Mart gəlişiylə sevgi, nəvaziş, oyanış, təravət, mülayimlik, ilıqlıq gətirir - təbiətə də, insanlara da. Təbiətin dirçəlişiylə qan qaynamağa - özüylə ürəyə bu gözəllikləri, sevgini daşımağa başlayır. Bu ayın zərif məxluq olan qadınlara gətirdiyi Qadınlar Günü də, Bahar Bayramı da xalqımızın ən sevdiyi bayramlardandı. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidi. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı həmişə uca tutulub.
Doğrudu, indi 8 Mart bayramını güclü cinsdən sevməyənlər ola bilər ki, bu da anlaşılandı. Amma qadın qəlbini bir xoş kəlmə, bir gül ilə də fəth etmək olar. Yetər ki, dürüstlüklə, ərliklə, sədaqətinizlə, səmimiyyətinizlə onların qəlbini ələ ala biləsiniz! Həmişə zərif və zəif adlandırdığımız qadınlar əslində ən güclü xarakterə malikdirlər. Onların həyatı duyğu, sevgi, eyni zamanda dözüm və fədakarlıqdan yoğrulub. Qadın yalnız sevəndə zəif olur. Sevilən qadın güclü olur. Maddi çətinliklərdə də, psixoloji durumlarda da səbir, dözüm məsələsində də kişilərdən üstün olsalar da, zərifdilər. Və bu zərifliyi qiymətləndirmək əks cinsin borcudur! Amma "qadına gül uzatmaq" kimi bir jest o qadını daha da zərifləşdirir, bircə güllə onun həyatını işıqlandıra, ruhunu təzələyə bilərsiniz! Bir qadına sizin sevginizdən önəmli nə gərək ola bilər ki... Qadınlar onları anlamağı, dinləməyi bacaran, ruhu gözəl, mənəviyyatı təmiz olan kişini maddi cəhətdən zəngin kişidən üstün tuturlar.
Bu günlər kişilər sevdikləri qadın üçün nə alacaqlarını, onları necə sevindirəcəklərini, ürəklərini necə fəth edəcəklərini düşünür, romantiklər isə müxtəlif yollar düşünür, fantaziyalar uydururlar.
Amma imkanı çörək puluna güclə çatan kişilərimiz daha çoxdu. Qadınlar, onlara qarşı duyarlı olun! Bugünkü vəziyyətdə onları qınamamaq, pərt eləməmək, kimlərisə nisbət göstərib sındırmamaq lazımdı. Unutmayın ki, ən gözəl hədiyyə sevdiklərinizin sağ-salamat yanınızda, ailənizin, uşaqlarınızın başında olmasıdı... heç bir hədiyyə, maddiyat insanın - sevdiklərinizin varlığı qədər qiymətli ola bilməz...
Çalışın ilkin məramını dəyişərək sevgi, hədiyyə bayramına çevrilmiş 8 Martda ən gözəl hədiyyəniz xəyanətsiz, məkrsiz, umacaqsız, dözümlü sevgi olsun!..
V.Belinski deyir ki: "Qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır". Doğrudan da uşaqlıqda əziyyətini, qayğını çəkən, gəncliyində həyatın ən mənalı vergisi olan sevgini sənə yaşadan, qocalıqda ən sadiq "qulaq yoldaşı" və təsəlli verənindi qadın. Ona görə də bir gülü əsirgəməyin qadınlardan, kişilər! Həmin gün heç olmasa, bir sevgi etirafı, bir kəlmə xoş söz söyləyin onlara. O zaman baş verəcək möcüzənin şahidi olacaqsız!
Bu bayram münasibətilə bütün qadınlarımızı, o cümlədən bütün qadın müəllimlərimi, cəbhə zonasında yaşayan həmkəndlilərimi təbrik edirəm! Əzizlərim, müharibə, bayram və müharibə zamanı bayramın nə demək olduğunu siz hamıdan yaxşı bilirsiniz və bayramlar keçirməyə ən çox sizin haqqınız çatır. Atılan toplardan pəncərələrinizin şüşələri cingildəyərkən körpələrin gözləri qorxudan böyüdüyündə, uşaqlarınız kənddən bir az uzaqlaşarkən mina təhlükəsindən həyəcanlandığınızda, unudulub bayırda qalan, yaxud hində, tövlədə ac vəhşi heyvanlar tərəfindən tələf edilən, min bir zəhmətlə becərdiyiniz mal-qara, toyuq-cücənin itkisi zamanı keçirdiyiniz hissləri çox yaxşı anlayıram. 8 Mart günü sizin nəsə qeyri-adi hədiyyələr alacağınızı da zənn etmirəm. Sizin hədiyyəniz taleyinizə iri hərflərlə yazılmış dözüm, səbir, mətinlik, sədaqətdir. Bakıdan "görünməyən" cəbhə zonasının qadınları,- evin dolanışığını, gəlirini həyət-bacadan əllərinizin zəhmətiylə çıxararkən qadın olduğunuzu unudaraq dişi aslana dönürsünüz. Özünüzü düşünməyə, sığal-tumara az vaxtınız qalır, yaxud heç qalmır. Azərbaycan qadını bütün dövrlərdə sizin kimi, öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Bineyi-qədimdən Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənib, ana həmişə müqəddəs olub, namus, qeyrət rəmzi sayılıb. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Fədakarlıq, Sevgi, Səbr və Gözəllik nədir deyə soruşarlarsa - Anamdır! - deyərəm. Bir günümdə deyil, hər günümdəsən. Hər gün, hər saniyə mənimləsən. Hər zaman mənə dəstək olan, məni düşünən, məndən sarı narahat qalan Anam! - sən mənim üçün çox önəmlisən. Üzündən nur, canından sağlıq, dilindən dualar əksik olmasın!
Anam başda olmaqla, düşmənlə üz-üzə dayanan sərhəd kəndimizin bütün mətin qadınlarını 8 Mart Qadınlar Günü münasibətilə təbrik edirəm!
8 Mart qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində QADIN olur - zəif, zərif, gözəl qadın... Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər! Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar.