Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Çaqqallar ulaşanda bütün sonluqlar məğlubiyyətlə bitir... Adalet.az | Çaqqallar ulaşanda bütün sonluqlar məğlubiyyətlə bitir... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Çaqqallar ulaşanda bütün sonluqlar məğlubiyyətlə bitir...

30294    |   2017-02-08 16:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tovuz özünümüdafiə batalyonunun komandiri Etibar Əmiraslanov: "25 il əvvəl qazdığım səngərlərdə bu gün də əsgərlərimiz vətənin keşiyini çəkirlər”


BOZQURD Türk Soyunun xilaskarı, düşmənlərdən qisas alan bir varlıq kimi çıxış edir. Fikrimcə, əl işarələri tutmaqla Bozqurd olmur. Əsl Bozqurd mənasını daşıyan formada özünü göstərməlidir. Günümüzdə Bozqurdların nəsli tükənməkdədir, desəm, yanılmaram. Yerdə qalan qurdlar isə hər vəchlə məhvə məhkum olunur. Türkün torpağında çaqqallar ulaşanda isə bütün sonluqlar məğlubiyyətlə bitir... Gəlin, vətənimizdə, qəhrəmanlarımızın uyuduğu bu müqəddəs torpaqlarımızda çaqqal uladıb əcdadlarımızın ruhunu incitməyək...
"Qarabağda ermənilər səs-küy salanda Tovuzda hələ sakitlik idi. Ancaq bu sakitlik çox çəkmədi. Tovuzda da silah səsləri eşidilməyə başladı. Mən isə Əfqanıstanda döyüşmüşdüm, müəyyən qədər təcrübəm vardı, sabahın təhlükəsini görə bilirdim . Şəxsi hesabımla Əlibəyli kəndinin lazımi yerlərində səngərlər qazdırmağa başladım. Bəzən qazılan səngərlər kənd sakinlərinin həyətyanı sahəsindən keçdiyi üçün, camaat narahat olurdu. Əlibəyli beş erməni kəndi ilə sərhəddir, ancaq ermənilər başa düşmürdülər ki, mən nə iş görürəm. Elə özümüzünkülər də...”

Bu sözləri "Yeni Müsavat”a o adam danışırdı ki, onun əmisi oğlu, qaynı, bacanağı Əlibəyli savaşında şəhid olub. O adam ki, hərbdə onlara komandan, bahadır deyirlər və o bahadır həmişə əsgərlərinə "arxamca gəlin” deyib, yəni "irəli gedin” deməyib. Çünki özü öndə olub həmişə. Onun adını bilməyən yoxdu, Etibar Əmiraslanov, ancaq bir də deyək, məclis fərəqət olsun və o olan yerdə bizə danışmaq düşməz, deyibən, sözünü kəsməyək:
Səngər, yoxsa ev?
...Hə, mən başladım səngər qazdırmağa, elə bilirdilər ki, ev tikirəm. Kənd camaatı məndən o vaxtkı polis rəisi İsa Bağırova şikayət etmişdilər. Bir gün polis rəisi məni çağırıb nəzakətlə söhbət etməyə başladı və sorğu-suala tutdu. Dedi ki, sənə bu işləri görmək üçün kim göstəriş verib? Ona kabinetdə yox, Əlibəylidə qazdırdığım səngərlərin yanında söhbəti davam etdirməyi təklif etdim. Rəis heç tərəddüd etmədən mənimlə razılaşdı, rayon prokuroru da bizimlə birlikdə, yollandıq Əlibəyliyə.
Sapand davasından top-tüfəng davasına
Bir haşiyə çıxım: Bilirsiniz, həmən illərdə məmurlar da fərqli idi. İnsanın şəxsi keyfiyyətlərinə dəyər verirdilər çox vaxt. Başda oturanlar əsgərə, komandirlərə dəyər verəndə hər şey fərqli olur. Həm də rayonumuza gələn vəzifəlilər rayon mərkəzindən kənara çıxmırdılar, ermənilərlə sərhədyanı kəndlərdən xəbərsiz idilər. 25 il əvvəl qazdığım səngərlərdə bu gün də əsgərlərimiz vətənin keşiyini çəkirlər. Qısası, rəis Əlibəyliyə gəlib gördüyüm işlərin şahidi olanda bütün camaatı yığıb dedi ki, bu gündən mən də Etibara dəstək verəcəm. Etibar burda nə istəsə, onu da edəcək. Özü də doğurdan çaşıb qalmışdı ki, sən öz şəxsi hesabına bu işləri nə əcəb gördürürsən?..

Bilirsiz, mən hələ uşaq vaxtlarımdan ermənilərlə sapand davasına çıxardım bütün günü. Bu əclafların başından bəri gözləri vardı torpaqlarımızda. Onların kəndlərinin bütün sərhədyanı ərazilərini əlimin içi kimi bilirdim. Cavan idim, mal-qara otarmışdım oralarda. Ona görə də bu ərazini, erməniləri yaxşı tanıyırdım.


Mətləbdən kənara çıxmadan burdakı mübarizənin necə başladığının davamını danışım. Əlibəylidə mübarizə başlayanda biz iki nəfər olmuşuq. 1989-cu ilin əvvəllərində iki nəfərlə başlayan mübarizəyə camaatı yaba, balta ilə səngərlərə qaldırdım. Bu işdə İsa Bağırovun dəstəyi mənə böyük oldu. Ordan-burdan silah əldə etməyə başladıq. Hələ SSRİ dağılmamışdı. Hər iki tərəfdə rus-sovet ordusu dayanırdı. Mən ruslar bizi qorusun deyə, onlara heç bir yardımı əsirgəmirdim. Ancaq qarşı tərəfdə duran rusların silahlarından ermənilər bizim kəndi atəşə tuturdular. Bir neçə dəfə BTR-dən atəş açmışdılar, yaralılarımız da vardı. Ermənilər atəş açanda biz tərəfdəki ruslar cavab vermirdi deyə, qərara gəldik ki, bunları tərksilah edək. Əvvəlcə Ağdam kəndindəki rus batalyonunu tərksilah etdik. Öncə onları yedizdirib-içirdik, hər yerdən rabitə əlaqələrini kəsdik. O vaxt adamın ayaqlarını tutan çaxırlar istehsal olunurdu, ondan da bunlara verib hamısını zəlil vəziyyətə gətirdik. Bütün silah-sursatlarını ələ keçirib, özlərini də tərksilah etdik. İnanın, bir güllə belə atılmadan bu işi həll etdik. Bir də ayıldılar ki, zabitlərini də əsir götürmüşük. Ordan da Əlibəylidəki rus əsgərlərini mühasirəyə alaraq tərksilah etdik. Onlar da bizə müqavimət göstərə bilmədilər. Artıq əlimizdə bir xeyli silah vardı.


"Milis rəisi İsa Bağırov qazdığım səngərə baxıb, camaata dedi ki, bu adama kömək edin”


Gəncədən Şerbak gəlir....
Əlbəttə, baxışlarınızdan görürəm ki, bu hərəkətimizə yuxarı dairələrdən necə reaksiya verildiyini soruşmaq istəyirsiniz. Bəli, özü də hələ sovetin tərkibində ola-ola...
Bilirsiz, məsələ belə idi ki, Tovuz camaatının mənə güclü dəstəyi vardı. Yuxarı dairələr nə qədər qorxaq olsalar da, ermənilərin açıq müharibəyə başladığını görürdülər. Mən bu mübarizədə haqlı idim. Düşünün, ölkəmizdə milli ordu olmadan artıq mənim silahım və könüllü dəstəm vardı. Hər gün bir az daha güclənirdik. Sumqayıtın zavodlarından maddi yardım sel kimi gəlirdi. Şəki, Şəmkir, Bakı, Sumqayıtdan könüllülər axışırdı. Tankımız, silahımız, hər şeyimiz var idi. Mən bizə qoşulan könüllülərin rayonlarındakı icra başçıları ilə söhbətlər aparırdım ki, bu filan əsgərin ailəsinə nə yardım lazımdı, edin. Beləliklə, gözü arxada qalmayan əsgər ancaq irəli getmək üçün can atırdı. Mən bunu bacarmışdım. Əsgərimi evinə 10 günlük göndərəndə, gedib evdəki vəziyyəti görüb, iki günə qayıdırdı. Sual edirdim ki, niyə qalmadın? Deyirdi ki, evdə hər şərait var, mən isə burda lazımam. Bax bu, əsil əsgər idi. Artıq rusun sülhməramlıları biz tərəfdə yox idi. Sonradan Gəncədən desant divizyanın komandiri general Şerbak gəldi ki, mənimlə görüşsün. Tanınmamaq üçün sifətimdə maska vardı, ancaq o, şəklimi çıxarıb, "səni tanıyıram” dedi. Və məni təhdid etdi. Rusca söyüşlər söyürdü. Onun yanında 25 desant vardı, onları da silahları ilə birlikdə əsir aldıq. Qazaxdan onlara köməyə gələn rus əsgərlərinin də qarşısını kəsib, tərksilah edəndən sonra Şerbak mənə dedi ki, sən harda oxuyub təhsil almısan axı? Hardan qarşını alsaq, başqa tərəfdən yol tapıb ortaya çıxırsan.

Artıq top-tank "Ural” maşınlarımız, "Qrad”larımız da vardı. Həmən vaxtlar böyük şəhərlər, digər rayonlarımız Tovuza sahib çıxdılar. Gərək bunları unutmayaq. Daha sonra Milli Ordu yarandı. Biz də dövlətimizin naminə 812 nömrəli hərbi hissənin tərkibinə daxil olduq. Mənim taborum vardı, bütün texnika əlimdə idi. Ancaq mən bu qədər əsgərə tək baxa bilməzdim. Belə olması daha yaxşı idi.


Əfqan əsirliyi və NATO-Türk əsgərləri
Sovet ordusunda xidmətə birbaşa Əfqanıstanda yollanmışdım. Xüsusi Təyinatlılara verdilər məni. O vaxt hər adam ora düşə bilmirdi. Ancaq Əfqanıstana əsasən "qara” millətləri yığırdılar, 1979–cu idə mənə də dedilər ki, Əfqanıstana gedirsən. Özbəkistanın Çermet şəhərindən Amudərya çayını keçib ora gedənəcən bizim əsgərləri biçdilər, 400 nəfərdən 17 nəfər qaldıq. Yanımda bir tovuzlu balası vardı - Sadıqov, qalan hamısı tacik, özbək idi. Mənim də onlara oxşarlığım vardı. Ancaq Sadıqov yanımda rəhmətə getdi. İnan, həmin vaxt çox qorxurdum, kənd uşağıydım da... Adicə Əlibəylidən Tovuz mərkəzinə gəlməyə qorxurdum ki, birdən itərəm. İndi düşünün ki, gedib orada nələr yaşadım! Sonra baxdım ki, onsuz da öləcəyəm, başladım döyüşməyə. Dilimin bu kəkəcliyi də orda yarandı. Dil də bilmirdim. Lal-kar kimi idim. Mənə 4 ay kurs keçdilər ki, lal-kar olmağı öyrənim. Əgər bunu öyrənməsəm, işim bitərdi. Bu niyə lazım idi onu da deyim: Biz kəşfiyyata gedəndə yanımızda adam tutulsa, öldürülsə, gərək özümüzü heç nə olmamış kimi aparaq. Bunu da deyim ki, biz elə psixoloji təsirdə idik ki, hissiyyatımızı itirmişdik. Biz əfqanlara qarşı döyüşürdük. Amma onlar öz torpaqlarını qoruyurdu və haqlı idilər. Dəfələrlə kəşfiyyata gedib əfqanlarla yeyib-içirdik, ancaq onlardan aralanan kimi koordinatlarını ruslara verib, həmən yeri bombalatdırırdıq. Biz əfqanları düşmən bilirdik. Bir dəfə isə kəşfiyyata avtomat yerinə beşaçılan silahla getdik. Sən demə, bu silahın altına çəkilən naxış yazı imiş və bir şifrə imiş. Biz isə bunu sadə naxış bilirdik. Əməliyyat yerinə çatanda hər dəfəki əfqanlarla oturduq, ancaq anidən əfqanın birinin gözü yanımdakı tacikin silahındakı (naxışa) yazıya sataşdı və tacikin qulağına nə isə pıçıldadı o, an bunlar taciki vurdular, bizim başımıza torba keçirib, əsir götürdülər. Həmən vaxt keçirdiyim həyəcanı sizə sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bunu yaşamaq lazımdı ki, biləsən. Aparıb bizi zülmət bir yerə saldılar. Hər gün bir əsgəri çıxarıb güllələyirdilər. Rus əsgərləri bunların kəndlərinə girib qadınlarına pis hərəkətlər etdikləri üçün bunlar da daha çox qəzəbli idilər bizə. Hər gün bir əsgəri gəlib aparanda mən arıq idim deyə, uşaqlar məni qabağa verib məhv edilməmi gözləsələr də, ancaq onlar başqasını tutub aparırdılar. İnanın, mən tükənmişdim, qorxu və aclıqdan taqətim belə yox idi. Sadəcə, quru skeletim qalmışdı. Bir gün Türk-NATO əsgərləri yanımızdan keçirdilər, gördüm, türkcə danışırlar, onlara səsləndim, bir-birinə qayıtdılar ki, bu, türkcə danışır. Biz 60 nəfər qalmışdıq və susuzluqdan-aclıqdan sadəcə ölümü gözləyirdik. Üzümüzdə gəzən qarışqaya belə reaksiya verə bilməyəcək dərəcədə zəifləmişdik. Kəsəsi, onlara səslənən kimi özümdən getdim. Üzümə su vurub ayıltdılar, başladılar məni sorğu-sual etməyə. Dedilər ki, sən niyə müsəlman qardaşlarına güllə atırsan? Mən onlara rus əsarətində olduğumuzu başa salandan sonra məni Qurana əl basdırıb bir daha müsəlmanlara güllə atmamağa and içdirdilər və ordan xilas etdilər.
"Bozqurd”un ayrı tarixi

Hamı mənə "Bozqurd” ləqəbinin Azərbaycandakı bozqurdlardan qaldığını düşünsə də, bu, belə deyil. Məni bozqurd türk əsgərləri əsirlikdən xilas etdi və mən onlarla ölənəcən bu yolda bir olduğumun andını içdim. Baxın, 1989-cu ildə Bozqurd batalyonunu yaratdım, Bakıda isə bozqurdlar 1992-ci ldə yaranıb. Mənim İsgəndər Həmidovun bozqurdları ilə əlaqəm yoxdu.




"Şerbakla görüşə üzümdə maska ilə getmişdim ki, tanınmayım. Şəklimi çıxarıb, "səni tanıyıram” dedi”


Əzrayılı görürəm, komandir...
Unutmayacağım hadisə, xatirə çoxdu. Ancaq bir əsgərim vardı, Tovuzun Əlimərdanlı kəndindən, onun ürəyinin altından vurulması və öləcəyini bildiyim halda onu son ümidimlə birlikdə xəstəxanaya yol boyu söhbət edə-edə aparmağım ən dəhşətli xatirəmdi. Ona görə özümü heç bağışlaya bilmirəm. Yol boyu qan itirməsinə baxmayaraq, o, mənimlə danışırdı. İnanın, xəstəxananın həyətinə çatanda qəfildən mənə dedi ki, komandir, mənim ayaqlarımdan sinəmə doğru soyuqluq gəlir, Əzrayılı görürəm, komandir, başımın üstədir. Səndən tək xahişim var, batalyonun uşaqlarını sənə tapşırıram, onlar sizə çox güvənir, çalışın, onların ümidlərini puç etməyin. Bunu dedi və gözlərini yumdu. O an bütün yaşadığım əzablar gözümdə bir heç oldu. Bilirsiz, son nəfəsində bir əsgərin ailəsini yox, səngər dostlarını düşünməsi, sözlə ifadə oluna bilməyəcək dərəcədə böyük qəhrəmanlıqdır. Həmən əsgərin qısasını amansızlıqla aldım! Qan və qisas hissi gözümü tutmuşdu! (Təəssüf ki, Etibar bəyin necə qisas aldığını burda yaza bilməyəcəyik... N.C.) Çəkdiyim acını, anasının-atasının qarşısında günah hislərimi belə yuya bilərdim. Söz yox ki, o, torpaq üstə şəhid olmuşdu.
Sabirin inanılmaz əfsanəsi

Sizə ən güvəndiyim Sabir adlı əsgərimdən danışım: rayon mərkəzinə gələndə bütün batalyonu Sabirə tapşırırdım. Sabirin 4 qız övladı olduğundan bir gün onu maşına əyləşdirib, gətirdim Tovuz avtovağzalına ki, get evinə, sən döyüşməsən də olar. Bu, məni dinlədi və yola düşdü. 10 dəqiqə keçməmişdi ki, yuxarıda atışma başladı, təcili qayıtdım Əlibəyliyə. Atışma başa çatandan sonra dedilər ki, Sabiri vurublar! Dedim ki, ola bilməz, Sabiri yarım saat əvvəl özüm şəhərə yola salmışam. Nə isə, məlum oldu ki, Sabir Qovulara çatanda top səsini eşidib, taksi ilə qayıdıb cəbhəyə. Sabirin ayaqlarını PDM vurmuşdu, sadəcə, damarları üzülməmişdi. Xarakter etibarilə ağlayan adam olmasam da, ilk dəfə o gün qürur hissi ilə ağladım və göz yaşlarım onun qanlı paltarlarına axanda, Sabir qayıtdı ki, komandir, ağlama, sənə ağlamaq yaraşmır...
Türklər və Şamil Basayev Tovuzda
Dediyiniz o türk əsgərlərinə qalanda, bəli, bizdə türklər olub, son damla qanlarınacan kişi kimi döyüşüblər. Atilla Qaya, Abid Öztürk, Mustafa, Məməd, Yusif Hoca Kamal – həmən bu türklər Gürcüstandan ermənilərə gedən qaz xəttini, elektrik xətlərini patlatmışdılar. Onlara, bütün həyatımı, varlığımı borcluyam. Bizdə Şamil Basayev də öz dəstəsi ilə döyüşüb. Ancaq mənim fikrimcə, bizim öz oğullarımız çeçenlərdən daha yaxşı, daha ürəkli döyüşürdülər. Nə də olsa, torpaq bizim idi axı. Ağdam, Əlibəyli müharibəsinin tək qəhrəmanı mən deyiləm. Bunu deyim ki, bayaq da qeyd etdiyim kimi, böyük dəstəyi olanlardan Tovuzun keçmiş polis rəisi Novruz Həsənov, Rauf Arifoğlu, Tovuzun xeyriyyə cəmiyyəti, Sumqayıtın maddi yardım edən zavodları, Bakı, Şəki və s. rayonların igidləri - hər kəs öz gücünə görə bizə kömək edib. Onların da hər birinə təşəkkür edirəm.

"Üstümüzdəki beşatılanın qundağındakı naxışlar, sən demə, şifrə imiş. Əfqanlar bunu görüb, başımıza torba keçirib, bizi əsir götürdülər”

Erməni qapılarına yazılan vahiməli kəlmə

Sizə bunu da deyim ki, ermənilərə tutduğum divanı onlar heç vaxt unutmayacaqlar. Və bu, onlara dərs olmalıdır. Mənim kəşfiyyat qrupum onların kəndlərinə gecə girib, qapılarına "Bozqurd” yazanda çox adam evində mışıl-mışıl yatırdı. Daha sonralar kəndlərinə girib bütün qapılara qumbara asırdıq. Hər partlayan qumbara başqa qapıların da səsə açılmasına səbəb olurdu. İnanın, onlar bizimlə sərhəddə olan kəndlərindən tamamilə qaçmışdılar. Bax, bu idi mənim igidlərimin fərqi. Biz qonaqpərvər xalqıq, amma torpağımıza göz dikənləri cəzasız qoymamalıyıq.

Cəbhə xəttimizə Etibar bəyin həyat yoldaşı Zöhrə xanım daxil olur
"Əvvəla, salam deyirəm sizə və oxucularınıza. Sualınıza cavab olaraq deyim ki, mənim üçün Etibarın kimliyi ifadə olunmayacaq qədər böyük məna daşıyır. Ancaq bunu da deyim ki, hər xanımın əri onun üçün igid sayılır. Mənim də yoldaşım mənim üçün xalqının xilaskarlarından biridir. Onun həyat yoldaşı olmaq çox çətindir. Çünki gərək çoxlu məhrumiyyətlərə razı olasan. Adətən, tarix boyu belə olub da. Tanınmışların, xalq qəhrəmanlarının ailələri, qadınları əziyyət çəkiblər. Səbəb isə, sadədir: xalqına can yandıran şəxslər heç vaxt layiqincə qiymətləndirilmir, əksinə, incidilir, həbs edilir, vətən xaini damğası vurulur onlara. Amma mən xoşbəxtəm ki, yoldaşımla çiyin-çiyinə xidmət etmişəm. Onun əsgərlərini qardaşım, oğlum kimi görmüşəm. Silahlarını silib, yeməklərini bişirmişəm. Başqa nə deyim? Vətən sağ olsun. Ölsəm də, gözüm açıq getməz, biz vətənimizə xidmət etmişik, bu gün-sabah da etməyə hazırıq. Söz yox, artıq işsiz bir ərim, bir oğlum var, amma bir tək evimizi də satıb yenidən silah-sursat almağa razıyıq. Yetər ki, Qarabağ xilas olsun, gənclərimiz şəhid olmasın, analar ağlamasın”.
Ərəbzəngi...
Etibar bəy davam edir. Bu dəfə xanımının cehiz pullarını silaha, patrona verməsindən bəhs edir:

- Onu deyim ki, mən də yoldaşımla qürur duyuram. Mən ilk dəfə silahlı dəstə yaradanda yoldaşımın cehiz pulunu patrona vermişəm. Və bunun üçün peşman deyiləm. Bir dəfə də olsun, yoldaşım buna görə mənə "niyə belə edirsən?” deməyib. Söz yox ki, mən sonra onun istədiyi hər şeyi aldım, amma əsas məsələ onun mənə qarşı dəstəyi idi. Belə xanımlarımız çoxdur. Məsələn, bir nəfər döyüşmüşdü bizdə, mən 5 ay sonra bir təsadüf nəticəsində bilmişdim ki, o, kişi deyil, xanımdı. Deməli, həmin qız Sumqayıtdan idi. Dayısını Ağdamın Xramurd kəndində ermənilər vurduqdan sonra qız yas mərasimi bitən kimi öz nəslinin kişilərinə deyib ki, içinizdə bir kişi yoxdumu dayımın qisasını alsın? Ondan sonra gəlib bizə döyüşə. Ancaq oğlana oxşadığından heç kim bunu hiss etməmişdi. Bunu da deyim ki, həmən qız əla döyüşürdü və bir neçə dəfə erməni tərəfə bizimlə bərabər kəşfiyyata keçmişdi. Bir dəfə uşaqlar gəldi ki, komandir, meşədə filənkəsi gördük, onun adı Ramız deyil, o, xanımdı. Şok oldum, inanmadım. Axşam onu çağırıb soyunmasını tələb etdim (yalanını ortaya çıxarmaq üçün). Ağladı və həqiqəti mənə dedi. Dedim ki, bəs səni ermənilər tutsa, bizə biqeyrət deməzdilərmi? "Kişiləri qala-qala qadınları döyüşür” deməzdilərmi? Nə isə, dedi ki, dayımın qanı üçün burdayam. Dedim, qızım, dayının intiqamını aldınsa, artıq səni yola salıram. Dedi, dayımın qanını necə lazımdı, almışam.

Hələ də onun necə mərdliklə döyüşdüyünü unuda bilmirəm. 1989-cu ildən 1996-cı ilədək döyüşdüm, tərxis oldum. Səbəb isə həmən atəşkəs dövründə bizə bir addımlıqda səngər qazan erməniləri darmadağın etməyim idi. Səfər Əbiyevə şikayət edib demişdilər ki, Etibar atəşkəs rejimini pozur. Mən də dedim ki, əşi, bunlar əvvəl 1 kilometrdən atırdılarsa, indi 2 metrdən atacaqlar. Nə isə mən ordan uzaqlaşdım. Bax, bu gün həmin o erməni səngərlərinin qazılması əsgərlərimizə baha başa gəlir.

"Əfqanıstanda məni türk əsgərlər ölümdən xilas etdilər. Onlar mənə Qurana əl basdırıb and içdirdilər...”

Ermənilərdən fərqimiz
Vallah, səmimi deyirəm, ermənilərlə fərqimiz haqda bunu deyə bilərəm ki, əvvəla, onlar haqda "qandan qorxan” desələr də, ancaq mən onlarda bunu görmədim. Bəlkə onların döyüşçülərinin çoxu o vaxt rus idi, səbəb bu imiş, amma əclaflıqlarını, rəzilliklərini hər dəfə görürdüm. Məsələn, bizim camaatın mal-qarası onlar tərəfə keçəndə əlaqəyə girib deyirdim ki, adam kasıbdı, qaytarın onun mal-qarasını. Qaytarmırdılar. Mən isə buna qarşılıq olaraq onların qadın-kişilərini əsir gətirirdim. Ancaq üst-başlarını soymurdum, əksinə, onların qadınlarının üz-gözünü bəzətdirib, geri verirdim, onlardan mal-qaramızı alıb sahibinə qaytarırdım. Onların qadınlarının daş-qaşlarına da toxunmurdum, özləri də dəli olurdu ki, siz necə millətsiz? Bax, fərq belə idi. Məsələn, onların əsirlikdən qayıdan qadınları bizdən elə ağız dolusu danışırmış ki, bir də görürdün onların zabitləri mənimlə görüş istəyirdi. Deyirdilər ki, 20 əsgərimi sənə güvənib girov qoyuram, gəl, yeyib-içək. Belə də ki, mən bunu ona görə edirdim ki, bizim də xanımlar əsir düşsə, alçaqlıq etməsinlər. Tovuzun torpaq verməməsinin səbəbi mənim kimsədən əmr almadan hücuma keçməyim idi. Yoxsa bu gün Tovuz da olmazdı. Sonra baxdım ki, daha kişi döyüşü getmir, ərizəmi verib, ordan ayrıldım. Mərhum prezident Heydər Əliyev tərəfindən "Bayraq ordeni” ilə təltif edildim. Mən ordan ayrılandan sonra könüllüləri də buraxdılar. Deyim ki, bu gün ailəmi birtəhər, taksiçilik edərək dolandırsam da, yenə döyüşə hazıram. Nə edək, Vətən sağ olsun. Bu müharibədən fəxr ediləsi tək şey budur ki, bu dəfə biz onlara dərs verdik və Çənlibel bizdədir.

- Gənclərimizə sözünüz nədir?

- Gənclərə sözüm... Qorxmasınlar, haqları, torpaqları uğrunda sonuna kimi mübarizə aparmağı bilsinlər... Gənclik qiymətsiz bir şeydir. Gəncliyində necə formalaşırsansa, öləndə də elə ölürsən. Bu vətən bizimdir, bizim də qalacaq. Mən təklif edirəm ki, bu günkü əsir düşənlərlə bağlı bir qurum yaradılsın, köhnə hərbiçilərə göstəriş verilsin və belə hallarda gedib erməniləri bura gətirək, əsirlərimizlə dəyişək. Kişi bir dəfə, qorxaq isə 100 dəfə ölür. Bunlara kişiliyi sübut edək.

"Son nəfəsində bir əsgərin ailəsini yox, səngər dostlarını düşünməsi, sözlə ifadə oluna bilməyəcək dərəcədə böyük qəhrəmanlıqdır”

Xatırlatma
Etibar Əmiraslanov 1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb. 1979-cu ildə Sovet ordu sıralarına hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin ilk ayları Ukraynanın Lvov şəhərində keçib. Bir müddətdən sonra isə hərbi xidmətini Əfqanıstanda davam etdirib. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra o, yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib.



İmza:Musavat.com

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK