ANA SƏHİFƏ / YAZARLAR

“Teatr üzüdönükləri bağışlamır”

Səhnədə Leyli, Cülyetta, həyatda isə Zemfira Əbdülsəmədova

14168    |   2016-12-30 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kinorejissorlar, teleserial istehsalçıları aktrisa Zemfira Əbdülsəmədovanı gec kəşf ediblər. Son illər onu tez-tez bədii filmlərə dəvət edir, teleseriallarda səxavətlə rol verirlər. Amma bu müsahibədə Zemfira xanımın səhnə fəaliyyəti barədə daha geniş danışdıq. İstədim ki, oxucularımız Azərbaycan teatrının çox istedadlı aktrisasını bir qədər də yaxından tanısınlar.

Zemfira Əbdülsəmədova Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində Cülyetta ("Romeo və Cülyetta" U. Şekspir), Nayman ana ("Əsrə bərabər bir gün" Ç.Aytmatov), Seda ("Bəxt üzüyü" V. Səmədoğlu), Nisə xanım ("Sərgüzəşti vəziri-xani Lənkəran" M.F. Axundzadə), Dövlət Gənclər Teatrında isə Qurbanəli bəyin arvadı ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Zöhrə ("Dadaşbala əməliyyatı" R. Əlizadə), Zərifə ("Arvadımın əri özüməm" G. Xuqayev) kimi bir-birindən tam fərqli obrazlar yaradıb.

Son illər Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarındakı əksər tamaşalarda rol alan aktrisa Zemfira Əbdülsəmədovanı sizinlə "Ədalət"in 2016-cı il üçün sonuncu sayında görüşdürürəm.

- Zemfira xanım, müsahibəni çoxdan planlaşdırsam da teatrın qastrol səfərləri, teleseriallardakı çəkilişlərinizə görə görüşümüz alınmırdı. Bəlkə söhbətə elə sonuncu qastrol səfərindən başlayaq?

- Dövlət Gənc Tamaşaçılar Teatrı həqiqətən də son illər tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedir, müxtəlif beynəlxalq festivallarda iştirak edir. Kollektivimiz Rusiya Federasiyası Kalmıkiya Respublikasının B. Basaqanov adına Milli Dram Teatrı ilə sıx yaradıcılıq əməkdaşlığı edir, 5 ildir ki, bu kollektivlə müxtəlif layihələr həyata keçiririk, qarşılıqlı qastrol səfərləri olur. Bu yaxınlarda növbəti dəfə Kalmıkiyaya səfər etdik, bir neçə tamaşa ilə artıq bizim üçün çox doğma olan publika qarşısına çıxdıq. Sonuncu qastrolumuz da əlamətdar hadisələrlə yadda qaldı, repertuarımızdakı "Qohumlar" tamaşasını iki dildə təqdim etdik. Əsas rollar Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında Azərbaycan dilində, kütləvi səhnələr isə Kalmıkiya Teatrındakı həmkarlarımızın təqdimatında rus dilində ifa olundu. "Qohumlar"ı Kalmıkiyada çox populyar olan bir əsər əsasında teatrımız üçün Vera Şuqayeva və Əli Əmirli səhnələşdirib, tamaşaya Kalmık Teatrının baş rejissoru Boris Manciyev quruluş verib. Mən bu tamaşada Buqa rolunda oynayıram. Həmin əsəri Kalmıkiyada hamı əzbər bilir, qastrol zamanı da tamaşamız çox maraqla qarşılandı. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi sağ olsun ki, teatrımızın belə layihələrinə daim dəstək verir, xarici qastrollarda, festivallarda iştirakımıza şərait yaradır.

- "Qohumlar"dan əvvəl kalmık rejissorla "Xortdanın cəhənnəm məktubları" tamaşasında birgə çalışmışdız. Hacı Kamyabın arvadı rolu da ifanızda maraqla qarşılandı...

- Boris Manciyev Moskvada təhsili alıb, səhnədə aktyordan nə istədiyini bilən rejissordu. Onun tamaşalarında aktyor, aktrisa bilir ki, səhnədə kimi oynayır. Mən belə rejissorlarla həmişə sevə-sevə çalışıram. Hesab edirəm ki, ən korifey aktyor və aktrisanın da güclü rejissora ehtiyacı var. Dünən də, bu gün də, sabah da bu düşüncədə olacam. Boris Manciyev "Xortdanın cəhənnəm məktubları"nı hazırlayarkən çox oxuyur, öyrənir, bizimlə məsləhətləşirdi. Yəqin elə ona görədir ki, Haqverdiyevin əsərini doğru-düzgün anladı və həqiqətən də sanballı bir tamaşa ortaya qoydu, hər rejissor bunu bacarmır. Əbdürrəhim bəy öz xalqını yaxından tanıyan, daxili aləmini olduğu kimi əks etdirməyə qadir yazıçımızdır, onun kiçik hekayəsi belə insanı valeh edir. Əksər klassiklər kimi, Haqverdiyev də zaman, dövr çərçivəsinə sığmır, həmişə aktualdı.

- Bir vaxtlar səhnədə Cülyetta obrazını yaradan Zemfira xanım klassik əsərin dəyərini yaxşı bilməlidi...

- Ustadım, Şəki Dövlət Dram Teatrında və Gənclər Teatrında çalışmış, aktyorların üzərində böyük haqqı olan Hüseynağa Atakişiyev Şekspirin "Romeo və Cülyetta" əsərinə çox gözəl quruluş vermişdi. Şəki teatrı bu tamaşanı Rusiyanın Moskva və Kazan şəhərlərində böyük uğurla nümayiş etdirdi. Ermənistanın paytaxtında, bu gün əlimiz yetməyən İrəvanda "Romeo və Cülyetta" oynamağımız yaxşı yadımdadı. Həm rus, həm də erməni mətbuatında rəhmətlik Hüseynağa müəllimin bu tamaşası barədə, aktyorların ifası haqqında çox dolğun yazılar dərc olunmuşdu.

- İstər Şəki, istərsə də Gənclər teatrının səhnəsində baş rollar oynamağınıza baxmayaraq, bu gün sizi daha çox teleseriallardakı işlərinizlə tanıyırlar. Bu sizi narahat etmir?

- Əlbəttə narahat edir, amma nə etmək olar... Səhnənin çox sərt qanunları var, teatr üzüdönükləri bağışlamır.

- Bir müddət səhnədən ayrı qalmağınızı üzüdönüklük hesab edirsiz?

- Yox, çünki gedişimin tamam başqa səbəbləri oldu, bu, daha çox ailə məsələləri ilə bağlı idi. Həmin illərdə də bu sənətə, səhnəyə sevgimi qəlbimdə saxlamışdım. Sevinirəm ki, yenidən teatrdayam, yaradıcılıqla məşğulam. Teatrı məbəd hesab edənlərlə həmfikirəm, bu, sadəcə, elə-belə söz deyil. Allaha dua etmək üçün məkanın o qədər də önəmi yoxdu, yəni məscid də, kilsə də, sinaqoq da məbəddi. Mən teatra da belə müqəddəs məkan kimi baxıram.

Bu gün teleseriallardakı rollarımla daha çox tanınmağıma gəlincə, görünür bayaq dediyim səbəbdən yaranan fasilə bir qədər əleyhimə işləyib.

- İş yoldaşınız, Əməkdar artist Şövqi Hüseynov Musiqili Teatrda baş rola dəvət aldı. Siz belə dəvət gözləyirsizmi? Nəzərə alaq ki, həmin teatr sizə heç də yad kollektiv deyil...

- Sözsüz ki, Musiqili Teatr mənə doğmadır, bir müddət orada çalışmaq, maraqlı rollar oynamaq, Nəsibə xanım Zeynalova, Hacıbaba Bağırov kimi korifeylərlə bir səhnəni bölüşmək mənə nəsib olub. Gələcəkdə hansısa bir rola dəvət olsa, sevə-sevə qəbul edərəm. Bir aktrisa kimi janrla bağlı çərçivələri çoxdan qırıb-atmışam.

- Gənclər Teatrının səhnəsində "Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynayandan sonra əlbəttə ki, bu sözü demək olar... Maraqlıdı, bu günlərdə sizi yenidən "Leyli və Məcnun"da gördük, amma epizodik rolda...

- Rəhmətlik Hüseynağa müəllim orijinal bir tamaşa hazırlamışdı, tamaşaçı bir əsərdə 7 Leyli və 7 Məcnunu görürdü. Mən həmin tamaşada bir pərdədə Leyli, digərində isə onun anasını oynayırdım. Yeni tamaşamıza gəlincə, Əməkdar artist Nicat Kazımov Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərinə müraciət etdi və mənə bu tamaşada Zəncirli qarı rolunu tapşırdı. Epizodik olsa da maraqlı roldu, quruluşçu rejissor Zəncirli qarını insan qanından, canından pul qazanan əzazil birisi kimi təqdim etməyimi istəyirdi. Elə ilk söhbətimizdən Nicat bəyin nə istədiyini anladım və məncə, sonda obrazı doğru-düzgün təqdim etməyi bacardım.

- Həyat yoldaşınız, aktyor Ədalət Əbdülsəmədovla eyni teatrda çalışırsız. Evdə sənət mübahisələri tez-tezmi olur, yoxsa belə hallara ancaq bədii ədəbiyyatda rast gəlmək mümkündü?

- Tez-tez olmasa da, arada fikirlərimizi, düşüncələrimizi bölüşürük. Düzdür, Ədalət bəy evdə iş barədə çox söhbət etməyin tərəfdarı deyil, amma nəzərə alsaq ki, hər ikimiz sənət adamıyıq, onda istər-istəməz teatrla bağlı söhbətləşirik. Ədalət bəy təkcə ömür-gün və iş yoldaşım deyil, həm də ən obyektiv tənqidçimdi. Mən əksər hallarda onun təndiqləri ilə razılaşıram.



Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2017-05-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan, yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim onu çağırtdırır. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim, mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki, mən ağıllanmışam...




digər lətifələr
ARXİV
FACEBOOK