ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: MİLLİ TƏHLÜKƏLİLİK NAZİRLİYİ

462081    |   2018-01-29 10:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər hansı bir dövlət, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, dörd sütun üzərində dayanır: ölkəni idarə edən Prezidentin və ya Baş nazirin rəhbərlik etdiyi icra orqanı (bəzi ölkələrdə Prezident Administrasiyasıdı, bəzi ölkələrdə Nazirlər Kabineti), Ordu, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi. Hər birinin də öz vəzifəsi var. Biri ölkəni xarici hərbi müdaxilələrdən qoruyur, biri ölkənin asayişini və əmin-amanlığını təmin edir, biri də ölkəni xarici təxribatlardan, terrorlardan, xarici qüvvələrin ölkə daxilində yaratmaq istədiyi təxribatlardan və casusluq şəbəkələrdən qoruyur və həm də özünün kəşfiyyat təşkilatı vasitəsilə başqa dövlətlərdə ölkəmizi sarsıtmaq istəyən gizli təşkilatları öyrənir və vaxtında qarşısını alır və sair və ilaxır.

Dövlətin təhlükəsizliyi hər şeydən önəmlidir və bu xüsusi xidmət orqanı da ən vacib və ən ciddi qurumlardan biridi, bəlkə də birincisidi. Və indi ortaya çıxan faktlar, istintaq materialları, məhkəmə istintaqı sübut edir ki, dövlətin bel sütunlarından biri (yəni Milli Təhlükəsizlik Nazirliyi) tam laxlayıbmış və uçmaq ərəfəsindəymiş. Bunun dövlət üçün necə bir faciəyə çevrilə biləcəyini düşünəndə adam dəhşətə gəlir. Milli Təhlükəsizlik Nazirliyi Milli Təhlükəlilik Nazirliyinə çevrilibmiş. Korrupsiyaya qarşı mübarizə aparmalı olacaq bir təşkilat özü ən böyük korrupsiya təşkilatına çevrilib, dövləti, milləti bataqlığa sürükləyibmiş. Xarici kəşfiyyat idarələri də Milli Təhlükəsizlik Nazirliyinin korrupsiyaya başı qarışdığından çox gözəl istifadə edib ölkədə radikal qruplar, xüsusilə də radikal dini qruplar yaradıb, ölkənin əmin-amanlığını zərbə altına qoyublar. Düzdür, hərdən belə qruplar ifşa olunurdu, indi adam görür ki, bunlar da bir göstəriymiş ki, yəni işləyirik, çalışırıq.

Daxili İşlər Nazirliyində elə də mühüm post tutmayan bir Hacı Məmmədova görə mediadan istifadə edib ölkənin əsas sütunlarından birini gözdən salmağa çalışırdı MTN. Heç demə ölkədə nə qədər hacıməmmədovlar var MTN-in rəhbərliyi hamısını yığıbmış dövlətin və millətin təhlükəsizliyini əmanət etdiyimiz təşkilata.

Milli Təhlükəsizlik Nazirliyi hələ sovetlər dönəmindən (Dövlət Təhlükəsizlik Komitəsi) ən təmiz və ən güvənilən təşkilat sayılırdı. Ulu öndər Heydər Əliyev uzun illər bu təşkilatda çalışmış, bu təşkilata rəhbərlik etmiş, məhz ölkə rəhbərliyinə də bu təşkilatdan gəlmişdi. Həm Azərbaycan Respublikasında, həm də SSRİ-də, türk qardaşlarımız demiş, yeraltı dünya haqqında çox böyük bilgilərə sahib idi. Dövlətin nədən sarsıla biləcəyini çox gözəl bildiyindən məhz ona görə də hakimiyyətə gələn kimi ilk olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəyə başladı. Məhz bu mübarizənin nəticəsində də on beş respublikanın içində ən geridə qalan Azərbaycan iqtisadiyyatı çiçəklənməyə başladı, Azərbaycan SSRİ-də ən ön sıralara çıxdı, ölkədə bolluq yarandı, firavanlıq yarandı. Amma Ulu Öndərin korrupsiyaya qarşı mübarizəsi həm Moskvada yuxarı dairələrin, həm də digər respublika rəhbərlərinin heç də xoşuna gəlmədi. Çünki SSRİ-nin paxırını açıb qoymuşdu ortalığa. Təbii ki, Ulu Öndərin apardığı bu mübarizədə Dövlət Təhlükəsizlik Xidməti onun sağ əli idi.

Təəssüf ki, son on ildə bu təşkilat Möhtərəm Prezidentimizin nəinki sağ əli, heç sol əli də olmadı. Və iqtisadiyyatımıza da elə böyük bir zərbə vurdu ki, ölkədə devalvasiya baş verdi, milyardlarla dollar, təxminən dövlətin bir illik büdcəsi qədər pul məhz Təhlükəsizlik Nazirliyinin «krışalığı» ilə Azərbaycandan çıxarıldı. Ölkəyə vurulan ikinci bir zərbəni də iqtisadiyyatın inkişaf etdirilməsində mühüm rol oynayan sahibkarları müflisləşdirməklə, bank sektorunu çökdürməklə vurdu.

Milli Təhlükəsizlik Nazirliyi az qala Narkomaniyaya Qarşı Mübarizə İdarəsinə çevrilmişdi. Daxili İşlər Nazirliyinin səlahiyyətini mənimsəmişdi. Burda çox incə bir mətləb var. Telefon dinləmək hüququ MTN-ə məxsusdu. Və Daxili İşlər Nazirliyi hər hansı bir əməliyyatı həyata keçirmək istərkən və kimlərisə izləmək istərkən sorğu ilə MTN-ə müraciət etməli olurdu. MTN həmin məlumatları DİN-ə çatdırmağı gecikdirirdi və bilgiləri ələ keçirdiyinə görə DİN-in hazırladığı əməliyyatı özü həyata keçirirdi. Belə bir ab-hava yaradırdı ki, DİN-in görməli olduğu işi onlar bacarmadıqları üçün biz elədik. Yəni yenə DİN-in nüfuzuna zərbə vurmağı daha üstün tuturdular, nəinki özlərinin daha mühüm vəzifəlrini yerinə yetirməyi.

Əgər MTN işini düzgün qursaydı, heç Nardaran hadisələri də baş verməzdi. Vaxtında bu radikal dini qrup ifşa edilərdi və DİN də MTN-in görə biləcəyi işi məcbur olub özü həyata keçirməzdi və iki polisimiz də şəhid olmazdı.

Onlarla belə fakt saymaq olar. Əgər MTN işini düzgün qursaydı, radikal dini qruplar gənclərimizi yoldan çıxarıb İŞİD-ə qoşulmaq üçün İraqa, Suriyaya göndərə bilməzdi və həm onlarla, bəlkə də yüz, iki yüzdən artıq ailə məhv olmazdı, həm də azərbaycanlıların adı İŞİD-lə hallanmazdı. Bəs, indi niyə Suriyaya, İraqa gedib İŞİD-ə qoşulan yoxdu?

MTN işini düzgün qursaydı Neft-Kimya Akademiyasında o dəhşətli terror faciəsi yaşanmazdı. Özü də hansı ərəfədə? Ulu Öndərin ad günü ərəfəsində. Və hələ də o terrorun hardan gəldiyi dəqiqləşdirilməyib. Çünki MTN-in İstintaq İdarəsi sahibkarlarla məşğul idi.

Onu da qeyd edək ki, MTN-in DİN-i nüfuzdan salmağa çalışmasının kökündə Eldar Mahmudovun DİN rəhbərliyindən incik düşməsi və həm də vaxtilə DİN-də çalışmış, hansı nöqsanlarına görəsə daxili işlər orqanlarından uzaqlaşdırılmış polis əməkdaşlarını öz ətrafına yığması dururdu. Məhz DİN-in Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Zakir Nəsirovun da həbs olunmasının və ömürlük cəza almasının kökündə də yuxarıda qeyd etdiyimiz məsələ durur.

Yeri gəlmişkən, Zakir Nəsirov daxili işlər orqanlarının ən professional əməkdaşlarından biri sayılırdı. Şükürlər olsun ki, MTN-in iç üzü açılandan sonra Möhtərəm Prezidentimiz İlham Əliyev Zakir Nəsirovu əfv elədi.

Bir zamanlar DİN-in İstintaq İdarəsinin rəisi Nizami Qocayev də prokurorluğun quraması ilə Ziya Bünyadovun ölümündə təqsirləndirilmiş və həbs edilmişdi. Nizami Qocayev də sonra əfv olundu və daha sonra bəraət aldı və daxili işlər orqanlarına da bərpa edildi. Bir gün Zakir Nəsirovun da bəraət alacağına inanıram.

2000-ci ildə Ümummilli Lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı keçirdiyi müşavirədə bu təşkilatı möhkəm tənqid etmişdi və belə bir ifadə də işlətmişdi: «Prokurorluğun pəncərələrini açın, ordakı hava dəyişsin».

Və o da var ki, MTN-ə rəhbərlik edənlər bilmirdilər ki, dövlətin birbaşa Prezidentə tabe olan xüsusi gizli xidmət servisi də var. Və bir gün həmin o gizli xidmət servisi (həm bu təşkilata rəhbərlik edən professionaldı və ətrafındakılar da professionallardı) MTN-in fəaliyyəti haqqında məlumatları Möhtərəm Prezidentin stolu üstünə qoyacaq. Və qoydu da!

Yuxarıda qeyd etdim, Ümummilli Liderin prokurorluq orqanı haqda söylədiyi ifadəni.

Amma Möhtərəm Prezident İlham Əliyev gördü ki, «qapı-pəncərəni açmaqla» bu təşkilatın içindəki çirkli havanı təmizləmək mümkün deyil. Ona görə də məcbur oldu, ümumiyyətlə Milli Təhlükəsizlik Nazirliyini ləğv elədi və onun yerində Dövlət Təhlükəsizlik Xidmətini yaratdı. Və Xarici Kəşfiyyat İdarəsini də ayrıca formalaşdırdı.

Bu gün çoxları deyə bilər ki, Mədət Quliyev də rəhbərliyə daxili işlər orqanlarından gətirilib. Birincisi, yəqin ki, Möhtərəm Prezident daxili işlər orqanlarına və onun rəhbərinə inandığı üçün belə bir addım atdı. Təbii ki, Mədət Quliyevin DİN-də müxtəlif vəzifələrdə çalışarkən terrorizmə və korrupsiyaya qarşı apardığı mübarizəsi və cəsarəti də nəzərə alındı. İkincisi, çoxları onu da bilmir ki, Mədət Quliyev vaxtilə DTK məktəbini bitirib və DTK-dan daxili işlər orqanlarına göndərilib. Yəni xüsusi xidmət orqanlarının işinə yaxşı bələddi.

İndi DTX dövlətin laxlamış sütununu yenidən möhkəmləndirməyə çalışır və qısa bir zaman kəsiyində də artıq bu sahədə xeyli islahatlar həyata keçirilib.

Və sonda. Milli Təhlükəsizlik Nazirliyində öz vəzifəsinin öhdəsindən layiqincə gələn, dövlətçiliyimizə xidmət edən şərəfli əməkdaşların sayı təbii ki, vaxtilə MTN-də yuva salmış «hacıməmmədovların» sayından çox-çoxdur. Bu gün də şərəflə öz vəzifələrini yerinə yetirirlər. Düzdür, müəyyən haqsızlıqlara dözməyib intihar edənlər də olub və baş verən hadisələrin qarşısını almağa gücü yetməyib istefa verənlər də, xaricə qaçmağa məcbur olanlar da.

«MTN işi» ilə bağlı məhkəmə istintaqı hələ davam etməkdədi və bu xəmir suyu aparır ey elə!..




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK