ANA SƏHİFƏ / YAZARLAR

MƏN ÖLƏCƏM

Nicat Novruzoğlu

13030    |   2017-09-14 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Hissə II)

Ehsan

Torpağın üzü soyuqdu. İçi isə odlu-alovlu. Siz üzündəsiz. Üstümə tökdükcə torpağı soyuduz məndən. O qədər soyudunuz ki, mədənizin istiliyi beyninizdəki Nicatı yandırıb kül etdi. Bu istiliyin üstündə bir qazan qaynatmaq olar - ehsan qazanı.

Birinci günümün ehsanı efirə getməyən 2 saatlıq film haqqında əvvəlcədən verilən anons kimidi. Məni dəfn edib qayıdandan sonra verilir bu anons. Əvvəl əllərinizi gülab suyu ilə yuyacaqsınız. Mollanın qısa duasından sonra daxil olduğunuz mağar qəfil ölümümdən sonra qurulmuş bir ağ çadırdır. İlk ehsanım göy-göyərti, pendir, lavaş, halva və çaydan ibarət olacaq. Bəlkə sərin su da oldu. Üzürlü sayın. Üçümə bir şey fikirləşəcəklər.

Ruhum bu dünyadan getmişdi. O dünyanın giriş qapısında müsəlmanların yaratdığı tıxaca səbrim çatmadı. Ruhum döndü bu dünyada mənə tutulan yasa.

Birinci günüm pis keçmir. Ölümüm vaxt baxımından təzə baş verdiyindən hüzrçülər çox sakit danışırlar. Arada molla fatihə verir. Dayanmışam şəklimin yanında. Heç vaxt fotoluq olmayıb simam. Məni fotoda kimsə bəyənməyib. Qara lent də maşınımın təhlükəsizlik kəməri kimi bağlayıblar. Elə bil məclisin sükanı məndədir.

Bir masa tamamilə qonşularımdan ibarətdir. Masadakı qonşularımdan ən pullusu və babatda vəzifəsi olanı 34-ə qədər yavaş-yavaş dodağının altında sayır və sağ əlini alnından sürüşdürüb çənəsinədək aparıb fatihə verir. Bu masada oturanlar o qonşumuzu həmişə saydıqlarından mollanı gözləmədən onun ardınca tələm-tələsik əllərini üzlərinə çəkirlər. Neyləsinlər, cahillər Fatihə surəsini bilmirlər. Eləsi də oldu ki, iki əlli verdi fatihəni. Yəqin ölümüm çox təsir edib ona.

Çadırdan çöldə isə pıçapıçdı. Qohumlarım və yaxınlarım qərarlaşa bilmirlər. Şəhər dolu mərasim zalıyla. Hərəsinin də öz qiyməti. Bilmirlər ehsanı harda və hansı formada versinlər. Kasıblar sakitcə dinləyir. Əsas danışanlar imkanlı yaxınlarımdı. Onlar yasın nüfuzlarına görə keçirilməsini istəyirlər.
Maraqlı təkliflər var. Bir yaşlı qohumum deyir ki, aşın qarası iki cür olsun. Həm şabalıdlı, yəni dədə-baba, həm də göylü yəni səbzili. Qaşıqlar da gümüşdən olmalıdı. Ürəkli kasıblardan biri: "araq nə olsun?". Sual bu imkanlının əsəbləşib getməsinə səbəb oldu.

Digər birinin təklif etdiyi süfrə menyusunda yalan olmasın çayla içməyə azı 20 cür şirniyyat təklif olunurdu. 8 cür meyvə, 6 cür su və s. Yavaş-yavaş ölümü qınayırdım. Hardan gəldi bu ölüm. Mən ölüb canımı qurtarıram, amma başqalarının canını salıram zülmə.

Bir az da bərkgedən qohumlarımdan birinin təklifi isə lap kef idi. O kondisionerli, ayaqyolulu, televizorlu çadırı kirayəyə verənin telefon nömrəsini axtarırıdı. Bu televizorda mənim şəkillərim ardıcıllıqla təqdim olunacaqdı.

Bu gecə hər şey həll olunmalı idi. Artıq ölü yaddan çıxmışdı. Elə özümdə özümü unutmuşdum. Amma arada sevinirdim də. Heç sağlığımda mənə bir belə diqqət ayırmırdılar. İndi yasım üçün gör nələr etmək istəyirlər.

Pıçapıç axşama bitdi. Qərar verildi. Veriləcək ehsanın xərci 10 min manat civarında hesablandı. Ruhum üşüməyə başladı. Axı bu böyük məbləğdi. Bunun ölüyə olan savabı güclü olmalıdı axı. Bəs mən niyə üşüyürəm? Üşütmə iliyimdən gəlirdi. Axı mənim evimdə kondisoner yox idi. İndi mağara bu kondisoner nəyə lazım? İki cür qaralı aş nəyə lazım? Kiminsə qarnından ölüyə nə savab? Demək istəyirdim ki, bu ehsan olmayacaq. Çünki ehsandan sonra minnət, əziyyət olmamalıdır.
Heç yadımdan çıxmır. Qonşuda cavan oğlan rəhmətə getmişdi, 30 yaşında. Ölənin üçü idi. Mağar dolmuşdu. 3 günə ölü yaddan çıxdığından səs-küy də götürmüşdü mağarı. Artıq mollanın dediyini eşidən yox idi. Hər kəs unutmuşdu bu yaşı. Hətta yetim qalan qız balasını da. Molla bir-iki dəfə irad tutsa da məclisdəkilərin söhbətinin səsi zəifləmirdi. Kimisi dünən necə vurmağından, kimisi təzə tanış olduğu qızı necə "tutduğundan", kimisi də ümumi, siyasi məsələlərdən danışırdı. Heç fatihəyə də əl çəkən yox idi.

Ehsan gəldi. Səs yenə var idi. Bu dəfə qaşıq səsləri. Götürmüşdü mağarı başına. Yeyildi ehsan. Bir dənə düyü də qalmadı. Ehsan bitəndən az sonra yavaş-yavaş mağar boşaldı. Axırda qaldı ölənin qardaşı və mən. Birdən qardaş ürəkdən ağlamağa başladı. Qucaqlayıb təskinlik vermək istədim. Məni itələdi: "Qoy qardaşımı ağlayım. 3 gündü ağlaya bilmirəm". Bu onun qardaşının ölümünə gecikmiş göz yaşları idi. Onu gecikdirən ehsan idi. O kasıb qardaşın çiynində oturmuş və onu sıxan, boğan ehsan xərcləri idi. Bir belə xərc bu əziyyətlə puç oldu.

Mən də bir belə xərcin çəkilməyini istəmirəm. Amma səsimi heç kim eşitmirdi. Demək istəyirdim ki, ehsan tək yeməklə ölçülmür. Əslində ehsanların ən sadəsi və bəsiti yeməkdir. Kiməsə zərrə qədər xeyir verən bir kəlmə xoş söz süfrəyə düzülən təamlardan daha üstündür.

İnsanlara mənəvi ehsan paylayın. Mənəviyyatın doydurun insanların. Əgər mənəviyyatlarını ac qoymaq istəsələr, qarınların fikirləşsələr israfçılıq etməyin. Bir-birinizin bəhsinə doldurmayın hüzr süfrələrinizi.
Heç kim eşitmir bu ruhun səsini. Heç ruhum cismimlə bir yerdə olsaydı da eşitməzdilər məni. Gülərdilər mənə. Deyərdilər nə mənəviyyat, mənəviyyat salmısan? Acqarına mənəviyyat olar?
Heç kim eşitmir bu ruhun səsini. Gedim. Uçum gedim o dünyanın giriş qapısına. Müsəlmanların tıxac yaratdığı o qapıya.
 


YAZARIN ARXİVİ

2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK