ANA SƏHİFƏ / YAZARLAR

Bakıya heyran qalan Atilla

ABŞ-da çalışan gənc alim: “İnsanın haralı olması Amerikada bəlkə də sonuncu məsələlərdən biridir”

21975    |   2016-09-10 14:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay tətilini başa vuranlar artıq iş yerlərinə dönürlər. İstirahətini bu dəfə valideynləri, doğmaları ilə bir arada keçirən Atilla Əskərov da geriyə - okeanın o tayına qayıtmağa hazırlaşır. Amerika Birləşmiş Ştatlarının məşhur Deloitte şirkətində robotlaşdırma üzrə elektrik mühəndisi kimi çalışan, Virciniyadakı nüfuzlu Corc Mason Universitetində doktorluq dərəcəsi almağı qarşısına məqsəd qoyan azərbaycanlı mütəxəssislə görüşüb işləri, elmi fəaliyyəti barədə danışdıq. Azərbaycanı Vətəndən uzaqda layiqincə təmsil edən gənc alim doğma Bakı haqqında təəssüratlarını da bizimlə həvəslə bölüşdü.

- ABŞ-ın nüfuzlu şirkətlərindən birində çalışan, robotların sənayenin müxtəlif sahələrində tətbiqi ilə bağlı elmi araşdırmalar aparan həmyerlimiz Atilla Əskərovla daha yaxından tanış olaq...

- 2003-cü ildə Bakıdakı 6 saylı orta məktəbi bitirmişəm. Yeri gəlmişkən, bizim məktəbin məzunları arasında çox məşhur insanlar var. Azərbaycan Prezidenti İlham Əliyev də məhz bizim məktəbdə təhsil alıb.

Orta məktəbi bitirən ili Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Texnik Universitetə daxil oldum. Mexanika fakültəsinin makina mühəndisliyi ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra 2010-cu ildə ABŞ-ın Virciniya Universitetində təhsilimi davam etdirməyə başladım. Orada aerokosmik mühəndislik üzrə magistraturanı uğurla tamamladım. İndi isə Virciniyadakı Corc Mason Universitetində doktorluq işimi müdafiə edirəm. Bu ilin fevralından dünyanın tanınmış şirkətlərindən sayılan, baş ofisi Arlington şəhərində yerləşən Deloitte şirkətində çalışıram. Təəssüf ki, şirkətdəki fəaliyyətimlə bağlı geniş açıqlama verə bilməyəcəyəm.

- Niyə?

- İşimizin xüsusiyyətləri barədə mətbuata ətraflı məlumat verməyim düzgün alınmaz. Yalnız onu deyə bilərəm ki, robotlaşdırma üzrə elektrik mühəndisi olaraq çalışıram. Robotların kontrol alqoritmləri üzərində işləyir, onların dəyişən mühitə qarşı uyğunlaşmasını təmin edən proqramlar hazırlayırıq. Şirkətimiz daha çox federal sifarişlər yerinə yetirir. Dövlət layihələrinin nədən ibarət olduğunu isə deyə bilməyəcəyəm. Məncə bu qədər yetər...


- Şirkətdə səndən başqa da azərbaycanlı çalışırmı?

- Mənim tanıdığım yoxdur. Yəqin siz də razılaşarsınız ki, 3 mindən çox əməkdaşın çalışdığı şirkətdə hamını tanımaq o qədər də asan məsələ deyil.

- Belə bir məşhur şirkətdə azərbaycanlı gənc mütəxəssisin çalışmasına iş yoldaşların münasibəti necədir?

- İş yoldaşı kimi münasibətləri çox yaxşıdır, elə günlərdən xoş münasibət bəsləyirlər. Təbii ki, Amerikada yanaşma fərqlidir, şirkət əməkdaşının savadı, peşəkarlığı, çalışma izninin olması əsasdır. İnsanın haralı olması ABŞ-da bəlkə də sonuncu məsələlərdən biridir. Bir azərbaycanlı nə qədər çalışsa da ingilis dilində ingilislərin özündən yaxşı danışa bilməz, sözsüz ki, ləhcəmdən hiss edir, bəzən ünsiyyət zamanı hansı ölkədən olduğumu soruşurlar. Mən də Azərbaycan, coğrafi məkan olaraq onun harada yerləşdiyini anladıram. Sözün açığı, amerikalılar ölkəmizin adını tələffüz etməkdə həmişə çətinlik çəkirlər.

- Sən deməsən də, Amerikaya getdiyin ilk vaxtlar müəyyən çətinliklər çəkdiyini təxmin etmək mümkündür...

- Sözsüz, ilk dönəmlərdə bəzi çətinliklər oldu. Baxmayaraq ki, bayaq dediyim kimi, mən orta məktəbi bitirəndən sonra Türkiyədə ingilis dilində ali təhsil almışdım. İstanbul da haradan baxsan, bir Avropa şəhəridir.

- Gününün çox hissəsini robotlarla, texnika ilə keçirirsən. İşdən sonrakı asudə vaxtlarında nə edirsən?

- Orada yeni tanıdığım dost-tanışlarla görüşüb söhbətləşirəm. Amma daha çox idmanla məşğul oluram. ABŞ-a gedəndən sonra kikboksinqlə maraqlanmağa başlamışam. Gənc olmasına baxmayaraq bu sahədə yetərincə təcrübəsi olan amerikalı məşqçinin rəhbərliyi altında yarışlara hazırlaşıram. Oktyabrda rinqə çıxmalıyam. Görək də...

- Təkcə Azərbaycanda deyil, Türk dünyasında yetərincə tanınan jurnalist, publisist, tərcüməçi, "Şöhrət" ordenli ədəbiyyatşünas alim Ramiz Əskərin oğlu gələcək həyatını dəqiq elmlərlə bağladı...

- Bəzən bu barədə düşünəndə mənim özümə də qəribə gəlir. Anam fizika müəlliməsidir, bu sahədə tanınmış pedaqoqlardandır. İxtisas seçərkən bu amil də yəqin az rol oynamayıb.

Məsələyə digər bir tərəfdən yanaşanda düşüncə məsələsində ədəbiyyatşünas alimlə mühəndis arasında o qədər də ciddi fərq görmürəm. Ədəbiyyatşünas alim və yazıçı da, mühəndis də kirtik anda düşünməyi bacarmalıdır. Mühəndisin də güclü məntiqi olmalıdır, yazıçının da. Düşüncə prosesində o qədər də fərq yoxdur, sadəcə, biri texniki sahədir, o biri humanitar.

- Doktorluq işini nə zaman yekunlaşdırırsan?

- Elmi işimin mövzusu insansız texnikanın kontrol alqoritmlərinə həsr olub. Bu, çox mürəkkəb, xeyli sayda laboratoriya testləri tələb edən işdir. Testlərin əksəriyyəti başa çatıb və nəticələri də müsbət dəyərləndirilib. Hesablamalarıma görə, bir ildən sonra işləri tam yekunlaşdıra biləcəm.

- Həmişəlik Azərbaycana dönüb burada çalışmaq barədə düşünürsənmi?

- Kim öz doğma məmləkətində yaşamaq istəməz ki? Amma mənim məşğul olduğum sahə üzrə Azərbaycanda iş tapmaq mümkün deyil. Bizim hazırladığımız robotlar burada tətbiq olunmur. Sənayenin müxtəlif sahələrində həmin robotlardan istifadə isə çox böyük sərmayə tələb edir, Azərbaycanda təəssüf ki, hələlik bu məsələyə diqqət ayrılmır. Gələcəkdə nələrin olacağını isə indidən demək olmur. Bu sualın cavabını zamanın ixtiyarına buraxaq...

- Hər il məzuniyyətini Bakıda keçirirsən?

- Çalışıram ki, ildə bir dəfə də olsa Bakıya, doğmalarımın, buradakı dostlarımın yanına gəlim, lakin məndən asılı olmayan səbəblərdən bu həmişə mümkün olmur. Memarlıq baxımından Bakı çox xoşuma gəlir. Paytaxtımızın belə sürətlə dəyişməsi mənim özüm üçün də maraqlıdır. Orta məktəbi bitirənə kimi bu şəhərdə böyümüşəm, hər gəlişimdə uşaqlıq dostlarımla görüşür, yaddaşımızdakı xatirələri təzələyirik.

- Bu dəfəki gəlişin sənin üçün əlamətdar oldu, 30 yaşını doğmalarının ətrafında qeyd etdin. Subaylığın daşını hələ də atmadığına görə yəqin ki, xeyli tənqidi fikirlər də eşitməli oldun...

- Üzərimdə sürəkli təzyiq hiss eləmədim, amma evdə ara-sıra bu mövzu ilə bağlı söhbətlər olur. Hər bir valideyn övladının yaxşı bir ailəyə sahib olmasını arzulayır, bu baxımdan ata və anamın narahatlığını başa düşürəm. Amma mən bütün diqqətimi indi elmi işimin müdafiəsinə yönəltmişəm. Doktorluq dərəcəsi alandan sonra şəxsi planlar barədə düşünməyə vaxt olacaq.

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK