ANA SƏHİFƏ / YAZARLAR

Xalid KAZIMLI: Bir dəqiqəlik sükuta dəymədi?

14141    |   2018-04-28 10:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizin virtual cəmiyyəti çox amansızdır, ona qarşı gələn yanır.

Bu cəmiyyət son illərdə, sosial şəbəkələrin populyarlaşması ilə formalaşdı, gün keçdikcə mütəşəkkilləşdi və indiki halını aldı.

Elə bir gün olmur ki, hansısa bir hadisə, yaxud kiminsə bir ehtiyatsız sözü burada müzakirə predmetinə çevrilməsin.

İndiyədək bu məkanda adı dillərə düşən, personası qınanılan, məzəmmət edilən, nəinki ölkədəki problemlərin başlıca səbəbkarı kimi göstərilən, "cümlə xəyanətlərə bais” sayılan onlarca adam olub.

Əslində burada heç kəsi durduğu yerdə topa tutmurlar, şəkli hədəf taxtasına yapışdırılan şəxslər mütləq ictimai mənafelərə toxunan, ayrı-ayrı sosial qrupları incidən sözlər demiş, hərəkətlər etmiş olurlar.

Problem ondadır ki, biz harada dayanmağı bacarmırıq, öz qınama-qısnama, tənbeh-tənə-məzəmmət etmə fəaliyyətimizdə sürətlə irəliləyir, sarı, qırmızı xətləri keçir, məsələyə insanların yeddi arxa dönəni qatır, fikirlərimizi təhqiramiz sözlərlə ifadə edirik.

Bir də baxırıq ki, kimsə adi, cavabı "elə deyil axı, müəllim” olacaq söz deyib, amma biz onun ağır şəkildə cəzalandırılmasını tələb edirik, adamın özünə ölüm arzulayırıq. Hətta adam vəfat etdikdə belə əl çəkmir, şəxsiyyətini təhqir etməkdən çəkinmirik.

Bunun bariz nümunəsi deputat Astan Şahverdiyevə münasibətdə oldu.

Vəfat etdiyi gündən bəri onu yaxından tanıyan bir neçə şəxs mərhum deputat haqqında "o kişi bu münasibəti haqq etmirdi, tamam fərqli adam idi” kimi sözlər eşidirəm.

Mərhum deputatın dilindən səslənmiş bir ehtiyatsız, redaktəsiz ifadə onu ölkənin ən arzuolunmaz adamlarından birinə çevirmişdi.

Bu, ona görəydi ki, ölkədə onun sözünün toxunmadığı bir ailə, bir adam belə qıraqda qalmamışdı. Rusiyada hər kəsin yaxın qohumları var axı.

Fəqət bir professor heç də Rusiyada yaşayanların hamısını nəzərdə tutub elə söz deməzdi. Bu, mümkün deyil. Ona qalsa, hər gün sosial şəbəkədə belə statuslar oxuyuruq: "Bu gün hamı bu düşük mövzudan yazır”. Halbuki heç də hamı yazmır, "o düşük mövzu”ya dair heç bir fikir bildirməyən minlərlə adam var.

Yəni bizim camaat hər şeyi ümumiləşdirərək, danışmağı, yazmağı sevir. Güman ki, deputat Şahverdiyev də öz tanıdığı və gerçəkdən də Rusiyada qəbahət əməllər (qarət, qətl, zorlama, dələduzluq) törədərək millətin adını batıranları nəzərdə tutmuşdu. Onun namusuyla pul-para qazanan adamlarla nə problemi ola bilərdi ki?

Ancaq sosial şəbəkə fəalları ona manevr etmək, sözünü düzəltmək, konkretləşdirmək imkanı vermədilər, söydükcə söydülər, təhqir etdikcə etdilər, üstünə ad qoydular... İndi o adam artıq həyatda yoxdur.

Əslində Astan Şahverdiyev çox bəxtsiz adam imiş. Ola bilər ki, həyatının əvvəli yaxşı gətirmişdi, gənc yaşından pul, şöhrət qazanmış, yaxşı, rahat işlərdə çalışmışdı, amma ömrünün sonu faciələr və sıxıntılarla keçdi.

Çox adam bilmir, müəllimin deputat yoldaşları parlamentin iclasında onun xatirəsini bir dəqiqəlik sükutla yad etməyiblər.

Birinci dəfə bu, yeni baş nazirin təyin olunmasına həsr olunmuş plenar iclasda baş verməyib, ikincidə də yada düşməyib. Bundan əvvəl vəfat etmiş deputatların hamısı üçün sayğı duruşu olub, ancaq həmkarları Şahverdiyev üçün toplam 10-15 saniyə çəkən "bir dəqiqəlik sükutu” rəva görməyiblər.

Bu, vəfasızlıq deyil, adi etinasızlıqdır. Dünənə qədər sözü-söhbəti hər yerdə gedən insan ölür və dərhal da unudulur. Artıq nə onun özü, nə də xatirəsi heç kəsə lazım deyil.

Əlbəttə, həmin gün hamının başı yeni təyin edilən baş nazirə, digər yeni nazirlərə qarışmışdı, bir çox deputatlar onlarla qura biləcəkləri münasibətlər haqda düşünürdülər.

Ya yüksək vəzifəyə təyin edilənlərdən biri də Astan Şahverdiyev olsaydı...

Bax, onda görərdik ki, onun şəxsiyyətinə dair necə bəlağətli sözlər səslənir, təriflər dilə gətirilir. Elə olsaydı, onda deputatın dilindən səslənmiş o bədnam söz də unudulub gedərdi, əksinə, bəzi məddahlar deyərdilər ki, müəllim sözü həmişə açıq deyən, cəsarətli adamdır.

Bu da bizim xasiyyətimizdir, aşağı-yuxarı beləyik.

Bircə bir adamın üstünə elliklə düşmək vərdişimizi tərgidə bilsəydik... Heç birimizin nəsə bir ehtiyatsız söz deyən adama mütləq cavab vermək kimi öhdəliyimiz yoxdur, belə sözlərə məhəl qoymamaq hüququmuz da var. Hər kəs əmin olsun ki, xalqa, millətə, sosial qruplara qarşı söz deyənin cavabını tutarlı şəkildə verən adamlar var, sadəcə, onların cavabı ümumi xorda eşidilməz olur.




İmza:musavat.com

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK