ANA SƏHİFƏ / MARAQLI

Bütün yollar Romaya aparır

4277    |   2018-09-25 14:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Roma təkcə İtaliyanın paytaxtı deyil, həm də dünyanın ən qədim şəhərlərindən biridir. Roma açıq səma altında əsl muzeydir. Burada bir neçə min il əvvəl insanların necə yaşaması göz qabağındadır. Roma Tibr çayının sahillərində yeddi təpənin üstündə yerləşir. Onu Əbədi şəhər adlandırırlar. Axı, onun təqribən 3 min il yaşı var. Qədim əfsanəyə görə, Romanın bünövrəsini dişi canavarın süd verib bəslədiyi Romul və Rem adlı iki qardaş qoyub. Şəhərin hasarını tikən qardaşlar arasında mübahisə düşüb: görəsən, şəhər kimin olacaq? Qəzəblənən Romul Remi öldürüb və gələcək paytaxta öz adını verib: Roma. Beləcə, Romul Romanın yeddi hökmdarından biri olub. Ticarət yollarının kəsişməsində əlverişli bir yerdə yerləşən şəhər isə zaman keçəndən sonra qüdrətli Roma İmperiyasının paytaxtına çevrilib.

Qədim Romanın sakinləri plebeylərə (rəiyyət) və patrisilərə (kübarlar) bölünüb. İstər plebeylər, istərsə də patrisilər ümumi hamamlara (termalar) getməyi və qladiator döyüşlərinə baxmağı sevirmişlər. Bu döyüşlər əsl müharibə meydanı idi. Aylarla davam edən bu döyüşlərdə təqribən 20 000 adam iştirak edib. Məsələn, imperator Trayanın təşkil etdiyi döyüş 123 gün davam edib. Qladiatorlar təkcə öz aralarında deyil, həm də məxsusi olaraq Afrikadan Romaya gətirilən vəhşi və yırtıcı heyvanlarla döyüşürdülər. Qladiator döyüşləri keçirmək üçün Romada və bütün imperiya boyu xüsusi meydanlar yaradılıb, dəniz döyüşləri keçirmək üçün bu meydanları su ilə doldururdular. Eramızın 80-ci illərində romalıların əsas əyləncə yeri Kolizey olub. Kolizey latın sözü "colosseus”-dən törəyib "nəhəng, əzəmətli” deməkdir. Antik dövrün ən böyük amfiteatrı indiyə qədər turistləri öz ölçüləri mat qoyur.



Roma çox gözəl şəhərdir, amma burada gəzib-dolaşmaq asan deyil. İtaliya paytaxtında metronun cəmi iki qolu çəkilib, çünki Romanın altında çox qədim məzarlıqlar yerləşir. Onları katakomba adlandırırlar. Romanın altında 150-170 kilometr məsafədə divarlarında dəfn üçün oyuqlar olan yeraltı yollardan ibarət labirintlər uzanır. Əlbəttə, Romada qədim tikililərə təkcə yerin altında təsadüf edilmir. Burada hər addımbaşı teatrların qalıqlarına, zəfər tağlarına və sütunlara, məbəd və şəhər villalarına təsadüf edirsən. Xarabalıqlar sayəsində 2000 il əvvəl Roma İmperiyasının paytaxtının necə olmasını təsəvvür etmək mümkündür. Qədim Romanın düz ortasında Roma Forumu yerləşir: ən qədim tikililər — Vesta məbədi, Saturn və Vulkan səcdəgahları, Septimi Sever tağı və bir çox qədim abidələr buradadır. Bu meydan vaxtilə ictimai həyatın mərkəzi olub.

Romalılar forumu inşa etməmişdən əvvəl düzənlikdə qurutma kanalları çəkiblər. Zaman keçdikcə bu kanallar indiyə qədər saz vəziyyətdə olan kanalizasiyaya çevrilib. Qədim Romada su kəməri də olub. İndiyə qədər bulaq suyu kiçik küçə fəvvarələrinə qədim akveduklar vasitəsilə daxil olur. Bu suyu həm turistlər, həm də şəhər sakinləri böyük məmnuniyyətlə içirlər.

Romada gəzib-dolaşarkən təsadüfən İtaliyanın hüdudlarından kənara çıxıb başqa ölkənin ərazisinə düşə bilərsən. Qədim şəhərin düz mərkəzində Vatikan dövləti yerləşir. Vatikan dünyanın yeganə ölkəsidir ki, burada hakimiyyət bir adamın – Roma Papasının əlində cəmləşib. Vatikanın ərazisi çox kiçikdir. Onun ərazisini piyada bir saatdan az müddətdə gəzib-dolaşmaq olar. Miniatür ölçülərinə görə Vatikanı hətta cırtdan dövlət adlandırırlar. Vatikanın öz gerbi, bayrağı, öz qvardiyası və hətta öz dili (latın dili) var. Dünyanın ən kiçik dövlətində qəzetlər çıxır. Onun öz radiosu, hətta öz dəmir yolu var. Doğrudur, onun uzunluğu cəmi 275 metrdir.

Romanın ən çox maraq doğuran 15 görməli yeri



1. Venesiya meydanı və Kapitoli

Venesiya meydanı Romanın əsas meydanıdır. Venesiya Sarayı məhz bu meydanda yerləşir, adını da elə buradan götürüb. Mərkəzdə yerləşdiyi üçün turistlərin əsas ekskursiya marşrutları bu meydandan başlayır. Quldarlıq və orta əsrlər dövrlərinə aid bir çox abidələr, o cümlədən Kapitoli təpəsi, Roma forumu onun yaxınlığında yerləşir.

2. Roma forumu

Roma forumu Venesiya meydanının yaxınlığındadır. Qədim dövrlərdən başlamış eramızın I əsrinə qədər iqtisadi, ticari və siyasi amillər baxımından məhz bu yeri Romanın qəlbi adlandırıblar. Burada məbədlərin, məhkəmə zallarının və bir çox digər tikililərin qalıqlarını görmək olar.

3. Böyük sirk (Çirko Massimo)

Xarabalıqları bizim günlərə gəlib çıxan Böyük sirk romalıların əyləncə yeri olub. Bu sirkdə cəng arabalarında yarışlar, at yarışları keçirilir, cürbəcür tamaşalar təşkil olunurmuş. Sirkin arenası başdan-başa heykəllər, sütunlar və fəvvarələrlə bəzədilib.

4. Panteon

Romanın daha bir görməli yeridir. Onu qədim memarlığın şah əsəri adlandırırlar. Uzun əsrlər arxitekturası və ideal proporsiyaları insanları valeh edib. Əvvəllər bütpərəst məbədi olub, sonralar Santa Mariya Della Rotonda xristian bazilikasına çevrilib. Fərqləndirici xüsusiyyəti onun günbəzidir.

5. Xalq meydanı (Piazza del Popolo)

Xalq meydanı Müqəddəs Pyotr meydanından sonra Romanın ən tanınmış küçəsidir. İstər meydanın özündə, istərsə də ətrafında çoxsaylı mədəni-tarixi abidələr — kilsələr, fəvvarələr, Romanın qədim və müasir tarixini əks etdirən obelisklər yerləşir. Bayram tədbirləri çox vaxt məhz bu meydanda keçirilir.

6. Trevi fəvvarəsi

Trevi fəvvarəsi həqiqətən də həm İtaliyanın, həm də dünyanın ən gözəl fəvvarələrindən biridir. Çanaqda dayanıb başında tritonların (qədim yunan əsatirində yarı balıq, yarı insan bədənli allah) durduğu atlar qoşulmuş cəng arabasını idarə edən Okean allahının heykəli fəvvarənin əsas bəzəyidir. Bu fəvvarə ilə bağlı məşhur ənənə var. Həmin ənənəyə görə, gözlərini qapayıb sağ əlin ilə sol çiynindən fəvvarəyə metal pul atmalısan. Pul fəvvarəyə düşsə, deməli, Romaya qayıdacaqsan. Bu ənənəyə çoxları inandığı üçün fəvvarəyə yetərincə pul atırlar. Şəhərin hakimiyyət orqanları da bu pulları toplayıb xeyriyyə işlərinə yönəldirlər.

7. Navon meydanı

Uzun illərdir Navon meydanı istər yerli sakinlərin, istərsə də turistlərin sevimli görüş yeridir. Çoxsaylı italyan kafeləri, küçə rəssamları, karikaturaçılar və musiqiçilər bu meydanda özünəməxsus aura yaradırlar. Qışda burada rəngarəng Milad yarmarkaları keçirilir. Gəzməli-görməli yerləri isə nəyə desən dəyər: Dörd çay, Mavr, Neptun fəvvarələri, habelə Müqəddəs Aqnessa kilsəsi meydanın ən baxımlı yerləridir.

8. Müqəddəs Pyotr meydanı

Şəksiz ki, Müqəddəs Pyotr meydanı da Romanın ən görməli yerlərindən biridir. Meydanın mərkəzində 284 sütunla əhatə olunmuş Müqəddəs Pyotr bazilikası ucalır. Möhtəşəm fasadı sayəsində bu bazilika dünyanın ən böyük kilsələrindən biri sayılır. Deyilənə görə, məbəd apostol Pyotrun dəfn olunduğu yerdə inşa edilib və zaman-zaman Mikelancelo, Bernini və Bramante kimi dahi rəssamlar və heykəltəraşlar tərəfindən modernləşdirilib.

9. Appian yolu

Appian yolu Roma İmperiyasının möcüzələrindən biridir. 540 kilometr uzunluğunda bu yol Romanın düz mərkəzindən Aralıq dənizinin sahilinə — liman şəhəri Brindiziyə qədər uzanır. Hazırda tarixi abidə sayılır. Sərdabə, kolumbari, qəsr, qala və yeraltı katakombaların mənzərəli xarabalıqları bu antik yola unudulmaz görkəm verir.

10. Karakalla hamamı

Karakalla hamamı qədim dövrlərdə ən iri termal kompleks olub. Hər gün minlərlə adam çimib təmizlənmək və lazımlı adamlarla ünsiyyət qurmaq üçün bu hamama gəlirmiş. Hazırda qədim hamam tarix-memarlıq abidəsidir. Yay mövsümünü Roma Operasının burada keçirir.

11. İspan pilləkəni

Avropanın bu ən gözəl pilləkəni hətta ən dünyagörmüş səyyahları da mat qoyur. İspan meydanından başlayan pilləkən Pinço təpəsinə yönəlir. Onun 138 pilləsinin eni bütün pilləkən boyu dəyişir. İspan pilləkəni həm Romanın qonaqlarının, həm də yerli sakinlərin ən sevimli görüş və gəzinti yeridir.

12. Vatikan

Vatikan dövlət içində dövlətdir. Bütün katoliklərin can atdığı bu şəhər-dövlət Romanın ürəyində yerləşir. Bu kiçik ərazidə gəzməli-görməli yerlərin sayı heç də az deyil. Buradan Müqəddəs Pyotr kilsəsinin müşahidə meydançasına qalxıb bütün Romanı quş uçuşu yüksəkliyindən seyr etmək olar.

13. Sikstin kapellası

Sikstin kapellası İtaliya İntibahının şah əsərlərindəndir. Vatikanın ərazisində, Müqəddəs Pyotr kilsəsinin yanında yerləşir. Sikstin kapellası ilk növbədə böyük İtaliya rəssamlarının yaratdıqları dahiyanə freskalarla bəzədilmiş daxili tərtibatı sayəsində məşhurdur.

14. Kolizey

Romanın ən gözəl xarabalığı Kolizey dünyanın ən möhtəşəm tarixi abidələrindən biri sayılır. Roma İmperiyası dövründə qladiatorlar üçün ölüm-dirim meydanı olan Kolizey şəhərin tən ortasında yerləşir, qədim tarixi və mürəkkəb arxitekturası ilə hər il milyonlarla turist cəlb edir. Hətta VIII əsrdə yaşamış filosof Beda Dostopoçtennı deyib: "Kolizey durduqca, Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa, o vaxt da Roma, onunla birlikdə isə bütün dünya məhv olacaq".

15. Borgeze villası

Romanın mərkəzindən şimalda yerləşən valehedici landşaft parkı belə adlanır. XVIII əsrdə inşa edilən bu mənzərəli saray kardinal Kamillo Borgezeyə məxsus olub. Hazırda Roma sakinlərinin və qonaqlarının sevimli gəzinti yeridir. Villanın mərkəzində Borgeze qalereyası yerləşir.


Tərcümə etdi Eminquey


İmza:Eminquey
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK