ANA SƏHİFƏ / YAZARLAR

İftixarımız

6590    |   2018-07-04 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Teatr və kinomuzda maraqlı obrazlar yaradan Əjdər Zeynalovun doğum gününə

Ömrünü sənətə, yaradıcılığa həsr edən istedadlı insanlar bizim iftixarımızdır. Onların teatr səhnəsində, filmlərdə böyük fədakarlıqla ərsəyə gətirdikləri obrazlara dəfələrlə baxır, əldə etdikləri uğurlara sevinirik. Geniş tamaşaçı rəğbəti qazanan belə aktyorlarımızdan biri də Əjdər Zeynalovdur.

İrəvanda xal qalmadı,
İrəvanda nə qaldı ki...

Tanınmış aktyor Əjdər Zeynalov 1964-cü il iyulun 4-də dünyaya gəlib. Onun doğulduğu, boya-başa çatdığı qədim yurd yerlərimiz indiki Ermənistanın ərazisində qalıb. Teatra, aktyor sənətinə marağı, öz istedadı ilə yaşıdlarından seçilməsi Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı rəhbərliyinin diqqətini çəkdiyindən gənc Əjdəri truppaya qəbul edirlər. Əjdər Zeynalov ona bəslənən ümidləri tez bir zamanda doğruldur və böyük yaradıcılıq yolu keçən bu sənət ocağının səhnəsində İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşasındakı Ədalət rolu ilə uğurlu debüt edir.
Həmin dövrdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışan tanınmış yazıçı-dramaturq Hidayət Orucov istedadına inandığı gənc aktyoru ali təhsil almaq üçün Bakıya göndərir və Əjdər Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsinə qəbul edilir. Bir neçə il öncə qəzetimizə verdiyi müsahibədə Əjdər Zeynalov o günləri belə xatırlayır: "...Nəsir Sadıqzadə, Böyükağa Kazımov kimi görkəmli pedaqoqlardan dərs aldım. O dövrdə İncəsənət İnstitutu adlanan ali məktəbi bitirib doğma kollektivə qayıtmaq üçün İrəvana getmək istəyirdim. Lakin 1988-ci ildə baş verən məlum hadisələr bu arzumu ürəyimdə qoydu. Təyinat məsələsi ortaya çıxanda Ermənistanda yaşayan azərbaycanlılar artıq öz dədə-baba yurdlarından çıxarılmağa başlamışdı..."
Ali təhsilli mütəxəssis kimi doğma İrəvana qayıtmaq, səhnəyə çıxıb obrazlar yaratmaq Əjdərə nəsib olmur. Lakin Tanrı ona başqa tale yazır. Erməni ekstremistlərinin qurduğu min bir hiylədən, yamanlıqdan bezən, demək olar ki, hər gün ölümlə üz-üzə qalan kollektiv İrəvanı tərk etməyə məcbur olur. İrəvan Dövlət Azərbaycan Dram Teatrının köçkünlük dövrü başlayır. İstedadlı aktyor və bacarıqlı təşkilatçı Vidadi Əliyev bütün çətinliklərə baxmayaraq teatr kollektivini bir araya yığa bilir, truppanı dağılmağa qoymur. Əjdər Zeynalov məhz belə bir ağır zamanda doğma kollektivin sıralarına qoşulur, min bir əziyyət bahasına başa gələn tamaşalarda rol alır. Müxtəlif rayonlara qastrol səfərlərinə çıxır, yaratdığı rollarla tamaşaçıların rəğbətini qazanmağı bacarır. İstedadlı aktyorun həmin dövrdə oynadığı Abbasqulu bəy Şadlinski obrazı maraqla qarşılanır, mətbuatda müsbət rəylər dərc olunur.
İllər ötdükcə Əjdər Zeynalov şərəfini həmişə uca tutduğu İrəvan Dövlət Azərbaycan Teatrının ən aparıcı aktyorlarından birinə çevrilir. Jan Batist Molyerin "Zorən təbib" pyesi əsasında hazırlanan "Məcburən doktor" tamaşasında Luka, Hidayətin "İrəvanda xal qalmadı" əsərində yazıçı Sultan Oğuz, "Burdan min atlı keçdi" tamaşasında Katib, İftixarın "Qurtuluş" pyesində Qorbaçov kimi bir-birindən fərqli obrazlar təqdim etməyi bacarır. Teatrın Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərinə qastrollarında yerli tamaşaçıların, tənqidçilərin diqqətini çəkir.
Əjdər Zeynalov başqa teatrları ilə də əməkdaşlıq edir. Xalq artisti İranə Tağızadə Dövlət Akademik Mili Dram Teatrında Xalq yazıçısı Elçinin "Sənətkarın taleyi" tamaşasına quruluş verərkən Qubernator roluna məhz Əjdər Zeynalovu dəvət edir. Böyük uğur qazanan "Sənətkarın taleyi"ndə o, qüdrətli aktrisamız Xalq artisti Şükufə Yusupova ilə eyni səhnəni bölüşür. Sənətşünaslar, tanınmış teatr tənqidçiləri ölkənin ən böyük teatrının yeni tamaşanı təhlil edərkən Əjdər Zeynalovun özünəməxsus şəkildə yaratdığı Qubernator rolunu xüsusi qeyd edirlər.

Əjdər bir, dubl iki...

Teatr səhnəsində öz istedadını, aktyorluq bacarığını hələ illər öncə sübut edən Əjdər Zeynalovun kinorejissorların da diqqətini çəkəcəyi gözlənilən idi. Son illər o, tez-tez həm Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, həm də özəl kino şirkətlərinin istehsal etdiyi filmlərə dəvət alır, irili-xırdalı rollara çəkilir. Və təbii ki, kino tamaşaçılarının da rəğbətini qazanır. Xalq artisti Oqtay Mirqasımov "Qisas almadan ölmə", Əməkdar incəsənət xadimi Yavər Rzayev "Dronqo: Xeyirlə Şərin rəqsi" filmlərində bu istedadlı aktyoru mürəkkəb xarakterli rollara çəkiblər.
Əjdər Zeynalovun kino yaradıcılığından söhbət açarkən "Dolu" filminin adını xüsusi çəkmək lazım gəlir. Əməkdar incəsənət xadimi, istedadlı kinorejissor Elxan Cəfərovun quruluş verdiyi "Dolu" bədii filmində Əjdər vəhşi erməni terrorçusu Levon obrazını özünəməxsus şəkildə canlandıra bilir. Tanınmış yazıçı Aqil Abbasın eyniadlı əsəri əsasında çəkilən "Dolu" bu günə kimi dünyanın müxtəlif ölkələrinin ekranlarında nümayiş etdirilib və hər yerdə böyük maraqla qarşılanıb. Filmin uğur qazanmasında aktyor Əjdər Zeynalovun kiçik də olsa zəhməti var.
Aktyorun çəkildiyi "Şollerin arxivi" filmi bu günlərdə kino ictimaiyyətinin müzakirəsinə təqdim olundu.
Bacarıqlı sənətçi kimi o, milli teleseriallarımızda da tez-tez çəkilir. Onun "Toy gecəsi"ndəki Aslan rolu böyük populyarlıq qazanıb. "Sirr", "Muradına çatan Günəş", "Həyat varsa" teleseriallarında müxtəlif rollara çəkilib.
Təəssüf ki, son vaxtlar Əjdər Zeynalov illər uzunu birgə çalışdığı doğma kollektivdən ayrı düşməyə məcbur olub. Amma inanırıq ki, gec-tez ədalət zəfər çalacaq və bəzi xəbis, hiyləgər adamların yaratdığı maneələr məhkəmə yolu ilə aradan qaldırılacaq. Əjdər Zeynalov yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaradacaq. Tamaşaçılar istedadlı aktyorun həm teatrda, həm də kinoda yeni rollarını alqışlayacaq. Çünki Əjdər Zeynalov kimi aktyorlar bizim iftixarımızdır.


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK