ANA SƏHİFƏ / YAZARLAR

Təbrizin küçələri və 35-ci Fəcr...

Bir də beynəlxalq festivalda bəyənilən 107 yaşlı “Ər və arvad”

23576    |   2017-01-27 18:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son illər maraqlı beynəlxlaq layihələr həyata keçirən, müxtəlif festivallara dəvət alan və Azərbaycan incəsənətini layqincə təmsil edən Dövlət Musiqili Teatrı 2017-ci ilə də uğurla başlayıb. İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edən kollektiv bu nüfuzlu sənət yarışında da sözünü deməyi bacarıb. Repertuarındakı ən maraqlı tamaşalardan biri- Üzeyir Hacıbəylinin "Ər və arvad” musiqili komediyası ilə festivala qatılan Dövlət Musiqli Teatrı İrandan mükafatla qayıdıb.

Salam aparanlar...

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonşu ölkədə keçirilən beynəlxalq teatr festivalı, kollektivin qazandığı nailiyyət barədə danışıb və təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüb: "Dövlət Musiqili Teatrının yenidən Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunması mühüm mədəniyyət hadisəsi idi. Dünyanın 20-yə yaxın ölkəsininin teatr kollektivlərinin qatıldığı bu nüfuzlu festivalda iştirak etmək iftixar və qürur duyucu bir hiss idi. Həm də bu kollektivin məsuliyyətini artırırdı. Festivalın rəsmi açlışım mərasimində mənə çıxış üçün şərait yaradıldı. Elə bilirəm ki, bunun özü də həm bizim teatra, həm də bütünlükdə Azərbaycan mədəniyyətinə olan hörmətdən qaynaqlanırdı. Çıxış zamanı festival təşkilatçılarına və tamaşaçılarına Bakıdan salamlar gətirdiyimi dedim, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına uğurlar arzuladım”.

Əliqismət Lalayev müasir Azərbaycan teatrı, bu gün Avropada və dünyada gedən teatr prosesi barədə məlumat verib, dövlətimizin son illərdə teatr sənətinə göstərdiyi diqqət və qayğıdan, bu sənətin inkişafı üçün qəbul olunan dövlət proqramından ətraflı danışıb: "Bildirdim ki, Dövlət Musiqili Teatrının 107 yaşı var. Teatrımızın əsası 1910-cu ildə dahi Üzeyir Hacıbəylinin məhz bu festivalda nümayiş etdirəcəyimiz məşhur "Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. Bu tamaşada həmişə istedadlı aktyor və aktrisalarımz rol alıblar, bu gün də "Ər və arvad”ı teatrımızın istedadlı sənətçiləri təqdim edirlər”.

Mükafat gətirənlər

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında ölkəmizi layiqincə təmsil etməyi bacarıb. Yaradıcı kollektiv dünyanın 20-dən çox ölkəsinin qatıldığı ənənəvi sənət yarışmasında dahi Üzeyir Hacıbəylinin "Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib. Direktorun sözlərinə görə, Azərbaycandan gələn sənət ustalarının çıxışı böyük marağa səbəb olub: "Anşlaqla keçən tamaşanı həm festival iştirakçıları, həm də Təbriz tamaşaçıları böyük maraq və rəğbətlə qarşıladı. "Ər və arvad”ın ifaçılarını uzun müddət sürəkli alqışlara qərq etməklə sevgilərini ifadə edən tamaşaçılar onları dəfələrlə səhnəyə dəvət etdilər”.

Təbrizli tamaşaçıların xahişini nəzərə alan 35-ci Fəcr Beynəlxalq Teatr Festivalının təşkilatçıları istisna olaraq "Ər və arvad” tamaşasını ikinci dəfə oynanılmasına razılıq veriblər: "Teatrımız ikinci dəfədir ki, belə şərəfrə nail olur. Bir neçə il öncə Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edərkən Üzeyir bəyin ölməz "O olmasın, bu olsun” tamaşasını da iki dəfə oynamalı olduq. Bildiyiniz kimi, Xalq artisti Cənnət Səlimovanın quruulş verdiyi həmin tamaşada Məşədi İbad obrazını canlandıran Əməkdar artist Şövqü Hüseynov bu rola görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə” mükafatına layiq görülüb”.

"Ər və arvad” Təbriz tamaşaçılarının rəğbəti və alqışı ilə yanaşı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalının mükafatını da qazanıb. Əliqismət Lalayev bu mükafatı rəbhərlik etdiyi teatrın növbəti uğuru sayır : "Kollektivimizin üç üzvü bu möhtəşəm festivalın mükafatına layiq görüldü . Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova "Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə "Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən bütün zal ayağa qalxıb onları alqışlayırdı. Bunun özü bizə olan böyük sevginin göstəricisi idi. Sevinirəm ki, Musiqili Teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında ölkəmizi layiqincə təmsil etdi, beynəlxalq arenada daha bir uğura imza atdı”.

Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan "Ər və arvad” tamaşasının quruluşçu rejissoru mərhum rejissor Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

Ustad Şəhriyarın məqbərəsi önündə

Azərbaycan Dövlət Musiqili Teatrın kollektivi İran İslam Respublikasında olarkən Təbrizin gəzməli, görməli yerlərini ziyarət edib, maraqlı görüşlər keçirib. Əliqismət Lalayevin sözlərinə görə, yerli sakinlər Azərbaycandan gələn səhnə ustalarını böyük mehribanlıqla qarşılayıblar: "Qonşu ölkədə olduğumuz günlərdə özümüzə qarşı çox böyük diqqət və sayğı gördük. Təbrizin küçələrində insanlar bizə yaxınlaşır, həmsöhbət olur, şəkil çəkdirir, qonaqpərvərlik göstərirdilər. Bəzi sakinlər qaldığımız otelə qədər bizi müşaiyət edirdi”.

İranda olarkən Dövlət Musiqili Teatrının kollektivi və Azərbaycan nümayəndə heyətinin üzvləri böyük şair, ustad Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən "Azərbaycan Muzeyi”ni də ziyarət ediblər.

Bir gözümüz Bakı, bir gözümüz Təbriz...

35-ci Fəcr Beynəlxalq Teatr Festivalı keçirilən günlərdə İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsində Musiqili Teatrın kollektivi və Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb. Görüş zamanı bildirilib ki, apreldə İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur. Tehranda, İsfahanda və Ərdəbildə Azərbaycan incəsənət ustalarının iştirakı ilə müxtəlif tədbirlər keçiriləcək. Tədbirlər planına həm də elmi konfransların, yubiley tədbirlərinin, seminar və görüşlərin keçirilməsi də daxildir.



Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərək Təbrizdə Azərbaycan tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət və maraqdan məmnun qaldığını söyləyib, 107 yaşlı Musiqili Teatrın Təbrizə səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Təbriz teatr mühitində mühüm bir dönüş yaratmış gənc və istedadlı sənət fədaisi Babək Nəhreyn ilə işbirliyi haqqında ilkin razılığa gəlmişik. İnanıram ki, bu qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq.

Görüşdə çıxış edən İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsinin müdiri Məhəmməd Məhəmmədpur da ölkələrimiz arasında genişlənən əlaqələrə xüsusi önəm verildiyini qeyd edib. Onun sözlərinə görə, dünənlə bu gün arasında körpü olan bu əlaqələrin gələcəkdə genişlənməsi dövrün, zamanın tələbidir.

35-ci Fəcr Beynəlxalq Teatr Festivalından Azərbaycana mükafatla qayıdan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi yeni tamaşalar üzərində işini davam etdirir. Yaxın günlərdə teatr öz tamaşaçılarına maraqlı səhnə əsərləri təqdim etməyə hazırlaşır.

Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK