ANA SƏHİFƏ / YAZARLAR

Nyu-Yorkdakı evimiz

Amerikada yaşayan soydaşlarımız “Azərbaycan Evi”ndə özlərini Vətəndə olduğu kimi hiss edirlər

28161    |   2016-10-07 18:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanı dünyaya tanıtmaq və sevdirmək, qədim tarixə malik mədəniyyətini layiqincə təbliğ etmək diaspor təşkilatlarımızın ən ümdə vəzifələrindən biridir. Bu sahədə öz fəallığı ilə seçilən təşkilatlardan biri də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi"dir. Yarandığı gündən az müddət keçməsinə baxmayaraq mühüm işlər görən "Azərbaycan evi"nə Münəvvər Vahabova rəhbərlik edir. Diasporamızın fəallarından biri kimi tanınan Münəvvər xanım həm də Nyu-York Amerika-Azərbaycan Qadın Cəmiyyətinin yaradıcısıdır.

"Azərbaycan Evi”nin sahibəsi

9 il öncə Azərbaycandan Amerika Birləşmiş Dövlətlərinə köçən Münəvvər Vahabova gəldiyi elə ilk günlərdən Nyu-Yorkda və ətraf şəhərlərdə yaşayan soydaşlarımızın bir araya gəlməsinə, təşkilatlanmasına çalışıb. Uzaq Amerikada kiçik bir Azərbaycan mühiti yaradan Münəvvər Vahabova Nyu-York şəhərindəki "Azərbaycan Evi"nin məqsədi, diaspora üzvlərimizin gördüyü işlər barədə ətraflı məlumat verir: "2014-cü ilin sentyabrından fəaliyyətə başlayan Nyu- York şəhərindəki "Azərbaycan Evi" sözün əsil mənasında uzaq Amerikada hərtərəfli fəaliyyət göstərən bir mədəniyyət mərkəzi, ocaq, həmvətənlərimizin toplandığı isti və doğma bir məkandır. "Azərbaycan Evi" təkcə Nyu-Yorkda deyil, ətraf şəhərlərdə yaşayan amerikalılara və digər xalqların nümayəndələrinə Azərbaycan xalqının milli adət-ənənələrini, musiqisini, dadlı-ləzzətli mətbəxini layiqincə təqdim etməyə çalışır və inamla demək olar ki, bu missiyanın öhdəsindən bacarıqla gəlir. "Azərbaycan Evi"nin qapısından içəri keçən insanlar qədim və özəllikləri olan milli mətbəximizin ləziz nemətlərini dadır, bir-biriləri ilə söhbətləşmək imkanı da əldə edir. Vətəndən yeni gələnlərə mənəvi dəstək olmaq, necə deyərlər, əsl azərbaycanlılara məxsus ev sahibliyi etmək də əsas işlərimizdən biridir. Məhz bizim köməyimiz sayəsində bura yeni gələn həmvətənlərimiz Amerika həyatına inteqrasiyası olunurlar". Münəvvər xanımın sözlərinə görə, "Azərbaycan Evi"ni əslində bu şəhərdə 2013-cü ildən fəaliyyət göstərən Nyu-York Amerika-Azərbaycan Qadın Cəmiyyətinin fəaliyyətinin davamı da saymaq olar. "Azərbaycan Evi" həm də bu təşkilatın qərargahı rolunu oynayır.


Təşkilatın yaradıcısı deyir ki, Nyu-Yorkda və bütünlükdə Amerika Birləşmiş Ştatlarında Azərbaycan diasporu çox yenidir və demək olar ki, lobbiçilik işində çox gəncdir. Ona görə də Azərbaycan həqiqətlərini Amerika ictimaiyyətinə çatdırmaq üçün xeyli iş görülməlidir: "ABŞ-a daimi yaşamaq üçün gələn hər bir azərbaycanlı Vətənini tanıtmaq, onun mənafeyinə xidmət etmək məqsədilə əlindən gələni etməlidir. Biz harada yaşamağımızdan asılı olmayaraq ilk öncə bir Azərbaycan vətəndaşıyıq və hər hansı bir məsələdə Vətənimizin, dövlətimizin daxili və xarici siyasətinə dəstək olaraq öz fəaliyyətimizi bu xidmət, bu amal üzərində kökləməliyik. Nyu-Yorkdakı "Azərbaycan Evi" də diaspora fəaliyyətində Vətənə xidmət etməyi əsas məsələ kimi qarşıya qoyaraq hər zaman doğma Azərbaycanın maraqlarına, dövlətimizin mənafeyinə uyğun işlər görməyə çalışır".

"Bakı-Nyu-York

Dostluq Körpüsü”

Yazının əvvəlində qeyd etdiyimiz kimi, yeni yaranmasına baxmayaraq, "Azərbaycan Evi" artıq müxtəlif tədbirlər keçirməklə diqqətləri özünə cəlb edə bilib. Həmin toplantılar Nyu-Yorkda yaşayan azərbaycanlıların bir araya gəlməsinə gözəl vəsilə olub. Münəvvər Vahabova belə tədbirlərin əhəmiyyətini vurğulayır: "Təşkil etdiyimiz tədbirlərdən danışarkən ötən il keçirdiyimiz "Bakı-Nyu-York Dostluq Körpüsü" adlı rəsm sərgisini göstərmək olar. Azərbaycanın Əməkdar rəssamı İsmayıl Məmmədovun əsərlərindən ibarət sərgini yüzlərlə insan ziyarət etdi, bu maraqlı əsərlərə tamaşa edərək Azərbaycan incəsənətinin bir qolu olan rəssamlıq nümunələri ilə tanış oldu. Bəzi sənətsevərlər hətta həmin əsərləri əldə edərək bu sərginin gözəl atmosferini evlərinə də apardılar. Milli bayramlarımızın, tarixi günlərimizin məhz "Azərbaycan Evi"ndə keçirilməsi də artıq bir ənənəyə çevrilib. Həmvətənlərimiz və digər xalqların nümayəndələri gözəl musiqi sədaları altında milli mətbəximizdən dadaraq Azərbaycana məxsus atmosferdə Novruz bayramını, Milli Müstəqillik Gününü, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və digər milli bayramlarımızı birlikdə qeyd edirlər.

Bununla yanaşı Azərbaycan tarixinin kədərli səhifələri olan 20 Yanvar, Xocalı faciəsinin ildönümlərində də bura yığışaraq xalqımızın kədərinə şərik olur, Vətən üçün canından keçən şəhidlərimizi dərin hüznlə yad edirik. Onların ruhuna dualar oxuyur, Vətənimizə bundan sonra yalnız xoş günlər arzu edirik. Çalışırıq ki, başqa ölkələrdən olan qonaqlarımıza 20 Yanvar hadisələri, Xocalı faciəsi barədə məlumat verək, ermənilərin törətdiyi vəhşiliyi dünya ictimaiyyətinə çatdıraq".

"Azərbaycan Evi"nə ayaq basan ilk andan doğma bir məkana düşürsən. İnteryerin tərtibatı, Azərbaycana aid olan rəsmlər, suvenirlər, milli musiqi alətlərimiz olan saz, dəf, divardakı Azərbaycan xalçası, bir sözlə, hər şey doğma Vətənimizi xatırladır.

Azərbaycanda istedadlı qarmon ifaçısı kimi yaxşı tanınan Əlihuseyn Cəfərov bu yaxınlarda Nyu-Yorka gedib. Onun gözəl ifasını "Azərbaycan Evi"nə gələnlər böyük rəğbətlə və maraqla qarşılayırlar. Qədim və zəngin tarixi olan mədəniyyət nümunələrimiz üçün darıxan azərbaycanlılar, dağ yəhudiləri və Azərbaycandan olan digər xalqların nümayəndələri nostalji bir sevgi ilə bu musiqiləri dinləyirlər. Azərbaycan musiqisini ilk dəfə canlı olaraq dinləyən xaricilər isə milli musiqimizdən zövq alırlar. Əcnəbi qonaqlar buradakı mehriban kollektivin sayəsində vaxtlarını səmərəli keçirməklə yanaşı Azərbaycanda baş verən hadisələr barədə məlumat alırlar. Müsafirlərə ölkəmizdə gedən iqtisadi inkişafdan, quruculuq işlərindən, mədəniyyət və idman sahəsində qazanılan uğurlardan danışılır, fikir mübadiləsi aparılır. Bura gələn əcnəbi qonaqların arasında müxtəlif vaxtlarda Azərbaycana səfər etmiş insanlar da var. Onlar son dövrlər paytaxt Bakıda və ayrı-ayrı regionlarımızda baş verən müsbət dəyişiklikləri yüksək qiymətləndirirlər.


Musiqinin dili olmaz deyirlər, bu doğrudan da belədir. Münəvvər xanımın sözlərinə görə, əcnəbi qonaqlarımızdan biri fikirlərini belə ifadə edib: "Azərbaycan musiqisini ilk dəfədir dinləyirəm və çox sevdim. Bundan sonra çalışacağam ki, bu gözəl məkana tez-tez gəlim və qəlbimi riqqətə gətirən musiqinizi canlı olaraq dinləyim".

Uzaq Amerikada yaşayan azərbaycanlı ailələr toy mərasimlərini, ad günlərini də "Azərbaycan Evi"ndə keçirir, sevinc hisslərini bir-biriləri ilə bölüşməkdən zövq alırlar.

Vətəndən uzaqda, Vətənə yaxın

"Azərbaycan Evi" ətrafında toplaşan insanlar vətəndən kənarda yaşasalar da hər gün Azərbaycanla nəfəs alır, dövlətimizin qazandığı uğurların təşviqinə çalışırlar. Ölkəmizin əldə etdiyi hər bir nailiyyət onları sevindirir. Nyu-Yorkdakı "Azərbaycan Evi"nin üzvləri Azərbaycanda bu günlərdə keçirilən ümumxalq səsverməsi-referendumda da fəal iştirak ediblər.

Referendum günü Nyu-Yorkda olan istedadlı qarmon ifaçısı Əlihüseyn Cəfərov fikirlərini belə izah edir: "Azərbaycandan uzaqda olsaq da, Vətəni heç vaxt unutmuruq. "Azərbaycan Evi", onun rəhbəri Münəvvər xanımın diqqəti və qonaqpərvərliyi sayəsində bura gələn hər kəs özünü doğma məkandakı kimi hiss edir. Münəvvər xanım doğma yurdunu sevən, dövlətinə, onun rəhbərinə böyük rəğbəti olan əsl Azərbaycan qadınıdır. Referendum günü məhz onun təşkilatçılığı ilə Vaşinqtona gedərək ölkəmizin ABŞ paytaxtındakı səfirliyini ziyarət etdik. "Azərbaycan Evi"nin üzvləri referendumda fəal iştirak edərək xalqımızın rifahı, dövlətimizin daha da qüdrətlənməsi üçün səfirlikdə təşkil olunan məntəqədə səslərini verdilər. Biz bir daha göstərdik ki, hər birimiz Vətənin layiqli vətəndaşı kimi onu daha böyük uğura aparan Prezident İlham Əliyevin yeritdiyi siyasəti dəstəkləyirik".

Vətəndən uzaqdakı "Azərbaycan Evi" Nyu-Yorkda və ətraf şəhərlərdə yaşayan, çalışan soydaşlarımızı Azərbaycan naminə bir araya gətirməkdə davam edir.

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK