ANA SƏHİFƏ / YAZARLAR

BÖYÜKLÜK GÖRÜNTÜSÜ…

Əbülfət MƏDƏTOĞLU

15708    |   2017-08-25 16:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Maddiyyat onun üz örtüyünü açır

Dünyanın «quyruğu» uzundu deyirlər. Amma buna baxmayaraq, bu «quyruq»dan yapışmaq hər adama nəsib olmur. Əksinə, dünya bəzən hər adama «quyruq» göstərir. Özü də elə yerdə, elə məqamda ki, Allah bəndəsi heç nəfəs dərə bilmir, sadəcə susub qalır. İndi mən də «quyruğu» uzun olan dunyanın bir nöqtəsində susub qalmışam. Susmağımın səbəbi kimlər üçünsə adi görünə bilər, hətta gülüş də gələ bilər. Amma neyləyim ki, hər kəsin çəkdiyi özünün gücü yetən qədər olsaydı… Təəssüf ki, bu belə deyil. Diqqətli oxucu xatırlaya bilər: Çingiz Aytmatovun «Gün var əsrə bərabər» və Yusif Səmədoğlunun «Qətl günü» əsərlərinin demək olar ki, hər ikisində oxşar nöqtə var. Bunu mən öz oxucu mülahizəmə əsasən deyirəm. O nöqtə də belədir:

- DƏRD GƏLƏNDƏ BATMANLA GƏLİR!..

Doğrudan da belədi. Dərd bir yaxanı tanımasın. Tanıdısa, şirəsini sovurub cecəyini çıxarmayana qədər əl çəkməyəcək. O nöqtədə əl çəkəcək ki, həmin nöqtəyə bəzən şairanə bir şəkildə SON deyirik. SON isə özü-özlüyündə hər şeyi deməklə növbəti başlanğıcı da gündəmə gətirir. Amma necə, nə cür, bunu izah eləməkdə mən acizlik çəkirəm. Çünki başlanğıclar hamısı Tanrının qələmiylə yazılıb. Elə qələm demişkən, bu günlərin söhbətidi. Bir dəyər verdiyim, sözünə, özünə, şəxsiyyətinə böyük sevgi bəslədiyim söz adamlarından biri gözləmədiyim halda belə bir fikir səsləndirdi ki, yumuşaq desək, ayağımın altından yer, başımın üstündən göy qaçdı. Və heyrət içində düşündüm ki, bu qədər maraqlı, həm də adamın ruhunu oxşayan yazıların müəllifi nədən maddiyatı mənəviyyatın üstündə görür… Nədən gödəniyyəti mədəniyyəti tapdalayıb keçir. İnanın ki, indinin özündə də sadə dildə desək, qəpik-quruşu çox şeylərdən üstün görən, gərəkli sayan bu qələm adamı mənim üçün həmin gündən öz mövcudluğunu itirdi. Daha doğrusu, özü öz «sim-sim»ini açıb qoydu ortaya. Məndə anladım ki, müdriklər çox gözəl deyib «hər parıldayan qızıl deyilmiş!». Elə bu yazını da mənə yazdıran əslində mədə ilə mədəniyyət arasındakı mübarizədə itirdiklərimin həyatımda buraxdığı izlərdi. Hərdən o izlərin tozunu silmək gəlib keçir ağlımdan, amma əlim gəlmir, qolum qalxmır. Düşünürəm ki, bu gücsüzlüyün özü də bir yazıdı, bir qismətdi. Doğrudur, itirdikcə yaralar artır, amma o yaralar həm də dərs verir. Təəssüf ki, mən orta məktəbdə nümunəvi olsam da, həyat məktəbində heç nə öyrənə bilmədim. Bəlkə də bunun bir günahı da mənə həyatı öyrətməyənlərindi. Məktəb kitabında yazılanları canıma hopduranların günahıdı. Sən demə, hansısa riyazi termini, düsturu və yaxud da kimyadan, fizikadan bir laboratoriya işini öyrənmək heç nə deyilmiş. Bunu əzbərləmək də mümkündü. Amma həyatda insan tanımaq, insanlara dəyər vermək, mənəvi biliklərin əlifbasını öyrənmək… bu isə tamam fərqli bir elmdi. Çox təəssüf ki, bu elm zəif tədris olunur, bəlkə də heç olmur. Nə isə…

Hə, mən adamların iç dünyasını öyrənib axtardığım işığa tuş gəlməyəndə həmin o batmanla gələn dərdin ağırlığı altına düşürəm. Onda yaşadığım sarsıntı uzun müddət məni tərk etmir. Yaxşı ki, duyanım, dəyər verənim, oxucum və bir də Sən varsan. Onda üzümü sizlərə tuturam. Yaşadıqlarımı misralayıb sizə oxuyuram. Düzdü, bununla mən özümü bölüşsəm də, sözümü bölüşsəm də sizə də müəyyən ağırlıq yüklədiyimi anlayıram. Amma neyləyim ki, adamın ya gedən yeri olmalıdı, ya da gözləyəni. Mənim gedən yerim yoxdu. Daha doğrusu, gedəcəyim yer düşmən əlindədi, gözləyənim isə sizlər və Sənsən. Ona görə də siz də mənə dözməlisiz, elə Sən də!

Əzab nədir? – həyatın

Acısını yaşamaq…

Kədər nədir? – özünü

Öz çiynində daşımaq…

Sevinc nədir? – ürəyi

Baxışlardan oxumaq…

Sevgi nədir? – yenidən

Öz bətnində doğulmaq…

Vüsal nədir? – özünü

Bənövşə tək qoxumaq…

Həsrət nədir? – sevginin

Göz yaşında doğulmaq…

Ömür nədir? – özünü

Eşq oduna tuş etmək…

Zəhəri də bal kimi -

Bilə-bilə nuş etmək!..

***

Yazımın bir məqamında toxunduğum mətləbi uzun müddət unutmadığımı söylədim. Və hətta unuda bilmədiyim həmin məqama indi sizə oxuyacağım misraları həsr etdim. Bilmirəm, ona çatacaq, yoxsa yox, amma şıltaq uşaqların ərköyüncəsinə dediyi fikrə bənzər bir nüansla mən də deyirəm ki, çatsa da, çatmasa da yazmışam. Yəni yazmışam ki:

Vaxt-vədəsi dən kimi

Qəfil gələn çən kimi…

Aldadırsan sən kimi -

Küsdüyüm adam?!

Özün yazıb bəlamı

Topa tutdum qalamı…

Yarı yolda salamı -

Kəsdiyim adam!..

Torpaq kimin üstündə

Kim torpağın üstündə…

Yarpaq kimi üstündə -

Əsdiyim adam?..

Bax, elə mənim bu özüməməxsus fəlsəfəm nə qədər orijinaldı, deyə bilmərəm. Amma tam əminəm ki, torpağın hər üzü üst qat sayıla bilər - ölən üçün də, diri üçün də. Çünki yeganə hər şeyi udmaq qabiliyyəti torpağa məxsusdu, birmənalı şəkildə hər şeyi!!! Hətta «udan»ları da torpaq udur! Bu həqiqəti isə hamı bilir, mən sadəcə təkrar edirəm. Axı indi həyatımız o qədər boz-bulanıqdı ki, rəngi bilinmir, nimdaş köynək kimi gəzdiririk əynimizdə. Gəzdirməyə də məhkumuq. Sabaha iynə ucu boyda ümidimiz bizi buna məcbur edir. Düşünürük ki, mütləq sabah yaxşı gələcək, sabah nə isə yaxşı bir şey olacaq. Elə bu yerdə bir uşaqlıq xatirəsi…

Deməli, kənd uşaqlarının yadında olar: nənəmiz, anamız, qonşu xalalar, bibilər təndirə çörək yapanda Allaha yalvarırdıq ki, çörək küt getsin, ya da kündənin arxası yansın. Onu da bizə verib desinlər ki, bax, bu yanmış yeri yesəniz mütləq pul tapacaqsınız. Biz də uşaq ağlımızla həmin o yanıq çörəyi bəh-bəhlə yeyirdik və bütün günü də gözümüz yerdə olurdu, pul axtarırdıq – qəpik! Amma tapmırdıq. Lakin bir az böyüyüb ağlım kəsəndə anladım ki, biz həmin vaxt axtardığım qəpiyi tapırmışıq, özümüzdən xəbərsiz. Sən demə, o yanıq çörəyi yeməklə ailə büdcəmizə dəyən ziyanı ortadan götürürmüşük. Həmin gün bir çörəyin pulu qayıdırmış evin büdcəsinə. Daha onu itə-pişiyə atmırmışlar. Bu da nənələrimizin kəşfiymiş. Çörəyin qədrini bilən nələrimizin təknənin, ocağın bərəkətini qorumağı imiş…Hə…

İndi bu xatirənin ovqatı içində bir anlıq susub durmaq istəyirəm. Çünki o uşaqlıq, o kənd gəlib keçir gözümün önündən. Və mən anlayıram ki, itirdiklərim nə boyda, qazandıqlarım isə… Elə ona görə də nə vaxtsa yazdığım misralara üz tuturam.

Sevincin ağlayıb

Kədərin güldüyün…

Göz yaşının pardaqlayıb

Təbəssümün öldüyün -

Təsəvvür edirsənmi

hıçqıra-hıçqıra?!

Şamın qəfil sönməsin

Günəşin tutulmasın…

Dumanın geri dönməsin

Ümidin unudulmasın

Təsəvvür edirsənmi

Qışqıra-qışqıra?!

Sevinc- kədər

Göz yaşı-təbəssüm…

Şam-günəş

Duman-ümid

Bütün bunlar

Bir tale, bir qədər

Sıxılıb

Qaralmış bulud -

Təsəvvür edirsənmi

Aha çevriləcək -

Qan kimi fışqıra-fışqıra…

***

İllər öncəsi ağlımda bir fikir varvə mən o fikri arzuya çevirmişdim. Düzdü, illər öncəsi yaşım bu yaş deyildi. Heç ağlım da bu ağıl. Bir az dünya da başqaydı… bir az dizimin, qolumun təpəri də. Üstəlik, bir az da doğulduğum mühit, təmsilçisi olduğum cəmiyyət fərqli idi. Bir qırmızı pasportumla dünyanın az qala yarı hissəsini gəzirdim və düşünürdüm ki, gedib gəzib gördüyüm bu 15 respublikanın istənilən guşəsində yaşayıb ev sahibi ola bilərəm. Amma zaman dəyişdi, yaş da öz sözünü dedi, elə baş da. Və anladım ki, mənim bu torpaqdan, bu məmləkətdən və ətrafımdakı bu adamlardan (onların yaxşı-pis olmasından asılı olmayaraq – Ə.M.) uzaqlarda heç nəyim yoxdu, heç kimim yoxdu. Və orada yaşamaq da mənilik deyil. Çünki bağlandığım şah damar məni burdan uzaqda sadəcə bir sıra nəfəri edir, başqa heç nə. Amma burda mən ən azından aid olduğum ailənin bir sütunuyam. Aid olduğum məhəllənin bir ağacıyam… aid olduğum kəndin bir daşıyam. Və rəhmətlik Məmməd Araz demişkən, hardasa bu ölkənin vətəndaşıyam!

Bax, gəldiyim bu qənaət həmin o bir zamanlar içimdə olan istəyi, arzunu elə içimdə də dəfn etdi. İndi heç onun başdaşı da bilinmir. Üstəlik, o da bilinmir ki, bu ölümün sifraşçisi, cəlladı kim oldu – həyatmı, yoxsa mənim öz-özümü anlamağım. Suala bənzər bu fikirlər özü həm də özünün cavabıdı. Axı bütün cavabların ən azı tən yarısı sualın özünün içərisindədi. Öna görə də bir az ayıq, diqqətli olan insan ona ünvanlanan sualın özündən başlayır cavabı. Burda da bir xatirə iz salır yaddaşımın pəncərəsinə. Belə ki…

Universitetdə oxuduğumuz illər idi. Adını çəkmək istəmədiyim bir tələbə dostumuz (indi o vəzifə sahibi olduğundan adını çəkmirəm – Ə.M.) müəllim ona verdiyi sualın özünün ətrafında ən azı 3-4 dəqiqə danışırdı. Sualı söz-söz parçalayıb müəllimi az qala çaşdırırdı. Hətta rəhmətlik Aydın müəllim bir dəfə ona dedi ki, sən sualın özünü elə şərh edirsən ki, daha cavabı gözləməyə hövsələm çatmır. Ona görə də sualın cavabından başla danışmağa. O da heç buna əməl etmədi. Nə isə…

Bəli, indi mən də görürəm ki, ünvanladığım sualın cavabına qədər danışdıqlarım, yazdıqlarım hardasa sizləri yora bilər və yaxud da artıq yorub. Ona görə də elə həmin sualların ovqatından doğan misraları sizə ünvanlayıram. Lakin bu misralarda birbaşa sual yox, birbaşa cavab var. Təbii ki, həyat sualına cavab verməyi bacaranlar üçün. Yəni…

Kipriyinin çətiri

Yağış saxlamır daha….

Göz yaşının ətiri -

Baxış saxlamır daha…

Sıxıb gözün qorasın

Külək pozub sırasın -

Qan da boğub,

Yarasın -

Naxış saxlamır daha…

Qırıb sarı simi də

Sevmir, bir gör kimi də?!

Öldürdüyü ümidə -

Bax, iş saxlamır daha!..

Yazıya nöqtə qoymaq məqamı bəlkə də burda çatıb. Çünki «qorabişirənin» havası öz işini görür… Yəni mürgü gətirir. Mən də bu yazını oxuyanda sizlərin də mürgüləməyini istəmirəm. Əksinə, içimdən keçən odur ki, sizinlə bölüşdüklərimə siz də hansısa bir formada qoşulasınız… siz də mənim sizə etdiyim ərklə öz içinizdəki Sənə üz tutasınız. Axı, mən bütün müraciətlərimi Sənə edirəm, cavab verməsən də…




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK