ANA SƏHİFƏ / YAZARLAR

Nənəmin oyanmadığı yuxuda qalan babam...

Emin Akif

28230    |   2018-02-08 16:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nənə, dörd il əvvəlin bugünü sən yatdın və bir də ayılmadın. Səndən sonra babam da əcaib bir yuxunun içinə düşüb. Babama əsəbiləşib "Səni görüm əllərdə qalasan” demişdin ha, yadına gəlir? Bilirəm, heç ürəyindən olmayıb bu qarğış. Yerinə yetib, biləsən. Qarğışın iki başı var, elə deyirlər. Hərçənd ki, kiminsə qarğışı ilə yaranmayan insan, heç kimin qarğışı ilə də ölə bilməz. Amma bu qarğışın elə yerinə yetib ki, gəl, görəsən.

Babam bir gün sübh çağı oyanıb, bulağa su gətirmək üçün gedib. Qışın soyuğunda, qarda, buzda... Qayıdanda qardaşıgilin evinin önündə sürüşüb, yıxılıb. Bəxti o sarıdan gətirib ki, evinin həyətində yıxılmayıb. Yoxsa heç kim səsini eşitməzdi, bilməzdi ki, Əjdər kişi yıxılıb, ona kömək lazımdır. Elə oradaca qalardı, xəbərsiz filan şaxtadan, ağrıdan ölərdi. Qıçını sındıran babamı görən qonşulardan biri qardaşını, qardaşı uşaqlarını köməyə çağırıb, evinə kimi aparıblar. Sonra bizə zəng vurublar. Zəngi eşidən kimi tələm-tələsik yola düşmüşdük. Kəndin yolları qar, buz içində idi. Babamı bir zülmlə rayon xəstəxanasına apardıq. Ordan da Bakıya gətirdik.

Artıq bir ildən çoxdur ki, babam özünə gələ bilmir. Sərbəst yeriyə bilmir, uşaqları bir dediyini iki eləmir. Amma o, özünü qəribə aparır. Nədənsə narazıdır. Tez – tez özünü qınayır. Ki, kaş belə yaşamaqdansa öləydim. Tez – tez kəndə, öz evinə qayıtmaq istəyini dilə gətirir. Amma onu təkbaşına kəndə necə aparaq? O kənddə tək necə qalacaq? Övladları, iki qızı, iki oğlu işini, gücünü atıb, ailəsini atıb kəndə necə qalsınlar? Mütləqdi ki, o, Bakıda, övladlarının yanında qalmalıdır. Ta özünə gələnə, sərbəst gəzənə qədər.

Babam biraz vasvası, biraz da qəliz xasiyyətli adamdır. Məsələn, onun armudu stəkanı, çəngəli, qaşığı, yağı, pendiri, çörəyi, əl-üz dəsmalı, bir sözlə hər şeyi ayrıdır. Ömründə bir dəfə də olsun araq içməyib, siqaret çəkməyib. Ömrü boyu bir yerdə qərar tutmayan babam indi çarpayıdan ayrılmaq istəmir. Ha eləsək də ki, dur, gəz, ayağın düzəlsin, ərinir, tənbəllik edir.

Babam nənəm öləndən sonra hər gün onun məzarını ziyarətə gedirdi. İki ilə yaxın evdə televizor işlətmədi. Biz o iki il ərzində hər dəfə babamgilə gedəndə danışmağa söz tapmayanda bir-birimizin üzünə baxdıq, durduq. Hər dəfə yaddaşımı qurdalayıb səni xatırladım. Həyatımın üçüncü qadını sən idin. Bəzən anamdan qoruyan, bəzən atamdan. Bəzən kənddə dalaşdığım uşaqlardan. Bəzən də məftil maşınımı əzib tullayan da sən idin. Və səni ən çox da anama dediyin sözlərlə xatırlayıram: "Kaş Eminə şillə vurmazdım”. Birinci və axırıncı şillən idi. Üzünü çimdikləyib öpəndə də, qıdıqlayanda da, bayramlarda cibimizə pul basanda da sən mənim üçün ancaq şirin nənəm idin. İndi böyümüşəm. İndi sən mənim üçün həm də anamın anası Samiyə, babamın həyat yoldaşı Samiyə xanımsan.

Amma nənə, deyim ki, bil. Qadın ərindən tez dünyadan köçürsə, kişi üçün çətin olur. Qadın hardasa öyrəşə bilir, amma kişidə alınmır. Bilirsən, sənin gedişinlə qocalığını biraz da dərindən hiss edən babam, indi daha da dərindən hiss edir. Onun ərköyünlüyünə ancaq sən dözə bilərdin. İndi uşaqdan da betərdi. Hər sözdən tez inciyir, tez küsür. Onun hərdən öz-özünə deyinməyinə ancaq sən səbrlə qulaq asa bilərdin. Onun kəmhövsələliyinə sənin hövsələn tab gətirərdi. Bilirəm e, bu sözlərim heçnəyə yaramır, amma bu yazıda demək istədiklərimi hər dəfə səni ziyarətə gələn övladların ağlaya-ağlaya, baş daşını öpə-öpə deyiblər.

Nənə, necə də rahat ölmüsən. Özünün arzuladığın kimi: Az ağrı, asan ölüm...

Biləsən ki, övladlarına qoca bir ata yox, həm də körpə bir uşaq qoyub getmisən. Və uşaq çətin ki, bir də böyüyə, ayaq tutub yeriyə... Ruhun şad olsun, nənə!



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK