ANA SƏHİFƏ / YAZARLAR

“Kinomuzun gedəcəyi çox uzun bir yol var”

26758    |   2017-05-19 19:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Sara” filmindəki baş rolun ifaçısı Duyğu Dəvəlinin fikrincə, bəzi gənclər məşhur rejissorları yamsılayır

"Azərbaycanda serial bumu yaşandığı dövrdə bir neçə təklif alsam da imtina etmişdim, çünki serial oyunçusu olaraq tanınmaq kimi bir istəyim yox idi. Bədii filmlərə çəkilməyi daha çox düşünürdüm. Buna baxmayaraq tanınmış türk aktyoru və rejissoru Osman Albayrakın çəkdiyi seriallardan birində rol almağa razılıq verdim. Ardından bir neçə qısametrajlı filmə dəvət aldım. Onların arasında gün üzünə çıxanı da oldu, müxtəlif səbəblərdən ekranlara həsrət qalanı da. Böyük kinoda debütüm isə iki il öncə reallaşdı, Xalq artisti Rafiq Əliyevlə Cavid Təvəkkülün "Azərbaycanfilm” kinostudiyasında müştərək ərsəyə gətirdikləri "Dərs” bədii filmində məktəbli Asifin anası roluna çəkildim. "Dərs”in taleyi uğurlu oldu, müxtəlif beynəlxalq festivallarda mükafat qazandı, bu gün də xarici ölkələrdə nümayiş etdirilir. "Sara” filmindəki Sara obrazını isə kinoda ilk böyük işim sayıram”.

Həmsöhbətim "Yeni Ulduz-1” mahnı yarışmasından tanınan Duyğu Dəvəlidi. Yazının girişindən bəlli olduğu kimi, Duyğu xanım son illər kinorejissorların diqqətini çəkə bilib, bir neçə filmə dəvət alıb. Hətta bu yaxınlarda tamaşaçılara təqdim olunan "Sara” filmində baş rola çəkilib. Bu müsahibədə Duyğu Dəvəli kino ilə bağlı düşüncələrini bölüşür, gələcək yaradıcılıq planlarından danışır.

- Duyğu xanım, söhbətə kinodakı ilk böyük işinizdən-"Sara” filmindəki Sara obrazından başlayaq. Quruluşçu rejissor Elvin Əhmədov qəzetimizə verdiyi müsahibədə bildirmişdi ki, film üzərində düşünəndə Sara rolunda ancaq sizi görürmüş. Gənc rejissorun debüt işində sizə güvənməsi yəqin səbəbsiz deyilmiş...

- Elvin bəyi "Dolu” filmindəki Pələng rolunda görüb bəyənmişdim, necə deyərlər, qiyabi tanıyırdım. Sonra dəyərli dostum, istedadlı aktyor Cavanşir Hadıyev bizi tanış elədi. Elvin "Sara” filminin sinopsisini mənə göndərdi və baş rola çəkilməyimi təklif etdi. Onun düşüncələri və ssenari xoşuma gəldiyindən razılıq verdim. Ssenarinin yazılması mərhələsində və filmin hazırlıq dövründə quruluşçu rejissorla Sara obrazı barədə müzakirələrimiz, söhbətlərimiz olurdu. Deyirdim ki, ədəbi materialdakının yarısını ekrana yansıda bilsək, baxımlı film alına bilər. "Sara”da çəkilməyə belə rahat razılıq verməyimin daha iki səbəbi var idi.

- Hansı səbəblər idi, bilmək olarmı?

- Birincisi, gördüm ki, quruluşçu rejissor həqiqətən də Sara roluna məni çəkmək istəyir, ona görə də nə kastinqə, nə də sınaq çəkilişlərinə başqa aktrisa dəvət olunub. İkinci səbəb isə Rasim Balayev, Qurban İsmayılov və Fuad Osmanov kimi sənətkarların bu filmdə rol almaları idi. Düşündüm ki, ilk böyük roluma belə peşəkar aktyorların arasında çəkilməyim mənə uğur gətirə bilər, eyni zamanda, böyük təcrübə toplayaram. Xüsusi ilə Rasim Balayevlə eyni filmdə rol almaq, ekran işində onunla tərəf-müqabili olmaq uşaqlıq arzularımdan biri idi. "Sara”da taleyin yaratdığı bu şansdan yararlandım.

- Uşaqlıq arzusuna çatmaq, Rasim Balayev kimi böyük sənətkarla eyni filmdə rol almaq təbii ki, xoş bir hissdir. Amma bu işin bir məsuliyyət tərəfi də var...

- Üzərimə götürdüyüm işin məsuliyyətini yaxşı dərk edirdim. İnanın ki, çəkiliş gününü necə həyəcanla gözləyirdim. Filmdə Rasim müəllim Saranın qaynatasını oynayırdı, onunla tərəf-müqabili olduğumuz epizodları bir neçə günə çəkdik. Birgə çəkildiyim ilk gündə maraqlı an yaşandı, rejissor birinci fasiləni elan edən kimi Rasim müəllimin də qəribə bir həyəcan keçirdiyini duydum. Yaxınlaşıb səbəbini soruşanda dedi ki, çoxdan idi film setində yox idim, belə bir ortam üçün yaman darıxmışdım. Böyük aktyorun bu sözləri təkcə mənə yox, bütün yaradıcı qrupa sanki bir qol-qanad verdi, hamımızı ruhlandırdı.

Çəkiliş meydançasından kənarda Rasim müəllim bizə öz məsləhətlərini verir, zəngin təcrübəsini bölüşürdü. Həmin günlərdə mən sanki bir master-klass keçdim. Rasim müəllimlə birgə epizodların çəkildiyi sonuncu gün də yadımdadı, həmin gün biz demək olar ki, 24 saat çalışmışdıq. Bütün sutkanı ayaq üstə olmağıma baxmayaraq qətiyyən yorğunluq hiss etmirdim. Rasim müəllimdən böyük bir müsbət enerji almışdım, məndə ikinci nəfəs açılmışdı sanki. "Sara” filmindəki işimi iki mərhələyə bölərdim- Rasim Balayevə qədər olan mərhələ, bir də Rasim müəllimdən sonrakı mərhələ.

Belə bir imkan yaratdığı üçün dostum Elvin Əhmədova təşəkkür edirəm. Bildiyiniz kimi, "Sara” Elvinin də quruluşçu rejissor kimi ilk işi idi. İnanıram ki, o, bu filmdə qazandığı təcrübədən yararlanacaq və gələcəkdə daha uğurlu filmlərə imza atacaq.

- Bayaq "Sara”dakı işinizi iki mərhələyə böldüyünüzü vurğuladınız. Hansı mərhələni daha uğurlu hesab edirsiz?

- Rasim Balayevdən sonrakı məırhələdə sərgilədiyim oyun daha çox ürəyimə yatdı. Məncə bunu quruluşçu rejissor Elvin Əhmədov, quruluşçu operator Ruslan Ağazadə və setdə olan çəkiliş qrupunun digər üzvləri də hiss etdilər. Etibar bəy, söhbətimiz "Sara”nın üzərində qurulduğundan filmdə narazı qaldığım bir məqamı qeyd etmək istəyirəm.

- Buyurun...

- Mənim oynadığım Sara obrazını aktrisa İlahə Həsənova səsləndirib. Belə hesab edirəm ki, özüm səsləndirsəydim daha təbii alınardı. Mən İlahə xanımın zəhmətini qətiyyən heçə endirmək istəmirəm, yəqin ki, o, da aktrisa kimi mənim nə dediyimi yaxşı anlayır.

- Bəs özünüz niyə səsləndirmədiniz?

- Əslində elə ilk gündən səs çəkiliş meydançasında canlı yazılırdı və səsim bəyənilmişdi. Çəkilişdən sonrakı mərhələdə səsdə bəzi texniki problemlər ortaya çıxdı. Sonradan məni səsləndirməyə dəvət edəndə artıq Almaniyada idim və təcili Bakıya qayıdıb obrazı səsləndirməyim heç cür mümkün deyildi. Amma əvəlldən bu məsələlər nəzərə alınsaydı Saranı özüm səsləndirərdim, yenə deyirəm, bu məncə daha təbii alınardı.

- Filmə tamaşaçı reaksiyası necə, sizi qane etdimi?

- Sözün açığı, mən "Sara”nı kinoteatrlarda izləmədim, lakin bildiyim qədəri ilə baxış sayı o qədər də çox olmayıb. Həmin ərəfədə vizionda bir neçə yeni komediya filmi var idi, görünür bu da "Sara”nın baxış sayına təsir edib. Bizim film viziona çıxanda tanınmış yazıçı, millət vəkili Aqil Abbas yaradıcı heyətə mənəvi dayaq durdu, biz gəncləri ruhlandırdı. Etibar bəy, "Sara”nın qala-gecəsində siz də iştirak etdiniz, sonda dolu zalın bizi necə alqışladığını özünüz də şahidi olduz. Qala-gecəsindəki reaksiya bəzən aldadıcı olur. Rejissor dostlarımızdan bəziləri elə düşünür ki, yeni filmin reklamını qurmadan, bu işə pul xərcləmədən də uğur qazanmaq mümkündü. Amma bu çox səhv yanaşmadır.

- Bu gün Azərbaycanda bir komediya filmləri bumu yaşanır. Gənc aktrisa kimi bu prosesinin sonunu necə təsəvvür edirsiz?

- Nə komediya filmləri çəkənləri, nə də bu janrda olan ekran işlərinə baxan tamaşaçıları qınamaq zənnimcə doğru olmaz. Bu müsahibədə özümü kimdənsə ağıllı göstərmək kimi bir niyyətim yoxdu və məsləhət vermək fikrində də deyiləm. Məsələyə tam kritik yanaşmağı sadəcə doğru saymıram. İstər dünya kinosunda, istərsə də bizə yaxın və doğma Türkiyədə bir vaxtlar oxşar vəziyyət yaşanıb. "Yaşıl cam” dövründən sonra orada bir durğunluq olub, sonra teleserial bumu gəlib, çəkilən filmlərdə daha çox komediyaya ağırlıq verilib. Amma bu proses doyum nöqtəsinə çatanda Şənər Şən kimi ustad "Eşkiya” filmini ortaya qoydu. Onlar özləri bu filmi Türkiyə sinemasının yenidən doğuşu adlandırır.

Əslində, komediya filmi çəkmək heç də asan deyil, lakin görünür bizdə çox vaxt bunu asan iş kimi başa düşürlər. Ola bilsin ki, cəmiyyətdəki bəlli problemlər üzündən insanların bu gün gülüşə daha çox ehtiyacı var. Ona görə tamaşaçını qınamağ düzgün mövqe hesab etmirəm. Oturub gileylənməkdənsə daha keyfiyyətli tarixi, macəra, triller janrında filmlər ortaya qoymaq daha yaxşı olardı. Düşünürəm ki, zamanla bizdə də belə olacaq. Kinomuzun gedəcəyi çox uzun bir yol var. Mənim fikrimcə, əsl sənət cəmiyyətin düşüncəsini öz arxasınca aparmalıdır, kütlənin səviyyəsinə enən musiqini, filmi ciddi sənət saymaq doğru deyil. Bu gün sənət adamlarından təkcə novatorluq yox, həm də intellektual səviyyə tələb olunur. Təəssüf ki, kino aləmindəki bir çox şəxslər, xüsusi ilə gənclər öz üzərlərində çalışmaq, sənətlə bağlı savadlarını artırmaq və dünya kinosundakı yenilikləri öyrənmək əvəzinə məşhur rejissorları görüntüdə yamsılamağı seçirlər. Kitab oxumayan, mütailəsi çox aşağı səviyyədə olan birisi elə iddialı danışır ki...

- Gənc rejissorları çox da tənqid etməyin, sonra filmlərində sizə rol verməzlər...

- Sağlam tənqid məncə hər bir yaradıcı şəxsə lazımdı. Yeni rollarla bağlı isə heç bir narahatçılığım yoxdu, artıq bir neçə filmə dəvət almışam. Görkəmli yazıçı Mir Cəlalın əsəri əsasında ekranlaşdırılan "İki yad adam” filminin Qazaxstanda təqdimatı oldu. "Addım” Təşkilatının və "Caspian Media Group”un birgə layihəsi olan bu filmin Rusiyada, Gürcüstanda və Türkiyədə təqdimatları planlaşdırılır. Rol aldığım digər film hazılıq mərhələsindədi, yayda çəkilişlərə başlayacağıq. Komediya janrında çəkilmiş, çox populyar bir filmimizin ikinci hissəsi ekranlaşdırılır. Bir neçə böyük sənətkarımız bu filmdə rol alacaq, korifey müğənnilərimizdən biri həmin ekran əsərinin mahnılarını səsləndirəcək, həm də baş rollardan birini ifa edəcək. İnanıram ki, bu yeni işimiz yaxşı mənada çox səs-küy yaradacaq.

Etibar CƏBRAYILOĞLU

Fotolar Məhərrəm ƏLİYEVİNDİ







İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK