ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

83450    |   2018-09-17 11:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müsahibimiz fikirlərilə cəmiyyətdə birmənalı qarşılanmayan tanınmış ilahiyyatçı Elşad Miridir. Elşad Miri oxucuların və eləcə də bizim suallarımızı cavablandırıb.

Adalet.az saytı Elşad Miri ilə müsahibəni sizə təqdim edir.


Həcc ziyarəti paltaryuyan maşındır ki, günahını yuyasan


- Elşad bəy, hər il müxtəlif ölkələrdən bir xeyli adam Həcc ziyarətinə göndərilir. Elə insanlar var, on beş, iyirminci dəfədir ki, ziyarətdə olur. Ümumiyyətlə, Həcc ziyarəti İslam dinindən gələn adət-ənənədir, yoxsa vacib əməl?

- Allah Quranda deyir ki, kimin gücü çatırsa, ziyarət etsin. Gücü çatmırsa, deməli məcbur deyil. Bugün qiymətləri müəyyənləşdirəndə görürük ki, bir nəfərin ziyarəti 4000 dollardan baha-başa gəlir. Bizim pula çevirəndə daha da artıq. Və əgər bir dəfə ziyarətdə olmuş adam ikinci dəfə də ziyarət edirsə, ondansa bir tələbənin təhsil haqqını ödəməyə kömək etsə daha məqsədəuyğundur. Hətta bəzi alimlər ikinci dəfə ziyarətə getməyi israf sayırlar. Əgər Məhəmməd peyğəmbər oralarda yaşamağına baxmayaraq ömründə bir dəfə Həccə gedibsə, bugün bizim hər il ziyarətə getməyimiz nə dərəcədə doğrudur? Həcc ziyarəti paltar yuyan maşındır ki, biz hər il gedib orada günahlarımızı yuyaq? Bu gün ziyarətlər ancaq Zilhiccə ayında təşkil olunur, amma Quranda bu "əşhur” olaraq, yəni bütün aylara aid olunur. Mina deyilən yerdə çadırlar var ki, o çadırlar yalnız Zilhiccə ayında tamamilə dolur. Bu gün nə qədər müsəlman qaçqınlar var, çadırların boş qaldığı vaxtlarda müsəlmanları orada yerləşdirmək olar. Amma təəssüflər olsun ki, bugün bunlara fikir verən yoxdur.

- 17 min aləm varmı?

- Quranda belə bir şey yoxdur. "Əlhəmdülilləhi Rəbbil Aləmin” deyiləndə sadəcə bütün aləmlərin rəbbi olduğu deyilir.


Homoseksuallara cəza tətbiq olunmalıdır...


- Homoseksullıq barədə bilirsiniz. Bunu xəstəlik kimi də qəbul edirlər, xəstəlik olmadığını da deyirlər. Bəs, İslam necə qəbul edir?

- Quranda konkret olaraq Lut peyğəmbərlə bağlı məsələ qeyd olunur. Ondan əvvəl heç kimin etmədiyi bir işi etdikləri deyilir. Onların Lutun gətirdiklərini qəbul etmədiklərinə görə cəzalandırıldığı deyilir. Amma homoseksuallığı xəstəlik kimi qələmə versəz, insanlarda belə bir düşüncə yarana bilər ki, sabah mən də bu cür xəstələnə bilərəm. Bu bir xəstəlik deyil. Bu əxlaqsızlığın başqa bir adıdır. Əgər araşdırsanız, görərsiniz ki, bu xəstəliyə hansı insanlarda meyillilik artır. İslam dinində isə bu barədə heç bir şey yoxdur və heç bir cəza da qeyd olunmayıb.

Amma Quranda zina edənlərə qarşı cəza var və bu cəza o zaman tətbiq olunur ki, onların əməlinin şahidləri var, ya da cəmiyyət içində açıq-aşkar ediblər. Bu gün homoseksuallara da bu cəza tətbiq oluna bilər.


- Elə insanlar var ki, sonsuzdurlar və ailə həyatı qururlar, uşaqları olmur. Onlara təklif olunur ki, süni mayalanma ilə uşaq dünyaya gətirsinlər. Din bunu necə qarşılayır?

- Bu heç bir şəkildə doğru şey deyil. Bu gələcəyi məhvə aparan anlayışdır. Baxsanız, görərsiniz ki, süni mayalanma yolu ilə dünyaya gələn uşaqların yaşı elə də çox deyil. Həm də bu yolla uşaq dünyaya gətirmək atalıq-analıq mexanizmini aradan qaldırır. Başa düşüləndir, ata olmaq, ana olmaq təbii hissdir. Bunu heç kim inkar etmir. Nəzərə alsaq ki, atası-anası tərəfindən atılan bu qədər uşaq var, onları övladlığa götürməkləri daha məqsədəuyğundur, nəinki bu yolla uşaq dünyaya gətirmək. Bəs, atılmış uşaqların aqibəti necə olsun? Onların da nəvazişə, ata-ana qayğısına ehtiyacı var axı.

- Quranda Allahın dünyaya nəzarəti haqqında nəsə varmı? Məsələn, deizim deyir ki, Allah dünyanı yaradıb və çəkilib kənara, onun işinə qarışmır.

- Baxın, bu gün işləməyək, heç nə etməyək, Allah bizi qidalandıracaqmı? Təbii ki, yox. Qurandan misal gətirim. Məryəm anamıza buyurulur ki, altında oturduğun ağacı silkələ. Yəni səy göstər ki, ağacdan tökülən xurmalarla qidalana biləsən. Onda elə Allah o xurmaları özü tökərdi yerə, Məryəm anamız da onu yeyərdi, İsa da dünyaya rahat gələrdi. Bu gün uşaqların ac qalmağında Allahmı günahkardır, bizmi? Allahmı əmr edib ki, o uşaqlar ac qalsın? Xeyr, Allah bizə tam əksini əmr edir. Amma biz boynumuza düşən məsuliyyəti yerinə yetirmədiyimizə görə günahı atırıq Allahın üstünə.

Götürək, Səudiyyə Ərəbistanı. Bu yaxınlarda Həcc ziyarətində nə qədər insan məhv oldu. Adını qoyduq ki, şəhid oldu. Siz bildinizmi rəsmiləri nə cavab verdi? Allahın qədəri. Təsəvvür edin, öz məsuliyyətsizliklərini atdılar Allahın üstünə. Amma yaxşı nələrsə baş verdikdə sahiblənirik, öz adımıza çıxırıq.

Allah xəllaqdır. Fikir verin, insan bədənində trilyona qədər hüceyrə var və hər saniyə xeylisi ölür, əvəzinə yeniləri yaranır. Bunu insanmı edir? Allah xəllaqdır, yəni hər an yaratmadadır. Allah bizə seçim hüququ verib, iradə verib. O, bizim dinsizliyimizə də hörmətlə yanaşır, bizi buna görə bu dünyada nə cəzalandırır, nə də mükafatlandırır. Amma onun bu dünyada bizim boynumuza qoyduğu vəzifələrə riayət etməyimizdən asılı olaraq, bizi ya o dünyada cəzalandıracaq, ya da mükafatlandıracaq.

Bugünlərdə bir statistika ortaya çıxdı. Dünya Səhiyyə təşkilatının apardığı araşdırmalara görə, Avropa və Qafqaz ölkələri də daxil olmaqla yarısından çoxu "obezite”dən, yəni kökəlməkdən əziyyət çəkir. Amma bu proses getdiyi bir zamanda bəzi ölkələrdə də insanlar acından ölür. Qurban bayramı ərəfəsində Nepalda oldum. İslam dini ilə əlaqəsi olmayan ölkədi. Ordakı insanlar söhbət edərkən özləri etiraf edirdilər ki, biz tənbəl xalqıq. Nepal dünyanın çirkli ölkələrindəndir. Bunu da Allah edibmi?

İş orasındadır ki, bu gün intiharların ən çox olduğu yerlər də inkişaf etmiş Avropa ölkələridir. Təsəvvür edin, adamların heç bir maddi çətinlikləri yoxdur, problemləri yoxdur, amma intihar edirlər. Bu mənəvi tərəfin boşluğudur. Bu boşluğu da din doldurur. Dinin düzgün çatdırılıb-çatdırılmaması isə başqa məsələdir. Bunlar yanlış iqtisadi siyasətin, yanlış sistemin nəticəsidir. Allah neyləsin?

Bir də dünyanın ilk yüz insanı siyahısına baxın. Onların var-dövlətini bütün insanlar arasında bölüşdürsəniz, dünyada bir nəfər də kasıb qalmaz. Bu ilahi ədalətdirmi, yoxsa insanların özlərinin yaratdığı ədalətsizlikdirmi?

- İntihar dediniz... Bəs xəstəliyə dözməyib özlərini öldürənlər necə?

- Bu da intihardır. Fərq etmir. Təəssüf ki, bu gün intihar təbliğ olunur. Saytlardakı xəbərlər, canlı yayımda intiharlar və s. Bu, insanları acizliyə aparır. Baxın, dünyanın ən varlı insanlarından biri, 25 milyarda sahib olan Ali Babanın qurucusu 10 dəfə dünyanın yaxşı universitetlərindən biri olan "Harvard” universitetinə müraciət etsə də, rədd olunub. Bəs, nəticə nə oldu? Bu gün Ali Baba dünyanın ən çox gəlir gətirən şirkətlərindən birinin sahibinə çevrildi və indi təqaüdə çıxıb, müəllimliklə məşğul olmaq istəyir. Yaxud da Stiv Cobs. Adam valideynləri tərəfindən atılıb, başqa ailəyə verilib. Hətta öz qurduğu şirkətdən də qovulmuşdu. Bu gün hər nə qədər də yeniləri buraxılsa da, onun yaratdığı sistemlə işləyirlər. O da universitet oxumamışdı. İndi bu adamlar intihar etməli idimi?


Azərbaycanlılar əslində müsəlman yox, deistdilər...


- Elşad bəy, insanlar doğulanda hansı inancla doğulur?

- Uşaq dünyaya gələndə görürük ki, bizim ona öyrətmədiyimiz qəribə hərəkətlər edir. Düşünürük ki, görəsən, bu hərəkətləri ona kim öyrədib? Küsməkdir, etiraz etməkdir, aclığını ağlamaqla bildirməkdir və s. Yəni siz bir kompüter alırsınız. Kompüterdə müəyyən proqramlar olur, amma siz sonradan ona müxtəlif proqramlar yükləyirsiniz ki, daha başqa işlərinizi də görə biləsiniz. Yəni bir uşaq da kompüter kimi təmiz gəlir. Məsələn, bu gün biz su içirik və suyun tərkibindəki maddələr bizim bədənimizdə hüceyrələr formasında mövcuddur. Əgər o suyun tərkibində bədənimizdə olmayan maddələr varsa, bədənimiz əks reaksiya verir, hüceyrələr müqavimət göstərir. İnsan yaradılışında təmiz dinlə gəlir.

- Din deyəndə, yəqin Allah inancını nəzərdə tutursunuz. Yəni Allah inancının birbaşa dinə dəxli yoxdur. Dinsiz də Allah inancı mövcud idi.

- Bu gün Allahsız insanlar mövcud deyil. Məsələn, bir ateistlə söhbət etdim, gördüm ki, o ateist deyil. Özünə də dedim, bəs niyə demirsən ki, deistəm? Dedi ki, insanlar deizmin nə olduğunu bilmədiklərinə, ateizmi daha yaxşı bildiklərinə görə özümü ateist kimi qələmə verirəm. Həmin o inam və təmiz fitrət hamıda var. Bu gün əxlaqsız uşaq anlayışı varmı? Bu sonradan, valideynlərin tərbiyəsi nəticəsində formalaşır. Həmin uşaqlar da müəyyən yaşa çatandan sonra ya özlərində formalaşan fikirləri sorğulayıb təmizləri ilə yaşamağa davam edirlər, ya da sorğulamırlar, olduğu kimi qəbul edib yaşayırlar.




- Azərbaycanlıların əksəriyyəti İslam dininə inanır. Başqa ölkələr də var ki, o ölkələrdə insanların əksəriyyəti xristian, digərində yəhudi, başqalarında hinduizmə inanlar çoxdur. Sizsə deyirsiniz ki, insanlar təmiz inancla doğulur. O zaman kimin haqqı çatır ki, kimisə dini inancına görə mühakimə etsin?

- Ümumiyyətlə, kiminsə kimisə buna görə nə sorğulamağa, nə də mühakimə etməyə haqqı yoxdur. Belə bir haqqı Allah bizə verməyib. Biz şəhərdə sorğu keçirtdik və sorğu nəticəsində bəlli oldu ki, müsəlmanam deyənlərin çoxusu deistdir. Cavabları belə olurdu ki, ürəyim təmizdir, Allaha inanıram, vəssalam. Məsələn, elə toylarımızda da görürük ki, araq içə-içə Allahın adını çəkirlər. İndi siz xristian ölkələrdə də sorğu keçirin, görəcəksiniz ki, onlar da xristian deyil. Diplom işim hinduzimlə bağlı olub. Özüm də hindularla sual-cavabdan sonra bilmişəm ki, onların da hinduizmdən xəbəri yoxdur. Yəni Azərbaycanda olan müsəlmanlarlar nə qədər müsəlmandırlarsa, Nepaldakı hindular da o qədər hindudular.

- Tarixdən öyrəndiyimizə görə, Azərbaycanda din 7-8-ci əsrlər arası vergilərdən azad olunmaq üçün qəbul edildi.

- Hansı vergidən? Kim idi bura gələnlər?

- Xilafət dövrü ilə bağlıdır bu.

- Belə deyək də. Dediyiniz məsələ sırf 639- 42-ci illərdə Nihavənd və Kadisey savaşları gedən zaman Azərbaycana "İslam orduları” adı altında gələn Qüzeyfə bin Yaman olub. O zaman insanları qorumaqdan ötrü cizyə vergisi alınırdı. Bu da insanların toxunulmazlığını saxlamaq üçün tətbiq olunmuşdu. Buna görə insanlar İslamı niyə qəbul etsinlər ki? Bu gün Azərbaycanlılar sadəcə müsəlman ailəsində doğulduqları üçün özlərini müsəlman hesab edirlər. Amma soruşsaq ki, müsəlmanlıq nədir, heç kimin bundan xəbəri yoxdur. Heç məscidə gəlib namaz qılanların çoxusu Quranın Azərbaycanca tərcüməsini belə axıra kimi oxumayıblar. Onlar İslam dinini Aşura mərasimlərində sinə vurmaq, yaxud qan vermək, evlənərkən kəbin kəsdirmək, qurban kəsmək, oruc tutmaq, sədəqə vermək kimi başa düşürlər.


Azərbaycan dilində namaz qılmaq olar, amma....


- Bəs yaxşı, dindarlar namaz qılırlar, dua edirlər. Bütün bunlara da ərəbcə riayət edirlər. Olmazmı ki, Azərbaycan dilində qılsınlar namazı?

- Bir dəfə məndən bu sualı bir nəfər soruşdu. Dedim, ciddən namaz qılmaq istəyirsən, yoxsa sual xatirinə soruşursan? Dedi, başa düşmədim. Dedim, əgər ciddisənsə, get, Azərbaycan dilində qıl. Ciddi deyilsənsə, bu sualı verməyin özü qeyri-ciddilikdir. Universitetlərin birində dosent olan və Azərbaycanca namaz qıldığını deyən biri ilə söhbət etdim. Soruşdum, Azərbaycanca namazı necə qılırsan, fatihə surəsini bizim dildə oxuya bilərsənmi? Dedi, əlbəttə ki. Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur, o rəhmandır, rəhmdir, din gününün sahibidir. Dedim, indi bunu mənə Azərbaycan dilinə tərcümə elə. Duruxdu. Dedim, həmd ərəb sözüdür, aləm, rəbb, məxsus, din ərəb sözüdür, nə qaldı burda? Biz nəyin davasını edirik? İstədiyin dildə qıl, amma başa düşərək, anlayaraq. Sən öz ana dilində qılsan belə həmin sözlər səndə rituallaşacaq. Din ritual dini deyil.


Dindarlar Allahın ilk əmrinə riayət etmirlər


Ənkəbud surəsində deyir: "Namaz sizi əxlaqsızlıqlardan, mənfiliklərdən uzaqlaşdıracaq”. Namazın həqiqətini dərk etməliyik. Allahın insanlara ilk əmri namaz deyil, oxumaqdır. "Oxu, yaradan Rəbbinin adı ilə oxu”. Yaradılışını araşdır, oxu, öyrən. Çox təəssüf ki, oxuma və yazmağı bilməyənlərin əksəriyyəti İslam ölkələrindədir. Demək ki, Allahın ilk əmrinə ilk növbədə müsəlmanlar və özünü müsəlman kimi qələmə verən adamlar biganə qalırlar.

Dostumuzun biri danışır. Deyir, hava limanlarının birində oturub təyyarənin qalxacağı vaxtı gözləyirmiş. Məscidə girir, görür ki, onun kimi başqa irqlərdən, ölkələrdən olan insanlar var. Azan oxunur, hamı gəlir. İçlərindən bir nəfər, heç kimin tanımadığı biri keçir namaz qıldırmaq üçün qabağa, arxadakılar da onun qıldırdığı namazın ayələrini hamısı bir nəfər kimi başlayır təkrar etməyə. Çünki onlar nə dediklərini və etdiklərini başa düşürlər. Sonra da əllərini açıb öz dualarını öz ana dillərində edirlər. Burda problem nədədir ki? Ərəb dilində olanda nə olacaq, başqa dildə olanda nə?! Sadəcə namazın eyni dildə qılınmağının müsbət tərəfi odur ki, bax belə situasiyalarda hamı bir yerdə birləşə bilir.

İbrahim surəsinin 4-cü ayəsində Quranın ərəb dilində göndərilməsinin səbəbi göndərilən peyğəmbərin onların dilində danışmasının vacib olduğudur. Bu o demək deyil ki, ərəblər və ya ərəb dili müqəddəsdir. Təsəvvür edin, Musa peyğəmbər Azərbaycana gəlsəydi və ivrit dilində kitab gətirsəydi, danışsaydı, ziddiyət yaranmazdımı? O zaman Azərbaycanlılar ivrit dilini öyrənməli idimi? Tərcümələri oxuyub, başa düşüb, əslinə uyğun olaraq, yəni ərəbcə namaz qılınmağının tərəfdarıyam. Amma bundan bir şou düzəltmək lazım deyil.


Peyğəmbərin xristian xanımı olub


- İslamda başqa dindən olan insanlarla dostluq etmək, ailə qurmağa qadağa varmı?

- Dostluq anlayışı nisbi anlayışdır. "Dost tutmayın” deyə buyrulur, amma əməkdaşlıq etmək, ticarət, ailə həyatı qurmaqdır, bunlara qadağa yoxdur. Peyğəmbərin yəhudi xanımı da olub, xristian xanımı da olub. Bəs, belə olan halda biz kimə qadağa qoya bilərik? Niyə də olmasın?

- "İslamda yoxdur” adlı kitabınız çap olundu. Dediniz, bəzi problemlər yaşanıb. Kitabın taleyi necə oldu?

- Kitabı yazdım, amma təəssüf ki, kitabın Azərbaycanda çap olunması üçün adı bilinməyən bir senzura var. Dini kitabdırsa, dini kitabları mətbəələrin heç biri çap etmir, bunun üçün icazə kağızı lazımdır. Bunun üçün dini komitəyə ya mətbəə özü müraciət etməli, ya da siz müraciət etməlisiz, sizə icazə verilməli, sonra o kağızı mətbəəyə təqdim etməlisiz. Biz də belə elədik. Mətbəə də müraciət etdi, yox dedilər, biz də dəfələrlə müraciət etdik, yox dedilər. Mən o kitabı sosial şəbəkədə paylaşandan sonra Harvard universitetində dərs deyən bir professor dedi ki, mən o kitabı Türkiyədə çap etdirərəm. Kitab orada Azərbaycan dilində çap olundu. Satışı da davam etdirilir, hədiyyə də olunur. Sonra türkcəyə çevrildi, çap olundu, təqdimat da keçirildi. Türkiyənin ən məşhur kitab mağazalarında satışı təşkil olundu. Sonra tanımadığım bir adam, bir millət vəkilimiz vasitəsilə mənimlə əlaqə saxladı və dedi ki, mən bu kitabı qırğız dilinə də tərcümə etdirib Qırğızıstanda çap etdirmək istəyirəm. Pul təklif etsə də, qəbul etmədim. Daha sonra rusca, fransızca və almanca tərcümə olunur, çox güman ki, tezliklə oralarda çap olunacaq. Adının çəkilməyini istəməyən bir tanınmış Azərbaycanlı bu kitabı Amerikada "Harvard” universitetinə məxsus mətbəədə çap etdirmək istəyir. Eyni zamanda mən də mübarizə aparıram. Məhkəməm davam edir. Artıq ekspertiza müsbət rəy verib, ayın 18-i də məhkəməmiz olacaq. Bilmirəm hakim nə qərar verəcək, amma mən mübarizəni davam edəcəm.

Artıq bu dəfə "İslamda varmı?” adlı bir kitab da yazmışam və eyni qaydada bu kitab üçün də dini komitəyə müraciət edəcəm. Yəni buna məcburam. Və bilirəm ki, bu kitab ənənəvi dini görüşlərə ziddir, komitə də bu dırnaqrası ənənəyə sadiq olaraq rədd cavabı verəcək. İnsanlara dini elə öyrədiblər, onların mənim dediklərimə bu reaksiyası normaldır. Bunun üçün birinci növbədə insanlarda yanlış dini təsəvvür yaradan ilahiyyatçılardan qurtulmaq lazımdır. İstəmirəm ki, Azərbaycan İranın başqa bir variantına çevrilsin. Deyilsə də, deyilməsə də dini baxımdan İranın Azərbaycana çox ciddi təsiri var. Bu təsrilər hər bir formada özünü göstərir. Bu gün çıxış edən ilahiyyatçılar, din xadimləri hamısı dini komitədə qeydiyyatdan keçənlərdir və onların fərqli nələrisə deməyi mümkün deyil.

Türkiyəyə baxsaq görərik ki, Osmanlıdan qalan təriqətçilik və təzəvvüfü insanlara sırıyıb onları şeyxin qarşısında mürid, mürdəşirin önündəki meyidə çevirmək istəkləri çökməyə başlayıb. Araşdırmalara görə, artıq Türkiyənin əhalisinin 10 faizinin deizmə sürüklənidiyi ortaya çıxıb. Çünki doğru din anlayışını tapa bilmirlər. Əslində mənim yazıdığım kitab da dövlətimizin mübarizə apardığı mövzulardır. Məsələn yazmışam ki, azyaşlıların ərə verilməsi doğru deyil. Peyğəmbərimizin karikaturasını çəkməyin. 53 yaşındakı bir kişini 9 yaşlı bir qız uşağı ilə zifava soxmayın. Amma bugün o mənbələrdə bunun şahidi olursunuz. Mən də deyirəm ki, o mənbələr çox-çox sonralar, 6-7 əsr sonra yazılıb, Peyğəmbərə istinad edilən bu mənbələr uydurmadır, onlarsa deyir, yox, sən belə deyə bilməzsən. Sonra deyirəm ki, sizə təqdim olunan huri anlayışı yanlış bir təfəkkürün nəticəsidir. Kişilərə özünü təmiz saxla, ora gedəndə sənə 50 dənə huri veriləcək deyirlər. Bu məntiqlə belə çıxır ki, qadınlara da 50 kişi veriləcək? Belə bir din anlayışı ola bilərmi? Ölüyə Quran oxutdurmaq anlayışı yoxdur. Hakimin özü də protokol bağlanandan sonra soruşur ki, həqiqətənmi ölüyə Quran oxumaq olmaz? Deyirəm, təbii ki, olmaz. Quranın Yasir surəsində də deyilir ki, Quran dirilər üçündür. Bu gün televizoru falçılar bürüyüb. Bunların heç biri İslamda yoxdur. Cavablarını Qurandan ayələrlə gətirirəm.

Təsəvvür edin, hədislər var ki, üzr istəyirəm ifadəmə görə, deyir, Allah qiyamət günü baldırını açacaq və peyğəmbərlərə göstərəndən sonra onu tanıyacaqlar. Bəs, peyğəmbərlər Allahın baldırını əvvəl harada görüblər? Bu nə anlayışdı? Amma bu gün bu anlayışlar ən səhih hədis kimi insanlara sırınır. Mən buna zidd nəsə yazanda, deyirlər ki, sən ondan çox biləcəksən?


Peyğəmbər indi yaşasaydı video hazırlayıb Youtube-a qoymazdımı?


- Karikatura məsələsinə toxundunuz. Niyə başqa peyğəmbərlərin filmlərdə üzünün göstərilməsi yaxşı, Məhəmməd Peyğəmbərin üzünün göstərilməsi pis qarşılanır? İslamda şəkil çəkməyə qadağa varmı?

- Yaxşı mövzuya toxundunuz. Bu haqda da yazmışam. Əgər mən buna inansaydım, qızımı rəssamlığa qoymazdım. Quranın özündə belə Süleyman peyğəmbərin cinlərə heykəllər düzəltdiklərindən bəhs edən ayə var. Və bunu da pisləmir. Quranda bununla bağlı heç nə tapa bilməzsiniz. Bunlar yalnız hədislərdən gəlmə anlayışlardır.

Hindistanda günə iki film çəkilir. Onlar həm ideologiyalarını, həm öz yanaşmalarını o filmlərlə ötürürlər. Əgər insanlar hansısa mesajlarını bu cür verirlərsə, ötürürlərsə, burda nə var axı? Peyğəmbər bu dövrdə yaşasaydı internetdən istifadə edərdimi, etməzdimi? Və yaxud da hansısa bir video çəkib Youtube-a qoyardımı, qoymazdımı? Peyğəmbərimiz insanlara çatdıra biləcəyi fikirləri məktuba yazıb müxtəlif ölkələrə göndərmirdimi?

- İnsanın daxili orqanlarını öləndən sonra bağışlaması dində necə qarşılanır?

- Sələfilər bunu qəbul etmirlər. Amma bunu deyən bir tanışımız var idi. Qəfil ürəyində problem yarandı. Təcili Belarusiyadan ürək gətirildi, nəql olundu. Quranda Maidə surəsində buyurulur ki, bir insanı bəşəriyyətə qaytarmaq, bütün bəşəri diriltmək kimidir. Əgər bir insan ölürsə və onun orqanları bir insana həyat bəxş edirsə, bundan gözəl nə var ki?! Elə Belarusiyada artıq bu işə dövlət də qarışıb, orqan bankı yaradılıb, ölən insanların orqanları o banka bağışlanır və lazım olan insanlara dövlət hesabına nəql olunur. Rəsmiləşdirilməsə orqan mafiyaçılığına yol aça bilər. Dini baxımdan belə bir qadağa yoxdur.


Rafiq Tağı Təzə Pirdə camaatla bir yerdə ibadət edirdi


- Yazıçı Rafiq Tağını tanıyırdınız yəqin. Onu bıçaqlayıb öldürdülər. Düzdür, cinayətin üstü hələ də açılmasa da, belə bir fikir qaldı ki, onu bıçaqlayan dindar biri oldu. Bəs, dini düşüncələrinizə görə sizə birbaşa təzyiqlər olubmu?

- Rafiq Tağı məsələlərə yazçı aspektindən baxırdı, yanaşması fərqli idi. Bizim onunla müzakirələrimiz də olmuşdu, "Vətəndaş həmrəyliyi” qəzetinə yazırdım, o da ora gəlirdi, söhbət edirdik. Həmin vaxtlar yaşım az idi deyə onun mənə yanaşması fərqli idi. Dünənki uşaq kimi baxırdı mənə. Amma dini məsələlərlə bağlı ona deyirdim ki, sizin yanaşmanız insanlarda müşahidə etdiyiniz dini yanaşmadır. Amma dini mənbələri oxusanız görəcəksiniz ki, bunların dinə heç bir dəxli yoxdur. Təzə Pir məscidinə gedəndə, Rafiq Tağını da orada görmüşdüm. İnsanlara qoşulub onların etdiklərini edirdi. Təbii ki, yazıçı hadisələrin içində olmalı, müşahidə etməlidir, bu da onun haqqıdır. Amma bunu İslam dini deyə təqdim edəndə bir az qəribə alınırdı. Onun axırıncı yazıları ilə bağlı ciddi bir problemlər oldu. Hər hansı bir formada qətlə yetirilməsi tamamilə yanlış idi və heç bir zaman İslamın adına belə bir haqq qazandırmaq lazım deyil.

- Təbii ki, bu bir fərziyədir.

- Bəli, cinayətin üstü açılmadı. Bilrisiniz, biri var yazıçı Rafiq Tağı dinlə bağlı nəsə deyir, biri var, Elşad Miri. Rafiq Tağı dini bilmir deyə onu lağa, məsxərəyə qoya bilərdilər. Amma bunu bir ilahiyyatçı deyəndə məsələ ciddiləşir. Həm özünü şiə adlandıranlar, həm də sələfi adlandıranlar tərəfindən ciddi təhdidlərlə qarşılaşıram. Bununla bağlı bir neçə dəfə o vaxt MTN-ə də dəvət olundum, bu məsələlərlə bağlı müzakirələr apardıq, hətta mənim evə hansı saatlarda, hansı yollarla gedib-gəlməyimi də bilirdilər. Maşınıma bomba qoyulmaqla təhdid olunmuşdum, bu məsələ də gündəmə gəldi. Bu məsələlər MTN- nin nəzarətində idi. Sonrakı proseslərdən xəbərim yoxdur. Mənə təklif etdilər ki, mühafizəçilər tərəfindən evim qorunsun, imtina etdim. Ki, insanlarda yanlış təsəvvür yarana bilər.


Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular. 

Dedilər, sənin aqibətin Rafiq Tağı kimi olacaq!


- Yəni dediyim o idi ki, sizi yolda görən adamlardan birbaşa təzyiq görmüsünüzmü? Qabağınızı kəssinlər, vurmaq istəsinlər, söysünlər.

- Açığı, insanlar arasında bir o qədər də gəzib-dolaşmıram. Müəyyən iş saatlarım var, o iş saatlarından kənarda isə üzümdə maska ilə velosiped sürürəm. Maska yanlış anlaşılmasın, hava ilə əlaqədar istifadə edirəm. Amma belə birbaşa təzyiq olmayıb. İnternet üzərindən olur ən çox. Feysbuk səhifələrim xakerlər tərəfindən əlimdən alınıb, feysbuk hesabıma söyüşlər, təhdidlər gəlir. Rabitə və Texnologiyalar Nazirliyinə, indiki DTX-nə müraciət etdik, bir xeyri olmadı. Bank hesabımı oğurlamışdılar, onu dərhal bankla əlaqə saxlayıb həll etdim. Hətta bunu da yazanlar olmuşdu ki, sənin də aqibətin Rafiq Tağı kimi olacaq. Yutubda videolar yerləşdirirəm, dərhal onun cavabı olaraq 3-4 video yerləşdirirlər, qulaq asıram ki, bəlkə nəsə həqiqət taparam, amma görürəm ki, yox, onlar məni zındıq, kafir adlandırırlar, təhqir edirlər. Əsas məsələ qalır bir qıraqda. Bu təkcə şəxsimə qarşı təhlükə deyil, bu cahillik həm də cəmiyyəti təhlükə altına salır. Belə bir el məsəli var, hürən itin ziyanı olmaz. Yəni mənə nəsə etmək istəsələr, deməmiş də edərlər.

Bu gün efirlərdə o adamlara şərait yaradırlar. İstəyirəm ki, onlara bir saat vaxt versinlər, mənə on dəqiqə. Amma imkan versinlər biz də demək istədiyimizi deyək, bəlkə insanlar nəsə öyrəndilər. Gəncə, Nardaran hadisələri bəs deyilmi?




İmza:Eminquey

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Tanınmış teleaparıcı: - “O şeirə görə səhərə qədər içib ağlamaq olar”

Məşhur Azərbaycanlı filosof : “İndi Nitşeye gülərlər...” - MÜSAHİBƏ

Aqşin Yeniseyin mənə atmaca atması maraqlı deyil - MÜSAHİBƏ

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib”

Murad Arif: : “Söyüşcül olmaq istəyirdim” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK