ANA SƏHİFƏ / YAZARLAR

Mehman CAVADOĞLU: MÜHACİR BÖHRANI

22675    |   2018-06-30 08:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2015-ci ilin aprel ayında Aralıq dənizi vasitəsilə Avropaya qeyri-leqal şəkildə axışan beş qayığın qəzaya uğraması nəticəsində ən azı 1200 nəfər adamın həlak olması Avropanın siyasi leksikonuna "mühacir böhranı" adlı yeni termin gətirdi. Ümumiyyətlə, 2000-ci ildən bu yana ölümün pəncəsindən xilas olmaq üçün canını götürüb Şərqdən Qərbə qaçaq yolla köç edənlərin sayı artıq milyonlarla, bu yolda həyatını qeyb edənlərin sayısa on minlərlə ölçülür. Bu cür kütləvi köç təkcə Avropanın demoqrafik mənzərəsinin dəyişməsinə yox, həm də ordakı daxili siyasi ab-havaya ciddi təsir göstərir, yaxın tarixi keçmişdə Qərbin özüylə yanaşı az qala bütün dünyanı tarixin ən böyük fəlakətinə sürükləmiş millətçilik hisslərinin yenidən alovlanmasına səbəb olur. Özü də bu hissləri qızışdıran heç də qaçqın sayının çoxluğu və onların təminatından dolayısı keçirilən narahatlıq hissləri deyil. Qərbin bugünkü inkişaf səviyyəsi üçün on milyonların iqtisadi təminatı o qədər də ağır yük deyil. Avropanı narahat edən gələnlərin öz mədəniyyətləri, adət-ənənələri və mentalitetləriylə birlıikdə gəlmələri, heç cürə yerli davranış qaydalarına uyğunlaşmaması, ən pisi isə uyğunlaşmaq istəməmələridir.

Yeri gəlmişkən, öz mental dəyərlərini bu qədər əziz tutan və heç cür ondan vaz keçməyi bacarmayan bu insanlar görəsən, nəyə görə fərqli mədəniyyətlərin hökm sürdüyü bu ölkələrə can atırlar? Axı, dünyanın siyasi xəritəsi həmin mədəni-mental dəyərlərin hökm sürdüyü məmləkətlərlə, özü də zənginlikdə heç də Avropadan geri qalmayan ölkələrlə doludur. Niyə bu qaçqınlar həmin ölkələrə üz tutmurlar? Yox, sual, deyəsən, çox da dəqiq olmadı. Niyə onları orda qəbul eləmirlər? Uca kürsülərdən ağız dolusu danışır, vay-şüvən qopardır, kimsə birinə, bir başqası digərinə "uf" demədən nə qədər silah lazımdır verir, amma ölkəsinə buraxmır.

Nə isə... Artıq "mühacir böhranı" Avropa İttifaqını çıxılmaz dalana dirəyib. Avropa bu ittifaqı qurmaq, yəni eyni siyasi, mədəni, mental dəyərlər sistemi daxilində vahid bir orqanizm kimi yaşamaq üçün ən azı bir əsrlik uzun yol keçmiş, çox ciddi maneələr aşmışdı. Ağır zəhmət bahasına əldə olunanlar əldən çıxır, birlik günbəgün sürətlə genələn çat verir, onun subyektləri bir-birindən uzaqlaşır, ölkələrin siyasi ritorikası başqa çalarlar almağa başlayır.

"Breksit"in əsas səbəblərindən biri mühacir məsələsiydi;

Avstriyada, İtaliyada millətçiləri hakimiyyətə gətirən mühacir məsələsiydi;

Millətçiliyin vurduğu yaraları hələ tam sağaltmamış Almaniyanı yeni millətçilik dalğasıyla üz-üzə qoyan, son seçkilərdə bu xəttin tərəfdarlarına ("Almaniya üçün Alternativ" partiyasına) böyük uğur qazandıran mühacir məsələsiydi.


Birliyin keçmiş kommunist düşərgəsindən qopmuş yeni üzvlərini hələ də iqtisadi və hərbi himayəsində olduqları köhnə üzvlərə qarşı çıxmağa vadar edən mühacir məsələsidir.

