hacklink Adalet.az | "Qızıl qələm"li katib Adalet.az | "Qızıl qələm"li katib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Qızıl qələm"li katib

Tanınmış ictimai-siyasi xadim, mərhum Çingiz Fərəcovu xatırlayarkən...

11625    |   2017-02-17 09:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə aydır ki, Çingiz müəllim aramızda yoxdu. Ailə üzvləri, doğmaları, dostları, uzun illər onunla çiyin-çiyinə çalışmış insanlar bu itki ilə barışmaqda çətinlik çəkirlər. Hələ mən Çingiz Fərəcovun imzası üçün darıxan oxucuları demirəm...

Oxuduqlarımdan

Çingiz Əliş oğlu Fərəcov 1942-ci il iyulun 22-də Füzuli rayonunun Xələfşə kəndində dünyaya gəlmişdi. Müharibə dövrünün bütün uşaqları kimi bir xoş gün görməmişdi, üstəlik bəzi yaşıdlarından daha artıq əzab-əziyyətlə üzləşmişdi. Taleyin gələcək sınaqlarına Şuşadakı uşaq evindən hazır olmağa başlamışdı.

Orta məktəbin 7-ci sinifini bitirən kimi Şuşadakı Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdu. Təkcə baytarlıq fakültəsinin əlaçı tələbəsi kimi deyil, fəal ictimaiyyətçi kimi də tanınmağa başlamışdı. Şuşanın mədəniyyət evində hazırlanan əksər tədbirlərdə yaxından iştirak edəndə Çingizin tezliklə böyük uğurlar qazanacağına heç kim şübhə etmirdi. Məhz elə ona görə də istedadlı və fəal komsomolçu Çingiz Fərəcovun 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirakı çoxları üçün təəccüblü olmadı. Bundan sonra o, tez-tez SSRİ-nin müxtəlif şəhərlərini gəzdi, komsomolçuların konfrans və qurultayında azərbaycanlı gəncləri layiqincə təmsil etməyi bacardı.

1960-cı ildə Sumqayıtın Altıağac kəndindəki heyvandarlıq sovxozunun baytar-texniki Çingiz Fərəcov Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə təyin edilmişdi. 1963-cü ildə Abşeron rayonu yaradılanda isə onu komsomolun ikinci katibi kimi məsul vəzifəyə seçirlər. Yüksək təşkilatçılıq bacarığı ilə seçilən Çingiz müəllim 1971-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı üzrə katibinin köməkçisi vəzifəsinə təyin olunur, həm də 8 il partiya mərkəzi aparatının həmkarlar təşkilatına başçılıq edir.

1980-ci ildə Çingiz Əliş oğlu Fərəcov Astara Rayon Partiya Komitəsinin birinci katibi seçilir. Birinci katibin təşəbbüsü və rəhbərliyi ilə Astarada keçirilən müxtəlif tədbirlər həm Azərbaycanda, həm də o zamankı ittifaq miqyasında böyük maraq doğurur, "Pravda" başda olmaqla digər mərkəzi mətbuat orqanları bacarıqlı partiya işçisi Çingiz Fərəcovun

fəaliyyətini geniş işıqlandırırlar. Şair və yazıçılarımız onun haqqında bədii əsərlər yazılar. Xalq rəssamı Rasim Babayev Çingiz müəllimin portretini yaradır və "Raykom katibi" adını verdiyi bu əsər istedadlı rəssamın dünyanın müxtəlif ölkələrində təşkil edilən sərgilərində uğurla nümayiş olunur. 1987-ci ildə Çingiz Fərəcovu indiki Şabran rayonuna birinci katib göndərirlər, bir il sonra isə Xaçmaz rayonunda birinci katib olur.

Azərbaycan müstəqillik qazandıqdan sonra da Çingiz müəllim öz bilik və bacarığını, təcrübəsini əsirgəmir. Milli Məclis aparatında, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifələrində çalışmaqla dövlətimizin inkişafına töhfəsini verir.


Eşitdiklərimdən

Çingiz Fərəcov təkcə bacarıqlı təşkilatçı, təcrübəli və sadiq partiya işçisi kimi diqqət çəkmirdi. O, həm də sadə insanlarla ünsiyyət qurmağı ilə fərqlənirdi. Halal zəhməti ilə dolanan adi adamlarla tez dil tapırdı, onlara dəyər verməyi bacarırdı. Yüksək vəzifələrdə işləməsinə baxmayaraq həmişə sadə həyat sürməyə çalışıb, dəbdəbədən uzaq olub, öz sadəliyin ilə digər vəzifəli şəxslərə nümunə olmaq istəyib.

Astarada birinci katibi işləyəndə evində qonaq olan tanışım rayonun birinci şəxsinin mütəvazi yaşayışından şoka düşüb. Tanışımın rastlaşdığı və təsvir etdiyi mənzərə illər ötməsinə baxmayaraq hələ də yadımdan çıxmır.

Çingiz müəllim barəsində bu yazını hazırlayanda eşitdiyim bir hadisə də yadıma düşdü. Astarada raykomun qonaq-qarası çox olurmuş, ədəbiyyat və mədəniyyət xadimləri tez-tez bu rayona gedirlərmiş. Çingiz Fərəcovun maddin imkanı olmadığından qonaqlar üçün bahalı restoranlarda yox, çox zaman elə partiya komitəsinin sadə yeməkxanasında süfrə açdırarmış. Astaradakı vəzifəsindən gedəndən sonra məlum olub ki, birinci katibin bakılı qonaqlara görə yeməkxanaya xeyli borcu qalıb.

Gördüklərimdən

Gec-gec görüşsək də, hər söhbətimizdə Çingiz müəllim ortaq tanışlarımız barədə soruşur, onların iş-gücü ilə maraqlanırdı. Sonra söhbətimizin axarı dəyişirdi. Yazı-pozudan, mətbuatın bugünkü durumundan danışardıq. Əslində burda qəribə heç nə yoxdu, Çingiz Əliş oğlu təcrübəli ictimai-siyasi xadim olmaqla yanaşı, həm də tanınmış publisist idi. Onun əfsanəvi əmək qəhrəmanı Sevil Qazıyevanın həyatından bəhs edən "Mil düzündən Sevil keçdi" sənədli povesti bir vaxtlar böyük maraqla qarşılanıb. Çingiz müəllim Xalq artisti, muğam və bəstəkar mahnılarının əvəzsiz ifaçılarından sayılan Sara xanım Qədimovanın həyat və yaradıcılığını araşdırırdı. Uzun illər boyu bu işi sevə-sevə, heç bir təmənna güdmədən həyata keçirdi. Çingiz Fərəcov mətbuatda müntəzəm çıxış edə bilən və "Qızıl qələm" mükafatına layiq görülən nadir katiblərdən idi.

Xeyirxahlıq etmək, insanların köməyinə çatmaq Çingiz müəllimin həyat kredosu idi. Son illər səhhətində ciddi problemlər yaranmışdı. Bahalı müalicə xərclərini qarşılaya bilmirdi. Buna baxmayaraq heç kimə ağız açmaq istəmirdi. Özünün belə bir çətin durumunda jurnalist tanışlarımızdan birini işlə təmin etmək xahişi ilə bəzi rəhbər şəxslərə telefon açmış, istedadlı gəncə kömək göstərilməsini istəmişdi.

Ötən il dekabrın 15-də dünyasını dəyişən Çingiz Fərəcovun bu ilin yayında 75 yaşı tamam olacaq. Bu yazını Ümummilli Lider Heydər Əliyevin Çingiz müəllimə 50 illik yubiley münasibəti ilə göndərdiyi təbrik teleqramındakı fikirlərlə tamamlamaq tam yerinə düşər: "... Sən çox ağır həyat yolu keçsən də, bu həyat yolu səndə kifayət qədər insanlıq və ləyaqət tərbiyə etmişdir. Dövr, zəmanə qətiyyən səni dəyişdirə bilməmişdir. Sən olduqca zəhmətkeş, işgüzar, sədaqətli və məlumatlı adamsan..."





YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK