ANA SƏHİFƏ / YAZARLAR

TÜRKİYƏ FƏLAKƏTDƏN QURTULDUMU?!

18709    |   2007-05-03 23:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qazi Mustafa Kamal paşa Atatürk deyir: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Elə bizim üçün də Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdi. Ulu Öndərimiz Heydər Əliyev də deyir: "Biz bir millət, iki dövlətik". Təbii ki, bizim millətin ikinci dövlətində baş verən hadisələrə biganə qala bilmərik. Yəni bu gün Türkiyədə baş verən olaylar Azərbaycan xalqının da diqqət mərkəzindədi. Çünki çox yaxşı bilirik ki, nə qədər bizə dost deyən çox olsa, qardaş deyən çox olsa da, Türkiyə sözün elə əsl mənasında qardaşdı. Qardaş nə qədər güclü, qüdrətli olarsa, nə qədər söz sahibi olarsa, o biri qardaş və ya qardaşlar da bir o qədər güclü və qüdrətli olur. Yəni bu gün dünyada baş verən hadisələrə baxsaq görərik ki, Türkiyə ilə Azərbaycan qardaş kimi kürək-kürəyə verib özlərini çaqqal-çuqqaldan, tülküdən qoruyurlar.
   
   Türkiyədə dosta "arkadaş" deyirlər. Bu sözün türklərdə məna çalarını dəqiq bilmirəm, amma mən nədənsə həmişə fikirləşirəm ki, arkadaş - yəni bir insanın kürəyində, arxasında dayanan, söykənib düşmənlə vuruşa biləcəyi bir daş, bir sal qaya nəzərdə tutulur. Yəni arkadaş sənin söykəndiyin və güvəndiyin bir daşdır, qayadır. ?özəldir. İndi Türkiyə ilə biz həm qardaş, həm də arkadaşıq. Və təbii ki, arka daşımız yuxarıda qeyd etdiyim kimi, nə qədər qüdrətli olsa Azərbaycan da özünü bir o qədər qüdrətli sayar və özünü rahat hiss edər.
   
   Və son zamanlar arka daşımızda baş verən olaylar bizi üzür. Son neçə gündür ki, bəzən səhər saat 4-5-ə qədər türk kanallarını izləyirəm. Türkiyənin başı həmişə siyasətçilərindən bəla çəkib, ağrı çəkib. Xüsusilə son 30 ildə. Təbii ki, mən Turqut Özalı, Süleyman Dəmirəli, Alparslan Türkeşi istisna edirəm. Və siyasətçilər Türkiyənin başını yenə dərdə soxublar, həm iqtidarda olanlar, həm də ana müxalifətdə olanlar. Qoltuq davası dünyanın yenidən bölüşdürüldüyü bir zamanda, xristian dövlətlərinin Türkiyəni parçalamaq, məhv etmək üçün, kölə vəziyyətinə salmaq üçün dəridən, qabıqdan çıxdığı bir zamanda millət davasından, Türkiyə davasından və türkçülük davasından önə çıxıb. Və bu siyasətçilər bir yerdə oturub bir yol aramaqdansa, bir-birlərinə küfr yağdırır, bir-birlərini ittiham eləyir, arada da kasıbınkı qırılır, yəni millətinki.
   
   AK parti hakimiyyətdə olduğu dörd il yarım müddətində Türkiyəni ak günə çıxara bilmədi. Türkiyədə gedən az-çox inkişaf heç də iqtidarın fəaliyyəti ilə deyil, ümumiyyətlə, dünyada gedən inkişafla, proseslərlə bağlıdır. Bu illər ərzində Türkiyədə ölkənin iqtisadiyyatında çox mühüm rol oynayan iki önəmli, türklər demiş, proje olubsa, bu da Ulu Öndər Heydər Əliyevin xidməti sayıla bilər: Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Ərzurum qaz kəməri.
   
   AK parti Türkiyəni Avropaya apara bilmədi. Amma düzdü, bunu bütünlüklə AK partinin ayağına yazmaq allahsızlıq olar, Avropa Türkiyəni istəmir. AK parti terrorun qarşısını kəsə bilmədi, inflyasiyanın qarşısını ala bilmədi, bölücüləri yerində oturda bilmədi. İraq məsələsində elə böyük bir səhvə yol verdi ki, Türkiyə bu səhvi 50 ilə düzəldə bilməz. AK partinin dövründə türk əsgərinin başına çuval keçirtdilər. Çox dəhşətli bir hadisə idi, 3-4 min illik döyüş təcrübəsi olan, yer üzündə 17 imperiya qurmuş bir millətin əsgərinin başına çuval keçirtdilər.
   
   Və bir daha deyirik, AK parti Türkiyəni ak günə çıxara bilmədi, əksinə, vəziyyəti bu hala gətirib çıxardı. İndi də dəvədən düşüb, amma höt-hötünü yerə qoymur. Cümhurbaşkanlığı seçimində aldığı ağır zərbədən sonra bir uzlaşmaya gəlməkdənsə yenə dirənib və az qala ölkəni 80-ci illərə sürüklədi. Və nəticədə Türk Silahlı Qüvvətləri hər kəsi yerində oturtmaq üçün bəyanat vermək məcburiyyətində qaldı. Təbii ki, əsgərin işə qarışması Türkiyə demokratiyasına kənardan baxanda böyük bir zərbədi. Yəni indiki dünyada dünya bunu qəbul eləməz. Amma dünyanın bunu necə qəbul edib-etməyəcəyi Türk ordusunu o qədər də maraqlandırmır. Türk ordusunu onun dövləti, onun milləti maraqlandırır, Türkiyənin yaşaması maraqlandırır. Yəni Türkiyəni məhvə sürükləyən bir demokratiya, Türkiyə olmasın, olsun hər hansı dövlət, heç kimə lazım deyil. Demokratiya insanların, millətin daha xoşbəxt yaşaması üçün lazımdır, dövlətin və ölkənin məhv olması üçün yox.
   
   Amerikada və Avropada demokratiya onların özlərinə sərf eləyən bir demokratiyadır. Əgər həmin demokratiya bu dövlətlərin dövlətçiliyinə bircə qıça zərbə vursa, o demokratiyaya tüpürərlər. Və onlar tüpürdükləri demokratiyanı Türkiyəyə, eləcə də digər Şərq dövlətlərinə, o cümlədən Azərbaycana da sırımaq istəyirlər və sırıyırlar. Polisin küçədə bir adama zorakılığını insan haqlarının pozulması kimi dəyərləndirən və "qoymayın Azərbaycanda insan haqları pozulur" deyə bağıran, amma yurdları-yuvaları viran qalmış, bir milyon insanın haqqının-hüqununun tapdanmasına göz yuman Amerika və Avropa demokratiyasına tüpürüm.
   
   Bəli, Türkiyə ağır günlərini yaşayır, bu bizi ağrıdır və qorxudur. Amma Tandoğan və Çağlayan meydanlarında dövlətçiliyi qorumaq üçün milyonların "Türkiyə layiqdir, layiq qalacaq!"-deyə hayqırması bir qədər bizi toxdadır. Yəni Vaqif Bayatlı Odərin təbirincə desək, türk milləti min illərin gün işığı kimidi, nə qədər basdırsan, yenə torpağın üstündə qalar!
   
   Bəli, indi Türkiyədə mayın 6-da parlamentdə cümhurbaşkanlıq seçiminin yeni oylaması keçiriləcək. Məlum olduğu kimi, bir neçə gün öncə keçirilən oylamada 367 millət vəkili iştirak etmədiyi üçün (Anayasaya görə cümhurbaşkanlığı seçimi zamanı parlamentdə 367 millət vəkilinin iştirakı mütləqdir, birinci oylamada isə 361 nəfər var idi) Anayasa birinci tur oylamasını ipdal etdi, yəni ləğv etdi. Və bundan sonra erkən seçim söz-söhbəti böyüdü. Türkiyədə parlament seçkiləri dekabr ayında keçirilməlidir, ondan əvvəl keçiriləcək hər hansı seçkiyə erkən seçim deyirlər. Xatirinizdədirsə, bundan əvvəlki DSP və MHP-nin koalisyon hökuməti zamanı belə bir erkən seçimə gedilmişdi və nəticədə AK parti qalib gəlmişdi. İndi erkən seçim iyunun 24-nə nəzərdə tutulur. Amma bu, hələ qəti qərar deyil. Çünki mayın 6-da parlamentdə cümhurbaşkanı seçimi üçün yenidən oylama olacaq. Amma hadisələrdən görünür ki, bütün hallarda Türkiyə erkən seçimə gedəcək.
   
   İnanırıq ki, uca Türk milləti bu fırtınalardan layiqincə çıxacaq. Özünə layiqli bir parlament quracaq və özünə də layiqli bir cümhurbaşkanı seçəcək: Atatürkün yolunu davam etdirən bir cümhurbaşkanı. Türkiyənin iqtisadi inkişafına, özü də sıçrayışlı bir iqtisadi inkişafına nail olmuş Turqut Özal kimi. Və Türkiyəni belə duruma gətirib çıxaran siyasətçiləri də arxivə göndərəcək.
   
   Tanrı Türkü qorusun!
   
   
   
   


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-11-20
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK