Belə bir fikir var. Yəqin ki, aqillər deyib. Amma hansının dediyini bilmirəm, ona görə də ad çəkmirəm. Fikir isə belədir: "Günü necə başladınsa, o cür də yekunlaşır"...
Bəli, yayın qorabişirən ayı olan avqustu elə odlu-alovlu qarşıladıq ki, az qala bizi əridəcəkdi. Dözülməz istilər avqustun sonunda da elə son gücünü toplayıb deyəsən gəldiyi kimi getmək istəyir. Təki elə olsun. Necə deyərlər, xətasız-bəlasız sovuşaq bu istilərdən. Sizi deyə bilmərəm, mənim istilərə o qədər də dözümüm yoxdur. Dözümüm ona görə yoxdur ki, dağlıq bölgədə doğulmuşam və dağ çayının, dağ havasının nə demək olduğunu canıma, qanıma hopdurmuşam. Elə həmin o köhnə "yatırla" da gəlib çıxmışam 60 yaşın astanasına. Qismət olsa, bir neçə aydan sonra həmin o 60 məsələsi də gəlib keçər. Bunu Allah bilir və təbii ki, Allahın bildiyinə də nə mənim şəkk etmək, nə də əl uzatmaq gücüm, səlahiyyətim yoxdu. Sadəcə olaraq demək istəyirəm ki, dağ havası, dağ şəlalələrinin şırıltısı, ümumiyyətlə, insanın doğum yerindən öz vücuduna köçürdüyü hər şey onun üçün bir yaşam stimulu olub. Yəni insan gözünü açıb evim, kəndim, yurdum dediyim ocaqdan başlayır formalaşmağa. Həm bir Allah bəndəsi kimi, həm də bir vətəndaş kimi. Nə isə...
Bütün bura qədər oxuduqlarınız əslində mənim hər gün düşündüklərim, hər gün içimdə saf-çürük etdiklərim yaşamımın üst qatıdı, üzdə olan, dilə gətirilən tərəfidi. Alt qatda, iç dünyamda nələrlə çarpışıram, nələrlə dil tapıram, bu tamam başqa bir söhbətdi. Amma bir gerçəklik də var ki, insan bütün məqamlarda, hətta kefinin ala buludda olduğu zaman kəsiyinin içərisində də, özü də bilmədən daxilən bir sualın cavabını çözməyə çalışır. Yəni müqayisə edir - həm içərisində olduğu məqamı, həm də bunun oxşarı varsa onu. Əgər bu oxşarlığı və yaxud fərqi tapırsa, onda irəliyə atmış addıma, şəraitə, fürsətə görə bir daha Tanrısına minnətdar olub. Yox, belə bir imkan yaranmayıbsa, təkrar anına, gününə şükür edir. Bax, bu mənada mən başa çatan avqust ayını demək olar ki, bir zərgər dəqiqliyiylə incələməyə, onu ötən ilin avqustuyla yanaşı tutmağa çalışdım. Tam səmimi deyim ki, itirdim bu avqustu. Onun ötən ilkindən xeyli arxada qaldığını açıq-aşkar gördüm, duydum və təəssüfləndim. Doğrudur, yaşanan hər gün ömür payıdır. Və ömür payını da sifariş etmək mümkün deyil. Amma həyatın elə problemləri var ki, onlar bilavasitə insandan, Allahın bəndəsindən asılıdır. Bu da daha çox maddiyyatla, iqtisadiyyatla bağlı olan məsələdir. Yəni bir az özümü çoxbilmiş kimi göstərib desəm ki, dünya böhran içərisindədi və dünya böhranının bir iynə ucu boyda zərrəsi mənə toxunub, bunu oxuyanda siz də güləcəksiniz və yaxud gülümsəyəcəksiniz. Düşünəcəksiniz ki, torpağının altı, üstü qızıl olan bir ölkə vətəndaşının bu cür düşünməsi ən azından yanlışdır. Olsun! Amma yanlışın da bir naxışı olduğu məlumdur. Hə, bu da nə isə...
Gəlirəm başa çatan avqustun yaşantılarına. Daha doğrusu, dönürəm məsələnin bu biri tərəfinə. Bu yayın qorabişirənində baş çəkdiyim trabzonlu dostumun diqqəti və qayğısı özümün və doğmalarımın yaddaşına yazıldı. Çox qısa müddətdə olsa da mən orada anladım ki, yayı da, qışı da, od ələnən məqamı da, şaxtanı-qarı da heç ruhun incimədən yaşamaq mümkündü... Əgər həyatın elementar tələbatları yerindədisə... Əgər sən bir Allah bəndəsi olaraq dəyərləndirilirsənsə... Sənin verdiyin dəyərin sənə qarşılığı ödənilirsə... Əks halda kim olursan ol, diqqətsizlik, maddi sıxıntılar səni öz caynaqlarında sıxıb saxlayacaq. Və bu da yaşamaq istədiyin ömrün əzablı, ağrılı, acılı səhifəsi olacaq. O səhifəni kağıza köçürmək istəmirəm. Onsuz da bilənlər bilir, bilməyənlərin də bilib nəyisə dəyişəcəyinə ümidim yoxdu. Necə deyərlər, daha doğrusu, böyük Cəfər Cabbarlının təbirincə desək, öz cəzandı çək, Balaş!.. Hə, bu da nəysə...
Gələk yazımızın yaralı yerinə. Mənim bütün yazılarımda iç dünyamla çöl dünyam paralel yol gedir, yanaşı dayanır. Və hətta bəzən bir-birinin içindən boylanır. Bu mənada avqustun (bilgisayar yazarımız Gülər xanımın etirazına baxmayaraq - Ə.M) qorabişirən istisində mən Sənin də qaladığın ocağın odunda ütülürdüm. Elə bil iki od arasında qalmışdım. Yadıma sevgi odunda yanan Kərəm də düşmüşdü. Amma sonra bir az dərinə işıq salanda anlamışdım ki, Kərəm də mən çəkəni çəkməyib. Heç bir az pafoslu çıxsa Məcnun da. Rəhmətlik Şeyx Füzulinin Məcnunu mənim yanımda deyəsən elə çiyin bərabərliyində dayanıb. Bəlkə də bir az aşağı-yuxarı ola bilər, müqayisə etmirəm. Qərarı özünüz verərsiniz. Amma mən deyirəm ki:
Üfür sönüm şam kimi
Toxun, uçum dam kimi...
Yığışıb adam kimi -
Sığınım qapınıza...
Durma, yeri yanımla
Bu qurbanlıq canımla...
Bir qaşıqlıq qanımla -
Sıxılım qapınıza...
Əlim açıqdı göyə
Dönmüşəm sınıq meyə...
Məni görəsən deyə -
Yıxılım qapınıza.
***
Hər kəs düşünmək haqqına malikdir. Buna qadağa qoymaq mümkün deyil. Hətta tanınmış şairlərimizin məşhur şeirlərində deyildiyi kimi: "Düşünmə deyirsən! Düşünməyə bilmərəm". Bu mənada sizin və elə mənim özümün də düşüncələrimdə sərbəstlik təbiidir. Digər tərəfdən hər kəsin də düşünmə mövzusu özünə məxsusdur. Ola bilsin ki, eyni anda bir neçə nəfər eyni mövzu ətrafında düşünsün. Bunu kimsə təşkil edə bilər və nəticə ümumiləşdirilər. Amma kəndin, şəhərin, ölkənin müxtəlif guşəsində eyni anda, eyni məsələ barəsində yüzlərlə adamın fikirləşib eyni nəticəyə gəlməsi bir az şübhəlidir. Yalnız bir məqamdan başqa. Bu da mənim qənaətimdir. Hesab edirəm ki, "yaşam və ölüm" "sevgi və nifrət" barəsində müxtəlif ünvanlarda, müxtəlif anlarda həmfikir olmaq mümkündür. Çünki hər kəs bu dünyaya gələn andan yaşamaq və ölümü qarşılamaq missiyasının boyuna biçildiyini bilir. Bununla paralel olaraq hər kəs sevir, sevilir, eləcə də nifrət edir və yaxud nifrət ünvanı olur. Bax, gördüyünüz kimi, insan boyuna biçilən bu missiya ona düşüncə sərbəstliyi verir. Mənim düşüncəmin, xəyallarımın, ümumiyyətlə, varlığımın əsas ifadəsi bir mərkəzdə cəmlənir. O da əlindən tutub doğulduğum ünvana gedib çıxmaqdı. Yazıqlar olsun mənə ki, mən bunu edə bilmirəm. Qarşımı düşmən kəsib, sən də ki, əlini uzatmırsan. Ona görə də düşüncələrim aydınlığa çıxmır, xəyallarım gerçəkləşmir. Eləcə xəyal olaraq qalır. Mən də o xəyalların qanadında elə kağızla qələmin təmasına güvənib yazıram:
Xəbərin olmadı, yatıb qalmışdın
Səhər gözlərimdə açıldı bu gün...
Yorğan əvəzinə kədər salmışdın -
Üstümə! - o da ki, daş idi bütün...
Çevrildim min dəfə qorun içində
Elə yatmışdın ki, duymadın bunu...
Çətin rahat olam gorun içində -
Həmişə bir olur əvvəlin sonu..
Heç də incimirəm, gileylənmirəm
Sadəcə gerçəyi duyub yazıram...
Sözüm toxunmasın deyə qələmi -
Gözümün yaşıyla yuyub yazıram...
Bəli, bu avqustun da kürəyi gəldi yerə. Siz bu gün bu yazını oxuyanda sentyabrın 1-i olacaq. Hamımızın yaddaşına yazılmış 1 Sentyabr! Bax, görürsünüz xatirələr adamın yaxasını necə buraxmır, necə yaşamağa imkan vermir...
Sonra da məni qınayırsınız. Hətta inciyib-küsürsünüz ki, nostalji hisslərdən, pessimist fikirlərdən qopub ayrıla bilmirəm. Axı mən neyləyim ki, mənim dünyam gözəllikdi, sevgidi! Gözəlliklə sevgi insanı qanadlandırır, xəyallandırır, özündən alıb aparır. Hətta əl cibdə utansa da...
İndi bax bu nostalji duyğular sarı simə çevrilir və məni sarı sim üstündə yazdığım misralara tərəf çəkib aparır. O misralar ki, onlar sənə ünvanlanır. Onları sən mənim ürəyimdən dilimə köçürmüsən və mən də kağıza:
Açmışam ovcumu həmən dolu su
Su alıb kirpikdən gələn yolu, su...
Baxıb göz dolusu, ürək dolusu
Mən gülü oxşadım, çiçəyi sevdim -
Allahım, hamıdan göyçəyi sevdim.
Baxdım, pardaq-pardaq olan qönçəyə
Didəsi şeh ilə dolan qönçəyə
Xallı kəpənəklər yolan qönçəyə...
Həm gülü, həm də ki, ləçəyi sevdim -
Allahım, hamıdan göyçəyi sevdim.
Məst oldum ətirdən, uydum hənirdən
Tanıdım addımdan, duydum hənirdən
Bir anlıq, bir anlıq doydum hənirdən
Bal axan o dili, dilçəyi sevdim -
Allahım, hamıdan göyçəyi sevdim.
Xəyalım cilovsuz səməddi! - dedim
Açılan qollara kəmənddi! - dedim
Gör neçə həsrəti kəməltdi! - dedim
Bu çiçək! - mən də bu çiçəyi sevdim
Hamıdan, hamıdan göyçəyi sevdim!..
***
... Belə bir fikir var. Yəqin ki, aqillər deyib. Amma hansının dediyini bilmirəm, ona görə də ad çəkmirəm. Fikir isə belədir: "Günün necə başladınsa, o cür də yekunlaşır"... Bax, bu yazını da mən kökləndiym ovqatla başa çatdırmaq istəyirdim. Amma alınmadı. Bilirsiniz niyə? Ona görə ki, bütün redaksiya, yəni çalışdığım kollektiv nahar üstündə köklənmişdi. Deyilənlərin, yazılanların artıq şirə ifraz etməkdə olan mədələrə heç bir isti-soyuğu yox idi. Necə deyərlər, dəyirman öz işindəydi. Ona görə də sözümün səs tempini bir balaca azaltmağa məcbur oldum. İstədim ki, ovqatımı qoruyub saxlaya bilim. Ən azından sənin xatirinə, sənin naminə. Çünki bu dünyada Allahımın mənə verdiyi sevgidən qiymətli, dəyərli başqa heç nə yoxdu. Və bilirəm ki, haqdan gələn nə olur-olsun Ənamdı! Kədər də, sevinc də özünü bu ənamda ifadə edir. Əgər mən inamımda yanılmıramsa və siz də bu inamda mənə dəstək verirsinizsə, onda...
Ruhumu cənnətdə gördüm
O, pəncərədən baxırdı...
İlahi, mən içdən öldüm -
Bu nə uğursuz axırdı...
Həmişə əllərim göydə
Həmişə də dizim yerdə...
İstədim ki, ölüm göydə -
Qalsın amma izim yerdə!..
Alınmadı bu arzum da
Asi oldu ruhum, cismim...
Mən sahibsiz dəfn olundum -
Buna görə məndən küsmə..
Hə, nə qədər çalışsam da xəyalımdakından, duyğularımdakından, ürəyimdəkindən yenə bir iynə boyu da olsun uzaq gedə bilmədim. Fırlandım yenə başına. Və dedim ki, məni görəsən deyə yıxılım qapınıza?..