Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Yuxuda o qədər xoşbəxt oluram ki... - YUXU QAPISI Adalet.az | Yuxuda o qədər xoşbəxt oluram ki... - YUXU QAPISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / RUBRİKA

Yuxuda o qədər xoşbəxt oluram ki... - YUXU QAPISI

24469    |   2018-01-12 11:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Narıngül Nadirdir. Adalet.az müsahibəni təqdim edir.

-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Əslində həqiqət var. İnsanın daha çox qorxduğu və arzuladığı nəsnələr yuxusuna girir, çox vaxt arzuladıqlarını öz istəyinə uyğun şəkildə yuxuda görür. Və yaxud nədən qorxursansa bu qorxu başqa obrazda insanın yuxusuna girir. Məsələn, məndə həmişə imtahana gecikmək qorxusu olub. Olub ki, imtahan öncəsi bütün gecəni oyaq qalmışam, qorxmuşam ki, birdən yatıb qalaram, imtahana gecikərəm. Yuxularımda da adətən harasa səfər etmək istəyirəm və təyyarəyə, yaxud qatara gecikirəm. Bu yuxunu tez-tez görürəm. Görünür şüuraltımda bu epizod ilişib qalıb və yuxuda təkrarlanır.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Freyd öz psixoanalizində göstərir ki, yuxular daha çox keçmişdən xəbər verir. Deməzdim ki, yuxuya görə plan qururam. Daha çox gördüyüm yuxunun keçmişlə olan bağlarını çözməyə çalışıram. Bilirəm ki, gördüyüm yuxu keçmişdə keçirdiyim hansısa həyəcanın izləridir. Amma etiraf edim ki, bəzən ani də olsa yuxudan sonra həyəcanlandığım anlar olur.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Baş sındırmasam da gördüyüm yuxu haqqında düşündüyüm vaxtlar olur. İnsan bəzən özünü xoş əhvala kökləmək üçün bir kod axtarır. Yuxudan sonra eşitdiyin xoş yozum da bir anlıq təsəllidir. Özünü inandırırsan, gün ərzində əhvalın düzəlir. Əvvəllər, tələbəlik illərimdə yuxu yozumları kitabım vardı: balaca, yaşıl üzlü kitabdı. Yuxudan durub o kitaba baxırdım. O yuxuların çoxu sevgiylə bağlıydı. Bu yozumların özünün də bir marağı, nəşəsi, təsəllisi vardı. Sonralar o kitabı hansısa kirayə evə köçərkən itirdim. İndi nə o kitabım var, nə də yuxu yozmağa həvəsim.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- İnanmıram. Ümumiyyətlə mistikaya inanan adam deyiləm.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Çin olan yuxular da olur. Amma bu təsadüflərdən də ola bilər. Ola bilər ki, gün ərzində təsadüfən yuxuda gördüyün görüntülərə uyğun hadisələr baş verər. Bir dəfə yuxuda görmüşdüm ki, kənddəki həyətimizdə böyük bir izdiham var. Bütün qohum-qonşular bizim həyətə yığışıb iri səbətlərə üzüm yığırlar. Atam həmin üzümü aparıb bazarda satmağa hazırlaşır. Səhər yuxudan oyanandan sonra rayondan zəng gəldi ki, atan rəhmətə gedib. Qəribədir ki, həyətimizə daxil olarkən qonşu qadınlarını axşam yuxuda gördüyüm libasda həyətimizdə gördüm. Yuxu yozumlarında adətən "üzüm göz yaşıdır” deyirlər. Qəribə bir yuxu idi. Bütün detallarıyla indi də gözümün qarşısındadır.

-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Hərdən anamı yuxuda görürəm. Həmişə də elə yuxuda sevinirəm ki, anam sağdır. Bəzən onunla qucaqlaşıram. O qədər xoşbəxt oluram ki, təsəvvür edə bilmirəm.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mən yuxuları insanın şüuraltında naşıcasına yazılmış hekayələrə bənzədirəm. Bu hekayələr bəzən fraqmental, bəzən də bitkin olurlar. Bütün hekayələrdə şriftlər qara rəngdə yazılır. Rənglər bəzilərində solğun, bəzilərində tünd olur. Tünd rəngli şriftlərlə yazılanlar insanın yaddaşında qalır. 


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Anamı.

-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Belə demək olar ki, yuxuda olanların iki dünyası var: biri yuxudakı şəxsi dünyaları, o biri isə onları gözləyən real həyatdakı dünyaları. Bu bölümə yaradıcı insanları da daxil etmək olar, onların həm öz aləmləri olur, həm də real aləmləri.

-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Heç kimi. Mən həyatda akademik insan deyiləm, o da ola yuxuda. Ancaq real həyatdakı yaşantılarımın izlərini yuxuya daşıyıram.

-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Yuxular bizi həqiqətlərə çatdırmır. Daha çox duyğusal edir, sentimentallaşdırır. İnsan ancaq üstqatla yaşasa robotlaşa bilər. Yuxu gördükdən sonra olurki, insan yuxunun təsiriylə bir müddət özüylə baş-başa qalır, gördüyünün yuxu olmasının fərqinə varmadan bəzən kövrəlir, bəzən peşimançılıq, təəssüf hissləri keçirir. Bu baxımdan yuxular da insanı müəyyən qədər saflaşdıra bilir.




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK