ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: POEZİYA TANRISININ VƏ İMAMLARIN UYUDUĞU ŞƏHƏR

25619    |   2016-07-19 15:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncə! Min illərin şəhəri. Nizaminin müqəddəsləşdirdiyi bir şəhər. Qadınları çarşaba bürüyəndə bir günəş kimi doğan Məhsəti Gəncəvinin şəhəri. Azərbaycan xalqının taleyində çox böyük fədakarlıqlar göstərmiş şəxsiyyətlərin doğulduğu bir şəhər. Peyğəmbər, imam övladı yatan, hər daşına mədəniyyətimizin, ədəbiyyatımızın, qədim tariximizin inciləri hopmuş bir şəhər. Və Azərbaycanın ilk paytaxtı.

Bu şəhəri mənə atam sevdirib. Nizamini əzbər bilirdi, özü də farsca, yəni orijinal. Deyərdi Nizamidən böyük şair dünyaya gəlməyib, gəlməyəcək də. Hələ uşaqlıqdan məni aparardı Nizaminin məqbərəsini ziyarətə. Deyərdi ki, dünya ədəbiyyatının qibləsidi Nizaminin məqbərəsi.

Dəfələrlə həm televiziya kanallarında demişəm, həm də yazmışam bir məsələni. Quba yolunda bir pir var, ordan keçənlər düşərlər, nəzir-niyaz verərlər, bir «Fatihə» oxuyarlar. Ya da pirin önündən keçərkən maşını asta sürərlər, bir salavat çevirərlər və sair və ilaxır. Orda Azərbaycana ilk dəfə İslamı gətirən, bizləri qılıncdan keçirən bir ərəb sərkərdəsinin məzarı var. Ziyarət eləyirik, elə özüm də, insanların inancıdı, toxunmaq olmaz.

Amma məni ağrıdan odur ki, Nizami Gəncəvinin məqbərəsinin yanından 120 ilə keçirik, nə «Fatihə», nə salavat. Şeyx Nizaminin ruhuna bu hörmətsizlik həmişə məni yandırıb. Atam məni Nizaminin ziyarətinə apardığı kimi, mən də övladlarımı aparmışam, indi də nəvələrimi aparıram.


Konyada Şərqin dahi şairi, filosofu Mövlananın məzarı var. Ordakı məsciddə həm də böyük filosof-şair Şəms Təbrizinin və Mövlananın atasının da məzarları yerləşir. Dünyanın hər yerindən, eləcə də Türkiyənin özündən Mövlananı ziyarət etmək üçün bura hər il ən azı iki milyona yaxın turist gəlir, inanclı insanlar gəlir. Bəzən elə bir növbə yaranır ki, bir saatdan çox gözləməli olursan. Belə bir fikir də formalaşdırıblar ki, hər bir inanclı insan bu məzarı ən azı yeddi dəfə ziyarət etməlidir, yoxsa günaha batmış olar. Hələ ki üç dəfə də mən ziyarət etmişəm, yəqin ömür imkan versə, istəmərəm mən də günaha batım. Və məni ilk dəfə Ankarada olanda, mənim zarafatla Azərbaycanın Türkiyədə qeyri-rəsmi səfiri adlandırdığım filologiya doktoru, Azərbaycan ədəbiyyatının Türkiyədə ən böyük təbliğatçısı, türk və Azərbaycan dillərindəki ifadələrin on cildlik izahlı lüğətini tərtib edən, TRT ilə İctimai radionun birgə layihəsi olan «Qorqud Ata» proqramının yaradıcısı Seyfəddin Altaylı və Avrasiya Yazarlar Birliyinin başkanı Yaqub Öməroğlu Mövlananın ziyarətinə aparıb.

Mənə dedilər ki, Mövlananı ziyarət eləsən elə bil ki Kəbəni ziyarət eləmisən. Hər ikisinə burdan təşəkkür edirəm.

Konyada başqa bir qəribəliyin də şahidi oldum. Beşulduz otellərdən başqa heç bir restoran və kafelərdə içki verilmir. Niyə? Çünki burda Şeyx Mövlana yatır. Bura müqəddəs bir şəhərdi. Demirəm Konyada heç kim içki içmir, sadəcə olaraq, şəhər özü Mövlanaya bu hörməti göstərir.

Mövlananın ruhu məni bağışlasın, o, Nizaminin şəyirdi ola bilər. Bəs biz niyə türklərin Mövlanaya qoyduğu hörməti Nizamiyə qoymurduq? Bu həmişə məni yandırırdı.

Şükürlər olsun ki, müstəqilliyimizə qovuşandan sonra Ulu Öndər Heydər Əliyev Nizaminin adına layiq möhtəşəm bir məqbərəsini ucaltdı. Möhtərəm prezidentimiz İlham Əliyev Nizami irsinin öyrənilməsi və təbliği ilə bağlı Dünya Nizami Mədəniyyət Mərkəzi yaratdı. Gəncədə Nizami ilə bağlı elmi simpoziumlar keçirilməyə başladı və dünyanın hər yerindən elm xadimləri, mədəniyyət və incəsənət xadimləri, ədəbiyyat xadimləri Nizaminin ziyarətinə gəlməyə başladılar. Və onlar həm də Azərbaycanın bu ən qədim şəhərini tanıdılar, onun gözəl insanlarını tanıdılar.

Gəncəyə giriş Nizaminin məqbərəsi ilə başlayır. Hələ məqbərəyə çatmamış dahi şairin hər bir əsərinə ucaldılmış kitabələri görə bilərsiz. Məqbərə dahi şairin əsərlərindəki qəhrəmanların obrazlarına həsr olunmuş abidələrlə zənginləşdirilib. Məqbərə ilə üzbəüz Nizami muzeyi yaradılıb. Bu muzeydə həm tariximizə, həm də Nizamiyə aid çox qiymətli incilər toplanıb.

İndi daha hamı ordan 120 ilə ötmür. Hamı deyirik, amma təbii ki, hələ ötənlər var, bir gün onlar da haqq yoluna dönər.

Nizaminin adına belə bir möhtəşəm kompleksin yaradılmasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin müstəsna xidmətlərini və zəhmətini xüsusilə qeyd etmək istərdim. Qeyd etməmək günah olardı. Azərbaycanda belə bir ifadə var: «Fərman padşahındı». Bəli, fərman Möhtərəm Prezidentimizindir, amma baxır kim bu fərmanı necə yerinə yetirir. Elmar Vəliyev Möhtərəm Prezidentin fərmanını layiqincə yerinə yetirib və yetirir. Və Gəncə Azərbaycanın ikinci bir paytaxtına və mədəniyyət mərkəzinə çevrilməkdədir.

Hərdən yolumu bu bölgəyə salıram, Gəncəyə gedirəm. Və ilk dəfə də, təbii ki, Nizaminin məqbərəsini ziyarət edirəm. Ona görə də Gəncə ilə bağlı yazımı dünya poeziyasının Tanrısı Nizami ilə başladım.

Gəncə ilə bağlı təəssüratlarımı yaxın nömrələrimizdə oxuya biləcəksiniz.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-08-18
2017-08-17


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK