ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: Yer üzündə Allahlıq edənlər və Allahın iqamətgahı

44294    |   2016-07-27 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deməli belə. NASA hələ 22 il bundan əvvəl «Allahın iqamətgahını» tapıb. O zamankı prezident deyib ki, bunu açıb-ağartmayın, insanların psixologiyasına təsir edər. Amma bu il deyiblər insanların psixologiyasına cəhənnəmə təsir etsin, sirri açıblar və Allahın uçuq-sökük ərəb hərflərinə bənzəyən bir iqamətgahının şəklini paylaşıb. Neçə gündür saytlarda, qəzetlərdə, sosial şəbəkələrdə bunun bərk müzakirəsi gedir.

Hə, bir də deməli belə. Məsələ nə cür olub? Astronavtlar kosmosda veyillənərkən (Osmanlı türkləri kosmosa «uzay» deyirlər, maraqlı sözdü, işlətmək olar) gedib çıxıblar Allahın iqamətgahına. Şəkillərini çəkiblər-filan, bu vaxt Allah mələklərini göndərib ki, görün nə istəyirlər. Astronavtlar da deyiblər ki, Allahı görmək istəyirik. Mələklər də cib telefonu ilə Allahla əlaqə saxlayıb amerikalıların nəyə gəldiyini bildiriblər, Allah da deyib ki: «Allah Allahdan başqa Allahları tanımır. Day amerikalılar Yer üzündə Allahlıq etdiyindən mən ordakı missiyamı başa vurmuşam. İndi başqa dünyalarla məşğulam».

Və ilk dəfə Yer üzündə Allahlıq edənlərin ağızlarına şapalaq vurulub, kor-peşman qayıdıblar geri. Və dilxorçuluqdan 22 il sonra da olsa bu şəkili paylaşıblar ki, Allahın necə uçuq-sökük bir yerdə yaşadığını göstərməklə onu biabır eləsinlər və intiqamlarını alsınlar.


Və bir də deməli belə. Məsələ nədi? ABŞ və onun NASA-sı hərdən belə «utka»lar buraxır və dünyanıın nəbzini öyrənir. Və daha çox dünyada hələ nə qədər cahil və «tupoy» insanların olduğunu dəqiqləşdirir və hansı ölkədə nə qədər çox «tupoy» və cahil insan varsa onları keçirir qarmağa. Və sonra da həmin ölkələri və ya ölkələri özünün bildiyi üsullarla, ya bombalamaqla, ya narıncı inqilablarla, ya mavi inqilablarla, məxməri inqilablarla, ya prezidentini tutub dar ağacından asmaqla, dünənədək özləri əllərindən öpdükləri, övladlarının isə «ata» dediklərinin dallarına öz övladlarının əli ilə ağac soxduraraq məhv eləyirlər.

Və Allaha çox şükür ki (iqamətgahlarını tapdıqları Allaha yox ha, sözün əsl mənasında Allaha) gördüm ki, bizdə beş-altı cahil, «tupoy» tapa bilsələr də bizim millət

bizimlə məzələnmək istəyən NASA ilə məzələnib. Və buna çox sevindim.

Nitsşe deyir ki, «Allah öldü!». Mən bu fikirlə razılaşmıram, özümün «Dolu» romanımda bu məsələyə başqa tərəfdən yanaşmışam. Belə yanaşmışam ki, Tanrı yaratdıqları bizlərin əlindən yorulmuşdu və qocalmışdı.

İndi Tanrı yorulmamış və qocalmamış olsaydı Yer üzündə Allahlıq edənlərin cəzasını çoxdan vermişdi, bu yazıq dünyanın canı da dincəlmişdi.

Eh Tanrnın da cavan vaxtları olub ey! Ona asi olduqlarına görə Sadom Qomorra şəhərini nə təhər tərsinə çevirdisə hələ də orda heç ot da bitmir.

Hələ lap cavanlığında cəmi altıca günə bizim milyard ildi dağıda bilmədiyimiz bu dünyanı yaratmamışdı. Məni günaha batıran fikirlərimi bilgisayarda yazan Mehriban xanım etiraz elədi ki, müəllim, Tanrı dünyanı altı günə yox, yeddi günə yaradıb. Mən dedim ki, bala, sən hələ uşaqsan, tarixi və həqiqətləri öyrənmək istəyirsənsə heç olmasa get Yunus Oğuzun əsərlərini oxu. Tanrı dünyanı altı günə yaradıb, yeddinci gün də gedib istirahət etməyə. Ona görə də altı gün işləyirik, yeddinci gün gedirik istirahət etməyə. Və Tanrı o istirahətə çıxandan hələ də istirahət edir. Və elə bir az da buna görə yorulub və qocalıb. Görmürsüz adam işsiz-gücsüz olanda həm yorulur, həm də tez qocalır.

Bu yazıya görə ABŞ, NASA, hətta ABŞ-ın şokolad kimi prezidenti günahımdan keçməyə bilər və heç keçməyəcək də yəni. Amma qoy Ulu Tanrı günahımdan keçsin. Əstəğfürullah!

P.S. Yenə saytlarda, qəzetlərdə və sosial şəbəkələrdə həm yazıblar, həm də bir şəkil paylaşıblar ki, Səudiyyə Ərəbistanına da bir uçan tarelka enib. İçindən də yadplanetlilər düşüblər, çıxıblar çölə. Bu barədə də yaxın nömrələrimizdə.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-01-20


VİDEO