ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: QİYAMƏT GECƏSİ

14227    |   2018-02-13 10:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Povest)

Ömründə belə çovğun görməmişdi, hətta bir vaxtlar Leonid İliçin aldadıb göndərdiyi gənclərdən yazmaq üçün getdiyi BAM-da da. Şaxta nəinki maşınların qara batıb qaldığı yolları, yol qırağında sıralanmış İşığa Həsrət Qalmış İşıq Dirəklərini, hətta yaxınlıqda uzanıb gedən qəbiristanlıqdakı başdaşılarını da və o qəbirlərdə haçansa cənnətə gedəcəkləri günü gözləyənləri də dondurmuşdu. O da oturub qalmışdı bu don vurmuş dünyada don vurmuş maşının içində. Maşının təkərləri o qədər yeri cırmaqlamışdır ki, caynaqlarına buzdan başqa bir şey keçməmişdi və tüstüləri təpələrindən çıxırdı. Böyründə öz maşınının təkərlərinin tüstüsü də təpələrindən çıxandan sonra bütün cəhdlərin mənasız olduğunu görüb mühərriki söndürən "Jiquli"nin sürücüsü şüşəni yendirib bağıra-bağıra:
- Ay qardaş, niyə o təkərlərin atasını yandırırsan? - deyəndən sonra mühərriki söndürdü, yan-yörəsindəki maşındakılar kimi bütün hayıfını siqaretdən çıxmağa başladı.
Belə havada evdən çıxdığına görə özünə söydü-söydü, ürəyi soyumadı və əsəbindən başını iki-üç dəfə də sükana çırpdı.
Getdikcə maşının içi də buzlayırdı. Arada maşının nəfəsindən tərləmiş şüşəsini qolu ilə silirdi ki, çölü-bayırı görsün. İndi onun yeganə hayanı onu bu yolun ortasında ümidsizcəsinə tək qoyan və ona qənim kəsilən bu çovğunun özü idi. Kürkü bədənini soyuqdan birtəhər qoruya bilsə də ayaqları donurdu. Yenidən mühərriki saldı işə, ağdamlılar demiş, maşının sobasına bir-iki odun atdı və az keçməmiş sobanın yumşaq istisi yavaş-yavaş bədəninə yayıldı. Bu yumşaq isti vurduqca xoşhallanır, xoşhallandıqca da şirin bir yuxu onu ağuşuna alırdı.
Amma bu sobanın bu yumşaq istisi nə qədər ona ləzzət eləsə də və bu yumşaq istidə yatmaqdan ötəri ölsə də heç ölməmək xatirinə yatmamalıydı, o qədər maşın sobasının dəm qazından ölənlər haqqında eşitmişdi ki. Nəinki eşitmişdi, hətta bu dəm qazından nişanlısı ilə birlikdə boğulub ölən bir tanışı da vardı. Ona görə də qorxdu, mühərriki söndürdü, bərk-bərk büründü kürkünə.
Amma bu çovğun, yeri-göyü donduran bu şaxta qarşıdakı "Mercedes"in içində olan cavanların heç veclərinə deyildi, kefdəydilər və əmişə-əmişə özləri üçün vururdular.
Ürəyindən içmək keçdi, bir yüz qram belə vaxtda pis olmazdı, getdikcə iliyinə işləyən şaxtanı da damarlarından vurub çıxarardı, elə kefini də açardı. Bir-iki dəfə könlündən keçdi ki, gedib cavanlardan bir yüz qram istəsin, yox, utanmadı və ümumiyyətlə, heç utanan adam da deyildi, amma maşından çıxmağa qorxdu. Qorxdu ki, keçər çovğunun cənginə və bu xəstə canı ilə qancıq it kimi adam tutmaqdan ötəri lələyən çovğunun cəngindən qurtara bilməz. Sonra da ölmək cəhənnəm, di gəl qohum-əqrəbaya cavab ver. Qəbrinin üstündə arvad-uşağından başqa heç ağlayan da olmayacaqdı, hamı onun goruna söyəcəkdi ki, niyə öldün, ay it oğlu, heç ölmək vaxtıydı?! Bəs indi biz kimin qapısına gedək, dərdimizi kimə deyək, kim bizə kömək eləsin? Düzdür, Onu bütün qohumları çox istəməyinə çox istəyirdilər...
Canı üçün kim kim cananın sevər, ol canın sevər, cananı üçün kim kim ki canın sevər ol cananın sevər. İndi qohum-əqrəbaları da onu öz canları üçün sevirdilər...
Onları da qınamalı deyildi. Çöllərə səpələnmiş bütün nəslin yeganə vəzifəlisi, ala-babat pulu olanı O idi. O söyüşləri qazanmamaq üçün kürkünə bir az da bərk büründü.
Gördü darıxır, maqnitofonu açdı, amma ən çox sevdiyi Qədir Rüstəmov heç bir ağız sona bülbülləri haraylamamış da bağladı. Həmişə ruhunu oxşayan bu səs indi Onun beyninə işlədi. Və ona elə gəldi ki, Qədir nə sona bülbüllərini haraylayır, əslində heç dünyanın gen günündə Qədirin harayını eşitməyən o sona bülbüllər çətin ki, belə bir səfeh havada bu harayı eşidəydilər, nə də oxuyur, Onu söyür, özü də lap pis söyür:
- Ə köpəyoğlu, bilirsən ürəyin də xəstədi bu havada bayırda nə... - yazılması mümkün olmayan bir söz...
Qədir elə düz eləyib söyürdü, sahibi itini zorla bayıra çıxara bilmədiyi bir havada onun çöldə nə işi vardı axı. Qaxıl otur xarabanda, xanımına da de yaxşı bir xaşıl çalsın, balı tök üstünə... Bir yüz əlli qram da "Napoleon" konyakı, bizim konyakların zibili çıxıb, taxtabiti dərmanının tamını verir, otur televizorun qarşısında ətcəmətən müğənnilərin ora-burasına tamaşa elə.
"Mercedes"də kefiydi, sarmaşmışdılar bir-birilərinə, içərinin də işığını söndürmürdülər ki, heç olmasa yan-yörələrində batıb qalmış maşındakıların erotik bir filmə baxırmışlar kimi onlara zillənmiş baxışlarından gizlənsinlər. Bəlkə o, baxanların içində tamahını saxlaya bilməyib şişənlər vardı. Elə ləzzətlə öpüşürdülər ki, adamın lap ağzı sulanırdı.
Görəsən onun da oğlanları belə qələtlər qarışdırırlarmı, qarışdırmamış olmazlar, özü də gör kimin oğlanları, gülümsündü. O da bu yaşda belə qələtlər eləmişdi, amma day bu qədər yox də, xəlvətdə, hərçənd ki o vaxtlar xəlvət yer tapmaq xəlvətdə öpüləsi qızı tapmaqdan çox çətin idi.
Təzə evə köçəndə oğlanları sallanmışdılar yaxasından:
- Ata, köhnə evi sat, bir təzə mersedes al, yoxsa bu mersedesin cındırı çıxıb.
- Yox, bala, satmayacam.
- Niyə ey?
- Bir azdan sizə çox lazım olacaq.
- Nəyimizə lazım olacaq ey? Biz ev istəmirik, təzə mersedes istəyirik.
- Lazım olacaq, oğul! Özü də çox lazım olacaq. Açar axtaracaqsız ey, bax onda evi satmadığıma görə mənə sağ ol deyəcəksiniz.
Təbii ki, uşaqlar yavaş-yavaş televiziyada yarılüt müğənnilərin, göbək atan rəqqasələrin əndamlarına tamamilə təzə gözlə baxsalar da, hələ "açar axtarmağın" nə olduğunu başa düşəcək yaşda deyildilər. Və elə ki, bir gün oğlanları "açar axtarmağın" nə olduğunu başa düşdülər, onda dilxoşluq üçün dedi:
- Deyirəm o evi satım, nəyimizə lazımdı ey...
Oğlanları da bir ağızdan:
- Əşi, nə danışırsan, heç adam da daşınmaz əmlakı satar?-deyə etiraz elədilər. Və O da bərkdən güldü.
Ürəyinin ağrısı tutdu. Tərslikdən həmişəki kimi yenə də özü ilə dərman götürməmişdi. Xanımı bunun üstə Onu nə qədər danlasa da xeyri yox idi:
- Yekə kişisən, bu zəhrimar dərmanı cibində saxlaya bilmirsən?..
Xanımı otuz iliydi şəhərdə yaşayan bu kənd uşağına cibində daraq və dəsmal gəzdirməyi öyrədə bilmirdi ki, bilmirdi, onda ki dərman ola.
Özünü Pənah xanın nəslindən sayırdı. Və babası Paşa bəyin Cavanşirlər nəslindən olması ilə bağlı üstündə Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun möhürü olan bir şəcərə də tapıb üzə çıxarmışdı, bununla da hər yerdə fəxr eləyirdi. Hətta şəcərəni bir qəşəng çərçivəyə də saldırıb qonaq otağının ən gözəgəlimli yerindən asmışdı. Amma bu şəcərə xanımının yanında keçmirdi, elə xan-bəy babalarından danışan kimi ömrü boyu dəsmal gəzdirməməsinə işarə ilə deyirdi:
- Hə, elə burnunu silməyindən o dəqiqə bilinir ki, xan nəvəsisən.
Əslində özünü birtəhər Pənah xanın nəslinə calaya bilsə də xan-bəy nəvəsi deyildi, babaları Kolanı qaçaqları olmuşdular, şəcərədəki Paşa bəy Cavanşir də atasının ana babası idi ki, artıq bu bəylikdən də ona pay çatmırdı.
Onuncu sinifdə oxuyanda çox qəribə bir hadisə olmuşdu. Zərgər Yusifin qızı küçədən iki "Jiquli"nin pulunu tapmışdı və gətirib vermişdi direktora:
- Əli müəllim, bu pulu küçədən tapmışam, heç kim yox idi. Görün kiminkidi.
Əli müəllim də milisə zəng eləmişdi, məlum olmuşdu ki, pulu qonşu məktəbin kassiri itiribmiş, müəllimlərin maaşıymış.
Onda bu hadisə şəhərdə bomba kimi partlamışdı, hətta qəzetlər də yazmışdı.
Axşam çörək yeyəndə atası Ondan soruşmuşdu:
- Oğul, o pulu sən tapsaydın qaytarardın?
- Niyə, dəliyəm?
Atası da başını bulayıb demişdi:
- Düz deyirsən, oğul, sən qaytarmazdın. Çünki sən Kolanı Qaçaq Abbasın törəməsisən, o Hindarxlı Kərim bəyin.
Atasının bu sözü ona şillə kimi dəymişdi, qıpqırmızı qızarmışdı. Və həmişə bu sözün xəcalətini çəkərdi.
Yenə öskürək tutdu. Öskürməkdən yaman pis qorxurdu. Bilirdi ki, ürək ağrısı olan belə pis öskürürsə, deməli, infarkt hardasa, lap yaxınlıqda girəvəcil bir it kimi marığa yatıb gözləyir və hər an onun qoparağını götürə bilər. Xeyli öskürdü, öskürdükcə də ürəyinin ağrısı bir az da artırdı. Həmişə belə olanda ona elə gəlirdi ki, ürəyi qulunc olur və bunu heç kimə inandıra bilmirdi.
Həkim:
- Müəllim, ürəyin qulunc olma əlaməti, vallah, tibb elminə məlum deyil.
Xanımı:
- Xan nəvəsi, bunu orda-burda danışıb camaatı özünə güldürmə.
Bu əlamət tibbə məlum olmasa da, xanımının dediyi kimi, camaatı özünə güldürsə də bu belə idi. Və günlərin birində təsadüf nəticəsində gülməli xəstəliyinə gülməli də bir əlac tapmışdı - eşqırmaq. Elə ki öskürək tuturdu, çalışırdı eşqırsın. Eşqırdıqca da ürəyinin quluncu qırılır, ağrı azalırdı.
Altı-yeddi dəfə ürəkdən gəyirdi və hiss elədi ki, ürəyinin quluncu qırılantəhər oldu, öskürəyi də kəsdi. Yenə bir siqaret yandırdı. Həkim neçə dəfə demişdi ki, siqareti at, guya həkimin bütün dediklərinə əməl eləmişdi, qalmışdı siqaret.
Və həmişə də həkim deyəndə siqareti at, salırdı zarafata:
- Həkim, bilirsən amerikalılar siqaret çəkənlə siqaret çəkməyənin fərqi barədə nə deyir?
- Bilmirəm.
- Amerikalılar deyiblər ki, onların bircə fərqi var, siqaret çəkən öləndə xəstə ölür, amma siqaret çəkməyən öləndə sağlam ölür.
Şüşəni bir balaca yendirdi ki, siqaretin gözyaşardıcı tüstüsü içəridən çıxsın, amma çovğun tüstüyə çölə çıxmağa macal vermədi və içəri necə cumdusa, məcbur oldu şüşəni qaldırsın, siqareti də maşının külqabında söndürdü.
O biri qara batmış maşındakılar kimi O da əlini hər şeydən üzüb çovğunun heç olmasa bir balaca yorulmasını gözləməyə başladı. Amma bu çovğun heç yorulan köpəyoğluna oxşamırdı.
"Mercedes"dəkilər sakitləşmişdilər, bir yandan içkinin, bir yandan sönmüş ehtirasın, bir yandan da maşının sobasının yumşaq istisinin gətirdiyi məstlikdən uymuşdular.
Və indi birdən anladı ki, cavanlar qanmazlıqlarından dəm qazında boğula bilərlər, bayaq çovğunun cənginə keçməkdən qorxub maşından çıxmağa ürək eləməsə də indi mütləq maşından çıxmalıydı, oğlanları yaşda olan o cavanların xətrinə çıxmalıydı. Və maşından çıxdı da.
Boynunu içinə çəkib yıxılmaqdan qorxa-qorxa yaxınlaşdı "Mercedes"ə, şüşəsini döydü, içəridən cavab gəlmədi, bir az bərkdən döydü, şüşə yavaş-yavaş yendi, qırx eşşəyi sağına gələnlər kimi ləzzətlə oturacağa yayxınmış cavan oğlan yuxulu və sərxoş gözlərini bir balaca açdı və şeyinin ucu ilə soruşdu:
- Nədi, day-day?
- Oğul, o mühərriki söndür.
- Niyə, day-day?
- Oğul, yatarsız maşının qazı sizi öldürər.
Xoşbəxtlikdən cavan oğlanın ağlı deyəsən hələ başında idi.
- Sağ ol, dayı!
Bu dəfə "day-day" demədi, mühərriki söndürdü və dayının yaxşılığını əvəzsiz qoymaq istəmədi, əlini atıb ayağının altından yarımçıq bir butulka çıxartdı və uzatdı Ona:
- Al, dayı, sən də gömgöy göyərmisən.
Bu butulkanı alıb nə başına çəkərdi, amma bu utanmaz adam indi utandı, oğlanları yaşda olan bu cavandan butulka almağa utandı:
- İstəməz, oğul, sağ ol.
Döndü geri. Maşına çatanda ayağı sürüşdü, əlləri ilə havadan tutub özünü saxlamaq istədi, amma tutduğu hava onu yıxılmaqdan qoruya bilmədi, arxası üstə dəydi yerə, gözlərindən od çıxdı.
Böyründə dayanmış "Jiquli"nin sahibi maşından düşüb onun köməyinə gəldi, qolundan tutub qaldırdı:
- Bir şey olmadı ki, qardaş?
- Yox, yox. Heç nə olmadı, sağ ol, - dedi və sonra maşınının qapısını açıb özünü yıxdı oturacağa, başladı özünü söyməyə, maşından çıxdığına görə yox, butulkanı almadığına görə, söyüşü özünə də ləzzət elədi və bir az ürəyi soyudu.
Bu vaxt maşının qapısı açıldı, bayaqkı cavan bir söz demədən yarımçıq butulkanı qoydu Onun qucağına və qapını necə açmışdısa da eləcə də örtdü. İndi gördü ki, butulkadakı araq deyil, təmiz Şotland viskisiymiş. Bir qurtum içdi, başını söykədi oturacağın yastığına, gözlərini yumdu, amma bu bahalı Şotland viskisinin ləzzətini hiss eləmədi. İki-üç qurtum da içdi, hə, indi duydu ki, içdiyi viskidi.
Nə ürəyinin ağrısı kəsən ağrıya oxşayırdı, nə də çovğun kəsən çovğuna. Tutaq ki, bu çovğun lap səhər kəsəcəkdi, bu donmuş maşının içində oturub bu xəstə canı ilə səhərədək çətin ki, gözləyə biləydi.
Artıq bəzi maşındakılar gözləməyin mənasız olduğunu başa düşüb maşınlarını elə yolun ortasındaca atıb çıxıb gedirdilər.
Yox, O, burdan evəcən çətin ki, gedəydi, ya qara batıb qalacaqdı, ya da yaşı ötmüş kişilərin ən vacib bədən üzvü öz əsas funksiyasını itirib pəşo eləməkdən özgə başqa bir şeyə yaramadığı kimi, artıq bədəninə qan dağıtmaqdan daha çox ağrı-acı dağıdan ürəkliyini itirməkdə olan ürəyi də Onu evə aparıb çıxara bilməyəcəkdi. Əynindəki kürk daha donmuş maşının içində, onu şaxtadan qoruya bilmirdi, soyuq iliyinə işləyirdi və iliyinə işlədikcə də ürəkliyi qalmamış ürəyinin ağrısı bir az da artırdı. Eşqırmağının da ürəyinin quluncunu qırmağa gücü çatmırdı.

(ardı var)



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK