ANA SƏHİFƏ / YAZARLAR

Vətənin «Vətən»i

45207    |   2017-12-30 00:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu heç kəsə sirr deyil ki, Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti – «Vətən» Cəmiyyəti yarandığı dövrdə Azərbaycan respublikası sovet ittifaqının tərkibində idi. Bax, o vaxtlar başqa müttəfiq respublikalara nisbətən Azərbaycanın xaricdəki soydaşlarımızla əlaqəsi müəyyən kiçik istinadlar nəzərə alınmasa, demək olar ki, yox dərəcəsində idi.
Böyük möcüzə baş verdi. Bu, Moskva üçün, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Azərbaycan Respublikasına göstərdiyi «qayğının» təzahürü idi. 27 may 1987-ci il Siyasi büronun qərarından sonra 1987-ci il dekabrın 28-də, M.Maqomayev adına Dövlət Filarmoniyasında xaricdə yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqədar Cəmiyyəti – «Vətən» Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda böyük ziyalı dəstəsi, eləcə də sadə peşə adamları iştirak edirdilər.
Konfrans qətnamə qəbul etdi, «Vətən» Cəmiyyətinin Nizamnaməsi təsdiq edildi. 76 nəfər «Vətən» Cəmiyyətinin şurasının tərkibinə, 26 nəfər isə Rəyasət Heyətinin tərkibinə seçildilər.
«Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri, xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyev seçildi. Bu seçim çox düzgün seçim idi və cəmiyyətin gələcək işlərinin davamlı, düzgün qurulmasını özü-özlüyündə ehtiva edirdi.
O zaman ölkədə «yenidənqurma», «aşkarlıq» kimi şüarlar səslənirdi ki, bu da sonda sovetlərin dağılmasına gətirib çıxardı. Elə müstəqillik qazanan respublikaların çoxsaylı problemləri o şüarlar səslənən vaxtlardan başlandı. Azərbaycan Respublikası da 1980-ci illərin sonlarına yaxın ağlagəlməz problemlərlə üz-üzə qaldı. Qarabağ Bəxtiyar və Əli – ilk şəhidlərini verdi. Göz görə-görə insanların hüquqları pozulur, yandırılır və şərlənərək güllələnirdilər. Bakı və Sumqayıtda ixtişaşlar baş alıb gedirdi.
Ölkə ictimai-siyasi hadisələrin içində çalxalanır, çeşidli problemlər arasında vurnuxurdu. Bax, belə bir vaxtda «Vətən» Cəmiyyəti öz fəaliyyətinə, ənənəsi olmayan bir işə başladı. Tezliklə əməkdaşlar, təcrübə keçməkdən ötrü Moskva – «Rodina»ya, Daşkəndə – «Vaton», Miniskə – «Radzima» cəmiyyətlərinə ezam olundular. Paralel olaraq cəmiyyət bina ilə təmin olundu və maddi-texniki bazası çətinliklərlə qarşılansa da yaradıldı. «Vətən» Cəmiyyətinin orqanı olan «Odlar Yurdu» qəzeti başqa qəzetlərdən fərqli olaraq yeni format və yeni məzmunda nəşrinə başladı. Üç əlifba ilə nəşr olunan qəzetin tirajı 250 mindən çox idi. Qəzet əldən-ələ gəzirdi. Partiyanın qoyduğu qadağalar qəzetin səhifələrində əriyirdi. M.Ə.Rəsulzadə və onun məsləkdaşları, Azərbaycan Cümhuriyyəti barədə səhih məlumatları məhz oxucular Azərbaycan sovet mətbuatı tarixində ilk dəfə «Odlar Yurdu»nun səhifələrində oxudular. Qəzet həm də araşdırıcı subyekt idi. Rusiya Federasiyası və Ermənistana nisbətdə bizdə xarici ölkələrdə yaşayan soydaşlarımız haqqında təsəvvür belə yox dərəcəsində idi. Daha doğrusu bu əlaqələr obyektiv səbəbdən yaradılmamışdı.
P.S. 22-24 sentyabr 1999-cu il tarixində Yerevanda Ermənistan-Diaspor ümumerməni forumu keçirilmişdi. Bu forumda dünyanın 53 ölkəsindən gəlmiş 700 nümayəndə iştirak edirdi. Erməni Apostol kilsəsi, Böyük Kilikiya Evi Səltənəti, Erməni Katolik kilsəsi, Ermənistan Protestant kilsəsi, Ermənistana Kömək Fondu, Ümumerməni Xeyriyyə Birliyi, «Hayastan» Fondu, Daşnaksütyun, Pamkavar Azadakan, «Qnçakyan» Sosial-Demokrat Partiyası bu tədbirdə ayrıca nümayəndəlikdə təmsil olunublar…

Şəkildə soldan: "Vətən” Cəmiyyətinin sədri Elçin, Ankaradakı Azərbaycan Milli Mərkəzinin baş katibi Məhəmməd Kəngərli və Əkrəm Qaflanoğlu




…Yalnız son 10 il ərzində bu kanalın vasitəsilə Ermənistanın «haqq işinə» təqribən 1 milyard dollar vəsait daxil olub. Bu məbləğin 630 milyon dolları ən iri erməni xeyriyyə mərkəzlərinin payına düşür… («Bizim Əsr» qəzeti, 29 sentyabr 1999-cu il. Səh.7)
Ermənistanda 1964-cü ildə xaricdə yaşayan ermənilərlə əlaqələr üzrə Dövlət Komitəsi yaradılmışdır.
Cəmiyyət yarandığı gündən qarşısına ciddi məqsədlər qoydu. Əsas məsələ taleyin amansız hökmü ilə müxtəlif səbəblər ucbatından ayrı-ayrı ölkələrə gedib çıxmış həmvətənlərimizi müəyyənləşdirmək, onlarla müntəzəm əlaqələr yaratmaq, Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizə qarşı yaranan informasiya blokadasını aradan qaldırmaq idi. Haqqında söhbət gedən soydaşlarımızın dünya ölkələrinə səpələnməsi məhz XX əsrdə baş vermişdir. 1920-1930, 1937-1938, 1948-1953, 1988-1993-cü illərin bir sıra hadisələri, sosialist inqilabi, repressiyalar, deportasiyalar, müharibələr və sair. Bütün bunların nəticəsində ölkəmizin minlərlə vətəndaşları Azərbaycanı tərk etməli olublar. Eyni zamanda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız da ölkədə rejimlərin dəyişməsi nəticəsində təqiblərindən baş götürüb ölkələrindən qaçmaq məcburiyyətində qalıblar. «Vətən» cəmiyyəti dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın say və ünvanları barədə təsnifat apardı.
25 oktyabr 1988-ci ildə M.F.Axundzadənin 175 illik yubileyinə «Vətən» Cəmiyyəti yenicə işə başladığı aylarda xarici ölkələrdə yaşayan çox nüfuzlu, ziyalı həmvətənlərimizi Azərbaycana dəvət etdi. İngiltərədən Turxan Gənceyi və Səbri Təbrizi, Fransadan Rza Diqqəti, Əyyub və Davud İmdadian qardaşları, Sərvər Tanıllı, İren və Şirin Məlikovalar, Türkiyədən Yusif Gədikli, Əli Yavuz və Fatma Akpinarlar, ABŞ-dan Şapur Ənsari, İrandan Əhməd Azərlu, AFR-dan İldırım Dağyeli və Yucel Feyzioğlu, İraqdan Əbdüllətif Bəndəroğlu «Vətən» Cəmiyyətində oldular. Onları cəmiyyətin Rəyasət Heyətinin sədri Elçin qəbul etdi. Tədbirdə iştirak edən tanınmış elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri qarşısında cəmiyyətin sədri çox maraqlı və geniş nitq söylədi. Nümayəndə heyətinin görüşündə ziyalılarımızdan Bəxtiyar Vahabzadə, Anar, Vilayət Quliyev, Lütfiyar İmanov, Polad Bülbüloğlu, Fərhad Xəlilov və başqaları iştirak edirdilər. Bu görüş həmvətənlərlə gələcək əməkdaşlıq və işbirliyi üçün önəmli bir hadisə idi.
Proqrama əsasən yubileyə gələn nümayəndə heyəti M.F.Axundzadənin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoydular. EA-nın iclas salonunda və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin konfrans zalında elmi simpozium keçirildi. Oktyabrın 28-də yubiley iştirakçıları M.F.Axundzadənin vətəni Şəkidə oldular. S.Rəhman adına Şəki Dövlət Dram Teatrında yubiley gecəsi keçirildi.
Oktyabrın 29-da nümayəndə heyəti Bakının görməli yerləri ilə tanış oldular və bir sıra müəssisələri gəzdilər, məktəblərdə görüş keçirildi. V.İ.Lenin adına Sarayda – hazırda Heydər Əliyev Sarayı – M.F.Axundzadənin yubileyinə həsr olunmuş təntənəli gecədə iştirak etdilər.
Əvvəldə qeyd etdiyim kimi «Vətən» Cəmiyyəti xaricdəki soydaşlarımızın say və tərkiblərini, ünvanlarını dəqiqləşdirib onlara – 20 ölkəyə o cümlədən 787 ünvana «Odlar Yurdu» qəzeti ilə yanaşı istəklərinə uyğun Azərbaycanda nəşr olunan jurnallar, bədii ədəbiyyat nümunələri, elmi nəşrlər, görkəmli bəstəkarlarımızın nota köçürülmüş əsərləri və s. göndərilirdi. Eyni zamanda «Vətən» Cəmiyyətinin xəttilə görkəmli elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri həmvətənlərimizin yaşadıqları ölkələrə ezam olunurdular. Onlar soydaşlarımıza Azərbaycan reallığı, Dağlıq Qarabağ problemi, ermənilərin ölkəmizə təcavüzü və digər məsələlər barədə obyektiv məlumatlar verirdilər ki, bu da onlarda ölkəmiz haqqında ilkin fikri formalaşdırırdı.
«Vətən» Cəmiyyəti ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla məktub və telefon əlaqələri yaratdı. Qarşılıqlı gediş-gəlişlər təşkil etdi. Xaricdəki həmvətənlərimizdən ibarət çoxsaylı nümayəndə heyətlərini vətənə dəvət etdi. Eyni zamanda Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət, elm və mədəniyyət xadimləri öz qan qardaşları ilə görüşmək məqsədi ilə xaricə ezamiyyətə göndərildi. Cəmiyyətin səyləri nəticəsində azərbaycanlıların mühacirət tarixi və sosial tərkibi öyrənildi. Onların təşkilatlanması, Azərbaycanın xaricdə yardımçısı olması, respublikamızın ətrafında yaranmış informasiya blokadasının yarılmasına cəlb edilməsi istiqamətində konkret addımlar atıldı. Doğma yurddan uzaq düşmüş azərbaycanlılarda Vətən, millət, torpaq təəssübkeşliyi hissi gücləndirildi. Onlara xalqımızın dilini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini, ölkəmizin coğrafiyasını öyrətmək, onların gücü ilə əcnəbilər arasında Azərbaycanı təbliğ etmək, xaricdə nüfuzlu Azərbaycan diasporunu və lobbisinin yaradılmasına nail olmaq üçün çox mühüm işlər görüldü.
Gənc həmvətənlərimiz Azərbaycanda təhsil almaq arzularını «Vətən» Cəmiyyətinə bildirdilər. İlk müraciət edənlərdən biri də Həkimi Şivə İbrahim qızı və Busə Zəhra Musa qızının sənədləri SSRİ Təhsil Nazirliyindən – Moskvadan alınaraq «Vətən» Cəmiyyətinə çatdırıldı.
Sənədlərin əldə edilməsinə görə cəmiyyətin sədri Elçin Moskvayla ciddi və uzun söhbətlər apardı. Yeddi nəfərin adı yazılmış siyahıdan iki nəfərin icazəsi güclə alındı.
Təhsil Nazirliyində sənədləri almaqdan ötrü «Vətən» Cəmiyyətinin əməkdaşını (bu sətirlərin müəllifini) otaqdan-otağa ötürüb boş bəhanələrlə süründürməçiliyə yol verən nazirlik işçiləri nəhayət dörd gündən sonra iki nəfərin razılıq sənədini verdilər.
Cəmiyyətin sədrinin köməyi sayəsində qızlar Tibb İnstitutuna daxil oldular, «Vətən» Cəmiyyəti onların təhsilinə, eləcə də sosial durumlarına hamilik etdi. Sonradan cəmiyyət bu yöndə uğurlu işlər gördü.
«Vətən» Cəmiyyəti həmvətənlərimiz ilə birlikdə ölkəmizə qarşı düşmən və barışmaz rəqib mövqeyində dayanan erməni əkstəbliğatı ilə mübarizəni xeyli gücləndirmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün mahiyyətini dünyaya çatdırmaq, onun nəticələrini aradan qaldırılması üçün dünya azərbaycanlılarının səylərini birləşdirmək yönümündə çalışırdı. 1988-ci ildə 200 min azərbaycanlını – əslində 250 min. Moskvanın şəxsən M.S.Qorbaçovun göstərişi ilə bu rəqəm azaldılaraq 200 min göstərildi – Ermənistandan qovulması, 20 Yanvar faciəsi haqqında dünya ictimaiyyətini ilk məlumatlandıran mənbələrdən biri «Vətən» Cəmiyyəti oldu.
Sözsüz ki, «Vətən» cəmiyyətinin fəaliyyəti, onun gördüyü işlər Moskvanın eynini açmırdı. İş o yerə çatdı ki, cəmiyyətin fəaliyyəti Sov.İKP MK-nın Politbüro iclasında müzakirə edildi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Andrey Qromıko «Vətən» Cəmiyyətinin əleyhinə çox kəskin çıxış etdi. Bu azmış kimi cəmiyyətin fəaliyyətinə xaricdə və daxildə böhtan, yalan, şayiələr yayanlar tapıldı. Bunlar hər vəchlə «Vətən» Cəmiyyətinin haqq işinə kölgə salmaqdan ötrü bütün vasitələrə əl atırdılar.
1988-ci ildə «Vətən» Cəmiyyətinin işində daha bir önəmli hadisə baş verdi. Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Dərnəyinin baş katibi, vaxtı ilə M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə işləmiş, onun məsləkdaşı Məhəmməd Kəngərli «Vətən» Cəmiyyətinin dəvətilə ilk mühacir lider kimi Azərbaycanda oldu. Bu dəyərli Vətən oğlunun respublikamıza gəlişi əsl sensasiya yaratdı və şübhəsiz ki, onun gəlişi rəsmi dairələri narahat etməyə bilməzdi. Axı M.Kəngərli o mühacirətlərdən idi ki, işi-gücü, gecə-gündüz əks Sovet təbliğatı ilə məşğuldu.
Aradan çox keçmədi ki, Elçini «KQB» sorğu-suala çəkdi:
- Necə olur ki, «Vətən» Cəmiyyətinin sədri SSRİ-nin düşmənini ölkəyə dəvət edir, üstəlik onunla ziyalıların görüşünü keçirir və doğulduğu rayona səfər etdirir?!
- Mən onu həkim kimi tanıyıram və Sovetin düşməni kimi deyil, həkim bilib dəvət etmişəm.
Elçin müəllimin cavabı qarşısında «KQB»-nin yüksək məmuru söz tapmayıb susur.
Sonradan cəmiyyətin sədri M.Kəngərlini Türkiyəyə yola salanda təhlükəsizliyini nəzərə alaraq ona əməkdaşlarından birini (bu sətirlərin müəllifini) təhkim etdi. Tapşırıq belə oldu ki, Moskvada M.Kəngərlinin şəhərdə gəzintisinə yol verməmək, yeməyini otaqda vermək və onunla bir otaqda gecələməli, Şeremetovo (o zaman Türkiyəyə uçmaq Moskva üzərindən idi) hava limanından keçənə qədər onunla bir yerdə olmaq.
Bu dialoqdan bir il ötmüş məlum meydan hadisələri pik həddinə çatdı.
Ölkənin düşdüyü vəziyyət həmvətənlərimizi narahat edir hər zaman Azərbaycanın yanında olmaq, dərdlərinə şərik çıxmaq istəklərini «Vətən» Cəmiyyətinə bildirirdilər. Belçikadan Bülənd Gürcam, İspaniyadan Cəlal Erkin, Türkiyədən Nihad Çətinqaya, Məhəmməd Kəngərli (2-ci dəfə), Əhməd Qaraca, Cəmil Ünal, Yəhya Qaşdələn, İsveçdən Əlirza Ərdəbilli, Əjdər Tağızadə və bir çox ürəyi Azərbaycanla döyünən soydaşlarımız «Vətən» Cəmiyyətində oldular. «Amerikanın səsi» radiosunun rəhbəri Həsən Cavadi və radionun əməkdaşı Bulud Mehmandarlı da hadisələrdən kənarda qalmayıb efir vasitəsilə Azərbaycan ziyalılarından, qaçqın və köçkünlərdən aldıqları müsahibələri dünya ictimaiyyətinin diqqətinə çatdırırdılar. Rəyasət heyətinin sədri Elçin müəllim gündəlik olaraq cəmiyyətin əməkdaşları Heydər Məmmədəliyev, Elxan Ələsgərov, Tofiq Kərimov - sədr müavinləri, şöbə müdirləri Faiq Bağırov, Hüseyn Heydərov, Əkrəm Məmmədov - sonradan sədrin müavini, Sabir İslamov, məsul katib Çingiz Əzimov, «Odlar yurdu» qəzetinin redaktoru Ramiz Əskər, redaktor müavini Abid Tahirlini (sonradan Amerika – Avropa ölkələri şöbəsinin müdiri) və digər məsulları təlimatlandırıb, hər günün sonunda işlərinin nəticəsi olaraq hesabatlarını dinləyirdi. Bu işlərdə hər bir əməkdaşdan ciddiyyət tələb olunurdu.
Böyük fəxarət hissi ilə deyə bilərəm ki, o illərdə Azərbaycan Mərkəzi Komitəsinin funksiyasını sanki «Vətən» Cəmiyyəti daşıyırdı. Problemlərinin həlli üçün MK-ya deyil, «Vətən» cəmiyyətinə üz tutanların sayı-hesabı bitmək bilmirdi. Aydınlıq üçün deyim ki, evinin suyu kəsilən vətəndaşdan tutmuş, malı-mülkü əlindən alınıb doğma ocağından qovulan insanlara qədər hər kəs «Vətən» Cəmiyyətinə müraciət edirdi. Cəmiyyət gücü daxilində bu insanlara pasibanlıq edir, problemlərinin çözülməsi və həllinə görə kömək əlini uzadırdı.
1989-cu il noyabrın 3-6-da ilk dəfə olaraq İstanbulda Azərbaycan Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq qurultayı keçirildi. Qurultayı İstanbuldakı Azərbaycan türkləri kültür və dayanışma dərnəyi təşkil etmişdi. Qurultayda «Vətən» Cəmiyyətinin sədr müavini Heydər Məmmədəliyev və «Odlar yurdu» qəzetinin məsulu Abid Tahirli, eləcə də respublikamızı təmsil edən ziyalı dəstəsi iştirak edirdilər. Qurultaydan bir neçə il ötmüş Heydər Məmmədəliyev xatırlayacaqdı: - İstanbuldan dönəndən sonra məni MK-ya çağırdılar. Oranın rəsmisi qeyzlənmiş bir şəkildə məndən soruşdu ki, siz kimdən icazə alıb İstanbuldakı qurultayda iştirak etmisiniz?! Müxtəlif ölkələrdən gələn azərbaycanlılar Sovet dövlətini və Azərbaycan rəhbərliyini tənqid atəşinə tutanda ağzınıza su alıb susmusunuz. Mən ona cavab verdim ki, «Vətən» cəmiyyəti ictimai təşkilatdır və orada deyilən fikirlərə görə biz məsuliyyət daşıya bilmərik. MK-nın rəsmisi söz ağzımda bitməmiş «KQB»yə zəng vurdu. Sədrdən soruşdu ki, niyə qurultay barədə bizi məlumatlandırmamısınız. Onun da cavabı bu oldu ki, bir neçə dəfə sizə həm yazılı, həm də şifahi məlumat vermişik… MK-dan çıxanda fikirləşirdim ki, yəqin məni tezliklə həbs edəcəklər. Sonradan Elçin müəllimin yuxarıdakılarla apardığı danışıqlar nəticəsində təhlükə sovuşdu.
1990-cı il yanvarın 19-u 20-nə keçən gecə başı daima qovğa və fəlakətlər görmüş Azərbaycanın tarixinə qanlı səhifə yazıldı. Muzdurlardan təşkil edilmiş rus qoşunları nəinki Bakıda, həmçinin bir neçə bölgəmizdə günahsız insanları qana bələdilər.
Azadlıq Meydanında, şəhərin küçələrində və ətrafında tankları kütlənin üstünə sürdülər. Güllələr dolu kimi yağaraq hər yeri qana boyadı. Evində oturan, çöldə paltar asan, ictimai nəqliyyatda, küçədə gedən neçə-neçə günahsız insan bu güllələrə tuş gəldi. Xalqa qarşı qəddarlıq baş alıb gedirdi. Gecə törətdikləri vəhşilik azmış kimi, yanvarın 20-si və sonrakı bir-iki gündə də şəhərdə bir neçə adam güllələndi, Bakıdan Sumqayıta gedən alimlərimizi zirehli maşının altına salaraq məhv etdilər… Televiziyanın enerji bloku partladıldı. Ölkə xarici aləmdən təcrid olundu. Bütün təşkilatlarda rabitə sistemləri qabaqcadan sındırılaraq məhv edilmişdi.
Belə bir vaxtda cəmiyyət əyninə qanlı paltar geyib çox riskli bir işə əl atdı. Azərbaycandan xarici ölkələrə, nüfuzlu dairələrə və mətbuat orqanlarına bu qanlı olay barədə ilk xəbəri çatdıran məhz «Vətən» Cəmiyyəti oldu. «Vətən» cəmiyyətində yenicə qurulan taleks qeydiyyatdan keçmədiyindən diqqətdən kənarda qalmışdı. Ötürülən hər bir xəbərin altında cəmiyyətin sədri Elçinin imzası qoyulurdu. Allahşükür Paşazadənin bəyanatı da Pakistanda və digər İslam ölkələrində SSRİ-yə qarşı etirazlara səbəb oldu. Xarici ölkələrdəki Azərbaycan mərkəzləri, dərnəkləri sovet səfirlikləri qarşısında plakatlarla mitinqlərə çıxdılar. «Vətən» cəmiyyətinin Belçikadan gəlmiş qonağı Bülənd Gürcama hadisələri əks etdirən video-kaset təqdim olunaraq çox mürəkkəb şəraitdə tezliklə Moskvaya yola salındı. B.Gürcam Moskvada törədilən qanlı hadisələr barədə məlumatlar yaydı və Fransa televiziyası faciəni nümayiş etdirdi. O ağır günlərdə Moskvada hər bir addımı izlənilən Heydər Əliyev Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək SSRİ-yə, onun rəhbəri M.Qorbaçova qarşı sərt ittihamlarla bəyanat yaydı. Bu, Heydər Əliyevin böyük cəsarəti və xalqına, ölkəsinə qarşı olan insani borcun ifadəsi idi.
«Vətən» Cəmiyyəti İstiqlaliyyət (o zamankı «Kommunist») küçəsindəki əsas giriş qapısını bağlayaraq, arxa qapıdan əməkdaşların giriş-çıxışını təmin etmişdi. Binanın damında hələ də əli avtomatlılar gəzişirdilər. Birdən heç kimin ağlına gəlməyən hadisə baş verdi. Şəhərin komendantı Dubinyak avtomatlıların əhatəsində «Vətən» Cəmiyyətinə soxulub düz Elçinin kabinetinə gələrək, onun döşündəki deputat nişanını görəndə düşündüklərinin puç olduğunu bilib idbarlıq yağan sifəti bir az da qaraldı. O, yalnız bunları deyə bildi: «Deputat olmasaydın səni məmnuniyyətlə Sibirə göndərərdim». Sonra o teleks olan otağa gedib aparatı görəndə son dəfə qorxunc bir şey görürmüş kimi ona baxıb, tez otaqdan çıxmışdı.
Dubinyak gecikmişdi. «Şanlı Sovet Ordusu» və rəhbərliyinin mənfur əməllərini «Vətən» cəmiyyəti bütün dünyaya faş etmişdi.
Rəhbərliyin tapşırığına əsasən əməkdaşlar 20 yanvar gecəsi yaralananların yerləşdikləri xəstəxanalarda oldu, gətirdikləri sovqatları onlara payladılar.
1990-cı il noyabrın sonlarına yaxın ABŞ konqresinin üzvü, Demokratlar Partiyasının aparıcılarından biri, tanınmış siyasi xadim Cim Mudi özünün nümayəndə heyəti ilə «Vətən» Cəmiyyətinin dəvətinə əsasən respublikamızda oldular. C.Mudi cəmiyyətin sədr müavini H.Məmmədəliyevin müşayiəti ilə Xankəndinə yola salındı. Qarabağda olanda o bölgə üzrə rəsmi nümayəndə Polyaniçko ilə görüşüb Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə məlumatlandırıldı.
O, dekabr ayında Şəhidlər Xiyabanını ilk rəsmi şəxs kimi ziyarət etdi.
Moskvanın Azərbaycana qarşı yürütdüyü məkrli siyasət və xəyanəti nəticəsində Dağlıq Qarabağda və onun ətrafındakı bölgələrdə törədilən vəhşiliklər insanlarla xaos yaratmış, Ermənistanda yaşayan soydaşlarımız isə yurd-yuvasından didərgin düşmüşdülər. Sovet qoşunlarının köməyi sayəsində Xocalı soyqırımı bütün dünyada hiddətə səbəb oldu. Sonradan elə bu qoşunların köməyi və silah-sursatı ilə torpaqlarımızın 20 faizi işğala məruz qaldı. «Vətən» Cəmiyyəti ölkənin düşdüyü çətin şəraitdə fəaliyyətini gün-gündən artırırdı. Həmvətənlərimizin köməyi sayəsində yaşadıqları ölkələrdən qaçqınlara, əsgərlərimizə tibbi, ərzaq və paltar yardımları gətirilirdi.
Hollandiyadan İbrahim Göləli, Kanadadan doktor Səid Kazımı, Almaniyadan Əhməd Yazdani, İsveçdən Əlirza Ərdəbilli, Türkiyədən «Kızıl ay», Almaniyadan «ASB» humanitar cəmiyyəti və digərlərinin gətirdikləri humanitar yardımlar «Vətən» cəmiyyətinin xətti ilə xəstəxanalara, silahlı qüvvələrə, qaçqınlara, valideyn himayəsində olmayan uşaq evlərinə, şəhid ailələrinə paylanırdı.
«Vətən» cəmiyyəti xalqının hər bir fərdinə qarşı doğma münasibət bəsləyirdi.
1991-ci il fevral ayının ilk günlərində Elçinin tapşırığına əsasən cəmiyyətin əməkdaşı (bu sətirlərin müəllifini) İsveçdəki «Azərbaycan səsi» radiosunun rəhbəri Əlirza Qəzvinzadə ilə Naxçıvana gedib hər yerdən təcrid olunub ağır şəraitdə yaşayan Heydər Əliyevlə görüşdülər. Vilayət Partiya Komitəsinin rəhbəri Afiyəddin Cəlilovun PK-nın məsulu Bəhruz Əliyevə verdiyi tapşırıq əsasında Muxtar Vilayətin Mədəniyyət naziri Fəttah Heydərov «Vətən» Cəmiyyətinin əməkdaşını və jurnalist Ə.Qəzvinzadənin Heydər Əliyevlə görüşdürdü.
O günləri belə xatırlayıram. Naxçıvan olduqca ağır günlərini yaşayırdı. Muxtar Vilayətə gediş-gəliş İran ərazisindən keçməklə, ya da təyyarə ilə həyata keçirdi. Qış ayı olduğundan soyuq adamı qılınc kimi kəsir, iliyinə işləyirdi.
Şəhərdəki ağaclar kəsilmiş, binaların divarları deşilib tüstü boruları çıxarılmışdı. Qaz olmadığından mənzillər odunla qızdırılırdı…
Gecə «Təbriz» mehmanxanasında qaldıq. Otaqlar qızdırılmadığından oturmaq mümkün deyildi. Otaqda var-gəl edir və adiyallara bürünərək kresloda oturmuş vəziyyətdə səhəri dirigözlü açdıq.
Ertəsi günü Fəttah müəllim idarə etdiyi «Qaz-24» «Volqa» maşınında bizi şəhərdən uzaq olmayan yeməkxanaya gətirdi. Yemək və isti çay gözümüzə işıq verdi. Sonra bizi Heydər Əliyevin yaşadığı M.Ə.Rəsulzadə küçəsi, ev 75, mənzil 38-ə ötürdü. Vasif Talıbov (hazırda Naxçıvan Ali Məclisinin sədri) bizi çox səmimi qarşılayıb otağa dəvət etdi. İllər boyu ekranlarda, tədbirlərdə, qəzet və jurnallarda gördüyümüz ümummilli lider Heydər Əliyevlə üz-üzə oturmuşduq. Otaq elə də isti deyildi. Enerji azlığından çilçıraqdakı lampalar çox zəif yanırdı. Televizorun ekranında kadrlar kölgə kimi görünürdü. «Vətən» Cəmiyyətindən gəldiyimi bilib Elçin müəllimi və İlyas Əfəndiyevi soruşdu. İlyas müəllimlə tez-tez görüşdüyümü, keyfinin yaxşı olduğunu və Elçin müəllimin şəxsi tapşırığına əsasən görüşünə gəldiyimizi diqqətə çatdırdım. Çöhrəsinə təbəssüm qondu.
Söhbətimiz dörd saata qədər çəkdi. Görüşün axırında Əlirzaya dönə-dönə tapşırdı ki, Azərbaycan naminə fəal olmalısınız, onun haqq səsini dünyaya çatdırmaq üçün sizdən çox şey asılıdır. Onunla xatirə şəkli çəkdirdik.
Azərbaycanda və Moskvada işlədiyi vaxtlarda daşıdığı vəzifələrin mürəkkəbliyi, siyasi büronun şəxsən M.Qorbaçovun ona qarşı apardığı kompaniya, saxta ittihamlar barədə H.Əliyev ətraflı məlumatlar verdi. «Vətən» cəmiyyətinin fəaliyyətini, az vaxtda gördüyü qlobal işlərin təqdirəlayiq olduğunu vurğuladı.
Gündəlik mətbuatdan, informasiyadan təcrid olunduğunu dilə gətirən H.Əliyevə Bakıya dönəndən sonra gündəlik mətbu nümunələrini Naxçıvan Muxtar Vilayətin Ali sovetin – sonradan Ali Məclis sədri seçilənədək «Vətən» cəmiyyətinin poçtu vasitəsilə göndərdim.
Çox təəssüflər olsun ki, «Azərbaycan» hazırda «Hilton» mehmanxanasında qalan Əlirza bir gün gəldi ki, deməzsən, Naxçıvanda çəkdirdiyimiz lenti fotoaparatdan çıxarıb aparıblar…
Elçin müəllim Əlirzanı və məni kabinetinə dəvət etdi. Naxçıvandakı görüşlərimiz barədə məlumatı diqqətlə dinləyəndən sonra mənə bildirdi ki, «Vətən» Cəmiyyətinin İsveçdə keçiriləcək tədbirinə ezam olunursan və gedəcək nümayəndə heyətinə rəhbərliyi sənə tapşırıram. Bu böyük məsuliyyət idi, digər tərəfdən o zaman, sovet dövründə Skandnaviyada olmaq hər adama qismət olan iş deyildi…
«Vətən» Cəmiyyəti xaricdəki həmvətənlərimizin istək və arzularını nəzərə alaraq tanınmış incəsənət, elm, ədəbiyyat qruplarını onların görüşünə göndərirdi.
O dövrdə Bəxtiyar Vahabzadə, Cabir Novruz, Vilayət Quliyev, Nurəddin Rzayev, Urxan Ələkbərov, Gülarə Əliyeva, Zeynəb Xanlarova, Yaqub Məmmədov, Ağaxan Abdullayev, Mələkxanım Eyyubova, Səxavət Məmmədov, Gülyanaq Məmmədova, Flora Kərimova, Yalçın Rzazadə, Baba Mahmudoğlu, Yaşar Səfərov, Brilyant Dadaşova, Əli Nur, aşıq Ulduz, Sədaqət Quliyeva… siyahını istənilən qədər uzatmaq olar… həmvətənlərimizin əhatəsində oldular.
Milli dirçəlişin oyanması nəticəsində İsveçdə Əjdər Tağızadənin rəhbərliyi altında «Azərbaycan televiziyası» Malmö-Lund şəhərində, Stokholmda «Azərbaycan» və «Araz» radioları, Amerikada Los- Ancelsdə Yaqub Zurufçunun rəhbərlik etdiyi Azərbaycan televiziyası fəaliyyətə başladı. Bu kanallarda Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, görkəmli tarixi şəxsiyyətləri və problemləri nümayiş etdirilirdi.
İspaniyada yaşayan həmvətənimiz Cəlal Erkin «Dədə Qorqud dastanı»nı ispan dilinə, İsveçdə Siva Fərəhmənd Üzeyir bəy Hacıbəylinin «Koroğlu» operasını fars dilinə çevirdilər. Amerikadan «Harvert» universitetinin professoru Melehə Türe, Şahyar Daneşvər (Bloomington, İndiana ştatı) «Vətən» Cəmiyyətindəki görüşlərdən sonra çalışdıqları universitetlərdə Azərbaycan həqiqətləri barədə məruzələr etdilər.
Təkcə Kanadada yaşayan həmvətənimiz, Azərbaycan-Kanada ticarət palatasının yaradıcısı, Azərbaycan Federasiyasının rəhbəri doktor Səid Kazımi qaçqın, xəstəxana, uşaq evləri və əsgərlərimizə gətirdiyi dava-dərmandan əlavə Azərbaycana sonrakı səfərində Bakıda Onkoloji Mərkəzin açılması üçün 500 min ABŞ dolları gətirdi. Həmvətənimizlə «Vətən» cəmiyyətində mətbuat konfransı keçirildi. «Vətən» cəmiyyətinin vasitəçiliyilə onun prezident Heydər Əliyevlə görüşü təşkil edildi.
Cəmiyyət həmvətənlərimizin arzu-istəklərini nəzərə alaraq onlara musiqi alətləri, milli rəqs geyimləri, dərsliklər də göndərirdi. İncəsənət institutunun (hazırda Mədəniyyət və İncəsənət universiteti) professoru Hüseynağa Hüseynov Almaniyaya ezam edilmiş Berlindəki həmvətənlərimizə milli və dünya xalqlarının rəqslərindən məşğələlər keçmiş, Ü.Hacıbəylinin «O olmasın, bu olsun» operettasından bir hissəni həmvətənlərimizin iştirakı ilə tamaşaya qoymuşdu.
Həmvətənlərdən sənət adamlarını da ölkəmizə dəvəti ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Almaniyada səfərdə olan cəmiyyətin sədri Elçinin ölkəmizlə bağlı o ölkədə çap olunan qəzet, jurnal səhifələrindəki materialları ilə yanaşı müğənni Yaqub Zurufçunun videokasetini də gətirmişdi. Müğənnini ilk dəfə tamaşaçılar Az.TV-də yayımlanan «Vətən» verilişində görüb tanıdılar. Qarmonçalan Rəhman Əsədullahi də «Vətən» cəmiyyətinin xəttilə ölkəmizdə oldu. Hər iki sənətkar ayrı-ayrılıqda bölgələrimizdə oldular, düşmənlə üz-üzə duran əsgərlərimiz qarşısında çıxışlar etdilər.
Təəssüflər olsun ki, qonşu dövlətin notasından sonra televiziyadakı «Vətən» verilişi bağlandı.
Az zaman çərçivəsində «Vətən» Cəmiyyəti çox işlər gördü. Xarici ölkələrdə 200-ə qədər Azərbaycan mərkəzlərinin qurulması, sonradan bəzilərinin birliklər ətrafında birləşmələri, o cümlədən İsveçdə Malmö, Göteborq, Linköpinq, Lyustal, Stokholm şəhərlərindəki dərnəklər birləşərək Azərbaycan Türk Dərnəkləri Birliyi – ATDB-ni yaratdılar.
Qeyd etmək yerinə düzər ki, 2000-ci il fevral ayının 20-24 tarixlərində Belçikada yaşayan soydaşımız Bülənt Gürcam və onun rəhbərlik etdiyi Zafər Aydas, Vakkur Kaya, Məmməd Yıldız, İbrahim Alagöz və Volkan Ağırkayadan ibarət nümayəndə heyəti ölkəmizə 10 t 400 kq humanitar yardım gətirdilər. «Vətən» Cəmiyyətindəki görüşdən sonra hava limanındakı yük birbaşa rayonlara daşınaraq, bilavasitə onların iştirakıyla qaçqın və köçkünlərə paylandı.
Humanitar yardımın paylanmasında Qaçqınlar Komitəsinin sədr müavini Sahib Rəhimov da yaxından iştirak etdi. Sonradan Bülənd Gürcamın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət etdilər, İncəsənət muzeyində oldular, Gömrük komitəsində görüşdə və televiziya kanallarında çıxışları oldu.
2001-ci il iyun ayının 6-da Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Kanci İşimoto və rəhbərlik etdiyi 25 nəfərlik qrup «Vətən» Cəmiyyətinin təşkilatçılığı və köməyi sayəsində ölkəmizdə Yaponiya mədəniyyəti və mətbəxi günləri keçirdilər.
Sonralar Türk-Amerika Assosiasiyaları Assambleyasının nümayəndə heyəti Azərbaycana səfər etdi. «Vətən» Cəmiyyətinin proqramı əsasında onlar Hava limanında qarşılandı.
Türk Amerika Assosiasiyaları Assambleyasının Prezidenti, doktor Tamer Açkalin və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xarici işlər nazirliyində, Baş nazir Artur Rasi-zadənin, Milli Məclisin spikeri Murtuz Ələsgərovla görüşlərdə oldular.
Sonra onları ölkə başçısı Heydər Əliyev qəbul etdi.
Nümayəndə heyəti Hacıqabul rayonunda məskunlaşmış qaçqın və köçkünlərin düşərgəsində oldular. Şəhidlər Xiyabanını ziyarətdən sonra Xarici İşlər Nazirliyində Kütləvi İnformasiya Vasitələrinin onlarla görüşü keçirildi. Baş nazirin müavini «Vətən» Cəmiyyəti rəyasət heyətinin sədri Elçinlə görüş qonaqlarda nikbin əhval-ruhiyyə yaratdı.
«Vətən» Cəmiyyətinə təkcə xarici ölkələrdən deyil, eyni zamanda ölkə daxilindən də saysız məktublar gəlirdi. Bu məktubların heç biri cavabsız qalmırdı. Müraciətlərdəki problemlərin həlli cəmiyyətin sədri Elçinin nəzarətində idi. Cəmiyyətin məsulları görülən işlərə görə şəxsən ona məlumat verirdilər. Məktubla «Vətən» Cəmiyyətinə müraciət edən bir ananın körpəsini cəmiyyət öz hesabına İngiltərəyə – Londona göndərdi. Körpə qız ürək əməliyyatından sonra vətənə sağlam döndü.
«Vətən» cəmiyyəti 20 yanvar, Dağlıq Qarabağ və onun ətrafında yaralanan mülki və hərbçilərdən bir neçə nəfəri Türkiyədə müalicə alınmasına müvəffəq oldu.
Əsirlikdə olan uşaqlar və onların xilası üçün «Vətən» Cəmiyyəti İsveçdən gələn «Həyatın sözü» qrupunun vasitəsilə 94 uşağın adı keçən siyahını o ölkədəki Uşaq Komitəsinin rəhbərinə göndərərək bu müqəddəs işdə köməklərini xahiş etdi.
Xaricdə yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti – «Vətən» Cəmiyyətinin gördüyü çeşidli işlərin tam mündəricatı hələ ki, yazılmayıb.
Hazırda Millət vəkili olan Aqil Abbas bir vaxtlar yazırdı: «Vətən» Cəmiyyəti bu gün lazımdır. Özü də çox lazımdır. Yeni yaranan lobbiləri bir-birilə əlaqələndirmək üçün. Yenilərinin yaranması, köhnələrinin inkişafı üçün. Erməni diasporunun, erməni lobbisinin qabağına qoz çıxarmaq üçün lazımdır «Vətən» Cəmiyyəti. Xaricdə yaşayan bütün azərbaycanlıları birləşdirmək üçün lazımdır «Vətən» cəmiyyəti…»
P.S. Ölkəmizin müstəqilliyinin 20 illiyi münasibəti ilə medallar təsis olundu. «Vətən» Cəmiyyətinin bir əməkdaşı da yada düşmədi. Yaxşı olardı ki, o medalların siyahısını hazırlayanlar 1988-ci ilin yanvar ayından və sonrakı illərdə çap olunan «Vətən» Cəmiyyətinin orqanı olan «Odlar Yurdu» qəzetini tapıb oxusunlar. Maariflənmək heç vaxt gec deyil…
«Vətən» cəmiyyətinin yaranma tarixi 1987-ci il, dekabrın 28-dir.
Ölkəmizin düşdüyü olduqca ağır vəziyyəti barədə «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin Həmvətənlərə elə o illərdəki müraciətini hörmətli oxucular üçün yazının sonuna saxladım. Mənə belə gəlir ki, «Vətən» Cəmiyyətinin bu Müraciəti bu gün üçün də aktualdır…

«İstəkli soydaşlarımız, əziz həmvətənlər!
Keçmiş imperiya daxilindəki və kənardakı irticaçı qüvvələr tərəfindən qızışdırılan, silahlandırılan və müdafiə olunan Ermənistan hökuməti və onun Dağlıq Qarabağda yuva salmış quldur dəstələri heç bir insanlıq ölçüsünə sığmayan təcavüzlərini bu gün də doğma yurdumuza qarşı durmadan yeridirlər.
Bu gün Azərbaycan xalqı yeni tarixinin çox gərgin, bəlkə də sınaq mərhələsini yaşayır. Bir tərəfdən ölkəmizdə yeniləşmə prosesi gedir, demokratiya ənənələri bərqərar olur, xalqımızın öz maddi sərvətlərinə tam sahib olması və həmin sərvətlərdən hamının rifahı naminə istifadə etməsi üçün gərgin iş aparılır, digər tərəfdən isə bütün vətəndaşlarımız təcavüzə məruz qalaraq Azərbaycan respublikasının ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalmışdır.
Dünyanın bir çox ölkələrinə taleyin hökmü ilə səpələnmiş soydaşlarımız da belə gərgin şəraitdə xalqımızın bu günü və gələcəyi naminə əllərindən gələni əsirgəməməlidirlər. Çox qədim tarixə, böyük bəşəri əhəmiyyətli mənəvi sərvətə, dövlətçilik ənənələrinə malik olan dünya mədəniyyətini və elminin Nizami, Nəsimi, Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Füzuli, Fətəli xan kimi dahi simalarla zənginləşdirmiş Azərbaycan xalqı haqqında uzun illərdən bəri qərəzkar erməni millətçiləri və havadarlarının bəd əməlləri dünya ictimaiyyətində yalnız Dağlıq Qarabağ hadisələri ilə əlaqədar yox, ümumiyyətlə xalqımızın tarixi, mədəniyyəti, coğrafi ərazisi, milli mənliyi ilə bağlı təhrif olunmuş, hətta eybəcərləşdirilmiş təsəvvür yaradılır.
Əziz həmvətənlərimiz!
Hər hansı bir məmləkətin tam müstəqilliyi, həqiqi azadlığa və demokratiyaya qovuşması, bir sözlə, üstündə yaşadığı torpağın ixtiyarlı sahibi olması böyük olduğu qədər də mürəkkəb məsələdir. Xüsusilə uzun illər boyunca hökm sürən, bu və ya digər xalqın mənəvi özülünü, özgünlüyünü darmadağın etməyə yönəldilmiş siyasət yeridən imperiyanın qaynaqlarından qoparaq böyük azadlıq yoluna çıxmaq millətin dönməz oğullarından ardıcıl mübarizə, əzablı sınaqlara dözmək mərdanəliyi tələb edir. Bu gün Azərbaycan xalqı məhz azadlığın çətin yolunu seçmiş, gələcək nəsillərə azad bir məmləkət qoyub getmək qərarını vermişdir.
İstəkli soydaşlarımız! Xalqımızın özünüdərk, özünütəsdiq yolunda qazandığı bu qələbənin sevincini sizinlə bölüşərkən üzərimizə düşən məsuliyyət yükünün ağırlığını da hiss edirik. Atalarımız demişkən, halva-halva deməklə ağız şirin olmur. Xalqın böyük azadlıq tam müstəqillik arzusu onun sıx birliyi ilə addım-addım reallaşmalı, iş və əməllə təsdiq olunmalıdır. İnanırıq ki, müstəqil Azərbaycanın irili-xırdalı bütün problemlərinin aradan qaldırılması yolunda əlinizdən gələni əsirgəməyəcək, azad respublikamızın pərvəriş tapması yolunda var qüvvənizi bu müqəddəs işə, amala sərf edəcəksiniz.




YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK