ANA SƏHİFƏ / MÜSAHİBƏ

HİDAYƏT ELVÜSALLA AQİL ABBAS BİR BALACA DƏRDLƏŞDİ

7249    |   2017-10-11 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqil: - Bayy, səni xoş gördük, ay mənim kəlbəcərli qardaşım. Çoxdandı görsənmirsən, arada bir dağlardan arana yen.

Hidayət: - Arana yenirəm ey, siz görmək istəmirsiz. Odur ey, oturmuşam Kürdəxanıda.

- Nə var ey o Kürdəxanıda?

- Vallah, bayaq Mehmana dedim, iki-üç çəpişim var.

- Deyəsən itin də vardı axı.

- Bizə etibar necə itibsə, it də küsdü getdi.

- Deməli ferma düzəltmisən də, özün də olmusan ferma müdiri.

- Harda idi məndə o qədər pul? İyirmi-otuz manata üç-dörd çəpiş almışam. Amma satsam biri yüz manata gedər.

- Fermersən də. Sahibkarlığa Yardım Fondundan bir az kredit götür, çəpişlərin sayını çoxalt.

- Canın üçün borcdan zəhləm gedir. Qaytarana kimi adam o dünyanı görüb gəlir. Görmürsən, bankdan kredit götürənlər qalıb ortalıqda, gündə biri intihar eləyir. İstəyirsən bir gün də mən də qəzetlərin manşetinə çıxım, Hidayət Elvüsal intihar edib.

- Yox, elə yazmayacaqlar. Yazacaqlar ki, məşhur şair Sücaətin qardaşı intihar etdi.

- Elə də yazarlar yəqin. Ya da yazarlar ki, Kəlbəcərin həsrətinə dözmədi. Doğurdan iyirmi adda manşet düzəldə bilərlər. Yox, sizlərə o sevinci yaşatmaram.

- Doğurdan görünmürsən, az yazırsan.

- Mətbuata maraq azalıb. A qrupu deyilən jurnalistlər vardı, keçmiş böyük qardaşlarımızın dili ilə desək, vışşı liqa. İndi o vışşı liqadakı jurnalistlərin sayı Azərbaycan futbol çempionatındakı komandaların sayı qədərdir. Oturub söhbəti eləyəndə o dəqiqə səviyyəni görürsən. Bir dəfə televiziyada bir xanım deyirdi ki, mən Tağı Əhmədovu tapa bilmədim ki, on beş qəpiyi ora necə salmaq lazımdır. Sonra da deyir ki, jurnalistəm, redaksiyada iki nəfərik – bir baş redaktordu, bir də mən. Mətbuatın əlifbasını da bilmir ki, baş redaktor olmaq üçün redaksiyada üç-dödr şöbə redaktoru olmalıdı ki, sonra baş redaktor ola. İndi gəl otur bununla söhbət elə.

- Sözünə qüvvət. Bir dəfə Məmməd Araz məndən soruşdu ki, day qəzetlərdə müxbir yoxdu? Dedim var. Niyə soruşursan ki? Dedi kimdən soruşuram, ya baş redaktordu, ya da baş redaktorun birinci müavini.

- Tanıdığım baş redaktorlar var ki, beşinci-altıncı sinif həcmində ifadə yaza bilsələr, əlimə qələm almaram. Heç imla yaza bilmirlər.

- Day sən qaçıb gedəndə reaksiyalarda boşluq yaranar da. Məcbur olub «A» hərfini bilməyənləri işlətməli oluruq.

- Əgər jurnalist işləyəcəksə, pul istəyəcək. Redaksiyalarda o güc yoxdu ki, jurnalistlərə normal maaş versin. Əlbəttə, dövlətin hesabında olan qəzet və jurnallar maaşlarını vaxtında alır. Amma özəl və müstəqil qəzetlərdə çətinliklər var.

- Dövlət neçə ildi Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu yaradıb və hər il də müstəqil qəzetlərə pul ayırır. Və təbii ki, ictimai rəyin qəbul etdiyi qəzetlərə, reytinqli qəzetlərə.

- Reklam bazarı olmalıdı, bu yoxdu. Əgər Azərbaycanda bir sement zavodu varsa, o niyə reklam verməlidi? Rəqibi yoxdu axı, üstünlüyünü göstərə bilsin. Ya SOCAR, ya Topaz. Rəqabət aparan toyxanalar və restoranlardı. Bir də həkimlərdilər ki, xəstə tutmaq üçün səhərdən axşama kimi efirdən çıxmırlar.

- O vaxt bir qadın vardı ey, dərman hazırlayıb, özü də üç litrlik balonlarda bütün günü reklam edirdi.

- Hə, indi də həmin dərmanı qızı reklam edir. Amma Sovet dövründə hətta tanınmış həkimdən də yazı yazmaq olmazdı. İcazə vermirdilər ki, birdən tərəfkeşlik edərsən, camaatı yönəldərsən həmin həkimin üstünə, o həkim də naşının biri çıxar. Dərman reklamı da qadağan idi. Çünki dərmanı həkim yazar, televiziya deməz.

- Deyəsən televiziyalara çox baxırsan?

- Baxıram. Az.TV, İctimaini, Lideri çıxar. Qalan kanallarda aparıcılar və jurnalistlər ya müğənnilərdi, ya da teatr institutunun buraxdığı uşaqlar. Jurnalistikadan uzaq adamlardı. Azərbaycan dilinin də anasını ağladırlar. Tamadalar ekranda, doğum evləri ekranda, nə bilim, hər şey ekranda. Amma televiziya özü hardadı bilinmir. Bir TV var ey, bütün aparıcıları tamadalardı. Yaşlı da kişilərdi, ağızlarına gələni danışırlar. Day bu qədər yox da.

- Təzə yazanlardan, pozanlardan kimi oxuyursan? Yoxsa başın qarışıb çəpişlərə?

- Ağ eləmə də. Oxuyuram, niyə oxumuram. Kitablarını da, şeirlərini də oxuyuram.

- Ümidverən gəncləri görürsən?

- Əlbəttə, Əzəmət var, Qan Tural var, Seymur Baycan var.

- Şərif Ağayarın adını niyə çəkmirsən?

- Vallah, onu oxumamışam yalan deyə bilmərəm. Kimdi o elə?

- Yaxşı istedadlı yazıçıdı. Son gözəl bir romanı var, Arzulardan sonrakı şəhər.

- Ola bilər. Verərsən oxuyaram.Yadıma düşənlərin adını çəkdim də.

- Deyəsən az oxuyursan.

- Düzünü deyim ki, hə.

- Özü də internetdən oxuyursan hamısını.

- Hə internetdən oxuyuram.

- Evdə kitabın var?

- O qədər var ki…

- Arabir oxu də, qoy savadın artsın.

- Arada oxuyuram. Ensiklopediyanı oxuyuram, anektodlar oxuyuram. Qalanı məlumdu da. Məsələn, şeir nədi? İndi hamısını demirəm də. Biri qoşma yazıb. Əşi, bunu on yeddidə də, otuz yeddidə də, qırx yeddidə də, iki min on yeddidə də yazıblar. Təkrardı də. Elə qafiyəyə baxırsan, qalanı məlumdu. Təzə bir şey deyə bilmir. Ramiz Rövşəni niyə oxuyuruq? Fərqli bir şey yaratdı. Və yaxud Vaqif Cəbrayılzadəni niyə oxuyuruq? O da həmçinin. Sən də şeir yaza bilirsən, Mehman da, bəlkə elə mən də az-maz. Şeri sən yaza bilməzsən, onu ancaq şair yaza bilər. Yoxsa elə şair olmağa nə var ey. Hamısı da Yazıçılar Birliyinin üzvüdü, Prezident təqaüdçüləridi. Məsələn, mənim yemək-içmək dostum. Onu şair kimi tanıyan yoxdu. Amma Prezident təqaüdü alır. Olmaz.

- Sənin dost-tanışın çox idi, heç arayıb axtaran var?

- Yox!

- Heç?!

- Yox. Mənim üçün maraqlı deyil. Bilirsən də mən artıq on beş ildi tək qalıram. Hərdən mənə deyirlər ki, darıxmırsan? Deyirəm vallah, yanımda adam olanda darıxıram.

- Bəs sən necə, onları axtarırsan?

- Arabir olur.

- Bəlkə bu jurnalistləri bağına yığıb bir çəpiş qonaqlığı verəsən?

- Jurnalistlərə mənim gözüm üstdə. Yoxsa kimsə orda gəlib mənasız şeir oxuyacaqsa…

- Şeir oxumağa yox, elə zarafata, deyib-gülməyə.

- Mənim gözüm üstdə, nə vaxt istəsəniz.

- Kəlbəcərdən nə xəbər ey?

- Vallah, Kəlbəcər yadımdan çıxmayıb. Sücaətin bir şeiri var. Deyir ki:


Yavaş-yavaş unudulur Kəlbəcər,

Bəzi ürəklərdə odu qalıbdı.

Hava bürosunun məlumatında,

Səkkizcə hərflik adı qalıbdı.


Bitdi bununla da. Ermənilər orda bu qalınlığında asfalt yol çəkib, zavod açıb. Suriyadan qovulan erməniləri yerləşdirib.

- Niyə ümidsiz danışırsan?

- Bir az realist olmaq lazımdı. Erməni bizi tankla tüfənglə öldürürdü, biz də yazırdıq ki, qoy gəlsinlər sazda Yanıq Kərəmi çalacağıq, qırılacaqlar. Yanıq Kərəmiylə erməni qırmaq olmur ey, dədə.

- Belə bir replika atmışdım ki, tar-qavalımızı götürüb bərkdən çalsaq qaçarlar.

- Bir şey də deyim sənə. Gürcüstandakı erməni kilsələrində pulsuz qaz yandırırlar. Mənim bir qonşum, özü də qaçqındı, iyirmi manatlıq qaz vurub, on manatını çıxıblar ki, qazın qiyməti iyirmi qəpikdi. Sən erməniyə verdiyin qazı heç olmasa bizə də puluynan ver. Təbii ki, bunları çap etməyəcəksən.

- Edəcəm. Bir şey də soruşum. Mən tez-tez səfər eləyirəm. Sən özün bilirsən də mənim köküm Kəlbəcərdəndi. Gedirəm Goranboy tərəfdən, gedirəm Murov tərəfdən, gedirəm Daşkəsən tərəfdən. Başqa bir hava alıram. Xoşbulağı-zadı keçirsən Kəlbəcərdi. Sənin ürəyin istəmir bir oralara gedəsən?

- Gedirəm. Orda Beştəpə deyilən bir yer var. Sücaət ömrünün axırına qədər hər gün orda olurdu.

- Bir dəfə Murovda son təmas xəttinə qədər üzü Kəlbəcərə getdim. Şlanqbaun qoymuşdular. Ordan o yana məni buraxmadılar. Bu Ağdamda da olub dəfələrlə. Deyirlər səngərdən o tərəfə olmaz. İndi hamı məni tanıyır keçib gedirəm. Mənim təhlükəsizliyimin qorunması üçündü təbii ki bu da. Hətta hərbi hissənin komandiri ilə də danışdım hətta əsəbləşdim də. Dedim gedirəm dədəmin, babamın qəbirlərini ziyarət etmək istəyirəm. Niyə qoymursan? Erməni bilər, mən bilərəm. Bax, belə şeylər də var.

- Doxsan dördüncü ildə Kəlbəcərə yeddi kilometr qalmışdı. Az qalmışdı almağımıza, almışdıq da. Yenə həmin söhbət baş verdi.

- Hidayət, bilirsən nəyə yanıb-tökülürəm?

- Nə bilim, o qədər yanıb-töküləsi şey var ki, hansını deyirsən?

- Ağdərə azad olunandan sonra Kəlbəcər yolu açılanda Tərtərdən hamı yığışdı getdi Kəlbəcərə. İsgəndər Həmidov, rəhmətlik Sərdar Həmidov, sən. Amma mən getmədim. Sözün düzü bir az çəkindim. Hələ də özümü qınayıram.

- Əvəzində sənin köynəyin getdi dana. Amerika generallarının köynəyindən idi. Səndən alıb geyindim. Kəlbəcərdə məni tanımasaydılar elə biləcəkdilər Amerika generalıyam.

- Deyəsən mənim köynəyimdən nəsə yazmışdın, sən canın tap, təzədən çap eləyim.

- Aqil Abbasın qanlı köynəyi. Ərinməsəm tapıb verərəm.

- Uşaqlardan razısan?

- Əlbəttə. Sakit uşaqlardı.

- Maşının var?

- Hə, dükan-bazara gedirəm.

- Bura gəlmirsən.

- Yox, gələ bilmirəm. Çox köhnədi.

- Bəs sənə ev veriləndə necə?

- Düzü, ev veriləndə inanmadım. Çox sağ olsunlar. Mötərəm Prezidentimizə təşəkkür edirəm.

- Sücaətin təzə kitabından-filandan?

- İnşallah, yeni kitabı dərc olunacaq.

- Bəlkə Sücaət haqqında yazı yazasan? Mən onu bir-iki dəfə görmüşəm. Amma haqqında çox şey bilirəm..

- Adam atası, qardaşı haqqında nə yaza bilər başa düşmürəm. Onun haqqında başqası yaza bilər.

- Mənim ürəyimdən keçib ki, xatirə yazım Sücaətdən. Fikrimdə var.

- Məmməd müəllimlə çox görüşürdü.

- Məmməd müəllim çox istəyirdi Sücaəti. Qayalar şeirini çox adam deyir ki, Məmməd müəllim filan yerdə yazıb. Amma Məmməd müəllimin özündən soruşanda dedi ki, Sücaətgilin həyətində yazmışam. Məmməd müəllimin Kəlbəcərlə bağlı çox xatirəsi, eyni zamanda yazıları var. Deyirdi o dağları mən Dədə Şəmşirlə gəzmişəm. Dədə Şəmşirlə Kəlbəcərdə çəkdirdiyi bir şəkli də var, əminin odlu-alovlu vaxtlarının şəklidi. Daha çox Sücaətdən danışardı.

- İndi yəqin biz burda dərdləşdiyimiz kimi, onlar da orda Dədə Şəmşirin başına yığışıb dərdləşirlər. Bir dəfə ikisini də bir yerdə yuxuda gördüm, saçları qapqaraydı…

Dərdləşməni qələmə aldı: Sübhan MAHMUDOV




İmza:
SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK