ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AĞDAMDA AQİL ABBASA NİYƏ SÖYDÜLƏR...

7600    |   2018-09-06 10:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"...Dünyanın Ən Varlı Şəhərinin beş addımlığında yolun ortasına dərin bir xəndək atmışdılar. Və bir zamanlar dünyanın ən işlək yolunun xəndəkdən o üzünü ot basmışdı. Əlini uzatsa şəhərə çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə bu neçə ildə əl uzatmaq fikrinə düşməmişdi...

...Və Komandir insanı hər an öldürə biləcək bu ağrılarla əl uzatsa çatacaq Dünyanın Ən Varlı Şəhərinin əl boyda məsafəsində dayanmışdı..."

Bu sətirlər "Dolu" romanından götürülüb. Və indi həmin romanın motivləri əsasında çəkilən filmin bütün yaradıcı heyəti də dayanmışdı Komandirin dayandığı son nöqtədə. Ağdama gedən yol burda ÖLÜB. Burdan o yanda əli silahlı düşmən dayanıb.

Rejissor Elxan Cəfərov filmin daha inandırıcı, daha dolğun, həqiqətə daha yaxın olması üçün bu yeri seçmişdi - birbaşa cəbhə xəttini, düşmən avtomatlarının, snayperlərinin iki gündən bir işlədiyi bir yeri. Həm yaradıcı heyətin, həm də kütləvi səhnələrin iştirakçılarının hər an ölümlə üzləşə biləcəyi ən təhlükəli bir nöqtə!

Kütləvi səhnənin 200-dən artıq iştirakçısı Ağcabədi rayonunun bu bölgəyə yaxın Bayat, Hacılar, Qaraxanlı, Kəhrizli, İmamqulubəyli, Hindarx kəndlərinin qocalı-cavanlı sakinləri idi. Və öndə də "Dolu" romanında adı böyük hörmətlə anılan Seyid Lazım ağanın qardaşı oğlu Seyid Məhəmməd ağa.

Və şahidi olmasa heç kəsin inanmayacağı o inanılmaz, o qeyri-adi hadisə də bu nöqtədə - Dünyanın Ən Varlı Şəhərinə əl boyda məsafə qalan, AĞCABƏDİ-AĞDAM YOLUNUN ÖLDÜYÜ nöqtədə baş verdi.



Bu yol ÖLÜB,



çoxdan ÖLÜB, ona görə də burda yalnız hərdənbir hərbi maşınlar görə bilərsən. Və indi də fikirləşin...

Birdən-birə içi əsgərlərlə, qocalı-cavanlı sivil insanlarla dolu 70-80 minik avtomobilləri, avtobuslar, hərbi maşınlar Ağdamın Əfətli, Evoğlu, Məmmədbağırlı, kəndlərinin içindən keçən ÖLÜ yolla Ağdama gedir,,,

Ağcabədi camaatı iki gündür filmin çəkilişində iştirak etdiyi üçün hara və nəyə getdiklərini təbii ki, bilir. Amma adlarını sadaladığım Ağdam kəndlərinin camaatı nə baş verdiyindən xəbərsizdi.

Öndəki maşında mən gedirəm. Bu camaat hamısı məni üzdən tanıyır. Təkcə deputat olduğuma görə yox. Ağcabədidən gələn camaatın 80-90 faizi ata qohumlarım, içindən keçib getdiyimiz Ağdam kəndlərinin camaatı da ana qohumlarımdı.



Maşınların Ağdama sarı getdiyini



görən camaat çaşıb. Bu sözləri eşidirəm:

- Ə, vallah, deyəsən müəllim Ağdama gedir!

- Boş-boş danışmayın.

- Nə boş-boş, burdan o yana kənd də yoxdu ki, ya toya, ya yasa gedələr.

- Seyid Lazım ağanın cəddi haqqı, bunlar Ağdama gedir.

Nənəmgilin doqqazının ağzından keçirik. Son 18 ildə bu yolda bir belə maşın görməyən xalam oğlu da doqqaza çıxıb çaşqın halda Ağdama gedən maşın selinə baxır, məni görcək bağırırlar:

- Xalaoğlu, hara?

Əlimlə işarə eləyib deyirəm:

- Ağdama!

Gözləri bərəlir və bərəlmiş gözləri az qalır yerindən çıxsın və yenə bağırır:

- Hara?! - və yüyürür maşının arxasınca; - Ə, saxla, məni də götür.

Maşına çatıb qapını açır və özünü zorla dürtür içəri.

Bəd xəbər tez yayılan kimi, şad xəbər də bomba kimi partlayır. Bölgədəki kəndlərdə ayağı yer tutan arxamızca yollara tökülür.

Maşınlar Komandirin əlini uzatsa çatacaq Dünyanın Ən Varlı Şəhərinə gedən ÖLMÜŞ yolun son nöqtəsində dayanır. Və maşınlardan bir batalyonun adamı tökülür, arxadan isə insan seli gəlir, kimisi yüyürə-yüyürə, kimisi də əl arabasında, elə bilirlər dəstədən geri qalsalar onları Ağdama buraxmayacaqlar.



Əl arabasında

gələn qışqırır:



- Müəllim, sən Allah, məni də götürün...

...hara, ay bədbəxt...

Elxan Cəfərov da çaşıb, Nadir Mehdiyev də, bütün yaradıcı heyət də. Gürcüstandan gəlmiş beş gürcü operator da quruyub qalıb.

Elxan Cəfərov:

- Aqil müəllim, bu nədi?

Gözlərim dolub, ağlamaqdan özümü güclə saxlayıram:

- Yazıq camaat elə bilir Ağdama gedirik!

Elxan çığıra-çığıra deyir:

- Nadir, bunları lentə alın.

Amma kamera hazır deyil. Gürcülər hələ heç maşından düşürməyiblər, ağızları açıq qalıb, nə baş verdiyini anlaya bilmirlər. Camaatın isə arxası gəlir. Məlum olur ki, kino çəkilməsindən xəbərsiz olan bölgədəki Ağcabədi camaatı da xəbəri eşidib axışıb gəlir. İnsan selinin qarşısını almağa çətinlik çəkirik,,,

Yəqin ki, bizdən beş-altı yüz addım aralıda səngərdə marığa yatmış ermənilər də hürküblər. Neçə ildən sonra birdən-birə önlərində bir belə maşın və "Qa-ra-bağ" hayqıran insan kütləsi görürlər. Nə özlərinin səsi çıxır, nə silahlarının.



...Və ən

sarsıdıcı an...



Gələnlər bizim Ağdama getməyə yox, kino çəkməyə gəldiyimizi öyrənirlər. Həmin anlar onların üzündə elə bir dəhşətli ifadə, məyusluq, ağrı, kədər yaranır ki, elə bil Ağdam indicə işğal olunub.

Kimi hirsindən ağlayır, kimi dilxor-dilxor başını yelləyir, kimi söyür:

- Axmaq uşağı axmaq, camaatı barmaqlarına dolayıblar.

- Ə, bu lotular kino çəkməyə gəliblər ki!

- Arada camaatı umsuq qoydular!

Və daha yazılması mümkün olmayan sözlər.

Bir nəfər isə ucadan məni söyür:

- O gün Aenesdə göstərirdilər. Yekə-yekə burdan hoppanıb keçdi. Basıb-bağlayırdı, deyirdi mən gedirəm, gəlin də, niyə gəlmirsiz. Köpəyoğlu, di gəlmişik də, niyə getmirsən?

Ata qohumlarımdan biri onun boğazından yapışır:

- Düdük, ağzını cırıb qulağıyın dibində qoyaram.

- Ə, əmoğlun kimi yekə-yekə danışma. Guya sən onu məndən çox istəyirsən. Yandığımdan söyürəm.

Yaxınlaşıb əmimoğlunun ağzına yüngül bir şapalaq vururam:

- Qələt eləmə.

Söyən məni görüb utanır, başın aşağı salıb deyir:

- Məllim, sən Allah bağışla. Sözdü də ağzımdan çıxdı. Neyləyim, ürəyim partlayır.

Əlimi kürəyinə vururam:

- Olur belə şeylər, Allah bağışlasın.

Komandirə - Məmməd Səfaya baxıram, əlində çəlik, boğulub, gözləri də dolub, Komandir kimi o da Ağdama getmək istəyir. Başını qaldırıb mənalı-mənalı mənə baxıb deyir:



- Müəllim,bəlkə gedək!



Özümə də, ona da toxtaqlıq verirəm:

- Gedəcəyik, Komandir! Gedəcəyik inşallah! Bəs bu filmi niyə çəkirik? Özümüzü niyə öldürür, niyə söyüş yiyəsi eləyirik?

Gürcülər Elxan müəllimin başına yığılıb nə baş verdiyini soruşurlar. Nə baş verdiyini öyrənəndən sonra heyrətlə düşmən gülləsindən qorxmayıb Ağdama getmək istəyən bu insan selinə baxıb rusca deyirlər:

- Kak smoqli okupirovat zemlyu etoqo naroda?!

Biri məndən soruşur:

- Oni tvoi zemlyaki?

- Ne tolko zemlyaki, moi rodstvenniki.

- Toqda koqo jdyoti?

- Lazımı.

- Koqo?

- Potom obisnyu.

Elxan yalvarır:

- Aqil müəllim, bu camaatı sakitləşdir işimizi görək. Gün batır, bir azdan heç nə çəkə bilməyəcəyik.

Hərbi maşının kabinəsinin üstünə çıxıram və camaatdan səsucaldanla xahiş edirəm ki, geri qayıtsınlar, qoysunlar filmi çəksinlər.



Heç kim geri qayıtmaq istəmir.



Bu dəfə az qala yalvarıram. Yorğunam, əsəbiyəm, pərtəm, dilxoram. Və birdən ayağım qaçır və maşının üstən yerə gəlirəm.

Hamı səksənir.



- Müəllimi vurdular.



- Müəllimə güllə dəydi.

Elxan yüyürür, Nadir yüyürür, camaat məni qucaqlayıb kənara çəkir. Özümü hiss eləmirəm. Və elə bilirəm məni snayperlə vurdular, nəfəsim çatmır, kürəyimdə güclü ağrı var.

Kimsə səsucaldanla deyir:

- Ay camaat, sakit olun. Güllə-zad dəyməyib, yıxılıb vallah.

Yavaş-yavaş özümə gəlib camaatın köməyi ilə qalxıram ayağa, zorla gülümsəyirəm.

Qohumlardan biri zarafatla deyir:

- Ə, müəllimə güllə dəymədi ey, göz dəydi,,,

"...Komandir əlini-qolunu sallayıb düzəldi yola. Qarşısına bir xəndək də çıxdı. Gördü ki, bu xəndək o xəndəkdən deyil, səngərdi. Başa düşdü ki, day onun üçün də yol qurtardı. Gördü ürəyi istəsə də ayaqları getmir. Özünü bu qədər alçalmış və təhqir olunmuş hiss etməmişdi. Özü özündən utandı, xəcalət çəkdi, əlləri ilə başını tutub oturdu xəndəyin üstündə..."

...İndi mən də, bu camaat da özünü alçalmış və təhqir olunmuş hiss etdi, utandı, xəcalət çəkdi, əlləri ilə başlarını tutub yolun kənarında, yolu bağlamaq üçün ortasına tökülmüş daş-kəsəyin üstündə oturdu...

...Mən əsəri yazanda yolun ortasına xəndək atılmışdı, indi həmin yerə daş-kəsək töküblər...

Nəhayət, Elxan qalxır, üzünü dilxor olmuş camaata tutub səsucaldanla:

- Ay camaat, biz bu filmi ona görə çəkirik ki, sizi Ağdama aparaq. İnanın mənə, tezliklə bu filmin davamını sizinlə o gördüyünüz şəhərdə çəkəcəyik! - deyir və camaata ürək-dirək verir.

Axşam Ağcabədi Rayon İcra Hakimiyyəti Bayatda Azər Hüseynin yeməkxanasında (Komandir burdan çıxıb getmişdi Dünyanın Ən Varlı Şəhərinə) filmin yaradıcı heyətinə qonaqlıq verir. Gürcülər elə hey bizim kababı tərifləyirlər ki, indiyədək belə dadlı şaşlık yeməyiblər.

Elxanla yan-yana oturmuşuq. Heyfislənə-heyfislənə deyir:

- Kaş o səhnəni çəkə biləydik. Əsil film olardı!


29 -10 - 2011


İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK