ANA SƏHİFƏ / YAZARLAR

...Sadə Qabil

26895    |   2016-09-30 16:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yerimizin səhv düşməsini müsibət sayan Xalq şairinin 90 illik yubiley mərasimində bir daha aydın oldu ki, ümid yalnız Azərbaycan əsgərinə qalıb

90 il əvvəl Bakıda dünyaya göz açan şairin rəsmi soyadı İmamverdiyevdi, ilk şeirlərini Nikbin təxəllüsü ilə yazıb. Bir müddət sonra pasportda yazılan familiyasını necə deyərlər, dincə qoyub, təxəllüsündən də imtina edib. Qabil kimi tanınıb, oxucularının da, rəsmi dairələrin də hörmətini qazanıb. Xalq şairi, Dövlət mükafatı laureatı, "Şöhrət” və "İstiqlal” ordenli Qabilin yubiley mərasimi də elə sıravi oxucularının və hökumət adamlarının iştirakı ilə keçirildi.

"Gedən yerim olaydı...”

Müslüm Maqomayev Dövlət Filarmoniyasında təşkil olunan yubiley mərasimini Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq Qabili müasir ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri kimi xarakterizə etdi: "Hər bir yazıçı, şair yaratdığı əsərləri ilə yanaşı, şəxsiyyət kimi də tarixdə xüsusi izlər qoyur, xalqının yaddaşında bir obraz formalaşdırır. Əminliklə söyləmək olar ki, Azərbaycan xalqının yaddaşında Qabil obrazı həqiqəti, düzlüyü həyat əqidəsinə çevirən, bütün haqsızlıqlara səsini qaldıran, kamil vətəndaş, vətən təəssübkeşi və mübariz şair kimi canlanır.

Şair yaşadığı dövrün ən mühüm ictimai-siyasi hadisələrinə biganə qalmayıb, bütün təsir və təzyiqlərə baxmayaraq öz vətəndaşlıq mövqeyini bildirib”.

Vaqif Əliyev qeyd etdi ki, Qabil əsl Xalq şairi kimi ilhamını xalqdan alıb: "Qabil özünəməxsus yaradıcılığı, ideya və təfəkkür tərzi ilə ana dilimizin bədii imkanlarından istifadə edərək poeziyanın mövzu, üslub baxımından rəngarəng nümunələrini yaradıb. Onun yaradıcı təfəkkürünün məhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilin ahəngi, xəlqiliyi, milli koloriti ilə seçilib. Bütün bu yaradıcı özəlliyin arxasında xalqdan ilhamlanan və güc alan bir şairin olduğunu düşünmək çətin deyil”.

Mədəniyyət və turizm nazirinin birinci müavini yubilyarın daim dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırdı: "Biz hamımız, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şairə necə dəyər verdiyinin, ona böyük diqqət və qayğı ilə yanaşdığının şahidi olmuşuq. Ulu Öndərin şairin 70 illik yubiley gecəsində onun şəxsiyyəti və poetik istedadı haqqında söylədiyi fikirlər bütün qabilsevərlər tərəfindən hər zaman xoş bir xatirə kimi böyük fərəhlə xatırlanacaq. Qabil fəxri ada, Ulu Öndər Heydər Əliyev və Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycanın ali mükafatlarına- "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltif olunub”.

Vaqif Əliyevin sözlərinə görə, öz əsərləri ilə gənc nəsildə vətəndaşlıq hissləri aşılayan Qabilin yaradıcılığı barədə ən yaxşı sözü zaman özü deyəcək.

Harasa gedən yerim olaydı,

Çətin bir ünvan axtaraydım,

Gəlişimə inanmayan,

Gəlişimi gözləməyən

İnsan axtaraydım.

Raketdən sürətli nə var dünyada,

Təki...

Gedən yerim olaydı...


Həzinlik poeziyası və ya "Tramvay parka gedir”

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yubilyar haqqında fikirlərini bölüşdü, Qabilin yaradıcılığını həzinlik poeziyası adlandırdı: "Bu gün 90 illik yubileyinə yığışdığımız Qabilin Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Mən onun yaradıcılığı, şəxsiyyəti barədə bir neçə məqalə yazmışam. Qabilin poeziyasını həzinlik poeziyası adlandırardım. Onun "Tramvay parka gedir”, "Gedən yerim olaydı”, "Səhv düşəndə yerimiz”, "Ümid sənədir ancaq...” kimi şeirlərində bu həzinliyi duymaq olur.

Qabil ilk şeirlərini Nikbin imzası ilə yazıb, amma sonra təxəllüsdən imtina etsə də, son günə kimi nikbinliyindən qalmadı”.

Qabilin Sabir Poeziya Günlərinin keçirilməsində böyük əməyi olduğunu xatırladan Anar mərhum şairin Yazıçılar Birliyindəki fəaliyyətini də yüksək qiymətləndirdi və bildirdi ki, o, həmişə saf, sadə Qabil kimi xatırlanacaq.

Gecə saat bir

Tramvay parka gedir.

Cingildəyir şüşələr,

Boş vaqonda bilinir

Bu cingilti bu qədər...

... Tramvay parka gedir.

Konduktorun çənəsi

Boynundakı çantanın kəmərinə toxunur.

Yumulu gözlərindən hər şey açıq oxunur...

"Çadırlara öyrəşməyin!”

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov Qabilin yaradıcılığından danışdı, bənzərsiz şair və əsl vətəndaş kimi məziyyətlərini qeyd etdi: "Xalq şairi Qabil istər yaradıcılığında, istərsə də insan kimi gündəlik həyatında Azərbaycan dilinin saflığına çalışırdı. O, vətənini, dövlətini sevən bir insan idi, həyatı boyu haqsızlığa qarşı mübarizə aparırdı. Dövlət mükafatına layiq görülən "Nəsimi” poemasını ancaq Qabil kimi kişi xarakterinə malik şairlər yaza bilərdi. Qabil bu gün aramızda olmasa da, o, həmişə canlı və diridir”.

İmarətə tən olsa da,

Pəncərəsi gen olsa da,

Dövrəsi gülşən olsa da,

Çadırlara alışmayın!


"Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”

Xalq artisti Mələkxanım Əyyubova, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti xanəndə Ehtiram Hüseynov, istedadlı müğənni Rövşən Əziz öz ifaları ilə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin hazırladığı tədbiri daha canlı və maraqlı etdilər.

Xalq artisti Sabir Məmmədov, əməkdar artistlər Ağalar Bayramov, Almaz Amanova, Elşən Cəbrayılov tədbir boyu şairin dillər əzbəri olan şeirlərini yüksək ustalıqla səsləndirdilər.

Səhnəyə hərbi geyimdə çıxan balaca Tuncayla Yusif yubileyə gələnlərə duyğulu anlar yaşatdılar. Tanınmış jurnalist Elşad Eyvazlının bu iki istedadlı övladı Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeirini söylədilər.

Yelləsin sülh bayrağı,

Bu bayrağa kəm baxan,

Həm baxmayan,

Həm baxan.

Bədgüman istəmirəm.

Sevindirsin milləti

Qoy sülhün xoş xəbəri.

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

Sonda səhnəyə çıxan Xalq şairi Qabilin gəlini Sevinc İmamverdiyeva yubiley mərasiminin təşkilatçılarına, iştirakçılarına və qonaqlara ailə üzvləri adından minnətdarlığını bildirdi.


Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK