ANA SƏHİFƏ / YAZARLAR

Avtobusda sərnişin yox, mal-qara aparan sürücü - Eminquey yazır

6470    |   2018-10-16 10:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Metrodan istifadə etməyi sevmirəm. Çox vaxt işə məcburiyyətdən metro ilə gedəsi oluram. Məncə avtobusla yol getmək daha maraqlıdır, nəinki yerin altında qaranlıq tunellərlə. Bu gün avtobusda maraqlı bir hadisənin şahidi oldum. Oturduğum yerdən qalxıb yanı uşaqlı bir qadına yer verdim. Təbii ki, uşaq oturası oldu. Bir az keçdi, həmin uşaq qalxıb əli poşet dolu bir qadına yer verdi. Bir az da keçdi. Əli dolu qadın qalxıb yaşlı bir kişiyə yer verdi. Sonra...

Yanlarında durduğum qadınların səsini eşidirəm:

- Ay qız, elə bilirsən, indiki dövrdə uşaq saxlamaq asandı? Bunun pampersi var, geyimi var. Uşaq da elə sürətlə böyüyür ki.

- Hə valla, düzdü. Qardaşım da tələsir də. Başa sala bilmirik ki, nə qaçhaqaçdı. Gərək bu dəqiqə evlənəsən?

Qəfil avtobus necə yelləndisə...

- A kişi, bax, sənin yolun deyildi axı, niyə camaatın yoluna girirsən? – deyə bir kişi hirsləndi.

Sürücü yekə-yekə:

- Ə, nə deyirsən e sən?

- Deyirəm ki, adam aparırsan avtobusda, mal-qara yox. Qaydanı niyə pozursan? Kim icazə verib sənə?

- Əşşi, sən bilməzsən. Bizə icazə verilib.

Bu vurhavurda yerlərdən biri boşaldı. Çiynimdəki çanta məni yordu deyə oturdum. Bir anlıq ətrafdan qopdum. İçimdə özümlə danışmağa başladım.

- Fikir ver, biz bütün fərdi oyunlarda özümüzü daha yaxşı göstərə bilirik, komanda işi isə bizdə alınmır. Bax da, görmürsən futbolçularımız uğur əldə edə bilmir?

- Niyə ki, sən niyə belə bədbinsən? Məsələn, biz "hər yer ədəbiyyat” şüarını komanda şəklində ərsəyə gətirmədikmi? Sən ancaq bədbinlikləri görürsən, incimə.

Avtobus elə dayandı ki, dedim, yəqin hansısa maşına girmişik.

Başımı qaldırıb qabağa baxanda yanı uşaqlı bir qadının başımın üstündə durduğunu gördüm. Deyəsən, bayaqdan yer verməyimi gözləyirdi. Ayağa qalxıb yer verdim. Məmnunluqla uşağını otuzdurub başının üstündə dayandı.

İçəri cındırından cin ürkən bir oğlan girdi. Əlində cib dəsmalı (salfet) paketləri var idi.

- Nə olar, uşağım xəstədi, "salfetka” alın, biri 20 qəpiyə.

Yenə içimdə özümlə danışmağa başladım.

- Bu da ki, ta dilənirsən, dilən də. Cib dəsmalı adı ilə pul istəmək nə deməkdir? Kimə lazımdır o cib dəsmalı?

Özümə hirsləndim:

- Dayan görüm e, yenə nə bədbinliyinə salmısan? İndi adam hər kimdi, sənə nə? Pis bir iş görür? Cib dəsmalı satır da.

- Yox, satsaydı başa düşərdim, bu satmır e, dilənir. Cib dəsmalı bəhanədir.

Susdum...

Bayaq durduğum yerdə gözüm qalıb.

Əli dolu bir qadın səndirlənə-səndirlənə yaxınlaşdı həmin yerə. Anası uşağa:

- Sənə nə öyrətmişdim?

Uşaq bunu eşidən kimi ayağa qalxıb qadına yer verir. Qadınsa oturar-oturmaz uşağın başına sığal çəkib "çox sağ ol, ağıllı bala” deyir. Mən isə bu məmnunluq səhnəsindən fikrimi ayırıb avtobusun pəncərəsindən çay kimi axıb gedən səkini izləyirəm. Hər şey o qədər sürətlə baş verir ki...

Bir nəfər gəlir, yapışdığım dirəyə söykənir. Barmaqlarımın üstündə onurğasının fəqərələrini hiss edirəm. Getdikcə əlimin üzü ağrıyır. Adamsa həm yapışdığım dirəyə yayxanıb, həm də iki əli ilə sallanan tutacaqdan yapışıb. Ayaq üstdə dayanmaqdan ötrü bu qədər əzab-əziyyət çəkən adamı kürəyindən dümsükləyirəm. Deyəsən, bu adama əməlli-başlı mane oldum. Baxışları o qədər sərt idi ki. Başını silkələyir. Gördüm ki, sual verməyə ərindi. Başını silkləməyini "nə olub?” sualı kimi başa düşüb cavab verdim:

- Qardaş, əlimin üstündə uzanıbsan.

Duruxdu.

- Yəni imkan ver, bu dirəkdən rahat yapışım.

Nə əcəbsə başa düşdü, çəkildi kənara.

Fikrimsə hələ də bayaq durduğum yerdə qalıb.

Poşetlərini qucağında saxlayıb oturan qadın halından o qədər məmnun idi, deyərdin buğda yeyib, cənnətə düşüb. Ta ki, avtobusa minən çəlimsiz bir qocanın onun oturduğu yerə yaxınlaşmasına kimi. Avtobusda qəribə bir hərəkət dili formalaşıb. Daha heç kim heç kimə hirsli baxışlarala baxıb yer istəmir. Hamı belə də olmalıymış kimi öz yerindən imtina edir. Elə bizim bu qadın da ayağa qalxır, kişiyə yer verir. Kişi dillənir:

- Əyləş, bacı, ehtiyac yoxdur.

- Yox, onsuz da mən biraza düşəcəm. Əyləşin. – deyə qadın israr edir.

Beləcə qoca da məmnun olur. Amma guya hamımız bu avtobusa düşmək üçün minməmişikmi?

Çöldəki qarmaşalıq, avtobusdakı sakitlik bir müddət beləcə davam edir. Fikrimi-zikrimi durduğum yerdən yığışdırıram, düşmək vaxtıdır. Axırıncı dayanacaq! Avtobusdan bir-bir düşürük. Amma hələ də yol boyu baş verənlər məni düşündürür.

Qəribə deyilmi? Bir oturacaqda belə insan həyatını müşahidə etmək olur.

"Oturduğum yerdən qalxıb yanı uşaqlı bir qadına yer verdim. Təbii ki, uşaq oturası oldu. Bir az keçdi, həmin uşaq qalxıb əli poşet dolu bir qadına yer verdi. Bir az da keçdi. Əli dolu qadın qalxıb yaşlı bir kişiyə yer verdi. Sonra...”.

Uşaq, qadın, qoca...

Uşaqlıq, gənclik, qocalıq...

Dünya da belə dolub-boşalır, boşalıb-dolur...




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK