adalet.az header logo
  • Bakı 7°C
08 Noyabr 2018 00:30
37805
ƏDƏBİYYAT
A- A+

ALEN DELON

Həyat üçün təhlükəli rollardan imtina etməyən cəsarətli aktyor

A.Delon 1935-ci il noyabrın 8-də doğulub. Onun atası Parisə yaxın olan kiçik şəhərcikdə kinoteatrın sahibi idi. Buradan təsəvvür etmək olar ki, Alen gənc yaşlarından hansı filmlərin büdcə üçün uğurlu və ya gəlir gətirməyən olacağını qabaqcadan hiss edirdi.
Bir neçə il əvvəl fransız kino tənqidçiləri tamaşaçılar arasında sorğu keçirən zaman Alen Delonu Fransa kinosunun bir nömrəli ulduzu olduğunu müəyyənləşdiriblər. Bu, ilk baxışda bəzilərinə qəribə görünə bilərdi. Ancaq fransız aktyoru Hollivud ulduzlarını Pol Nyumeni, Carlz Bronsonu, Frank Sinatronu, habelə klassik filmlərin qəhrəmanlarını oynamış məşhur Klark Geybolu və Harri Kuperi səs çoxluğu ilə geridə qoymuşdu. Sorğunun nəticəsi sevilən aktyorun karyerasını diqqətlə izləyənləri heç də təəccübləndirmirdi.

Sənətin zirvəsi

Demək lazımdır ki, Delonu sənətin zirvəsinə aparan yol heç də asan olmayıb. O, 17 yaşında olarkən valideynlərindən xəbərsiz könüllü olaraq ordu sıralarına daxil olub. Burada dostlaşdığı əsgərlərlə bərabər, o zaman Hind-Çin yarımadasında gedən müharibədə iştirak edib. Delon beş il orduda qulluq etdikdən sonra gəmi ilə Sayqondan Marselə gələrkən qanunsuz olaraq hərbi hissədən özü ilə gətirdiyi tapançaya görə həbs edilir. 1954-cü ildə Fransanın bu regionda işğalçılıq müharibəsinə son qoyduqdan sonra Alen vətənə qayıdır. Ancaq o nə işə məşğul olacağını özü də bilmirdi. Əgər xoş bir təsadüf, istedadlar axtarışında olan amerikalı prodüsser ilə görüş olmasa idi, Delonun gələcək həyatını təsəvvür etmək çətin olardı.

Delonun İtaliyaya ezamiyyəti

Təcrübəli amerikalı onun şux qamətini, cazibəli xarici görünüşünü və təbii artistlik məharətini gördükdən sonra sınaq çəkilişlərində iştirak etmək üçün Aleni Romaya göndərir. Sınaqlardan müvəffəqiyyətlə çıxan Alen Delon İtaliyada ardıcıl olaraq Rene Klemanın "Aydın səma altında" (1959), Lukino Viskontenin "Rokko və onun qardaşları" (1960) və Mikelancelo Antonioninin "Günəşin tutulması" (1961) filmlərə çəklilir. Qəzetlər onu "Xoşbəxt Delon" adlandırırdılar. Üç il ərzində üç müxtəlif rola çəkilməsi gənc aktyor üçün böyük uğur hesab olunurdu. Bəli, Alenin bəxti gətirib. Bunun üçün o, çox işləməli olub.
Məşhur rejissorlardan aldığı ustalıq dərsləri Alenin sonrakı uğurlarının təməl daşı olub. Onun oynadığı birja makleri Pyero (Günəşin tutulması") və Knyaz Tankredi ("Leopard") xüsusilə qeyd olunmalıdır. Hərəkətlərin plastikası, təbiiliyi və dinamizmi Delonun müxtəlif ampulalı rolları eyni dərəcədə yaxşı qarşılanıb. Həmin "baqaj"la Alen Delon Parisə qayıdır.
Təsadüfü deyildi ki, aktyora yeddi il müddətinə Hollivuda getmək təklif olunub. Lakin Delon təklif olunan müqavilədən imtina etmişdi. Onun fikrincə, vətəndə başlamaq daha yaxşı olar. O, uğur qazanacağına inanırdı. Müsahibələrinin birində Delon belə demişdi: "Çalışıram ki, tamaşaçı məni görünüşü "gözəl adam" kimi görməsin. Mən ulduz deyiləm, mən aktyoram. Doğrudur, müəyyən mənada qazandığım müvəffəqiyyət bir möcüzədir."
Yaradıcılığının təzəcə parlayan vaxtında Alen Delon tamaşaçı sevgisini qazanmaq üçün yaxşı şans əldə edir. Tale onu Qərbi Almaniya kinosunun gənc "ulduzu" Romi Şnayder ilə qovuşdurur. Rejissor Pyer-Qaspar Yunin "Kristina" filmində onlar baş rollara Romi (Kristina), Alen isə (leytenant Laudenbaxa) çəkilirlər. Film iki gəncin uğursuz məhəbbətindən bəhs edir. Çəkilişlər qurtarandan sonra Romi Şnayder Delonun adaxlısı kimi Parisdə qalır. 1968-ci ildə onlar ikinci dəfə birlikdə "Hovuz" adlı ekran əsərində baş rolları ifa ediblər. Aktyorların sonrakı yaradıcılıq taleyi ayrılıqda davam edib.
Heç şübhəsiz, Alen Delonu bəxti gətirən sənətçilərdən hesab etmək olar. Nəzərə alsaq ki, o, karyerasının başlanğıcında məşhur rejissorlardan əlavə, tanınmış və populyar aktyorlarla Bernar Bliye, Monika Vitti, Anni Jirardo və Jan Qabenlə filmlərdə tərəf müqabili olub. Belə olan halda onun istedadına şübhə etməmək olar.

İstedad və məsuliyyət hissi

Demək lazımdır ki, Delon hər bir rola çox ciddi və böyük məsuliyyətlə yanaşırdı. O, nəyin bahasına olursa-olsun, oynadığı rollarda, hətta həyat üçün təhlükəli olan tryukları da müstəqil, dublyorsuz oynamaq istəyirdi. Çəkilişlərin birində Alen yeddimərtəbəli binanın liftin şaxtasından trosla aşağı enməli oldu. Bu, onun peşəsinə səadqətinin və tamaşaçıya olan hörmətinin parlaq nümunəsi idi.
Delon rol seçiminə də çox diqqətlə yanaşırdı, yanlış notları, aldadıcı hərəkətləri ifa etməkdən qaçırdı.
A.Delon 100-dən artıq filmə çəkilib. Müxtəlif janrlı ekran əsərlərində o, həm müsbət, həm də mənfi xarakterli obrazları oynayıb. Bu mənada Alen Kavalyenin "İtaət etməyən" (1964) Tom Ripli obrazını qeyd etməyə dəyər. Çox güclü və ifadəli xarakterə malik legioner Ripli yenicə dünyaya gəlmiş qızını görmək üçün Əlcəzairdə gedən işğalçı müharibədən qaçır.
Yolda o, ardınca düşənlərdən canını qurtarmaq üçün çoxaylı maneələri dəf etmiş olur. Hadisələr güclü dramatizmlə davam edir. Tom Ripli yaralı halda son gücünü toplayaraq mənzilinə çatır və kənardan övladının oynadığını görüb, huşunu itirərək yerə yıxılır.
Alen Delonun yaratdığı fəal insan xarakterləri onun ekran obrazlarının xüsusiyyəti kimi hesab etmək olar. Aktyor daim "hərəkətdə" olmağı; qaçmağı, savaşmağı, atışmağı, şəhərin küçələrində avtomobili böyük sürətlə sürməyi və cin kimi çevik və zirək olmağı sevir. Çoxsaylı pərəstişkarları da onu belə görmək istəyirdi.

Sevilən aktyor

Jan Pyer Melvilin "Samuray" (1967) kinofilmində Delon muzdlu qatilin rolunu oynayıb. Filmdə onun demək olar replikası yoxdur. Buna baxmayaraq, o, izləyicinin diqqətini qorxulu "peşə" ilə məşğul olan qəhrəmana cəlb etməyi bacarıb. Xose Covanninin "Bumeranq" (1976) filmində isə keçmişdə qanqster, sonralar uğurlu işbaz olan şəxsin həyatı təsvir olunub. O, xəstə oğlunu ölümdən xilas etmək üçün narkotik qəbul etdikdən sonra polisi öldürür və əvvəlki kimi qanunla "mübarizə yoluna" qayıdır. "Bumeranq" kinolenti valideynlərin övladlarının taleyi üçün ciddi problemin olmasını qarşıya qoyur.
"Polisin sözü" (1985) ekran əsərində Delon, öldürülmüş qızının intiqamını alan keçmiş komissarın rolunu oynayıb. Dəhşətli qətl səhnələrinin həddən artıq olduğuna görə senzura 13 yaşından kiçik olanlara filmə baxmağa qadağa qoymuşdu. A. Delon bu filmlə məqsədinə nail olmuşdu. Axı, o, həm də prodüser idi. Bir-iki filmin prokatda uğursuz nümayişindən sonra "Polisin sözü" Fransadan kənarda da yaxşı qazanc toplaya bilmişdi. Məlumat üçün deyək ki, Alen Delon 1981-ci ildə "Polisin ölümü üçün" və 1983-cü ildə "İtaət etməyən" filmlərinin quruluşçu rejissoru da olub.
A. Delon bəzən kiçik rollarda, lakin obyektiv məna kəsb edən filmlərə çəkilməyə razılıq verirdi. Rejissor A.Alov və V.Naumovun quruluş verdiyi "Tehran-43" filmində üç böyük dövlət başçılarına sui-qəsd hazırlamağa çalışan cəsusların tapılması və baş verəcək hadisələrin təhqiqatı ilə məşğul olan və nəticədə öldürülən polisin rolunu oynayıb.
Bundan əlavə "Svannanın məhəbbəti" filmində baron Şarlyüsün roluna da çəkilib. Deyirlər balaca rollar olmur, balaca aktyorlar olur... Delon bunu unutmur.
Alen Delon çəkildiyi digər filmləri ilə də dünya kinosevərlərinin sevgi və məhəbbətini qazanıb. "Qara zanbaq", "Zorro", "Siciliya mafiyası", "Şəhərdə iki nəfər", "Zirzəmidən eşidilən melodiyalar", "İtmiş komanda" (ABŞ), "Əlvida, dost", "Barsalino" və digər ekran əsərləri Delonu kino sənətinin məşhurları çərgəsində layiqli yer tutmağa haqq qazandırıb.1986-cı ildə A.Delon ədəbiyyat və incəsənətdə göstərdiyi xidmətlərə görə Fransanın Fəxri Legion ordeninə layiq görülüb.
Çıxışların birində Delon demişdi ki, kinematoqrafiya sərhəd tanımır və o, kinonu beynəlmilləşdirməyin tərəfdarıdır.