hacklink Adalet.az | "Çəkəcəyim "Xalı" filminə xəyanət etmək istəmirəm" Adalet.az | "Çəkəcəyim "Xalı" filminə xəyanət etmək istəmirəm" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Çəkəcəyim "Xalı" filminə xəyanət etmək istəmirəm"

25703    |   2016-07-30 00:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Beş qitəni dolaşan "Çölçü"nün quruluşçu rejissoru Şamil Əliyev:
"Dövlət kinomuzu bir sənət növü kimi məhv olmaqdan xilas elədi"

Azərbaycan kinosu göz qabağında olduğundan həmişə müzakirə obyektinə çevrilib. Öz "qızıl dövrü"ndə də, durğunluq illərində də onun barəsində danışıb, bəzən tərifləyib, bəzən də ünvanına tənqid fikirlər səsləndiriblər. Kinomuz bu gün yaşayır və deməli müzakirələr də davam edir. Avqustun 2-də qeyd olunacaq Milli Kino Günü ərəfəsində belə diskussiyalar bir qədər də çoxalıb.
İstedadlı rejissor, "Qızıl Çıraq" Milli Kino mükafatının və "Humay" Milli mükafatının laureatı Şamil Əliyev kino ilə bağlı istər peşəkarların, istərsə də qeyri-peşəkarların elliklə qoşulduğu müzakirələrdə iştirak etməkdə o qədər də həvəsli görünmür. Baxmayaraq ki, deməyə sözü çoxdur. 1990-cı ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan müsahibim danışmaqdansa iş görməyin tərəfdarı olan rejissorlardandı.
Şamil Əliyev ilk tammetrajlı filmini 1992-ci ildə çəkib. Sovet dövrünün son aylarında istehsalına başlanılan "Etiraf" müstəqilliyimizin ilk günlərində tamaşaçılara təqdim olunub. Müstəqil Azərbaycanın ilk bədii filmi kimi milli kinomuzun tarixinə düşən "Etiraf" Misirdə, Tacikistanda və Özbəkistanda keçirilən festivallarda uğurla nümayiş etdirilib, diplom qazanıb.
Son illər milli kinomuzun qazandığı ən böyük uğurlardan biri Şamil Əliyevin adı ilə bağlıdır. İstedadlı rejissorun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkdiyi "Çölçü" bədii filmi Amerika Kino Akademiyasının 86-cı "Oskar" Mükafatının "Xarici dildə ən yaxşı bədii film" nominasiyası üzrə namizəd kateqoriyasında Azərbaycanı təmsil edib.
2012-ci ildən ekranlara çıxan bu film müxtəlif ölkələrdə keçirilən 30-a qədər çox nüfuzlu kinofestivalda böyük maraqla qarşılanıb, RAİNBOW Beynəlxalq Kino Festivalında (London) "Ən yaxşı bədii film" nominasiyasında Baş Mükafata, XIV Beynəlxalq Telekinoforumunda (Ukrayna) xüsusi mükafata, Cakartada (İndoneziya) keçirilən Beynəlxalq Festivalda Platinium mükafatına layiq görülüb. Van Beynəlxalq Film Festivalında (Türkiyə) bütün əsas mükafatları qazanıb. "Çölçü" həmin festivalda "Ən yaxşı bədii" film kimi qiymətləndirilib, Şamil Əliyev "Ən yaxşı rejissor", Vidadi Həsənov "Ən yaxşı ssenarisit", baş rollardan birinin ifaçısı Salome Demuria isə "Ən yaxşı aktrisa" nominasiyalarının qalibi olublar.
"Çölçü" bədii filmi "Bizim filmləri Biləcəridən o yana tanıyan yoxdu"- deyənlərə yaxşı cavabdır. Şamil Əliyevin bu filmi ekranlara çıxdığı andan planetin 5 qitəsində nümayiş etdirilməkdədir.
Milli kinomuzun dünyada tanıdılmasına mühüm töhfə verən həmsöhbətim yeni bir möhtəşəm layihə üzərində çalışır. Özü bu barədə ətraflı danışacaq.
- Şamil müəllim, "Etiraf" və "Təsadüfi görüş"dən sonra "Çölçü" sizin sayca üçüncü bədii filminizdir. Filmoqrafiyanızdan da göründüyü kimi, 13 il çəkiliş meydançasından kənarda qalmısınız. Amma deyəsən bu fasilə "Çölçü"nin işinə yarayıb...
- Müstəqilliyimizin ilk illərində ölkənin bütün sahələrində olduğu kimi, kinoda da problemlər yaşandı, çünki sovet dövründəki təsisatlar dağılmışdı, yenisini qurmaq olmurdu. Maliyyə və kinoprokat olmadan bədii film çəkmək mümkün deyildi. Düzdür, televiziya üçün sifariş alıb müxtəlif layihələr üzərində çalışmışam. Amma sözün açığı, televiziya heç vaxt məni özünə cəlb etməyib, kinorejissor kimi həmişə öz filmlərimi çəkməyi arzulamışam. Bir məsələni də deyim ki, heç vaxt film çəkmək xətrinə film çəkməmişəm. "Mən evə qayıdıram" bədii filmini çəkmək əvvəl mənə təklif olunmuşdu, müəyyən hazırlıq işləri də aparmışdım. Sonra kinostudiyanın rəhbərliyi ilə aramda fikir ayrılığı yarandığından filmi çəkməkdən imtina etdim. Bir neçə ildən sonra həmin filmə baxandan sonra zamanında doğru qərar verdiyimə bir daha əmin oldum. Böyük kinodan ayrı qalmağa məcbur olduğum illərdə "Azərbaycan xalçası" və "İz... Qala" kimi sənədli filmlər çəkmişəm və onların da ekran taleyi uğurlu alınıb.
Göründüyü kimi, uzun müddətli fasilənin yaranmasının müxtəlif səbəbləri olub.
"Çölçü"nün ssenarisini oxuyan kimi "Bax, bu, əsl çəkmək istədiyim film olacaq"-deyə düşündüm. Yəqin uzun illər ərzində bu filmə doğru gəlirmişəm.
- Əməkdar artist, tanınmış aktyor və pedaqoq Vidadi Həsənovun ssenarisində siz cəlb edən nə oldu?
- Bəzən ssenaristlər hadisələri müxtəlif paralel xətlər üzərində qurmağa çalışırlar. Bu isə hər dəfə uğurlu alınmır. "Çölçü"nin ssenarisini ilk dəfə oxuyanda hansı xətt məni cəlb etmişdisə, onu da filmə gətirmək istədim. Vidadi bəy də sağ olsun ki, mənə aktiv mane olmadı. Çünki o, bilirdi ki, filmin müəllifi rejissordur. Bir məsələni də qeyd edim ki, Vidadi Həsənov Hollivudda yetərincə uğur qazanmış Kler Dansın rəhbərlik etdiyi qrupun məsləhəti altında bu ssenari üzərində çalışmışdı.
Yeni film çəkməyə başlayan hər bir rejissorun konkret niyyəti olmalıdır, rejissor bu niyyəti ekran əsərində reallaşdıra biləcək, ya yox, bu tamam başqa bir məsələdir.
"Çölçü"də rejissor kimi niyyətim nə idi? Qloballaşan dünyada xalqların öz mədəniyyətlərini, adət-ənənələrini itirmək qorxusu var. Kökündən, özünəməxsus dəyərlərindən ayrı düşən xalq, millət biokütləyə çevrilir. Bir yaradıcı insan kimi bu məsələ həmişə məni narahat edib. Özü də bu proses nə dünən, nə bu gün başlayıb. Beton sədd çəkməklə qloballaşmanın çoxdan başlanan bu basqısından qurtula bilməzsən, bu hücuma həmişə hazır olmaq lazımdı. Buna hazır olmayan xalqlar, millətlər, onların dili tarixdən silinib gedir.
"Çölçü" filmində Ulu Çölçü üçün çöl yeganə məkandır ki, orada öz qaydalarını, arxaikliyini qoruyub saxlaya bilir. Onun düşüncəsinə görə, çölə kənardan kimsə gələ bilməz, əks halda onun qoyduğu qaydalar dəyişə, sonunda fəlakət baş verə bilər. Oğlu isə Ulu Çölçünün arzuladığı kimi ola bilmir. Çünki onun fikri yaxınlıqdan keçən qatarın, həmin qatarın getdiyi yerlərin yanındadır, ora can atır. Bəs mübarizə nə ilə bitəcək?
- Məncə filmin sonunda məsələ açıq qalır...
- Ssenaridə sonluq tam fərqli idi, amma mən bilərəkdən dəyişiklik etdim. Qloballaşma ilə öz kökünə bağlı mədəniyyətin mübarizəsi nə ilə bitə bilər? Bu suala tamaşaçının cavab tapmasını istədim.
Filmin müəllifi kimi "Çölçü"də bəşəriyyətə ünvanlanan mesajları tam çatdırmağa nail olduğumu əminliklə deyə bilərəm. Dünyanın müxtəlif və fərqli mədəniyyətlərə malik ölkələrində keçirilən beynəlxalq festivallarda bu filmə necə böyük bir marağın olduğunu dəfələrlə görmüşəm. 62-ci Mannheim-Heidelberq (Almaniya) Beynəlxalq Film Festivalında "Çölçü" altı dəfə göstərildi və hamısında da zala əlavə oturacaqlar qoydular, hər nümayişdən sonra tamaşaçıların iştirakı ilə filmin müzakirəsi keçirildi.
"Çölçü"nün uğurlarından biri də bizim ölkəni "Oskar"ın "Xarici dildə ən yaxşı film" nominasiyasında namizəd kimi təmsil etməsi oldu. Buna mane olmaq istəyənlərin, "Çölçü"yə qarşı pərdəarxası oyun quranların istəyinə rəğmən, mən buna nail ola bildim.
- Kimlər mane olmaq istəyirdi?
- Kinonun içində olan insanlar bu məsələni bilir, detalları mətbuatda ictimailəşdirməyə ehtiyac görmürəm.
- "Oskar"dan söhbət düşmüşkən, ancaq bu mükafatı almaq ümidi ilə film çəkmək məncə rejissora problemlər yaradır...
- Əgər mənim filmim bu nominasiyaya namizəd olubsa, deməli, mən də "Oskar" qazanmaq istəmişəm. Amma hansı rejissor yalnız "Oskar" almaq ümidi ilə film çəkməyə başlayırsa, inanın ki, onda heç nə alınmayacaq. Şəxsən mən film çəkəndə tamaşaçını düşünə bilmirəm, məni öz ideyam, fövqəlməqsədim maraqlandırır. "Oskar"ın, festivalların məram və məqsədlərinin ildən-ilə dəyişdiyini yaxşı bilirəm. Kinorejissor baş verən bu prosesləri bilməli, dünyanın düşüncə tərzindən məlumatlı olmalıdı. Yoxsa çəkilən film Biləcəridən o yana gedə bilməyəcək.
- Görüş üçün "Araz"ın qarşısını seçdik. Bakıda ancaq adı qalan kinoteatrlar çoxdu. Bu sizi narahat eləmir?
- Təbii ki, narahat eləyir, peşəkar kinorejissor kimi ürəyim ağrıyır. Müstəqilliyin ilk illərindəki siyasi proseslər, müharibəyə cəlb olunmağımız bu sahədə də çoxlu problemlər yaratdı. Kino sənayemiz yeni formalaşmağa başlayıb. Dövlət başçısı milli kinomuzun inkişafı üçün mühüm addımlar atıb, dövlət proqramı imzalayıb. Bu diqqətin və himayənin sayəsində kinomuz bir sənət növü kimi məhv olmaqdan qurtuldu. Dövlət filmlərin çəkilişinə pul ayırır və bu filmlərin gəlir gətirib-gətirməyəcəyi barədə düşünmür. Son illər kinomuzun qazandığı uğurlar göz önündədi. Əgər "Çölçü" 5 qitəni gəzir, 30-a yaxın festivalda göstərilirsə bu Azərbaycan mədəniyyətinin təbliğidir, Azərbaycanın dünya üçün açıq, tolerant bir ölkə olduğunun göstəricisidi.
Sözsüz ki, mən təkcə paytaxtda deyil, ölkənin hər yerində kinoteatrların lap çox olmasını və orada heç olmasa 50 faiz mili filmlərimizin nümayiş etdirilməsini istəyirəm. Bayaq dediyim səbəblər üzündən təəssüf ki, xeyli geri düşmüşük və uzun müddət tamaşaçının zövqünü korlamaqla məşğul olmuşuq. Artıq bu səhvi düzəltmək vaxtıdı.
- "Çölçü"nün uğurundan sonra hamı sizdən növbəti bir film gözləyir. Fasilə neçə il davam edəcək?
- İki ildir ki, Mədəniyyət və Turizm Nazirliyinə "Xalı" adlı bədii filmin ssenarisini təqdim etmişəm. Yazıçı İmir Məmmədli ilə birgə işlədiyim bu ssenari bəyənilib, Ramiz Rövşən, Ayaz Salayev kimi kinonu dərindən bilən insanlar da də müsbət fikirlər səsləndiriblər. Nazirlik maliyyə və digər resurslarını səfərbər etmək barədə düşünür. Sağlıq olsun, bu məsələlər həllini tapan kimi "Xalı"nı reallaşdırmağa başlayacağıq. Mən bu layihəyə tanınmış bir prodüseri də cəlb etmişəm, lakin onun və çəkmək istədiyim aktyorların adını hələlik sirr kimi saxlayıram. Əminliklə deyə bilərəm ki, "Xalı"nı məndən başqa kimsə çəkə bilməz. Düzdü, bu arada başqa ssenarilər təklif olunub, lakin 10 il ürəyimdə gəzdirdiyim "Xalı"ya xəyanət etmək istəmirəm. Eşitmişəm ki, ermənilər də belə bir film çəkməyə hazırlaşırlar. Axı niyə həmişə gözləyirik ki, ermənilər addım atsın, sonra biz bir iş görək? Sovet dövründə Sergey Bondarçuk "Hərb və sülh" filmini çəkdi. Bu filmin geyim və əlbəsələrini, dekorasiyalarını hazırlamaq üçün ayrıca zavodlar tikildi. Filmin ərsəyə gəlməsinə indiki məbləğlə 3 milyard dollar xərcləndi. Bilirsiz niyə? Çünki Amerika SSRİ-dən əvvəl "Hərb və sülh" çəkmişdi və sanki Moskvaya meydan oxumuşdu. Sovet ideologiyasına cavabdeh olanlar da Tolstoyun necə deyərlər, əldən çıxmaması üçün bu qədər pul xərcləmək məcburiyyətində qaldılar. Biz də ermənilərin xalça haqqında film çəkməsini gözləməməliyik. Bu işə tez başlamağımız bizə yalnız xeyir gətirə bilər.



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO