ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: SİNƏMDƏ O YERİN DAĞ HAVASIDI…

(Naxçıvan yaddaşımdan)

24522    |   2017-06-10 09:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər may və sentyabr aylarında Naxçıvan daha gözəl olur. Mən ilin bütün fəsillərində Naxçıvanda olmuşam və bu diyar elə bütün aylarda gözəldi. Amma təbii ki, insanlar üçün yazın və payızın ayrı özəlliyi var.

Axırıncı dəfə bu il mayın 4-də getmişdim Naxçıvana. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çox haqlı olaraq Azərbaycan Kubokunun final oyununu Naxçıvan şəhərinə salmışdı. Buna görə onu qınayanlar da vardı, ağız büzənlər də: Naxçıvan nə bilim uzaqdı, filandı, gedib-gəlmək çətindi və sair və ilaxır. Amma mən onda da bu məsələlərlə bağlı bir yazı yazmışdım və «Qarabağ»la «Qəbələ»nin oyununu Naxçıvan şəhərinə saldığına görə təşəkkür etmişdim.

Necə olur ki, Londondan İstanbula azarkeşlər futbola baxmağa gəlir və yaxud Moskvadan İspaniyaya gedirlər. Amma biz burdan-bura öz evimizin içində deyirik Naxçıvan uzaqdı. Hər gün neçə təyyarə reysi işləyir. Maşınla da təxminən 6-7 saatlıq yoldu. Elə Qazaxa da 6-7 saata gedirik də.

Niyə sevinmişdim ki, final oyunu Naxçıvana düşüb? Bu bir bayramıydı, istədim bu bayramı naxçıvanlılar da yaşasın. Naxçıvanda həmişə futbol olub. Əhməd Ələsgərovun «Araz» komandasını yadınıza salın. Bir əyalət komandası SSRİ çempionatında oynayırdı.

İndi Azərbaycan çempionatı Bakı çempionatına çevrilib. 8 klubun 6-sı Bakıdadı, «Qəbələ» ilə «Kəpəz»dən savayı. Deyəcəksiz, bəs «Sumqayıt»? Sumqayıt da Bakıdı da.

Ötən il «Araz -Naxçıvan» yüksək liqaya çıxdı, hamımız sevindik ki, Naxçıvan yenidən Azərbaycan futbolunda təmsil olunur. Ya zəlzələdən, ya vəlvələdən incitdilərmi, ya xətirlərinəmi dəydi komanda çempionatdan çıxdı. Bu təkcə məni yox, Azərbaycanda bütün futbolsevərləri üzdü.

Deməli, mayın 4-də Naxçıvan şəhər stadionundaydım, həm «Qəbələ»nin, həm də «Qarabağ»ın məşqlərini izlədim. Meydançaya da endim, hər iki komandanın futbolçularıyla görüşdüm, hər iki komandaya uğurlar dilədim. Təbii ki, «Qarabağ»ı tuturam, amma dediyim əsas odur ki, futbol qalib gəlsin. Elə futbol da qalib gəldi.

Çox gözəl, bütün dünya standartlarına uyğun bir stadionu var Naxçıvanın, 13 min tamaşaçı tutur. Və həmin gün stadionda bəlkə 15 mindən çox adam vardı, belə demək mümkünsə, iynə atsaydın yerə düşməzdi. Bu Naxçıvan camaatının futbola sevgisinin göstəricisidi. Televiziyada izlədiniz və gördünüz. CBC kanalı da sağ olsun, çox gözəl yayım yapdı, mən də bu kanal vasitəsilə həm Naxçıvan haqqında, həm də futbol haqqında ürəyimi boşaltdım.

Və bu gün üzülürəm. Niyə Naxçıvanın o gözəl stadionu boş qalmalıdı? Niyə Naxçıvan camaatı Azərbaycan klublarını öz stadionlarında canlı izləməməlidi? Niyə Naxçıvan futbolu həm Azərbaycanda, həm də Avropada öz sözünü deməməlidi? Axı, Naxçıvanda futbol var.

Hörmətli AFFA-nın rəhbərləri, bir oturun, danışın, qurun-qoşun, birləşin və «Araz» komandasını yenidən Azərbaycan çempionatına gətirin.

Yuxarıda qeyd etdim ki, Naxçıvanda futbol var. Bəli, bu gün Naxçıvanda daxili çempionat keçirilir. Əvvəllər 8 klub olub, amma bu həftəki səfərimdə öyrəndim ki, klubların sayı 10-a çatdırılıb. Elə Azərbaycan çempionatı kimi Naxçıvan da öz çempionatını keçirir, hələ iki klub da Azərbaycan çempionatından artıqdı. Deməli, Naxçıvanda futbol var və futbolu sevirlər. Hələ onu da qeyd edim ki, Naxçıvandakı daxili çempionatdan başqa təşkilatlar da öz aralarında bir çempionat keçirirlər.

Nə isə, futbolla bağlı bir az ürəyimi boşaltdım.

Bu günlərdə yenə Naxçıvana üz tutmuşdum. KİVDF-nin təşkilatçılığı və Vüqar Səfərlinin rəhbərliyi ilə baş redaktorlardan ibarət nümayəndə heyətinin tərkibində getmişdim Naxçıvana.

Ötən ilin oktyabrın sonunda KİVDF-nin təşkilatçılığı ilə jurnalistlərin Naxçıvana bir səfəri təşkil edilmişdi. Səfərdə məqsəd Naxçıvan mətbuatı ilə mərkəzi mətbuatın əlaqələrini möhkəmləndirmək idi. Çox vacib tədbirlər, görüşlər keçirildi və bu da çox müsbət nəticələr verdi.

Bu dəfəki səfərdə məqsəd isə Naxçıvanda turizm potensialını öyrənmək, onun tanıtımını - reklamdan daha çox tanıtımını - həyata keçirməkdi. Yəqin ki, reklamla tanıtımın ayrı-ayrı bir məsələ olduğunu ağıllı oxucu bilir. Çünki tanıtım daha vacibdi və daha geniş əhatəlidi.

Naxçıvanın çox güclü turizm potensialı var. Amma çox təəssüf ki, bizlər bunu lazımi səviyyədə işıqlandırmırıq. Səbəblərini yazmaq istəmirəm, qələm dostlarımın xətrinə dəyə bilər. Amma «Ədalət» qəzeti olaraq Naxçıvana daimi yer ayırırıq. Şəxsən özüm Naxçıvandan silsilə məqalələr yazmışam. İnsanlarından, abidələrindən tutmuş daşından, çiçəyinə qədər. Çalışmışam Peyğəmbər ayağı dəyən bu torpağı və bu torpaqda blokada şəraitində yaşayıb-yaradan insanları «Ədalət»in oxucularına təqdim edəm.

Elə son zamanlarda qəzetimizin birinci müavini, şair Əbülfət Mədətoğlu Naxçıvana səfər elədi və bu müqəddəs diyar haqqında yeddi məqalə yazdı. Və sonra mən Naxçıvana gedəndə hamı mənə Əbülfətin yazılarından danışırdı. Xahiş edirdilər ki, camaatın Əbülfətə minnətdarlığını çatdırım.

20 baş redaktor Naxçıvanı qarış-qarış gəzdik. İçimizdə elə qələm dostlarımız vardı ki, ilk dəfəydi gəlirdi və gözlərinə inana bilmirdilər. Nəyə inana bilmirdilər? Blokadada olan bir respublikanın belə bir inkişafına. Xüsusilə də yollar hamını heyran eləmişdi. Ən ucqar dağ kəndinə belə Avropa standartlarına uyğun yollar çəkilib. Özü də təkcə kəndin özünə yox, kənd içi yollar da bax, belə yüksək səviyyədədi. Və onu da qeyd edim ki, Naxçıvanın kəndləri artıq qəsəbələrə çevrilməkdədi.

Naxçıvan turizmi. Turistin birinci istəyi getdiyi yerlərdə tarixi abidələrlə tanış olmaq, bu abidələri öz gözləri ilə görmək, bu abidələrin ruhunu duymaqdı. Və Naxçıvanda o qədər tarixi abidələr var ki, bir turist səfəri ilə hamısını gəzib-dolaşmaq mümkün deyil.

Əmir Teymurun nə özünün, nə də əsgərlərinin çıxa bilmədiyi, fəth edə bilmədiyi o möhtəşəm Əlincə qalasında olmamısansa Azərbaycan tarixindən necə ağız dolusu danışa bilərsən? Bu qalanın hər daşı bir tarixdi. Bu qalanın hər daşında Naxçıvan camaatının qanı var, ruhu yaşayır. Və Əmir Teymurun əsgərləri nə o qanı tapdaya bilib, nə o ruhu əzə bilib.

Mən ayrı-ayrı tarixi abidələr haqqında, turizm məkanları haqqında, Naxçıvanda olan və dünyada tayı olmayan müalicə sanatoriyaları haqqında danışmaq istəmirəm. Çalışacam hər həftə yuxarıda saydıqlarımla bağlı ayrı-ayrı tanıtım yazılarını qəzetdə dərc edək. Və daha geniş və daha ətraflı.

Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Azərbaycanın çox gözəl turizm məkanları var. Mövsüm vaxtında da həmin məkandakı otellərdə yer tapmaq mümkün deyil. Xarici turistləri qoydum bir kənara, niyə biz özümüz Naxçıvana turizm səfərləri təşkil etmirik və yaxud niyə özümüz istirahət etmək üçün Naxçıvana üz tutmuruq? Yenə deyəcəksiz uzaqdı?! Ya Naxçıvana getdin, ya Zaqatalaya, nə fərqi? Şahbuz, Batabat, Ordubad zaqatalalıların xətrinə dəyməsin, Zaqataladan gözəldi. Havası da on qat artıq təmizdi. Bir damcı rütubəti yoxdu, quru havadı. Nəfəs aldıqca elə bil gəncləşirsən, gümrahlaşırsan. Vərəmli xəstə Naxçıvana getsə, sanatoriyaya yox ey, elə belə bir dostu, tanışıgilə, davasız-dərmansız sağalar. Eləcə də astma xəstəsi. Təyyarə bileti də gediş-gəliş 100 manat eləyir. Burdan Zaqatalaya öz maşınınla gedib-gəlsən təkcə benzinə 100 manatdan çox pul verəcəksən. Və həm də yüksək səviyyəli otellər var, qiymətlər də regionlardakı otellərdən aşağıdı. Həm də blokadada olmasına baxmayaraq, ucuzluqdu. Keçən səfərimdə Naxçıvandakı qohumlarla – şair Elxan Yurdoğlu və Akademiyanın əməkdaşı Namiq Abbasov və bir də Naxçıvan Dövlət Universitetində oxuyan bir bibim nəvəsiylə şəhərin ən təmtəraqlı restoranlarının birində şam elədik. Çox gözəl də bir süfrə açmışdıq. Naxçıvan istehsalı olan baldırğan, kəkotu arağı ilə birlikdə. 37-38 manat pul elədi. Amma bu yaxınlarda ölkəmizin, adını çəkmək istəmədiyim, Bakıya yaxın istirahət məkanlarının birinin restoranında 4 nəfər və 4 nəfər də 3-6 yaşlarında uşaq alkoqolsuz bir yemək yedik. Qiymət bilirsiniz neçə oldu? 138 manat. Fərq görün nə qədərdi?

Götürün ailələrinizi, gedin Naxçıvana. Çox gözəl istirahət məkanları var, Naxçıvanın xüsusi, özəl mətbəxi var. Gülərüzlü insanlar, yüksək mədəniyyət görəcəksiniz. Taksi sürücüsündən, avtobus sürücüsündən tutmuş qarsonuna qədər.

Gərək ki ötən il idi. Naxçıvan Ali Məclisinin sədri hörmətli Vasif Talıbov kənd turizmi ilə bağlı bir məsələ qaldırmışdı. Özü də təkcə Naxçıvan üçün yox, elə bütün Azərbaycan üçün vacib bir məsələ idi. Bu Avropada çox geniş yayılıb, Azərbaycanda niyə olmasın?!

Bilməyənlər üçün kənd turizmi haqqında açıqlama verim. Avropada ailələrini götürüb gedirlər ucqar bir kəndə, bir ailəyə qonaq və kənd həyatı yaşayırlar. Kəndliylə bərabər ot da biçirlər, meyvə də dərirlər, nə bilim inək də sağırlar, qoyun da otarırlar, kəndlinin bişirdiyini yeyirlər, özləri də onunla birlikdə yemək bişirirlər. Bir az səs-küylü şəhərdən qopub bizim bəyənmədiyimiz kənddə təbiətə qovuşurlar və təbii ki, buna görə də qonaq getdikləri kəndliyə müəyyən miqdarda da pul ödəyirlər. Və həm də təbii insanlar görürlər.

Hörmətli Vasif müəllim də bu məsələni qaldırmışdı. Amma bizlər ona lazımi dəstək verdikmi? Təəssüf ki, yox. Amma gec deyil.

Hörmətli oxucu, bəlkə bir sən ailəni götürüb gedəsən Lerikin, ya Yardımlının, dəxli yoxdu, ya olsun Qazaxın ucqar bir kəndinə qonaq? «Allah qonağıyam» deyib tanımadığın bir qapını döyəsən? İnandırıram səni, o qapını üzünə taybatay açacaqlar. Mən hərdən özüm ailəmi də götürüb belə səfərlər edirəm. Çox qala bilməsəm də, bir-iki gün qalıram. Təbii ki, pul ödəmirəm. Heç nəyimiz olmasa da, qonaqpərvərliyimiz var.

Ötən il Tovuzun Əslik dərəsini gəzirdim, doğrudan cənnətdi, neçə adam hətta zorla bizi evinə dəvət edirdi. Eləcə də Şamaxıda, İsmayıllıda, Qəbələdə, Oğuzda, Zaqatalada da elə Tovuzda olduğu kimi bu halları yaşamışam.


Şair Məmməd Araz necə deyir:

İldə bir yol ot biçməyə gəlin, oğul,

İldə bir yol zəmi biçin.

İldə bir yol küləş yığın.

Canınıza hava yığın, günəş yığın!

İldə bir yol yer belləyin.

İldə bir yol biz olun.

Səhər mehində yuyunub təmiz olun.

İldə bir yol belə getsən vər başına,

Sağ ol deynən bu kərənti qardaşına.


Siz də ildə bir yol üz tutun kəndlərə. Gedin, bu şəhərin çirkabı üstünüzdən təmizlənsin. Bax, budur kənd turizminin mayası.

Əziz dostum, heç Batabatda olmusanmı?! Həm yaşamalı yerdi, həm də belə desək, ölüb-qalmalı.

İldə bir yol bir Naxçıvana da üz tutun. Böyük şəxsiyyətlər yetişdirmiş bu diyarı bir ziyarət edin, həm də Zor bulağın suyundan için, dadı damağınızdan bir il getməsin.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-08-20
2017-08-19


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK