ANA SƏHİFƏ / MÜSAHİBƏ

O verilişə getməyim ayıb olar... - MÜSAHİBƏ

5557    |   2017-11-08 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az xalq artisti Arif Quliyevlə müsahibəni təqdim edir.


- Arif müəllim dolana bilirsinizmi, aldığınız təqaüd özünüzə çatırmı?

- Bəli çatır.

- Nə qədər təqaüd alırsınız?

- İki yüz manat təqaüd, yüz manat xalq artisti adına görə və bir də min manat Prezident təqaüdü alıram.

- Bizim üçün maraqlıdır. Siz dinamik adamsınız, elə rollarınızda da belə olubdu. Bəs indi gününüzü necə keçirirsiniz?

- Bir az evdə, bir az müalicəmlə, bir az nəvələrlə oynamaqla. Qalanı da tədbirlər olur, televiziyalar dəvət edir, filmlərə dəvət edirlər. Son iki ildə səkkiz özəl filmə çəkilmişəm. Adları ola bilər ki, bəziləri yadımdan çıxar. Bir də 2015-ci ildə dövlət filminə çəkilmişəm: dəyərli sənətkarlarımız Fikrət Əliyev və Kənan Məmmədovun çəkdiyi "Axırıncı dayanacaq filminə. Fikrət müəllim haqq dünyasına qovuşub. O filmdə çox dəyərli sənətkarlar toplanıb. Və mən də fəxr edirəm ki, o filmdə dəyərli sətənkarlarımız Fuad Poladovla, Atabala Səfərovla, Tofiq Hüseynovla və Qorxmaz Əlili üçümüz baş rolları ifa etmişik.

- Bəs qonorar məsələsini necə razılaşırsınız?

- Bir məsələ var da. Atalar deyib, palaza bürün, elnən sürün. Məsələn, deyirlər ki, bu baş roldu və sənə yeddi min manat verəcəm. Mən durub deyə bilmərəm ki, mənə doqquz min ver.

- Sizin meneceriniz var?

- Yox. Yeganə adamam ki, telefonuma özüm cavab verirəm, menecerə ehtiyac yoxdu. Çünki mən elə bir işlə məşğul deyiləm ki, menecerə ehtiyacım olsun. Heç əvvəllər də onu heç özümə sığışdırmamışam. Həmişə öz işimi özüm görmüşəm. O vaxtlar rayonlara konsertlər təşkil olunanda özüm getmişəm, gecə saat on bir, on iki radələrində afişaları da özüm vurmuşam. Mənim indiyə kimi rəngili, təmtəraqlı afişam olmayıb.

- Niyə?

- Adi olub da. Çünki imkanım da olmayıb ona. Musiqili Komediya Teatrında o vaxt belə bir qanunlar var idi, yəni daxili qanunlar, Hacıbaba Bağırovun iştirakı ilə böyük gülüş yumor gecəsi və ya konserti. O şəxsin adı qırmızı hərflərlə yazılardı. Sonradan mənim də öz dəstəm oldu. Amma istəmirdim mənlə gedənlərdən ayrılam. Elə adi yazırdılar.

- Söhbət qonorardan düşmüşkən, mənə çox maraqlıdı sizin indiyə qədər aldığınız ən yüksək qonorar hansı filmdən olub və nə qədər?

- Ən yüksək qonorarım olub 2015-ci ildə bayaq adını qeyd etdiyim filmdən yeddi min manat. O vaxt «Bəyin oğurlanması» filmindən iki min dollar almışdım. «Bəxt üzüyü» filmindən isə min beş yüz dollar.

- Şükür Allaha pul qazanırsınız da. Heç adınıza banklarda pul varmı?

- Yox. Çünki qazandığım pul ailəmə çatıt. Ona görə də nə banka pul qoya bilməmişəm. Üç il bundan qabaq bankdan kredit vasitəsilə maşın götürmüşəm.

- «QAZ-31»i deyirsiniz?

- Xeyr, «Qaz-31»in vaxtı üç il əvvəl, sentyabrda bitdi. Sonra onu aparıb maşın bazarında beş minə satdım.


- Alverçiyə satdınız?

- Yox mən xoşlamıram alverçiyə maşın satım. Düzdü, onların da işi var, pulu ondan qazanırlar. Həmin vaxt da «Nissan Sani»lərin kompaniyası idi və on altı minə olan maşını on iki min səkkiz yüzə satırdılar. Şirkət mənə səkkiz yüzü hədiyyə etdi və on iki minə maşını aldım, üç min də əvvəldən ödədim.

- O da mexanika idi?

- Yox avtomat idi.

- Bəs mexanikadan avtomata necə keçdiniz?

- Öyrəndim də. Bir ay kursa getdim.

- Yol polisi hörmət edirmi sizə?

- Hörmət o vaxt daha çox idi. Amma indi kameradı. Kamera yazır, efirə gedir və təsdiqlənir. Onu mütləq ödəməlisən. Qanundu. Mən lizinqi qurtaranda mənim min dörd yüz manat borcum olub amma xəbərim olmayıb. Getdim xahiş elədim, onu elədilər səkküz yüz əlli manat. Həmin vaxt onu ödəyə bilmədim. Sonra ödədim. Hərənin bir işi var da. Sən durub qayda pozuntusu eləyəcəksən ki, sənə hörmət eləsinlər? Nə elə, nə də ağız açma.

- Sizin dövrə sənətə gələnlərin əksəriyyəti haqq dünyasına qovuşub. Maraqlıdır, onların qəbrini ziyarət edirsinizmi?

- Bəli. Adam gördüyü işi danışmaz. Onu bir Allah bilər, bir də özün. Məcnun Hacıbəyov Qubada yaşayır ağır xəstədir. Gedib baş çəkmişəm ona. Ramiz Əzizbəyli, Allah canını sağ eləsin. Ona da baş çəkirəm. Mənimlə Nizami Mirsalayev çıxış edirdi, Allah ona rəhmət elsin, bir imkanlı adam ona kömək etdi. Adının çəkilməsini də istəmədi. Mənim tərəf müqabilim Naibə xanım xəstədi. Ona da baş çəkirəm. Kim ki, mənə kömək edib, hörmət edib, yaxşılıq edib, mən onun əvəzini Allah qarşısında min dəfə çıxmışam.

- Komediya janrının ustalarından Kamal Sunalla öz aranızda oxşarlıq görürsünüzmü?

- Bilirsinizmi, bir məsələ var: hər aktyorun, sənətkarın, sənətçinin öz yolu var, istər zəif olsun, istər güclü. Teatrda zəif də olmalıdı, güclü də olmalıdı. Əgər o zəif olmasa, o biri aktyor güclü olmaz. Nəyə görə? Tərəf müqabil zəifdisə, sən özünü yekə tutmursan, onu da qaldırırsan ona cavab verməklə. İndi böyük problemlər var bizim sənətdə. Məsələn, birini filmə çağırırlar deyir ki, mən onunla oynamıram.

- Bu əsas gənclərdədi, yoxsa...

- Bu yaşlılar arasında da olur, gənclər arasında da olur. Bu yaxınlarda adi bir film çəkirdilər. Çağırdılar getdim. Müsahibə verdim, neçə dəfə şəkil çəkdirdim. Deyir Arif müəllim, sırağa gün bir gəncə demişdik. Dedi şəklim var da sizdə, heç o bura gəlmədi. Yəni neqativ hallar az-maz var. Amma deyirlər çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar.

-Aktyorlar arasında elə bir çevrə varmı ki, yığılıb işlərinizi təhlil, tənqid edirsinizmi?

- Çox gözəl sualdı. Çevrə yoxdu. Amma olsa yaxşı olar. Mən şəxsən həmişə tənqidi qəbul eləmişəm. Sənətə gələndən, tanınandan sonra insana çox iradlar tuturlar. Heç elə olur ki, Musiqili Komediya Teatrında işləyən gedib Dramaya tamaşaya baxmır, və yaxud da Dramadakı gəlib onlara baxmır. Amma bu kontaktlı olmalıdı. Biz ora getməliyik, onlar da bura gəlməlidilər. O istedadları görməliyik. Bəzən istedadlıları görmürlər, sonra da deyirlər istedadlılar yoxdu. Amma var. Gərək gedəsən baxasan. Bir dəfə televiziyada cavan aparıcı deyir, heç tamaşalara adam gəlmir. İstədim ona sual verim ki, sən özün axırıncı dəfə hansı tamaşalara gedib baxmısan? Bizim dövrün aktyorlarından Atabala müəllim, Namiq Kamal, mən, Çingiz Əhmədov hərdən yığışıb işindən, səhvlərindən danışırıq. İndikilər onu qəbul etmirlər. Amma mən bütün iradları qəbul etmişəm. Ona görə ki, səni istəyən adam irad bildirir.


- Siz davamçı olaraq kimisə görürsünüzmü?

- Bu ikitərəfli sualdı. Niyə? Birinci, bəyənirəm, qəbul edirəmmi və davamçı kimi görürəm? Bir məsələ var ki, çox istedadlar – Rəfael də, Coşğun da çox zəhmətkeş, cavan, istedadlıdılar. Biz Rəfaellə bir neçə tamaşada, məsələn, «Məşədi İbad» tamaşasında oynamışıq. Böyük sənətkarımız Ramiz Əzizbəyli Məşədi İbad rolunu, mən hambal, Rəfaellə Coşqun Əsgərlə Vəli rolunu oynayıblar. Gözəl də alınıb. Yəni onların öz rolu, öz yaradıcılığı var. Məsələn, Fərda, Müşfiq nə qədər istedadlıdılar. Ondan başqa var Elcan, Elşad, İslam. Mən tərəfdən bunlar hamısı qəbul olunur. Hərəsinin öz tamaşaçıları var. Ən zəifin də tamaşaçıları var.

-Arif müəllim onlar sizi güldürə bilir?

- Bəli, güldürürlər.

- Bəs gülmədiyiniz gülüş ustası var?

- Gülmədiyim gülüş ustası yoxdu.

-Etiraf edək ki, bunun ağını çıxarıblar.

- Artıq bu tənqidçilərin, teatrşünasların işidi. Mən aktyoram. Mən öz işimə, öz roluma cavabdehəm. Mən mənə verilən rolu bəyənməyə bilərəm. Bir dəfə bizim ağsaqqal aktyorumuz gənc aktyor haqqında bir söz dedi. Həmin o gənc də televiziyada dedi ki, yaşlı nəsil bizə paxıllıq edir. Yenə də deyirəm mən tənqidi həmişə qəbul etmişəm və etməyimdə də uduzmamışam, həmişə udmuşam. Ona görədi ki, bu gün ayaqüstə durmuşam. Əgər tənqidlərin ucundan tutub o sözbazlığın dalınca getsəydim… İndi elə jurnalistlərin özləri də qıraqda bucaqda deyirlər, amma adıyla yazmağa hünərləri çatmır. Mən televiziyada demişəm bunu. Mənə deyirdilər ki, klounluq edir. Mən sərxoşu oynayanda üç dəfə dombalaq aşmışam. Belə etmişəm ki, belə etmək olmaz.

- Arif müəllim, tamaşalardan hansındasa siz qadın paltarı geyinmisiniz?

- Deyim da sizə. Azərbaycan Milli Dram Teatrında «Qısqanc ürəklər» tamaşası olub. Mən orda geyinmişəm. Epizod olaraq. Rəfael Dadaşov geyinib, Yaşar müəllim geyinib. Ssenaristdən asılıdı. Ssenari belə yazılıb, sən də bunu oynamalısan. Mənim münasibətim normaldı. Amma teatrşünaslar maraqlanar ki, bu niyə yazılıb? Həmişə olmur ki, başqa variantlar da var orda. Aktyorun işi ona verilən obrazı, rejissorun və yazıçının məqsədini, məramını, formasını, funksiyasını dolğun şəkildə ifa etməkdən ibarətdir. Mən «Bəyin oğurlanması»nda iki dəfə artıq söz işlətmişəm. Vaqif müəllim onu saxlamayıb. Yaşar girir həyətə, uşağın əlindən qaloşu alıb batır və şapalaq vurur ona və minir maşına getməyə, görür mən qaçıram. Deyir Miriş, gəl səni də aparım. Gördüm əsəbidi mənə də bir şapalaq vurar. Dedim yox, sən get, mən tələsirəm. Biz aktyorların da bəzən müdaxilə etməyə ixtiyarımız çatır. Çünki çox adamlar rollardan çıxarılır. Aktyora rol verilir, gəlib deyir ki, niyə qoymursan o sözü deyim? Rejissorun dediyinə, yazıçının fikrinə əməl etməliyik.

-Müstəqil teatrlara gedirsinizmi?

- Çox üzr istəyirəm sözünüzü kəsirəm. Getməliyəm. Amma dəvət eləsinlər ki, gedim baxım.

- Afişa yaradıblar…

- Mənə «Maşın şou»da bu telefonu bağışlayıblar. İşlətməyi indi-indi öyrənirəm. Amma 6 ildi ki, kitayski telefon işlədirdim. Zəng gedir, gəlir, başqa şey bilmirəm. İstəyirəm bunu öyrənim, hələ də bunu öyrənə bilmirəm.

- Bəs hansı teatrlara çox üstünlük verirsiniz, tamaşalarına gedib baxırsınız?

- Mən yaxşı tamaşası olan teatrlara üstünlük verirəm. Musiqili Komediyada 20 il, İrəvan teatrında 7 il işləmişəm və hamısının da tamaşasına gedib baxıram. Rus teatrının, Şuşa teatrının, Pantomim teatrına, Uşaq teatrının tamaşalarına gedib baxıram. Mənim sovet dövründə yaratdığım özəl teatrım var idi bağlandı, İlham müəllimin də var idi işlətmir. Afaq xanımın teatrı var hal-hazırda işlədir. İmkanı olan işlədir, imkanı olmayan da işlətmir.


-İmkanlı şəxslər ədəbiyyata dəstək dururlar. Onda belə çıxır ki, həmin imkanlı şəxslərin teatra marağı olmadığı üçün dəstək durmurlar. Heç müraciət etmisiniz onlara?

- Xeyr heç kimə müraciət etməmişəm. Amma iki dəfə efirdə demişəm ki, imkan olsa öz həyatımdan bir film çəkərəm. Amma heç kimdən reaksiya gəlmədi.

- Filminiz tragikomedik janrda olardı yəqin…

- Bəli, tragikomedik olacaq. Göz yaşlarından başlayan bir həyatdı da. Uşaqlıqdan qoyub getsinlər səni və ordan addım-addım gəlib bu pilləyə çatmaq çox çətin məsələdi. Birdən elə yaxşı insanlarla qarşılaşırsan ki, hansısa periodda sənə əl tuturlar. Yaxşı insanlar var, amma adlarını çəkmək olmur. Onu da Allah yetirir.

-Arif müəllim həyatınızın o çətin dövründən danışdınız. Yetimçiliklə böyümüsünüz. Siz özünüzü nə vaxt yetim hiss etmisiniz?

- Həmişə hiss etmişəm. Mən toya getmişəm, toyu idarə etmişəm. Bəylə gəlinin atası-anası onların qarşısında oynaya-oynaya ona toy edib… amma… Amma mən onların hamısını özüm təşkil etmişəm.

- Bir dəfə hansısa verilişdə əhvalınız dəyişdi, təcili yardım gəldi. Orda övladlarınızla bağlı bir fikir işlətdiniz. Övladlarınızın sizi çox istməyi ilə bağlı…

- Yox, orda söhbət məndən getmədi. Dedim ki, adam var ana-ata axtarır. Məsələn, mən. Amma o oğlanlar bu cür atanı atıblar. Mən çox görmüşəm. Qocalar evinə gedirəm görürəm ki, oğlu vəzifədədi, amma atansını gətirib qoyub ora. Deyirlər ay Arif müəllim, mənə baxmırlar. Mənə də çox köməklik ediblər televizora alıblar və sairə. İstəmişəm ki, mən də kiməsə kömək əlimi uzadım. Amma mənim imkanım o qədər deyil axı.

- Allah övladınıza rəhmət eləsin. Bir qız, bir oğlunuz var. Sizi çox istəyirlərmi?

- Bəli.

- Arif Quliyevi çox istəyirlər, yoxsa xalq artistini çox istəyirlər?

- Arif Quliyevi. O xalq artisti addı. Bilmirəm neçənci il idi, xalq artisti adı verilirdi. Sizin qəzetdə Aqil müəllim yazmışdı ki, hamıya xalq artisti adı verildi, mən də istədim. Onda da mənə Ulu Öndərimiz xalq artisti adı verdi.

- Nazirliklə aranız necədi? Heç sizinlə maraqlanırlarmı?

- Çox əla. Bəli maraqlanırlar.

- Arif müəllim, bildiyimə görə, ədəbiyyata da marağınız var, şeir də yazmısınız. Efirdə Xalqın Şairi telelayihəsi gedir. Ora dəvət etməyiblər ki, sizi? Çünki incəsənət adamları da gəlir ora. Münsif kimi iştirak edirlər…

- Yox ora getməyim ayıb olar. Bəli, münsif kimi dəvət edə bilərlər. Əvvəllər mən teatrda işləyəndə fikirldəşirdim ki, hər şey yaxşıdı və mən toylara getməyim, qoy başqaları getsin. Mən belə qəbul edirdim. İndi verlişlərə də çağıranda deyirəm ki, gəncləri çağırın. Mən daha sözümü demişəm.

- Bəs maşın şouya niyə getmişdiniz? Düzü, sizi orda görəndə türklər demiş, şaşırdım…

- Deməli məsələ nədi. Mən maşın şouya niyə getdim? Murad çox gözəl insandı, sadə, səmimi və də gözəl şoumendi. Təklif etdi. Mən də təklifini qəbul etdim, amma dedim ki, orda bir-birilərini təhqir edirlər. O da dedi ki, sən heç kimə heç nə etməyəcəksənsə, səninlə də heç kimin işi olmayacaq.

- Maşını udmaq istəyərdiniz?

- Yox, çünki orda çox dayana bilməzdim. Ayaqlarım ağrayır. Bax, bu telefonu onlar mənə bağışlayıblar. Heç vaxt belə bahalı telefonum olmayıb. Bir də mənə "Emilənd”dən bahalı kostyum tikdirdi və hədiyyə etdi.

- İnformasiya vasitələrində ordakı hadisələrlə bağlı neqativ fikirlər səsləndi. Orda ab-hava efirdə göründüyü kimidi, yoxsa…

- Mən sizə bir söz deyim. İnformasiya vasitələri də gedişatı yaxşı işıqlandırır. Amma hər bir şeyi hamı qəbul etmir axı. Həmişə bunu özümdə misal çəkirəm. Arif Quliyevi hamı bəyənə bilməz. Doqquz milyondan bir ikisi, üçü Arifi istəyər. Murad Dadaşov da o şoumenlər arasında bir az görünən, hiss olunan, sevilən, sayılandı. Müsəlmançılıqdı da, kimsə nəsə yaza, deyə bilər. Mən orda doğurdan da təmizlik gördüm. SMS necə gəldisə. Mən çox qorxurdum SMS-ə görə. Düzdür, tamaşaçıdı səni sevir, amma qonaqlıq verə bilmir. Fikirləşdim SMS yığa bilmərəm pis olaram. Amma bu dəfə insanlar səs verdilər, gözüm yaşardı. Amma mən tərəf müqabilimi çıxarmadım.

- Sizi sevirlər Arif müəllim…

- Allah bir tərəfdən alıb, o uşaqlıq çətinliklərini, valideyn nəvazişini, amma böyük bir xalqın məhəbbətini verib. Ona görə mən bu xalqın qarşısında baş əyirəm. Nə qazanmışıqsa, xalqın hesabına oulb. Bizə nə veriblərsə, o xalqın sevgisinin müqabilində veriblər.

- Yutubda bir videonuz yayılıb. Şamaxinkadan üzü aşağı Ekologiyaya gedən tərəfdə kimsə gəlib maşında sizə yaxınlaşanda siz də bığ taxmısınız. Maşında belə şeylər olur, o maraqlıdı?

- Olur insandı da. Mən başqası kimi ona tərs baxa bilmərəm. Çünki o mənim daxilimdə yoxdu. Zarafat edənlə zarafat edirəm. Hətta mənə bunu nöqsan tutanlar da var. O tamaşçıdı da, onun sevgisinin nəticəsidi.

- Aktyor olmasaydınız hansı peşəni seçərdiniz və bir də aktyor olmağınıza görə nə vaxtsa peşman olmusunuzmu?

- Ancaq aktyor olardım və heç vaxt da peşman olmamışam. Situasiyanı sən özün yaratmasan, səni dolaşdırmazlar. Min dənə söz deyə bilərlər. O qədər deyiblər, o qədər badalaq vurublar, o qədər şər yıxıb roldan çıxarıblar. Amma dözmüşəm. O badalaq vurana hörmət eləmişəm, saymışam, salam vermişəm. Bir rejissor, adını çəkmirəm, mənə beş il rol vermədi. Sonda dedim ki, "axırda ölüb gedəcəksən ki…”

- Bəs nə dedi?

- Heç nə, başını aşağı salıb çıxıb getdi. Sonra o rolu mənə verdilər. Teatr çox qəlizdi. Orda gərək vəziyyətdən çıxmağa çalışasan. Teatrda qəribə bir şey var. O hər yerdə var. Nə qədər ki, səni tanımırlar, sevmirlər, teatrda ən yaxşı aktyorsan, ən gözəl insansan. Görən öpür, qucaqlayır. Vay o günə ki, tanıyalar, ondan sonra o aktyorlar dedikləri olur heç nə. Ona gərək dözəsən. Dözmüşəm ki, bu vaxta qədər gəlib çıxmışam.

- Onlarca uğurlu aktyor obrazı yaratmısınız. Elə olubmu ki, obrazın təsirinə düşmüsünüz? Günlərcə Arif Quliyevi unutmusunuz obrazla yaşamısınız?

- Yox, mən obrazın arxasınca düşməmişəm. Mənə rol ki, veriblər ha, o saat beynimdə həll eləmişəm. Hiss edirəm ki, mən ona hazıram. Bəzən mən mətni əzbərləyə bilmirəm, əzbərçi deyiləm. Bədahətən söz gəlir, söz yerinə düşürsə, deyirəm.

- Təşəkkür edirik.




İmza:
SON XƏBƏRLƏR
2017-11-24


VİDEO