Dünən Avropa İttifaqı liderlərinin Brüsseldə açılan sammitində gərgin anlar yaşadan əsas amil də elə mühacir məsələsidir. Bütün bunlar isə Avropa Birliyinin perspektivinə şübhəylə yanaşanların mövqeyini gücləndirir. "Breksit"dən sonra xeyli güclənmiş bu mövqelər birliyin aparıcı ölkələri sayılan Almaniyada Merkelin, Fransada Makronun qələbəsindən sonra xeyli sarsılsa da, yenidən dirçəlməyə başlayır. Keçən ay İtaliyada formalaşmış yeni hökumət artıq mühacirləri qəbul etməkdən imtina edib. İtaliya kimi mühacir axınını ilk olaraq qəbul edən Yunanıstan da, siyasi kuluarlarda "balaca avropalılar" adlandırılan Polşa, Çexiya, Slovakiya və Macarıstandan da onlarla eyni mövqedədirlər. Həm də açıq etiraf etmək lazımdır ki, bu ölkəni yönəldənlərin antimiqrant əhvali-ruhiyyələri daha çox daxili ictima rəydən qaynaqlanır. Qərbin, demək olar ki, heç bir ölkəsinin əhalisi bu qədər mühacir axınından yumşaq desək, məmnun deyil. Təsadüfi deyil ki, son illər Avropada keçirilən bütün seçkilərdə mühacir axını probleminə münasibət ictimai rəyin əsas indikatoru rolunu oynayıb və seçici rəğbəti daha çox bu axına qarşı çıxan siyasətçilərin tərəfində olub. Məsələn, Macarıstanın baş naziri Viktor Orban qaçqınlara qarşı sərt mövqeyini çox ütülü cümlələrlə ifadə edir: "Əsas problem miqrasiya deyil, demokratiyanın yoxluğudur. Ona görə də Avropa xalq partiyası növbəti 6 ay ərzində, nəhayət, adamların tələb etdiklərini, Köhnə Dünyada demokratiyanı bərpa eləməyi bacarıb-bacarmayacağını sübut etməlidir". Baş nazir demək istəyir ki, miqrantlara qarşı sərt siyasət Avropa siyasətçilərinin yox, Avropalıların tələbdir. Xalqın mövqeyini müəyyənləşdirən əsas amil isə yazının əvvəlində söylədiyim mental-mədəni fərqlərdən qaynaqlanan diskomfort, mühacir axınıyla bağlı əndazəsindən çıxmış kriminal durum, üstəlik, qaçqın adıyla ölkəyə gələn yeni terroçular və öz vaxtilə İSİD sıralarına qoşularaq "döyüşüb bərkidikdən" sonra yenidən geriyə qayıdan ölkə vətəndaşlarıdır.

Türkiyənin maddi təzminat qarşılığında böyük qaçqın kütləsini qarşılaması son vaxtlar mühacirlərin sayının xeyli azalmasına təsir etsə də problem dərinləşməkdə davam edir. Bu məsələ getdikcə Avropa İttifaqıyla yanaşı üzv ölkələrin daxili birliyini təhlükə altına alır. Məsələn, Almaniyanın bütün federal ərazilərindən daha çox mühacir qəbul eləmiş Bavariyanın hakim Xristian sosialist ittifaqının lideri, Almaniyanın daxili işlər naziri Horst Zeyerhofer artıq həm baş nazir, həm də ittifaqda olduğu partiyanın lideri Angelə Merkellə ultimatumla danışmağa başlayıb. Cənab Zeyerhofer deyib ki, əgər baş nazir ayın sonuna kimi miqrasiya probleminin həllini Avropalı həmkarlarıyla birlikdə cözə bilməsə, o, daxili işlər naziri kimi öz səlahiyyətlərindən istifadə edərək Almaniyanın sərhədlərini bağlayacaq və qeyri-leqal mühacirlərin hamısını ölkədən çıxardacaq. Hərçənd, Avropa İttifaqında yaranmış indiki ab-hava və münasibətlər hər hansı həll variantının tapılmasını mümkünsüz edir. Daxili işlər naziri hətta dediyini eləməsə də, bu ritorikadan artıq seperatizm qoxusu gəlir və ölkənin daxilində yetişmiş çox ciddi siyasi böhrandan xəbər verir.

Zərbə yenə də Merkelə, Avropa İttifaqının bu ən böyük təəssübkeşinə, mühacir probleminin həm öz ölkəsinin, həm bütün Avropanın, həm də mühacirlərin mənafeyinə uyğun şəkildə və ədalətlə həll edilməsi üçün yorulmadan çalışan bu fədakar xanıma tuşlandı. İndi o, Avropa Birliyindəki əleyhdarlarıyla yanaşı ölkə daxilindəki opponentlərini də neytrallaşdırmağı bacarmalı, üstəlik, milyonlarla evsiz-eşiksiz, ac-yalavac insanın ümid yeri kimi öz böyük humanitar missiyasını davam etdirməlidir.

Bəs, bu evsiz eşiksizləri, ac-yalavacları öz vətənlərindən didərgin salanlar necə, əvvəl-axır gözlərini açıb dünyaya baxacaqlarmı, öz məzlum, zavallı vətəndaşlarının düşdükləri vəziyyətə görə vicdan əzabı çəkəcəklərmi, öz ambisiyaları naminə ölkənin yarısını qırmaq fikrindən daşınacaqlarmı? Çətin. Ancaq fərz edək ki, düşündülər və daşındılar. Qovğa bitəcəkmi? Yox, heç nə bitməyəcək, yeni qovğa başlayacaq və bu dəfə yeni mənsəb sahibləri məmləkətin digər yarısını qırmağa başlayacaqlar.




İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK