İndi sən yazırsan ki, İrəvanda bərabərlik oldu. Yazırsan ki, iki topu güclü, iki topu hiyləgər vurdu...
   
    Bərabərlik olmadı, dostum, bərabərlik olsaydı nə dərd vardı. Ermənilər Türkiyənin qapısını darmadağın elədilər, deşik-deşik elədilər. Bizim də ürəyimizi!
   
    Deyirsən ki, hər hansı bir hadisədən iki-üç dəfə yazanda şiti çıxır. Düz deyirsən, amma bu mövzu o mövzulardan deyil. Adamın cızdağını çıxarır, adamın atasın yandırır, özü də qəbirdəki atasın.
   
    Mən də belə qənaətə gəlmişəm ki, daha iki məqalə yazım və bir daha bu mövzuya qayıtmayım.
   
    Mövzuların birini Məmməd Araz verdi. Gecə əsəbimdən necə yatmışam heç xəbərim olmayıb, yuxuma gəlmişdi. Başımı sinəsinə qoyub sığalladı, xeyli öyüd verdi. Gedəndə də o xəstə canıyla nə qədər ağrım-acım vardı özüylə götürüb apardı. Yuxudan ayıldım, elə bildim quş kimiyəm. Yaxın günlərdə Məmməd Arazla aramda olan söhbəti nöqtə-vergülünəcən yazacam. Bu, dünyasını dəyişmiş adamla bir müsahibə deyil, atanın balasına verdiyi öyüddü, Türkiyəylə bağlı, türklərlə bağlı, yəni bizlərlə.
   
    Və bir də içimdə uzun illərdi gəzdirdiyim bir ağrını yazacam!
   
    Bir gözəl şarkı var ey: "Ölürüm, Türkiyə! Ölürüm, Türkiyə!" Türkiyə, biz səndən ötrü onsuz da ölürük, amma bizi belə çərlədib öldürmə də!
   
    Və ən böyük bizik, başqa böyük yox!
   
    Tanrı Türkiyəni qorusun!
   
    Tanrı Azərbaycanı qorusun!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO