ANA SƏHİFƏ / YAZARLAR

Mən artıq aztəminatlı deyiləm

Nicat Novruzoğlu

9171    |   2017-11-30 15:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu bir ildə mən nə çəkdim bunu tək özüm bilirəm. Ad da qoya bilmirəm çəkdiyimə. Çox istərdim nə çəkdiyimi bölüşüm. Amma nə qədər çalışsam da içimdə nə çəkdiyimi heç kimə göstərə bilmirəm. Nə qədər çəkirəmsə, görürəm ki, içimdəki içi çəkə bilmirəm. Nə şəklini, nə də ki, çəkisini. Çünki kağız üzərinə şəkil çəkə bilmədiyimdən içimin çəkdiyini birtəhər də olsa cızma-qara edib Sizə göstərə bilmirəm. Çünki içimdəki iç görsənmir. Çəkisini də ona görə çəkə bilmirəm ki, içimdəkini çıxarda bilmirəm. Elə içimdəcə çəkirəm.

Yormayım Sizi bu qarmaqarışıq fikirlərimlə. Uzun-uzadı danışmaqdansa, deyim ki, artıq mən çoxtəminatlı ailənin rəhbəriyəm. Gözüm də aydın olsun, gözünüz də. Canım qurtardı o zülmdən. O zülmdən ki, məni aztəminatlı etmişdi.

O zülm başlamışdı ötən ilin bu vaxtlarından. O vaxt idi ki, ölkəmizdə ilk dəfə təbii qaz və elektrik enerjisi ödənişləri diferensiallaşmış tarifə keçdi. Tarif Şurasının qərarı ilə əhaliyə satılan təbii qazın pərakəndə satış tarifi illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik, 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirildi. Və bildirildi ki, o 10 qəpiyə satılan 1500 kubmetr qaz ki var, (hansı ki sonra 1700-ə qaldırıldı) bax o hissənin qiyməti ona görə 10 qəpik hesablanıb ki, ölkədə aparılan sosialyönümlü siyasətə töhfə olaraq əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədinə xidmət edir.

İlk günlər bu aztəminatlı ailə, təbəqə sözü mənə yaman ləzzət elədi. Hamı Tarifi söyürdü, mən isə içimdə bir künc tapıb orada ona minnətdarlıq edirdim. Şükür edirdim ki, biz aztəminatlıları yaddan çıxartmayıblar.

Amma zaman keçdikcə gördüm səhv etmişəm. Gərək mən də söyəydim.

Niyə də söyməyim. Niyə mən aztəminatlı olmalıyam ki?! Mən oluramsa hamı olsun, ya da heç kim olmasın.

Açığı, heç özüm də istəmirdim ki, çoxtəminatlı olum. Amma yan-yörəmdəkilər qazın kubunu 20 qəpikdən aldıqca ürəyim partlayırdı. Hər kəs, "rasxod"unu sayan da bunu fəxrlə qeyd edirdi. Mən isə söhbətin üstündən keçirdim. Arada söhbət də mənim üstümdən keçirdi. Tapdalayıb əzirdi məni. Utanırdım deməyə ki, mən Sizin 20 qəpiyə aldığınızı 10 qəpiyə alıram. Qalmışdım 1700-lə 1701-in arasında.

Bir tərəfdən də bu xəcalətdən özümü qurtarmaq da istəmirdim. Evdə var gücümüzlə təbii qaza qənaət edirdik. Arada ana xətti bağlayıb onu-bunu söyürdüm ki, yenə qazı kəsdilər. Neyniyim, gərək ayağını yorğanına görə uzadasan. Yorğan da ki günü-gündən qısalır.

Yorğan demişkən, adam üstünə normalda 1 yorğan salarsa, mən 3-nü salırdım. Təki sayğacım işləməsin.

Ən pisi o idi ki, həyətdə demək olar hər gün kimsə kimdənsə soruşurdu "hələ limiti keçməmisiniz?" Keçməyən bir az büzüşürdü. Limiti keçməyən büzüşməlidi də. Gərək limiti keçəsən ki, canın isinə. Bir ilə 1700-lə can isinər? Limiti keçən isə lovğalanırdı. Deyirdi dünya 5 günlükdü. Mən də arada cürətlənib 1 gün qaza qənaət etmirdimsə də 5 günə gedib çıxa bilmirdim. Elə 2-ci gündəcə bunun əvəzini yenə ana xətti bağlamaqla çıxırdım.

Ürəyim gedirdi ki, mən nə vaxt həyətdə şah gəzəcəm ki, bəs mənim də sayğacım limiti keçdi. Oldum çoxtəminatlı.

Hər gün sayğaca baxırdım. Özüm onun fırlanmasını ləngitsəm də, axır vaxtlar lap hövsələdən çıxmışdım. Getmirdi, fırlanmırdı, dirəşmişdi sayğacımız. Axırı küsdüm sayğacdan. Bir müddət idi baxmırdım ona. Dözməyib dünən baxdım. Və nəticə...

Şükür bu günü də gördüm. Artıq çoxtəminatlılar sırasındayam. Baxmayaraq ki, indi demək olar qaz yandırmırıq, amma nə olsun ki, o təminat məsələsi mənə yaman istilik verir. Elə bil içimdə iki tonqal yanır. Oğuz elində qalanan tonqaldan. Kömək üçün yanan tonqaldan. Onsuz da köməyimizə gələn olmayacaq. Bəlkə də soyuqdan donub öləcəyik. Amma "zato" sayğaca baxanda deyəcəklər ki, bunlar çoxtəminatlıymışlarki.

Siz də çoxtəminatlılaşdırılmışlardansınızmı?!




İmza:

YAZARIN ARXİVİ

2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK