ANA SƏHİFƏ / YAZARLAR

Bir gün hamımız qorxacağıq kölgəmizdən - Eminquey yazır

20573    |   2018-10-20 12:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uşaq vaxtı bir topu bölüşdüyün, qaçanda tuta bilmədiyin dostlarını zaman gəlir, həqiqətən də tuta bilmirsən. Böyüyə-böyüyə məhəllənizin bayram tonqalı azalır, uşaq səs-küyü azalır. Böyüyürsən, öz uşağın üçün tonqal qalayırsan, top alırsan. Başqa uşaqların səs-küyü ilə əvəzlənir sənin uşaqlığın. Uşaq vaxtı öyrəndiyin şeirlər böyüyür, böyüyür, bir də görürsən ki həyat boyda şeirin içindəsən. Yavaş-yavaş itkilərin maddilikdən çıxır, mənəviləşir. Öyrənirsən ki:

əvvəl-axır biz öz adımızı daşa veririk,
biz ömrümüzü
Yer adlı gicəllənən əyyaşa veririk,
saat - Yerin öz oxu ətrafında hıçqırtısıdır.

Öyrənirsən ki, uşaq vaxtı döyülən dostun cəbhədə şəhid olub, uşaq vaxtı zəhlən gedən uşaq hamının sevgisini qazanıb. Heç qoluna girə bilmədiyin atanın qoluna iflic girib, sonra infarkt solundan alıb aparıb. Belə-belə ölənə kimi öyrənirsən.

Heç yadımdan çıxmaz. Dostumla aramızda inciklik düşmüşdü. Bir xeyli görüşmədik. Görüşmədiyimiz vaxtlarda o, Türkiyəyə oxumağa getdi. Aydınlığa çıxanda qara xəbər ləkə kimi düşdü səhərin bağrına. Ki, dostumun bacısının da adını daşa yazdıracaqlar. Özü də toyuna az qalmış.

Yadımdadı ki, evdə danışılan sör-söhbətdən bilirdim ki, qızın boğazında xərçəng tapılmışdı. Bu diqanozu ona Bakıda qoymuşdular. Nişanlı idi, amma qızın bu xəstəliyə tutulmağını eşidən oğlanın ailəsi nişanı qaytarmışdı. Təsəvvür edin, xərçəngə tutulan adamın nələr hiss etdiyini. Üstəgəl də nişanını qaytaralar bu səbəbdən... Onu İrana apardılar. Həkimlər demişdilər ki, boğazında zob var, vəssalam. Xərçəng diaqnozunu qoyan həkim kimdirsə sizi soğan kimi soyub ağlatmaq istəyib. Bakıya qayıdandan bir müddət sonra həmin oğlan qızla yenidən nişanlandı. Bilmirəm, bəlkə də ailəsinin rolu var imiş bu məsələdə. Yəqin yenidən nişanlanmaqlarının da səbəbkarı oğlan imiş. Bilmirəm... Axı o ailəsinin sözü ilə birinci dəfə nişanı niyə pozmuşdu?! Əşşi, sözdü də deyirəm. Nə çox belə məcburi ayrılıqlar, məcburi evliliklər.

Bir də gördüm ki, qırmızı parça ilə üstü örtülən cənazə çıxır binanın blokundan. Arxasınca da qadınlar, əllərində xonçalar. Xeyirlə şərin ilk dəfə belə qardaşlığını görürdüm. Qardaş da qardaşa bu cür oğraşlıq edərmi?! Anasının ürəyi getmişdi cənazənin yanında.

Ortaq dostlarımız çox idi. Yığıldığımız kafedə fikirləşirdik ki, bu xəbəri necə gizlədək Ramindən. Atası da tapşırmışdı ki, danışsanız ona deməyin. Yad ölkədədir, özünə nəsə edər, bilmərik. Tərslikdən də Ramin həmin saatlarda dalbadal zəng vurmağa başladı. Əvvəl açmadıq zəngini... Bu nə cür senaridir axı. Niyə həmin vaxt?! Uşaqlarla dedik ki, zəngi kim açaçaqsa gülsün, biz də yerdən zarafatlaşarıq, hiss eləməz. Ramin bizim zarafatlarımızın süniliyini hiss eləmişdi. Nəsə olub? – deyəndə dostumuz həyəcanını ələ verdi. Elə bil, Ramin ağzımızdan bu xəbəri eşitməyə can atırdı, tələsirdi. Dostumuz özünü saxlaya bilmədi, ağlamağa başladı. Bacını itirdik...

Sonrası mən kafedən qaçdım... Biraz gəzişib gəldim yas çadırına. Ölümün oğraşlığına bax! Xərçəngdən canını qurtaran qız evdə tək olduğu vaxt hamamda dəm qazından boğulmuşdu. Axı niyə? Ölüm var ki, biz ondan hansısa nəticəni çıxarırıq, dərs alırıq. Bu ölümdən hansı nəticəni çıxarıb özünə təsəlli edəsən axı?! İncikliyimizi, küsülülüyümüzün barışıq aşı yas aşı oldu.

Xonçalar onun məzarının yanına düzülmüşdü...

Üstündən iki ay keçməmişdi. Hərbi xidmətdən qayıdan dostumuzla bunu qeyd eləyirdik. O əsgərlik xatirələrini danışdıqca başımızı yelləyirdik bayraq kimi. El dilində desək, pnevmaniya, elmi dildə desək, ağciyər iltihabı tapmışdı canını. Deyirdi ki, az döyülməmişəm, az qalmamışam soyuqda. Nicatla o görüşdən sonra heç görüşə bilmədim. Elə ancaq mesajlaşırdıq, amma görüşmək istəyirdik.

Necə oldusa, xalamoğlu zəng vurdu ki, Nicat komaya düşüb. Filan yerdədir, mən də gəlirəm, ora gəl. Gedəndə gördüm, Nicatın atası, anası hərəsi bir küncdə büzüşüb ondan xəbər gözləyirlər. Ki, həkim gəlib övladları barədə nəsə xoş bir söz deyəcək. Xalamoğlu dedi ki, Nicatın axşam qızdırması qalxıb, sala bilmədikləri üçün xəstəxanaya gətiriblər. Boğazındakı şişi kəsib götürməliymişlər.Amma bapbalaca şiş böyüyüb, böyüyüb, həkimin iynəni beyinə gedən damara vurmağına kimi gəlib çıxıb. Beyin hüceyrələrini öldürüb. Nicatın yanına girməyə icazə yox idi. Həkim onun anasına "Nicatın vəziyyəti yaxşılaşır” desə də, atasına heç də yaxşı sözlər demirdi. Sinifyoldaşlarımız, dostları, qohumları axışırdı xəstəxanaya. Nicatı əməliyyat edən həkimi axtarırdı əmisi, dayısı. Həkimsə yerin dibinə girmişdi. Xəcalətindən yox, qorxusundan.

Düz 12 gün, hər gün gedib gəldik xəstəxanaya. Nicat ayılmırdı. Aparatdan asılı qalmış bədəni mübarizə aparmaqdan da yorulmuşdu. Elə birinci onun ağciyəri sıradan çıxmışdı, sonra böyrəyi. Sonra dərisi çürüməyə başlamışdı.

13-cü gün onu doğmalarının razılığı ilə aparatdan ayırdılar. Bunun adını ölüm qoysam düz çıxmır. Bu düppədüz qətl idi. Təsəvvür edirsən, komadan ayılmayan oğlunu aparatdan ayırırsan, ölümünü rəsmiləşdirirsən. Onu öldürən neçə nəfər idi? Həkimmi? Allahmı? Aparatdan ayrılmağına icazə verən atası, anasımı? Bircə onu bilirəm ki, anasını saxlaya bilmirdik. İnsan o qədər ürək getməsindən necə sağ qalar?!

Anası başına döyə-döyə deyirdi: Nicat həkimə getmək istəmirdi, mən onu məcbur elədim, mən. Nicat ölümünü hiss eləmişdi. O dönə-dönə bunu təkrarlayırdı.

İyirmi yaşlı balam, iyirmi...

Nicatı əvvəlcə morqa apardıq. Sonra məscidə. Onun sinəsindəki yarığın tikişlərini hələ də xatırlayıram. Elə bil, sinəsindən çıxıb getmişdi Nicat. Elə 13 rəqəminin nəsliyinə o gündən inanmağa başlamışdım. Hissiyatın dəqiqliyi bircə ölüm gələndə itirmiş. Hissiyata qapılıb ağlaya da bilirsən, hissiyatına əmin olub sevə də bilirsən. Amma heç vaxt hissiyatına əmin ola bilmirsən ölüm haqqında. Hə, belə... Atamın ölümündən sonra dərdimi deyəcəyim dostumun birini də belə itirmişdim. Uşaq vaxtı bir topu bölüşdüyün, qaçanda tuta bilmədiyin, bir sinifdə, bir partada oturduğun dostlarını zaman gəlir, həqiqətən də tuta bilmirsən.

ölüm - həyatın kölgəsidir,
bir gün hamımız qorxacağıq kölgəmizdən.




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK