warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | “HUMANİST LEDİ”NİN QÜRUBU Adalet.az | “HUMANİST LEDİ”NİN QÜRUBU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“HUMANİST LEDİ”NİN QÜRUBU

Mehman Cavadoğlu

21921    |   2017-10-09 14:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər il oktyabrın 3-də iki alman dövlətinin birləşməsi münsibətilə Almaniyada milli bayram keçirilir. Rəsmi adı Birlik günü olan və 1990-cı ildən bəri daim yüksək təntənə və coşquyla qeyd olunan bu bayramda ötən həftə xeyli fərqli ovqat hökm sürürdü. Çünki alman cəmiyyəti İkinci Dünya Müharibəsindən sonra ölkənin siyasi palitrasına yeni çalarlar qatmış son parlament seçkilərinin şokundan hələ də ayılmayıb. Əslində, seçkilərdə qeyri-adi, gözlənilməz bir şey baş vermədi, sosioloqların və ekspertlərin proqnozları çox cüzi yanılmalarla özünü tam doğrultdu. Ancaq, görünür, günlər ötdükcə, seçki eyforiyalarını sağlam düşüncə, seçki həyacanlarını soyuq mühakimə əvəz etdikcə siyasi qüvvələr nisbətinin yeni düzəni adamları daha çox narahat etməyə başlayıb. Əlbəttə, cəmi 12,6 faiz səslə parlament partiyasına çevrilmiş millətçilərin sürətlə hakimiyyət olimpinə yüksəlməsi bugünkü alman reallıqları konteksində mümkün görünmür. Dünyanın siyasi xəritəsində önəmli bir yerə malik Almaniya Federativ Respublikası Birinci Cahan Savaşından sonrakı məğlub, həmin dövr millətçilərinin təbliğat tezislərilə desək, məğlubiyyətdən daha çox qüruruna təcavüz edilmiş, alçaldılmış və təhqir olunmuş dağınıq, başıpozuq bir ölkəni idarə edən Veymar respublikası deyil, dünya siyasətində əsas söz sahibi olan güclü bir dövlətdir. Ancaq, görünür, almanlar həmin dövrdə baş qaldırmış "xilaskar” millətçilərin bu ölkəni hansı fəlakətlərə sürüklədiklərini heç vaxt unutmayacaq bir yaddaş sahibi olduqlarına görə millətçiliyin siyasi səhnəyə düşən azacıq işartısı da onların canına üşütmə salır.

 Ötən həftəki bayram qutlamalarında da Birlik günündə hökm sürən parçalanma ab-havasıydı almanların ovqatını təlx eləyən. Alman cəmiyyəti 1948-ci ildən bu yana heç vaxt belə fərqli düşərgələrə bölünməmişdi. Hətta Berlin divarının iki alman dövlətini həm coğrafi, həm də siyasi qütblərə ayırdığı dönəmlərdə də xalqın milli ruhu indikindən daha bütöv idi. 40-dan çox partiyanın iştirak etdiyi seçkinin alternativliyini parçalanmaya çevirən tək amil millətçi şüarlarıyla cəmiyyəti silkələyən, nəinki 5 faizlik seçki barajını aşan, üstəlik, sosioloqların proqnozlarından da bir neçə faiz çox səs toplayan Almaniya üçün Alternativ partiyasının göstərdiyi nəticə idi. Bu səslərin mühüm bir hissəsinin son dörd seçkinin favoriti olmuş Angela Merkelin rəhbərlik etdiyi, ötən dəfəki seçkilərlə müqayisədə 8 faiz geriləyərək 33 faiz səs yığmış Almaniya xristian demokrat və Bavariya xristian sosialist blokunun eloktaratından qopardılması da heç kim üçün sirr deyil. Alman siyasətinin bu məğlubedilməz "ledi”sinin faktiki olaraq öz siyasi qürubuna qədəm qoyması isə çoxlarının ürəyincə olmadı. Ona görə yox ki, almanlar da bir çox xalqlar kimi liderpərəst, Merkel isə bir çox rəhbərlər kimi lidermərəzdir. Yox. Almanlar hakimiyyət olimpində olduğu 12 il ərzində öz sadəliyini itirməyən, əvvəlki yaşayış yerini və həyat tərzini, adi vətəndaşlara səmimi münasibətini zərrə qədər də dəyişməyən bu təvazökar insanı və prinsipial siyasətçini həqiqətən çox istəyirlər. Amma onların nəzərində çox istəmək daim onu hakimiyyətdə görmək anlamı da daşımır.

Seşkilər arxada qalsa da, Merkel öz siyasi karyerasının növbəti gərgin bir mərhələsinə qədəm qoyur. Qarşıda onu seçki kampaniyasının özündən də çətin keçəcək koalisiya razılaşmalarıyla bağlı danışıqlar gözləyir. Seçkilərdən sonra yaranmış yeni qüvvələr nisbəti bu danışıqların heç də asan keçməyəcəyini göstərir. Görünür, buna görə də o, seçkilərdən dərhal sonra verdiyi açıqlamada yeni hökumətin formalaşması prosesinin milad bayramına kimi çəkəcəyini bildirmişdi.

Kolasiya anlaşmasını müşkülə salan əsas məqamlara keçməzdən əvvəl bir neçə kəlmə Merkelin alman seçiciləri üçün cazibədar görünən keyfiyyətləri üzərində dayanmaq istəyirəm. Siyasi texnoloqların fikrincə federal kanslerin uğurlu siyasi karyerasının başlıca səbəblərindən biri əksər alman qadınlarının ona olan münasibətiylə bağlıdır. Belə baxanda Merkel orta yaşlı adi qadınından heç nə ilə fərqlənmir. İstənilən qadının karyerası üçün başlıca şərtlərdən biri, bəlkə də birincisi olan xüsusi bir gözəlliyi, üstəlik, xarizması da yoxdur. Bax, məhz elə bu amil onu öz həmcinslərinin həyat idealına, daha doğrusu, stimuluna çevirir, kimdəsə özünə inam hissinin yaranmasına, kimdəsə bu hissin güclənməsinə təkan verir. Onlar təkcə Merkelə oxşadıqları üçün təsəlli tapmırlar, həm də onun uğurlarını öz uğurları sayır, bir az da konkretləşdisək, onun uğurlarının timsalında öz uğurlarının mümkünlüyünə inanırlar.

Düzdür, hər bir cəmiyyətdə elektoral çoxluğu adi, orta statistik vətəndaşlar təmin edirlər. Amma bunlar məsələnin zahiri tərəfidir, qısa müddətli uğurun zəmanətidir. Fəth etdiyi zirvədə duruş gətirməyi, qazandığı uğurları dayanıqlı etməyi bacarmaq insandan möhkəm güc və iradə, ağıl və səriştə tələb edir ki, elə Merkel də dünyanı təkcə sadəliyi ilə yox, həm də bu cəhətlərilə mat qoyub. Təsadüfi deyil ki, seçicilərdən biri niyə məhz ona səs verdiyini jurnalistə təxminən belə izah eləmişdi: "Elə-belə. Sadəcə, onun Putin, Tramp, Ərdoğan kimi kişi siyasətçilərlə necə döş-döşə gəlməsindən qürur duyuram”.

XDİ/XSİ-nin ənənəvi koalisiya şərikləri olan və son seçkilərdə 20,5 faiz səs toplamaqla 1949-cu ildən bəri keçirilən parlament seçkilərində ən aşağı nəticə göstərən sosial-demokratların hökumətdə iştirakdan imtina edərək müxülifətə keçmələri koalisiya razılaşmalarını çətinləşdirən əsas amil oldu. Bəzi ekspertlər son dövrlərdəki seçkilərdə ardıcıl olaraq faiz itkilətiylə üzləşən sosial-demokratların bu addımını ən azı bir ceçki müddəti iqtitardan kənarlaşmaqla özlərini hakimiyyətin, xüsusilə uzunmüddətli hakimiyyətin gətirdiyi çirk-paslarından təmizləmək və növbəti seçkilərdə revanş götürmək niyyətləriylə izah edirlər. Amma bunun sadəcə bir manevr olduğunu düşünənlər də az deyil. Onların fikrincə sosial-demokratlar müvəqqəti olaraq marığa yatmaqla Merkelin yerdə qalan digər partiyalarla uğursuz razılaşma cəhdlərindən sonra yenidən onlara müraciət etmək məcburiyyətində qalacağı anı gözləyirlər. Bu zaman artıq danışıqlar masasına daha əlverişli şərtlər altında oturmaq mümkündür.

Yerdəsə seçki barajını keçmiş 4 partiya qalır ki, onların da səs faizlərinin azlığına görə ən azı ikisiylə razılıq əldə olunmalıdır. Yuxarıda da dedik ki, kəskin siyasi-ideoloji mövqe fərqləri ucbatından Almaniya üçün Alternativ partiyası ilə hər hansı müzakirələr Merkelin planlarına daxil deyil. 

Koalisiya hökumətinə daxil olmaq heç seçkilərə qatılarkən qarşılarına hələ ki, hakimiyyətə gəlmək yox, parlament müxalifətinə çevrilmək vəzifəsi qoymuş AüA partiyasını da maraqlandırmır. Üstəlik, təkcə siyasi olimpdə görünüşü ilə çoxlarının canına vəlvələ salmış, Rusiyaya qarşı sanksiyaların götürülməsi tələbilə çıxış etdiyinə görə seçki kampaniyası vaxtı Şimal qonşumuzun da ciddi-cəhdlə təbliğ etdiyi (41-45 nə tez yaddan çıxdı) bu partiyanın özü elə indidən xeyli sarsıntılar yaşamağa başlayıb. Adətən, ciddi uğur monolitliyi daha da möhkəmləndirən amil sayılsa da, bu dəfə xeyli fərqli mənzərənin şahidi olduq. Seçkilərdən dərhal sonra partiyanın sərt radikal xətti ilə razılaşmadığı üçün onun həmsədrlərindən biri olan xanım Alis Veydel, onun ardınca isə deputat mandatı qazanmış daha səkkiz nəfər artıq öz partiyalarının fraksiyalarında iştirak etməyəcəklərini, müstəqil deputat kimi fəaliyyət göstərəcəklərini bildiriblər.

XDİ/XSİ blokunu potensial koalisiya ortaqları olan liberal baxışlı Azad demokratlar (10,7 faiz səs) və barajı adlayanların autsayderi Birlik 90/Yaşıllar (8,9 faiz) partiyalarının hər biri ilə birləşdirən məqamlar olduğu kimi baxışlarında fərqli cəhətlər də çoxdur. Artıq Azad demokratlar və Yaşıllar koalisiya danışıqları ilə bağlı təklif aldıqlarını rəsmən bəyan ediblər. Alman siyasi leksikonunda bu koalisiyanın adına Yamayka koalisiyası (üçünün birlikdə bayraqlarının qara, narıncı və yaşıl rəngləri Yamayka dövlət bayrağının rənglərini təkrarladığı üçün) deyilir. Xatırladaq ki, liberalların çağdaş alman siyasətinin gündəmində duran əsas məsələlərdən biri olan Krımın anneksiyası və bütövlükdə Rusiya-Ukrayna münasibətləri ilə bağlı mövqeyi Merkelin mövqeyindən fərqlənir. Düzdür, Azad demokratlar da Krımın Rusiyaya birləşdirilməsini tanımır, ancaq hazırkı vəziyyətdə onlar Krım qovluğunu masanın üstündən götürüb onun daxılına qoyulmasının tərəfdarıdırlar. "Vaxtilə Almaniyanın federal kansleri Villi Brandt da Baltikyanı respublikaların SSRİ tərəfindən anneksiyasını tanımırdı. Ancaq 1970-ci ildə "yeni şərq siyasətini” işləyib hazırlayarkən o da analoji addım atmışdı” – deyə partiyanın lideri Kristian Lindner bu yaxınlarda qalmaqallı bir açıqlama vermişdi. Buna baxmayaraq, yuxarıda da vurğuladğımız kimi istər Krım, istərsə də Şərqi Ukraynada baş verənlərlə bağlı bu partiyanın proqram sənədlərində öz əksini tapan müddəalar Merkelin mövqeyi ilə tam üst-üstə düşür. Görünür, yuxarıda deyilənlər Lindlerin şəxsi fikridir. Ancaq nəzərə almaq lazımdır ki, Lindler partiyada sıradan bir rəhbər yox, çox vacib fiqurdur, hətta son seçkilərdə Azad demokratların yenidən parlament partiyasına çevrilməsi birbaşa onun xidməti sayılır. Bu cür liderlərin mövqeləri isə lap elə Qərb siyasətində də bəzən rəsmi sənədlərdən üstün təsir gücünə malik olur.

Krım məsələsində Merkelin Yaşıllarla (yeri gəlmişkən, bu partiyanın həmsədrlərindən biri olan Cem Özdəmirin atası çərkəz əsilli türk mühaciri, özüsə ermənilərin yaxın dostudur) elə bir fikir ayrılığı olmasa da, mühacirlərə münasibətdə yola getmirlər. Sağ radikallardan fərqli olaraq Yaşıllar "humanist ledi”ni mqrantlara sayğısızlıqda suçlayır, bəzən hətta sənədləri olanları da ölkədən çıxartmaqda ittiham edirlər. Yaşıllar hökumətin əfqan qaçqınlarına qarşı mövqeyinə də sərt təpki göstərir, onların guya Əfqanıstanda dinc zonaların da olması bəhanəsilə geri qaytarılmasını millətçilərin qarşısında geri çəkilməsi kimi qiymətləndirirlər.

Nəhayət, bir neçə kəlmə də Merkellə münasibətləri xeyli gərgin olan, onsuz da, koalisiya danışıqlarının subyekti kimi adı heç yerdə hallanmayan Sol (9,2 faiz) partiya haqqında . Miqrant problemi ilə bağlı hazırkı hökumətin siyasətinə sağ millətçi mövqedən atəş açan AüA partiyasından fərqli olaraq, onlar hədəfi sol beynəlmiləlçi səngərdən topa tuturlar. Merkelin qaçqınlara xoş münasibətinin səbəblərindən danışarkən bunu birbaşa kapitalistlərin maraqlarıyla bağlamağı, yeni, ucuz işçi qüvvəsi, alman xalqının qöcalması, Avropa sivilizasiyasının sonu kimi millətçi-beynəlmiləl ritorikalardan istifadə etməyi çox sevirlər. Elə çıxışlarının əsas bəzəyini də kommunist metaforalarından hörülən çələnglər təşkil edir. Məsələn, həmin partiyanın liderlərindən biri, bugünkü Ukrayna hökumətinin tərkibində xeyli faşistin olduğunu söyləyən, partiyası kimi özü də Latın Amerikasındakı solçu rejimlərin alovlu tərəfdarı olan Sara Vagenknext (Tudəçi qoxusu verən bu xanımın atası isə İranlı, partiyasını Yaşıllarla birləşdirən yeganə məqam yenə də elə erməni sevgisidir) parlament iclaslarının birində Merkeli yaş yuyub quru sərəndən sonra elə-beləcə də demişdi: "Gələcəkdə, ola bilsin ki, lap yaxın illərdə Almaniya siyasətinin lokomotivi özüm olacam”.

Merkelin yeni hökuməti çox güman ki, "Yamayka koalisiyası” formatında qurulacaq. Sosial-demokratlara doğru dönüş və təkrar seçkiyə getmək ehtimalları az olsa da, hər halda ehtiyat variantlar kimi gündəlikdədir. Amma istənilən halda "humanist ledi” karyerasının son akkordlarını vurmaqda, siyasi qürubunun başlanğıcındadır. Bu gün Almaniya əhalisinin 70 faizinin öz iqtisadi vəziyyətindən razı olmasına baxmayaraq, bu uğurlarda imzası olan və 12 ildir ölkəni idarə edən bir siyasətçi seçkilərdən ciddi itkiylə çıxır. Çoxları bunu Merkelin miqrasiya siyasəti ilə bağlayır və onu öz humanizminin qurbanı sayırlar. Olsun. Başqa siyasi izah tapmaq çətindir. Amma hər halda məsələyə ayrı rakursdan, fərqli psixoloji aspektdən yanaşsaq digər nüansları da sezə bilərik. Qərb elektoratı bəzən ən çox rəğbət göstərdiyi siyasətçini də çox adi səbəblərdən yola salmağı sevir. Məsələn, deyir ki, daha bunu görməkdən gözüm yorulub. Qoy, başqası gəlsin, gözümün yorğunluğu çıxsın. Yəni, elə belə, bir növ diş dəyişikliyi edir.






İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK